"Bilən bilir
dünya necə dünyadır..."
NAĞILLAR
YALAN OLMUR?
"Qadınlar qulaqları ilə sevir" - deyiblər.
Çarli
Çaplin 1931-ci ildə çəkdiyi "Böyük
şəhərin işıqları" adlı səssiz (!)
filmdə bu mifi darmadağın etdi, daha doğrusu, onun astar
üzünü göstərdi, üstəlik, böyük
ALDANIŞ haqqında yaratdığı antimifə bu gün də
insanları öz cazibəsində saxlayan, dünya
kinoşünaslarının dönə-dönə
qayıtdıqları bir neçə saniyəlik dahiyanə
epizodla nöqtə (bəlkə də nida içarəsi)
qoydu...
Çaplin göstərdi ki, qulaqları, daha doğrusu,
səs obrazları ilə sevmək əslində, nəinki
qadınların, ümumiyyətlə, insanların ən
böyük ALDANIŞIDIR.
Həmin
o anları göstərən kadrlar dünyanın hər
yerində kino dərsliklərinə salınıb öyrənilir,
tədris olunur, lakin Çaplinin yaratdığı bu
şedevrdə - həmin o epizodda əbədiləşən
anlar - miskin, avara Çarlinin öz sehrinə görə hətta
Mona Lizanın təbəssümünü kölgədə
qoyan təbəssümü öz sirrini sona qədər
açmır ki, açmır...
Dünyada,
eləcə də onun bir parçası olan Azərbaycanda bu
filmə tamaşa etməyən az adam
tapılar. Amma çoxlarının ekssentrik
komediya ustası, gülüş kralı kimi
tanıdığı Çaplinin bu ağlamalı komediyada nə
demək istədiyini, bizlərə hansı mesajı
ötürdüyünü filmə həm də 6-cı
duyğunun gözü ilə baxmağı bacaranlar duyar.
...Gənc,
gözəl, amma dünya işığına həsrət
qalmış bir qız əlində səbət küçədə
gül satır. O, sonda onun gözlərini açacaq bir
eşq, bu eşqi onun həyatına gətirəcək alicənab
centlmen həsrətindədir və inanır ki, xoşbəxt
gün gələcək, həmin o böyük məhəbbətin
onun ayaqları altına tökəcəyi pullar gözlərini
açacaq və o da bundan sonra indiyədək yalnız səsindən
tanıdığı sevgilisini, yalnız səs obrazları
ilə sevdiyi dünyanı daha böyük şövqlə
sevəcək. O, hər gün bir qarın çörək
üçün qazandığı pulu gətirib bu qıza
verən, onunla ünsiyyət qurub yaşamağa, həyatı
sevməyə ruhlandıran avara Çarlinin həmin
böyük eşqin müjdəçisi olduğunu, onun
simasında öz sevgilisini tapdığını
düşünür. Amma Çarli yalnız ona təklif
olunan bu rolu oynamır, ürəyində bu kor qıza
qarşı yaranan mərhəmət, şəfqət hissləri
ilə bərabər, məhəbbət duyğusuna da yenilir,
qızın gözlərinin açılması
üçün lazım olan məbləği ağlagəlməz
çətinliklə tapıb ona çatdırır və
yollar ayrılır - Çarli həbsxanaya, qız isə xəstəxanaya
gedir... Qazamatdan çıxandan sonra Çarli həmin
tinə gəlir və görür ki, gözləri
açılmış qız artıq gül
mağazasının yiyəsidir. Bu gün
də milyonlarla insanı riqqətə gətirən, eyni
vaxtda həm sevindirən, həm kədərləndirən, həm
düşündürən və həm də kövrəldən
həqiqət anını Çaplin filmin məhz bu yerində
- finalında əbədiləşdirib. Qız
qarşısındakı bu miskin varlığın ona sevgi
qarışıq xəcalət hissi ilə baxmasından
çaşır, bu biçarənin könlünü almaq
üçün ona bir gül bağışlayır.
Çarli gülü alıb utana- utana soruşur: "Siz
artıq görürsünüz?" Və şübhələnən
qız Çarlinin əlini əlinin içinə alan kimi bircə anın içindəcə
başa düşür ki, onun həsrətlə yolunu
gözlədiyi, gec-tez öz məhəbbətinin ardınca gələcəyini
düşündüyü idealı - təsəvvüründə
yalnız səs obrazları ilə yaratdığı centlmen
qarşısında dayanmış bu miskin varlıqdır. Qızın heyrət, təəccüb dolu,
ağrı ilə verdiyi "Bu, sizsiniz?" sualına
Çarli həmin o səssiz təbəssümü ilə
cavab verir. Beləliklə, səslə dərk
olunan rəngsiz, qaranlıq dünya yerlə-yeksan olur, onun
yerini rənglərlə dərk olunan rəngbərəng
dünya tutur. Səs obrazları çevrəsində
yaranan məhəbbət də siqaret tüstüsü kimi
uçub gedir, amma onun yerini Çarlinin layiq olduğu təmənnasız
məhəbbət tutacaqmı?
Hamlet demişkən, sual budur, bu.
Gözlə görünən və duyulan
dünyanın 1001 rəng çaları olduğu kimi, bu
sualın da 1001 cavabı var.
Yox, cavabı aşağıda gördüyünüz
kadrlarda Çarlinin xəcalətli təbəssümü,
qızın isə içindən ağrı tökülən
gözləri verir.
Çarli
ilk növbədə sevinir - gözləri açılan
qızı sevir axı!..
Amma o, həm
də utanır, xəcalət çəkir - kor qızın
aldanışının səbəbkarı olduğuna,
gözləri açılmış qızı sarsıdan,
onun ümidlərini puça çıxaran həqiqət
anına görə...
Çarli
öz təbəssümü ilə kor qıza bəxş
olunan bu rəngbərəng dünyanı həm
bağışlayır, həm də ittiham edir...
Çarli
bu kadrda bütün dünyanın qərq olduğu günaha
görə üzr istəyir...
Fəqət
kimdən?..
Çarlinin
təbəssümündə insanın sevinc
qarışıq günah hissinin bütün rəng
çalarlarını tapmaq olar - qorxu... səksəkə... xəcalət...
utanmaq... əlacsız ümid... yarımçıq inam... təlaş...
Film kamera ilə çəkilir. Əsl filmlərdə
isə kamera dünyanı Allahın "gözü" ilə
görür, həyatın, insanların sirlərini bizim
üçün görümlü obrazlara çevirir. Bu mənada haqqında söhbət
açdığımız kadrlar dünya kino sənətində
Allahın "gözlərinin" işığı
düşən ən möhtəşım kadrlardandır.
VAXTA
VƏ BAXTA QARŞI GEDƏN KABİRİYA
Mentalitetimiz elədir ki, çox vaxt abır-həyaya
qısılır, bəzi mövzulara toxunmağı, bəzi
insanlardan yazmağı məqbul hesab etmirik. Dünyanın
ən qədim peşə sahibləri də bu
sıradandır. Amma ictimai şüurda əxlaqi
deqradasiyanın simvoluna çevrilən bu məxluqların sinələri
altında nələr yatdığından tam xəbərdarıqmı?
Mən
dünyanı normal əxlaqlı normal adamların - az qala filosoflaşan nəcib insanların,
aristokratların, moralistlərin... baxış
bucağından göstərən, öz mesajlarını
onların dilindən ötürən
yazıçıların, rejissorların əməyini o qədər
də yüksək qiymətləndirmirəm. Bu
mənada Hamlet, Lir, Otello kimi filosof rolu oynayan obrazların
yaradıcısı Şekspir də mənim üçün
dahi yazıçı deyil. Mənim nəzərimdə
dahi dünyaya Roskolnikov kimi qatilin ("Cinayət və cəza"),
Mitya kimi əhlikefin ("Karamazov qardaşları")
gözləri ilə baxan Dostoyevskidir, məsum bir qızın
namusunu ləkələyib ömürlük bədbəxt edən
Nexlyudovun, onun qurbanı olan Katya Maslovanın ("Dirilmə")
daxili yaşantılarını, sarsıntılarını
göstərən Tolstoydur, Don Kixot kimi bir avantüristin bu
gün də bəşəriyyəti öz sehrində saxlayan
fəlsəfəsini yaradan Servantesdir...
Bir də fahişəliyin astarını üzə
çevirib nəinki kino sənətinə, ümumiyyətlə,
ictimai şüura "fahişəliyin xoşbəxtlik həsrəti,
xoşbəxtlik haqqı" diskursunu gətirən Federiko
Fellini.
Onun
alçaqboylu, dilli-dilavər, zahirən acıdil, əslində
isə son dərəcə səmimi Kabiriyası neçə
on illərdir ki, dünyanın iç üzünü
açmaqda, onu ifşa etməkdə davam edir. Dünya
isə susur, çünki cavab verməyə üzü yoxdur.
Bütün bəşəriyyət əxlaqı deqradasiyaya
uğramış, harın kişilərin pul gücünə
nəvələri yaşda qızları korladığı,
namussuzun namusdan, şərəfsizin şərəfdən
bağıra-bağıra danışdığı bir
durumda yaşayır. ?mma humanist məqsəd naminə bir fahişənin
taleyi bədii araşdırma obyektinə çevriləndə
hamı dərhal dönüb əxlaqlı olur, az qalır əsl namuslu adamların basıb
gözünü töksün. Fellini isə
1957-ci ildə çəkdiyi "Kabiriyanın gecələri"
filmində dünyanı belə bir qəhrəmanın mənəviyyat
və düşüncə rakurslarından göstərməyə
ehtiyat eləmədi, əksinə, bədii söz, incəsənət
aləminə günü bu gün də müxtəlif
yönlərdən araşdırılan bir mövzu gətirdi.
Fellininin
dahiliyi onda idi ki, o, hamının lənət obyektinə
çevirdiyi fahişəni ilk dəfə olaraq təkcə
fahişə kimi yox, həm də insan kimi kəşf etdi və
üstəlik, göstərdi ki, o, bir çox keyfiyyətlərinə
görə yüzlərlə namussuz "namuslulardan" ləyaqətli
və üstündür. Kabiriyanı üst
qatdakı hamıya məlum həyatı ilə alt qatdakı
mübhəm həyatını paralel izləyən rejissor
onun xoşbəxt olmaq haqqını üzə
çıxarıb bütün dünyaya bəyan etdi.
Xoşbəxtlik üçün kilsədə etdiyi
duaların qəbul olunacağına inanan Kabiriya gec-tez onu bu
girdabdan xilas edəcək böyük məhəbbətin gələcəyinə
inanır.
Lakin rejossor onun şüuru altında gizlənən və
heç kimin bilmədiyi arzularını, istəklərini də
göz önünə gətirməyi vacib bilir və bunun
üçün əla bir üsul tapır - hipnozçunun təsirinə
məruz qalan Kabiriyanın zahiri qabalığına,
acıdilliyinə uyuşmayan bütün iç
dünyası faş olur. Bu məqamdan
ustalıqla istifadə edən növbəti
fırıldaqçı Kabiriyanı onu sevdiyinə
inandırıb bütün var- dövlətini əlindən
alır. Kabiriyanın ağlaya-ağlaya
öz "xilaskarına" "Öldür məni! Mən yaşamaq istəmirəm" - deyə
yalvardığı məqamda dünyanın bu qədər
amansız olmağına təəssüflənməyə
bilmirsən və sanki çevrə də qapanır,
Kabiriyanın xoşbəxtlik arzularına birdəfəlik son
nöqtə qoyur. Amma bununla kifayətlənsəydi,
nöqtəni üç nöqtəyə çevirməsəydi,
Fellini Fellini olmazdı ki!
Nəinki
bu filmin, ümümiyyətlə, dünya kino sənətinin
"şah" kadrlarını Fellini onun finalına
saxlayıbmış...
Meşənin dərinliyində, çayın kənarında
yıxılıb qalan Kabiriya axır ki, ayılır, intihar
etmək məqsədilə yola çıxıb öz gecələrinin
şəhərinə - aldanışlarının,
yalvarışlarının məkanına üz tutur. Qəfildən
hardansa peyda olan və əllərində gitara tutmuş bir dəstə
gənc mahnı oxuya-oxuya Kabiriyanı dövrəyə
alır və rejissor ümumi plandan orta, sonra iri plana keçərək
bizi Kabiriyanın çöhrəsi ilə tək qoyur.
Bu gənclərin oxuduğu şən mahnının təsiri ilə gecənin qaranlığında Kabiriyanın çöhrəsi dan yeri kimi alışıb-yanır. Kabiriyanın nəmli gözlərindən, çöhrəsindəki təbəssümdən ətrafa nur ələnir.
Bu qədər əziyyətdən, məşəqqətdən sonra Kabiriya yenə də geri - həyata, yaşamağa, yenə də öz sevgisini, xilaskarını gözləməyə qayıdır.
"Hər nə olur olsun, yaşamaq gözəldir, sevgini gözləmək gözəldir" - deyir Kabiriyanın təbəssümü.
Fellini dünyanı xoşbəxtliyə layiq bir fahişənin təbəssümü ilə utandırır, ittiham edir.
Və Kabiriyanın təbəssümü dil açır: "Mən xoşbəxt olmağa layiqəm axı!"
F.Fellini və onu həyat yoldaşı - Kabiriya rolunu oynayan J.Mazina bəşəriyyəti buna inandırmaq istəyirdilər...
Əlisəfdər Hüseynov
525-ci qəzet.-2021.- 3 sentyabr.- S.13.