Ustad jurnalist
Uşaqlığımızda
qəzetdə yazılanlara kimsənin inanmamaq haqqı yox idi:
"Qəzet belə yazıb!" deyərdilər. Yeniyetməliyimizdə qəzetdə işləyənləri
tanıyandan sonra onların duruşunu, baxışını
gözlərimizə köçürərdik. Mətbuat
kəlməsini hələ düz-əməlli dərk eləməsək
də, məbuat işçilərinə həsədlə
baxardıq...
Nəriman müəllimə sevgimiz belə
başlayıb.
Yaxından tanıyanlar deyirdi ki, Nəriman müəllim
kövrək duyğusal insandı, xeyirxahdı, yaxşı
dostdu, salam-əleyki olanlara qardaşdı, qayğıkeş
yoldaşdı, müdrik ziyalıdı. Bunlar ehtiram
çalarlarıdı. El arasında
deyildiyi kimi, gözəl qələmi vardı Nəriman
müəllimin. Heç zaman həvəssiz
yazı yazmayıb, kimsə onun həvəssiz
yazdığı yazısını oxumayıb. Qətiyyətliydi, hamının könlünə
yatan xasiyyəti vardı (el arasında belə adamlara "hərəni
öz diliylə danışdırardı" deyirlər).
Nəriman müəllim də Məhəmməd Peyğəmbərin
bir kəlamını xatırlayardı: "Beşikdən qəbrə
qədər elm öyrənin". Təvazökar
insanıydı Nəriman müəllim. Gənc
yazarlara dəyərli tövsiyələrini əsirgəməzdi,
onların hami tərbiyəçisiydi; gənclərin hər
məqaləsini öz məqaləsi kimi oxuyardı.
Düzəlişlər üzərində düşünmələrini
tövsiyə edərdi: "Nəyin niyə düzəldildiyini
dərk etdinsə, yaxşı jurnalist olacaqsan" deyərdi.
"İgidin sağı-solu olmaz" - Nəriman müəllim
bu kəlamı da incə təbəssümlə deyərdi;
bütün janrlarda yazardı. Həm də
özünəməxsus üslubda yazardı. Yəni yazının imzasına baxmadan da onun müəllifinin
Nəriman Bəxtiyarov olduğu bilinərdi. Oxuyan həvəslə, maraqla oxuyardı, oxunu bitirincə
düşüncələrində tərpəniş
yaranardı. Nəriman müəllim cəsarətli
jurnalist (cəsarətli vətəndaş!) idi. Heç nəyə biganə qalmazdı. Gördüyü nöqsanlara etirazını bildirərdi.
Deyərdi, düzəlməsə, yazardı.
Yazandan sonra düzəlib-düzəlmədiyini
jurnalist məsuliyyətiylə izləyərdi. O illərdə
belə işləmək bəzən "baş
ağrısı" da gətirərdi. Buna zərrəcə
məhəl qoymazdı Nəriman Bəxtiyarov.
Nəriman Bəxtiyarov 1931-ci ildə Zəngilan rayonunda
bir tərəfdən Süsəndağı, digər tərəfdən
Ütəlgi dağı və Çaxmaq dağı ilə əhatələnən,
Süsən meşəsinin ətəyində yerləşən
Vənətli kəndində dünyaya göz açıb. Bu kəndin
insanları hündür boy-buxunları, dolu bədənləri,
şən zarafatları, baməzə söhbətləri,
şirin və dolğun danışıqları ilə rayonun
digər kəndlərindən seçilir. Bəlkə də bu xüsusiyyətlərin təsirindəndir
ki, onlarla istedadlı jurnalistin, tanınmış
hüquqşünasın, elmi işçinin, yüksək
rütbəli zabitin, ictimai-siyasi xadimin tərcümeyi-halına
bu kəndin adı yazılıb.
Nəriman Bəxtiyarov 1949-cu ildə Ağdam ikiillik
müəllimlər institutunu müvəffəqiyyətlə
bitirmişdi, kənd məktəbində müəllim işləmişdi. Ədəbiyyata,
bu baxımdan jurnalistikaya böyük həvəsi vardı.
Bu həvəs onun gələcək ömür
yolunu başqa səmtə yönəltdi. Məqalələr
yazırdı.
Özümün
yazdığım ilk məqalə dərc ediləndə
keçirdiyim hisslər düşür yadıma: qürur,
könül xoşluğu, sabahlara dikilən baxışlar, qətiyyət.
Mənə elə gəlir ki, hamı bu hissləri
belə yaşayıb. Elə Nəriman Bəxtiyarov da...
Yazdığı məqalələr rayon qəzetində,
sonralar respublikanın müxtəlif qəzetlərində dərc
edilərdi.
Yaradıcılıqda ən dəyərli, ən etibarlı zəmanət
yazılanlardı; məqalələrinin zəmanəti ilə
onu Qubadlı rayon qəzetinə ("Avanqard") dəvət
etdilər (yadıma bir el məsəli düşür:
"Su axar, çuxurunu tapar"). Bu dəvət
həvəskarlıqdan, peşəkarlığa gəliş
idi. Həm də bir ilin içində tanınma
möcüzəsiylə...
1950-1952-ci illərdə qəzetin məsul katibi oldu Nəriman
müəllim, o illərdə qəzetə, qəzetçiliyə
bələdlər deyir ki, qəzetin tərtibatında
görümlü, baxımlı yeniliklər olurdu, həm də
qazet tərtibi və texnikasının tələbləri,
imkanları əsasında. Bu, qəzetə
marağı da artırırdı, qəzetin nüfuzunu da.
"Avanqard" belə yazır, "Avanqard"da
oxumuşam, "Avanqard"a yazaram, haa" kimi eşidilməli
kəlamlər rayonun ovqatına ovqat qatırdı...
Nəriman Bəxtiyarovun fəallığı da,
işgüzarlığı da, əqidə adamı olması
da, insan-larla ünsiyyət bacarığı da diqqətdən
yayına bilməzdi. Həm də o illərdə,
ideologiyanın həyat qədər gərəkli hesab edildiyi
vaxtlarda.
Az sonra
Nəriman müəllim rayon komsomol komitəsinin ikinci katibi vəzifəsinə
seçildi. "Yuxarıların" təklifi,
"aşağıların" sevgisi ilə.
Hamının el adamı kimi tanıdığı Nəriman
Bəxtiyarov bu vəzifədə 1955-ci ilə kimi işlədi...
Sonra partiya işi. Zəngilan rayon partiya komitəsində təbliğat-təşviqat
şöbəsində təbliğatçı, sonra mədəniyyət
şöbəsinin müdiri (1957-ci ilə kimi) oldu; qabiliyyət
də, sədaqət də ayrılıqda çox şey-di,
vəhdətdə - hər şey...
Bu müddətdə təhsilini davam etdirmək istəyirdi. Harda? Sualı ürəyinə yük olmadı. Jurnalistikanı sevmişdi, ürəyi jurnalistika ilə,
el arasında deyildiyi kimi, "bağrıbadaş" idi.
Qərarının işığında Azərbaycan
Dövlət Universitetinin jurnalistika fakültəsini
seçdi. Qiyabi oxuyacaqdı.
Oxudu. Ali təhsil aldı.
1960-cı
il idi...
Jurnalistikaya
(mətbuata) qayıdışı özünə də,
regional jurnalistikaya da gözəl könül xoşluğu
oldu: Zəngilan rayon qəzetinin məsul katibi oldu Nəriman Bəxtiyarov.
Bir vaxtlar Qubadlını əhatələyən
yazılar indi Zəngilanın mənəvi
dünyasının səyyarəsi olurdu. Oldu
da. Zəngilan rayon qəzetinin məsul
katibi kimi Qubadlıda qazandığı təcrübənin
variantlarıyla zəngilanlı oxucuların mənəvi
dünyasının cəfakeşi kimi yaşadı.
1961-1963-cü illərdə Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin Cəbrayıl
İstehsalat Birliyi üzrə rayonlararası "Kolxozçu"
qəzetində xüsusi müxbir və şöbə
müdiri vəzifələrində işlədi. İşin
mahiyyəti eyni olsa da, forma müxtəlifliyi, daha geniş fəaliyyət
mühiti onun əzmkarlığıyla uzlaşırdı;
heç bir maneə qabiliyyət qarşısında duruş
gətirə bilməz. "Kolxozçu"
qəzeti Nəriman Bəxtiyarovun ömürlüyünün
xoş ovqat yaradan səhifələrindən oldu. Bu
gün də eyni duyumla xatırlanmaqdadır...
1963-cü ilin mayından ömrünün son
gününə kimi Zəngilan rayon "Kənd həyatı"
qəzetində redaktor müavini vəzifəsində işlədi. Bəzən işləmək
ifadəsi işçinin işə can yandırma səviyyəsini
ifadə edə bilmir. Ona görə "filankəs
bu müddətdə işlə nəfəs aldı" ifadəsi
daha insaflı deyilişdi. Nəriman müəllim
xarakterli adamlara "işi urvata mindirən" adam deyirlər. Yəni iş onun işi ilə
daha da gərəkliləşir.
"Filan iş filankəsin boyuna biçilib" deyimi
var. Bu deyim kimə ünvanlanırsa, ictimaiyyət onu
yaxşı vətəndaş kimi tanıyır,
tanıyır və sevir, sevir və rəğbət bəsləyir. Nəriman
müəllim işlədiyi bütün vəzifələrdə
belə ehtiramlarla əhatələnib. Prinsipiallığıyla,
tələbkarlığıyla sevilib.
Zəngilan
şəhər sovetinin deputatı kimi, peşəkar jurnalist
kimi rayonda bütün ictimai, mədəni-kütləvi tədbirlərdə
yaxından iştirak edirdi, tədbirin mahiyyətinə söz
ömrü verirdi, yəni məqalə yazırdı, tədbiri
də, tədbirdəkiləri də, rayonun bir
gününü də tarixləşdirərdi...
Nəriman müəllim jurnalistikanın cəfakeşi
kimi kobud nöqsanlara yol verən şəxsləri tutduğu
vəzifəsindən asılı olmayaraq tənqid edərdi,
nöqsanların anatomiyasını göstərməklə,
onları yaradan səbəblərə qanunun mövqeyindən
münasibət bildirməklə. Etiraf edilməlidir ki,
o dövrdə hətta toxunulmaz vəzifə sahibi sayılan
prokurordan və raykom katibindən də yazmağa hər
yazarın cürəti çatmazdı. Ancaq
Nəriman müəllim belə bir xof yaşamayıb, bu xofa
görə qələmini "dincə qoymayıb".
Nəriman
Bəxtiyarovun müxtəlif illərdə yazdığı
"Aşıq Abbas, Kürdü-Şahnaz və dəllək
Məhəmməd", "Göy dayça",
"Müxbir, amandı yazma", "Prokurorun ələyi,
Zülfüqarın kələyi" və digər
felyetonları hələ də zəngilanlıların
yaddaşından silinməyib. Həmin dövrün gəncləri
iri cüssəli, ucaboylu, qalın bığlı, iti
baxışlı, şirin və yumşaq
danışıqlı, yaraşıqlı və səliqəli
geyimi ilə seçilən ustad qələm sahi-binin nurlu
simasını bu gün də böyük məbəbbət
və ehtiramla xatırlayır, yazıb-yaratmaqda Nəriman
müəllimin bənzərsiz dəst-xəttini özlərinin
yaradıcılığına Tanrının qismət etdiyi
örnək bilirlər. Çünki ictimiyyət belə
ömür yiyələrinə Tanrıya bir köynək
yaxın adamlar deyir...
"Zəngilanın
səsi" qəzetinin redaktoru "Tərəqqi"
medallı Salam Cavadlı Nəriman müəllimi minnətdarlıqla
xatırlayaraq deyir:
- Nəriman
müəllim peşəkar və mübariz jurnalistə xas
olan bütün müsbət keyfiyyətləri ilə
yanaşı, həm də olduqca sadə, təmkinli, təvazökar,
qayğıkeş və diqqətcil bir insan idi. Mən jurnalistikada ilk addımlarımı atmağa
başlayanda o, artıq müqtədir qələm sahibi idi.
Oxucular onun tənqidi yazılarını,
xüsusilə düşündürücü
felyetonlarını cəmiyyətin mətbu güzgüsü
bilirdi. Dəyərli məsləhətləri
ilə bizi mübariz olmağa ruhlandırırdı. Qorxmazlığı, cəsarəti, təmkinliyi gənc
yazarlar üçün canlı məktəb, qiymətli
örnək idi. Gənclərin yaxın
dostu və təmannasız hami tərbiyəçisi idi.
Heyif ki, belə kamil bir jurnalisti və dəyərli
insanı çox vaxtsız itirdik.
Jurnalistikada
kövrək addımlarını Nəriman müəllimin təmannasız
dəstəyi və qayğısı ilə atan
tanınmış jurnalist-publisist Şükufə Əliyeva
səriştəli və unudulmaz müəllimini minnətdarlıqla
xatırlayaraq deyir:
- Nəriman
müəllim gənclərə böyük hörmət,
qayğı və ehtiramla yanaşır, onlara həmişə
diqqət göstərirdi. Mən də, həmin
dövrdə çiyin-çiyinə birgə
çalışdığım gənc həmkarlarım da Nəriman
müəllimdən jurnalistikanın sirlərini diqqətlə,
zərrə-zərrə öyrənirdik. Düzü-düz,
əyrini-əyri yazmağı özümüzün mənəvi
borcumuz bilirdik. Kamil insan olan Nəriman
müəllimdən aldığımız dəyərli məsləhətlər
hər birimizin jurnalist kimi formalaşmağımızda olduqca
kərəkli oldu. Nəriman müəllim peşəkar,
prinsipial jurnalist, dürüst şəxsiyyət,
bacarıqlı təşkilatçı, xeyirxah və alicənab
insan, yüksək zövq sahibi, əqidəcə saf, mərd,
iradəli və təmannasız bir insan kimi tarixə
qovuşdu, bizim ürəyimizdə yaşamaqla...
İstedadlı jurnalist əmək fəaliyyətinin
püxtələşdiyi, jurnalist kimi
yaradıcılığının daha məhsuldar
dövründə - 47 yaşında (24 iyun 1978-ci ildə)
dünyadan köçdü.
Hərdən düşünürəm: Nəriman müəllimin ürəyi Zəngilanın işğalına dözərdimi? Nəriman müəllim Zəngilan işğal ediləndə nələr yazardı?
Hərdən düşünürəm: Nəriman müəllim Zəfərə nələr yazardı, Zəngilanın işğaldan azad edilməsinə nələr yazardı...
İti zəkası vardı, dərin jurnalist müşahidəsi vardı Nəriman müəllimin.
Azərbaycan jurnalistikasında kifayət qədər tanınan neçə-neçə jurnalist özünü Nəriman müəllimin tələbəsi sanır.
Jurnalistikaya həvəsi, marağı olanların məqalələrinə xüsusi diqqət yetirərmiş. Oxuyarmış, yerinə düşməyən ifadəni uyarlı ifadə ilə dəyişməzdən əvvəl hər ikisi haqqında müfəssəl bilgi verərmiş, sonra bu bilgiləri müqayisə edərmiş. Sonra qərar deməyi həvəskar jurnalistə həvalə edərmış. Bu, ən gözəl, ən etibarlı pedaqoji proses olarmış. Sonrakı yazılarda belə düzəlişlərin sayı kifayət qədər azalarmış. Və bir gün Nəriman müəllim məqaləni sonacan oxumazmış. Gülümsünərmış, "Bu məqalə sənin jurnalist diplomun oldu..." deyərmiş. İllər sonrası bu sevinc Nəriman müəllimin yoxluğunda qəhərlə qoşa yaşanılarmış.
Haqqını halal elə, ustad. Sən
bütün zamanların ustad jurnalisti kimi tarixdə
yaşayacaqsan. Xatirələrdə də, tarixdə də
yaşayanlar əbədi ömür yiyələridir. Sənin
əbədi ömürün minlərin ömrünə
paylanıb...
Bayram
MƏMMƏDOV
Ehtiyatda
olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet.-2021.- 3 sentyabr.- S.14.