Pilot Ekzüperinin
yazıçı Ekzüperiyə hədiyyəsi
Məni
yazdığım yerlərdə
axtarın...
Bu kitabı yaşlı
adama həsr etdiyim üçün uşaqlardan məni bağışlamalarını xahiş edirəm. Özümə
haqq qazandırmaq üçün deməliyəm
ki, bu yaşlı
adam mənim
ən yaxşı dostumdur. Bundan əlavə, o, dünyada
hər şeyi başa düşür, hətta uşaq kitablarını da. Özü də Fransada yaşayır, orada isə bu saat aclıqdır,
soyuqdur... Onun təsəlliyə çox-çox ehtiyacı
var. Əgər bütün
bunlar mənə bəraət qazandırmırsa,
onda bu kitabı
həmin uşağa həsr edirəm ki, o, indi mənim
ən yaşlı dostumdur. Axı bütün yaşlılar
əvvəlcə uşaq
olmuşlar...
Hər şey,
əslində, təyyarənin
mühərrikinin xarab
olması ilə başladı. Böyük səhrada canıyla əlləşən pilot balaca
həmsöhbətini əvvəlcə
təəccüblə qarşılasa
da, sonradan onun hər dediyini
etdi, hər sözünü dinlədi...
Və beləliklə, onu dünyanın ən balaca və ən böyük qəhrəmanına çevirdi.
Söhbət fransız pilot, şair və yazıçı Antuan dö Sent-Ekzüperinin
"Balaca Şahzadə"sindən
gedir. Hansı ki dünyada
ən çox satılan və ən çox dilə tərcümə olunan kitablardan biridir və çox yəqin ki, birincisidir.
- 200-ə
yaxın dil və ayrı-ayrı dialektlər...
Yəni
bu gün "Balaca Şahzadə" elə bir dildə
danışır ki, onu hamı başa
düşür: azərbaycanlı
da, rus da,
ingilis də, yapon da. Və
o, hamını başa
düşür: azərbaycanlını
da, rusu da, ingilisi də,
yaponu da.
Ekzüperinin pilotunun (oxu: özünün) rastlaşdığı
"balaca qəhrəman"
həm də bizim öz içimizdəki
uşaq obrazımızdır.
Hansı
ki yeri gələndə
o obrazla fəxr edər, yeri gəldikdə isə biryolluq onu gizlətməyə
çalışarıq. Ondan qaçmaq üçün və hətta onu "öldürmək" üçün,
az qala,
hər yola əl atarıq. Yazıçının birinci növbədə
uğuru o idi ki, "Balaca Şahzadə" vasitəsilə
hamının uşaq
"mən"inini bir
andaca oyada və ortaya çıxara bildi. Qəti və amansız bir şəkildə bizi yaşadan, bizi insan edən,
bizi biz edənin məhz həmin o "Balaca Şahzadəliyimiz"
olmasını güzgü
kimi qarşımıza
qoydu. Əsəri
oxuyan adam
üçünsə bu
güzgüdən qaçış
yoxdur.
Müəllifin həyatının dönüş
nöqtəsi 1921-ci ildə
Fransa ordu sıralarına çağrılmağı
və daha sonra təyyarəçi olmağıdırsa, yaradıcılığında
da eyni sözü
"Balaca Şahzadə"
haqqında deyə bilərik.
"Balaca Şahzadə"
və onun təhkiyə dili Ekzüperinin tapıntısı
idi. Bəli, bu, birmənalı
olaraq, tapıntıdır.
Əsər başdan-sona elə
bir dillə nəql olunur ki, yazıdan qopmaq qeyri-mümkündür
(Bunun istənilən tərcümədə eyni
effekt verdiyini xüsusilə vurğulamaq
istəyirəm).
Bəs
"Balaca Şahzadə"ni özəl qılan, dünyanın dörd bir tərəfində
200-ə yaxın dildə
danışdıran təkcə
təhkiyə məsələsidirmi?
Məncə, yox.
Əsər hər gün, hər saat, hər dəqiqə rastlaşdığımız, həyatımızın, bəlkə
də, lazımsız
köşələrində itib-batan məfhumlara elə bir "yük" (bu "yük"ü həm də "sevgi" kimi oxuyun) verir
ki, o obrazı əsərin içərisindən
çıxarıb bir
də öz gözünlə baxmağı
lazım bilirsən. Məsələn, ən adicə bir gülün insanlarda oyada biləcəyi müsbət təəssüratı
Ekzüperi və onun qəhrəmanının
dilindən təqdim olunmasına baxaq:
Mən bir
planet tanıyıram, orada
qırmızısifət bir
cənab var. O, ömründə
heç gül iyləməyib, heç zaman heç bir ulduza baxmayıb,
heç vaxt kimsəni sevməyib, rəqəmləri cəmləməkdən
başqa heç bir məşğuliyyəti
olmayıb. Və bütün günü sənin kimi hey təkrar edir: "Mən ciddi adamam! Mən ciddi adamam!"
Bununla da fəxr edir,
təkəbbüründən şişib dağılır.
"O, ömründə heç
gül iyləməyib".
İlk baxışdan, bu ifadədə təəccüblü
nəsə tapmırsan.
Kiminsə həyatı boyunca
gül iyləməməsinə
fəlakət kimi baxmağa cəhd belə eləmirsən.
Amma bir də özünü
həmin adamın yerinə qoyursan. "Mən ömrüm
boyu bir gülü iyləmə ehtiyacı duymasam, nə olardı?"
Bax əsl möcüzə də bundan sonra başlayır. "Balaca
Şahzadə"nin də dediyi kimi...
Qəhrəmanımızın əsər boyunca fərqli-fərqli planetlərə
səyahəti sırasında
rastlaşıdığı obrazlarınsa hər biri hansısa bir çatışmazlığın
qurbanıdır. Hansı ki bu obrazlar hər gün müxtəlif vaxt və məkanlarda
rastlaşa biləcəyimiz
adamların xarakter və insani keyfiyyəti ilə səsləşir. Məsələn, kral ancaq və
ancaq hökm etmək, idarəedici qüvvə olmaq üçün yaşayırsa,
sərxoş obrazın
həyatı sönük,
ümidsiz və məyusluqla doludur. "Balaca Şahzadə"
yeri gəldikdə bu obrazları öz diliylə, öz ağıl və düşüncəsi
ilə tənqid eləməkdən də çəkinmir.
Bəzən isə bu tənqid
dialoqun məzmununda gizlənir. Əlavə şərhə, əlavə
izaha ehtiyac hissi olmadan:
Balaca Şahzadə: Mənim bir çiçəyim
var.
Coğrafiyaçı: Biz çiçəkləri
qeydiyyata almırıq.
Balaca Şahzadə: Niyə axı? Axı o, çox gözəldir.
Coğrafiyaçı: Çiçəklər
gəldi-gedərdi.
Balaca Şahzadə: Gəldi-gedər
nə deməkdir axı?..
Qəhrəmanımızın insanlarda görmək istədiyi başlıca hiss sevgidir, sədaqətdir, xoşbəxt
olmaq üçün
hər hansısa bir səbəbi axtarmaqdır, tapmaqdır.
Bu, adicə bir gül qoxusu da ola bilər, günəşin
batışı da, ulduzun axışı da...
Eyni saatda gəlməyin daha yaxşı olardı. Məsələn, sən əgər saat dörddə gələcəksənsə, mən
saat üçdən
xoşbəxt olmağa
başlayıram.
"Balaca Şahzadə"nin həmsöhbətlərindən
biri olan tülkünün dilindən
səslənən bu fikir, əslində, əsərin ümumi mahiyyətinin əsas açarlarından biridir.
"Xoşbəxt olmaq
üçün səbəb..."
Sən kiminsə gəlişindən xoşbəxt
olmaqdan əlavə, onu gözləməkdən
və o gözləntinin
yaşanıla biləcək
uğurlu finalından
da xoşbəxt ola bilərsən.
Epizodik obrazların hər birinin başlıca vəzifəsi var ki, "Balaca Şahzadə"nin onlarla görüşünün
əsas qayəsini həmin vəzifəyə,
yaxud da xarakterə özünəməxsus
rəy verməsidir. Bu baxımdan, bütün
kənar obrazlar içərisində qəhrəmanımızın
müsbət reaksiya verdiyi ən başlıca obraz fənərçidir. Fənərçi xarakter olaraq, çox kobud və qırıcı təsir bağışlayır.
Amma istənilən halda, onun işi, hər nə qədər mənasız
olsa da, şikayətlənməmək prinsipi, sədaqət prinsipi onu digərlərindən
çox-çox fərqləndirir.
Və sevdirir. Haqq qazandırır.
Əsər haqqında bir sıra maraqlı nüanslar olsa da, bunlar içərisində
ən diqqət çəkəni Ekzüperinin
"Balaca Şahzadə"ni həyatının
ən depressiv vaxtında yazmasıdır.
Fransa ordusunun buraxılması və Parisin təslim olmasından sonra bir müddət özünə qapanan
pilot az sonra
ölməz bir əsər yazacağından,
yəqin ki, özü də xəbərsiz idi. Və əslində, Ekzüperinin
məhz həmin situasiyada ehtiyac duyduğu tək şey içindəki uşaq məsumluğu, uşaq inancı və uşaq ümidi idi. Ki onu "Balaca Şahzadə" obrazında
yarada bildi.
Sözügedən əsər zaman-zaman həm uşaq ədəbiyyatının, həm də böyüklər üçün olan ədəbiyyatın bir parçası kimi təqdim edilib. Qəribəsi odur ki, bu kitab insanın hər yaş dövrü üçün oxunulacaq kitab ola bilər. Amma bir şərtlə ki, oxucu içində uşaqlığını qoruya bilsin. Onun var olmasından çəkinməsin, böyüsə belə, onu içində həmişə yaşatsın və hiss eləsin. Bundan sonrası isə "Balaca Şahzadə"nin boynuna. O, səninlə mütləq şəkildə dil tapacaq. Mütləq şəkildə!
Ümumiyyətlə, "Balaca Şahzadə"nin böyüklərlə (bəlkə də, ruhən böyüməklə) münasibəti o qədər də yaxşı deyil. Bunu Ekzüperi, az qala, qəhrəmanın hər səyahəti sonrası dilə gətiririr:
"Böyük adamlar çox qəribədir..."
"Böyüklər bir şeyi tək başına anlamırlar, onlara hər şeyi izah etmək də çox cansıxıcı bir şeydir".
"Bütün böyüklər uşaq olublar, amma bunu hamısı xatırlamır".
Əsərdə Balaca Şahzadənin bəhs elədiyi və göz bəbəyi kimi qoruduğu qızılgül isə Ekzüperinin həyat yoldaşını simvolizə edir ki, bu baxımdan, əsərin ərsəyə gəlməsində xanım Kansuelonun ilham mənbəyi olmasını da qeyd eləmək yerinə düşər. Ekzüperinin pilot həyatına və vəzifəsindən dolayı həyat yoldaşından mütəmadi və uzun zamanları əhatə edən ayrılıqlara dözməsi, onu tərk etməməsi, yanında qalması məsələsi də ciddi bir sədaqət mövzusudur. Və bu baxımdan, əsərdəki qızılgülün Ekzüperinin həyat yoldaşının proobrazı olduğunu dediyimiz kimi, ona sadiqlik nümayiş etdirən Balaca Şahzadənin də elə məhz Ekzüperi olması nəticəsinə gəlmək mümkündür. Hər nə qədər şübhə doğursa da.
Bir sözlə, "dünyanın bütün dillərində danışan bu əsəri Ekzüperiyə və onun həyat yoldaşına olan sevgi və sədaqətinə borcluyuq" fikri ümümi əsər haqqında gəlinə biləcək ən yaxşı qənaətdir.
Bəs bu sevgi və sədaqət nədir?
Onun cavabı isə kitabdadır. Əsas odur ki, kitabı ürəklə vərəqləyin. Balaca qəhrəmanın da dediyi kimi:
Həqiqəti gözlər görə bilməz.
İnsan ürəyi ilə anlamağa çalışmalıdır.
Nihat Pir
525-ci qəzet.-2021.- 3 sentyabr.- S.15.