"İrəli"də insanlarla ünsiyyət, komandada işləmək bacarığı qazandım"   

 

"İrəli" İctimai Birliyində inkişaf edib irəliləyən gənclərdən biri Kənan Əliyevdir. Əliyev Kənan Oktay oğlu 12 iyun 1997-ci ildə Bakı şəhəri Qaradağ rayonunda doğulub. 2014-cü ildə Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin ''Sosial işin təşkili idarə olunması'' ixtisasına daxil olub. 2018-ci ildə universiteti bitirərək hərbi xidmətə yollanıb. İlk könüllülük fəaliyyətinə 2014-cü ildə universitet daxilində fəaliyyət göstərən birliklər, dərnəklərdə Tələbə Gənclər Təşkilatı daxilində başlayıb. Universitet daxilində fəaliyyət göstərən debat klubunda iştirak edib, 2018-ci ilədək universiteti  müxtəlif yarışlarda, dövlət tədbirləri layihələrdə təmsil edib. 2014-cü ilin sentyabr ayından "İrəli" İctimai Birliyində 1 il könüllülük fəaliyyətdən sonra bir müddət işçi kimi rəsmi fəaliyyət göstərib. Onunla müsahibəni təqdim edirik.

 

***

 

- Kənan bəy, hazırda sosial sahədə fəaliyyət göstərirsiniz. Bu gün bu sahə üzrə yaxşı ixtisaslaşmağınız üçün hansı amillər sizə köməklik etdi?

 

- Hələ abituriyent vaxtı əsas cəmiyyətin xeyrinə fəaliyyət göstərə biləcəyim ixtisas seçməyi düşünürdüm, müəllim olmaq ya sosial ixtisasında təhsil almaq istərdim, sonra sosial ixtisasında təhsil alıb həm vətəndaş cəmiyyətinə faydalı bir qurumda fəaliyyət göstərmək, həm işdən kənarda cəmiyyətin xeyrinə ola biləcək layihələrdə iştirak etmək, hətta bu cür layihələrin təşkilatçısı olmaq istəyirdim. Bunları hələ abituriyent vaxtı düşünürdüm. Çox xoşbəxtəm ki, planladığım həyatı yaşayıram. Abituriyent, bakalavr mərhələləri, əsgərlik həyatı, universitet illərindəki ictimai işlər hər hiri hədəfə çatmağımda önəmli rol oynayıb. Həm bu mərhələlərdə tanıdığım insanların şəxsi inkişafımda rolu olub. Yeni insanlar tanıdıqca, yeni təcrübə qazanırdım, yeni xarakterlər tanıyırdım. Təcrübələr çoxaldıqca bir məsələyə artıq fərdi olaraq yox, bir neçə yanaşma ilə baxırdım bunun inkişafımda müsbət əhəmiyyəti olurdu.

 

- Sizcə, arzuolunan hədəfə çatmaq üçün qarşıya məqsəd qoyub inamlı olmaq kifayət edirmi?

 

- Düşünək ki, bir məntəqəyə çatmalıyıq, yolumuzun üzərində bir neçə dayanacaqlar olacaq. Mən həyatın özünü belə görürəm. Hazırkı həyatım abituriyent vaxtı hədəfim idi, birinci dayanacaq abituriyent vaxtlarım oldu, qazandığım təcrübələrdən istifadə edib növbəti dayanacağa - universitet həyatında başladım. Yalnız universitetdən evə, evdən universitetə gedib-gəlsəydim, istədiyim məntəqəyə çata bilməzdim. Dərslərdən əlavə, ictimai təşkilatlarda iştirak etməyim yüzlərlə layihənin təşkilatçısı iştirakçısı olmağım nəticəsində hədəfimə çatdım. Amma bütün bunlarla kifayətlənmək olmaz, ümumiyyətlə, mənim üçün artıq hansısa hədəfə çatdıqda "bunları etsəm, kifayət olar" deyə anlayış yoxdur. Hədəfə çatmaq üçün daima çalışmaq lazımdır. Məsələn, kimsə yaxşı rəssam olmaq istəyirsə, gün ərzində bir-iki saat məşğul olsa, kifayət edə bilməz, lazım gəlsə, günün böyük bir hissəsini hədəfinə çatmaq üçün ayırmalıdır, amma səmərəli şəkildə.

 

- İnsanlara bəslədiyiniz sevgi ən çox nədən qaynaqlanır, təkcə işinizdən irəli gələn məsuliyyətdən asılıdır bu, yoxsa başqa səbəbləri var?

 

- Hər kəs uşaqlıqdan nəyi görürsə, həyatında onu tətbiq etməyə başlayır, mən ailəmdə, müəllimlərimdə hər zaman mərhəmət görmüşəm, yaxşılıq etməyi uğur bilmişəm. Pisliyi hər kəs bacarır, əsas yaxşılığı bacarmaq lazımdır. Mən yaxşılıq etməyi gündəlik vacib təlabat kimi düşünürəm. Hər gün necə yemək yeməli olduğumuzun fərqinə varırıqsa, sistemli şəkildə yaxşılıq etməyi həyat tərzinə çevirməliyik. Şərt deyil ki, böyük xeyirxah işlər görəsən, kiminsə həyatında köklü dəyişiklik edəsən. Sadəcə ətrafa diqqətli olmaq, dost-tanışın, hətta tanımadığımız insanların belə hər zaman mənəvi olaraq yanında olmaq lazımdır. Bəzən avtomobillə hərəkət edəndə əks yol istiqamətində yaşlı adam görsəm, onu görməzdən gələ bilmirəm, dərhal "özüm ona kömək etməliyəm" deyə düşünürəm bunu adi bir istək kimi yox, borc kimi düşünürəm. Buna görə təşəkkür gözləmirəm, bütün bu elədiklərimə "halal olsun" ya "təşəkkür" sözləri ona görə gözləmirəm ki, normal olan budur, mən qeyri-adi nəsə etmirəm. Hər kəs bu cür etməlidir. Hamı ətrafına diqqətli olmalıdır ki, cəmiyyətə sevgi versin, cəmiyyətdən sevgi alsın.

 

- Kənan Əliyev üçün uğurun formulu nədir?

 

- Uğursuzluğu gözə almaq lazımdır. Uğurla bağlı ümumi araşdırma etsək, bir çox fikirlər ortaya çıxacaq - hədəfi yüksək qoymaq lazımdır ya məğlubiyyəti düşünmə sair. Mən düşünürəm ki, işə başlayarkən, hədəf qoyarkən hədəfə çatdıqdan sonrakı mərhələdən çox, hədəfə çatmasam, ondan sonrakı mərhələ necə olacaq deyə düşünürəm. Təbii ki, mən demirəm uğurun formulu budur, mən demirəm düzgün olan budur, mən sadəcə şəxsi fikrimi deyirəm. Yaşım az olsa da, artıq ətrafımda bir çox real hekayələr görmüşəm, rahatlıqla deyə bilərəm ki, asanlıqla heç əldə olunmur. Hər hansısa hədəfə çatmaq üçün qeyri-qanuni nəsə etsəz ya kiməsə güvənsəz, heç vaxt nəticə əldə edə bilməzsiniz. Etsəz belə, isə ya sona kimi alınmayacaq, ya da ətrafdan müsbət fikir formalaşdırmayacaqsınız. Amma öz əziyyətinizlə, öz potensialınızla əldə etsəz, həm müsbət münasibət görəcəksiniz, həm uğur əldə edəcəksiniz.

 

- "İrəli" sizin həyatınıza nələr gətirib?

 

- Universitet illərində yalnız nəzəri biliklərlə kifayətlənmək olmaz, hamımıza məlumdur ki, əsas praktika sonuncu kurslarda olur, amma "İrəli" kimi bir təşkilatın sayəsində artıq birinci kursdan təcrübə qazanmağa başlamışdım. Həyatımın həmin illərini xatırlayıram... Elə gün olmurdu ki, monoton keçsin, hər gün yeni insan, yeni bilik, yeni təcrübə qazanırdım. qazandırdığımı düşünəndə "İrəli"dəki ilk günlərimdən bu günə kimi hər şey yadıma düşür, insanlarla ünsiyyətdən tutmuş, layihələrin yazılması, ofis proqramları, video çəkməyi, radioda veriliş aparmağı, efirdə canlı yayımda danışmağı, 100 nəfərlik komandada iştirakçı olmağı, həmçinin, onlarla, yüzlərlə şəxsi heyəti olan komandaya rəhbər olub idarə etməyi, düşərgə qurmağı, etik qaydaları, normaları, bir sözlə, bugünkü Kənan Əliyevi cəmiyyətə qazandırdı.

 

- "İrəli" İctimai Birliyinin qazandırdığı təcrübəni bu gün öz işinizdə hiss edirsinizmi?

 

- Əlbəttə, nəinki öz işim, gün ərzində hər bir sahədə "İrəli"nin faydası görünür. "İrəli"də insanlarla ünsiyyət, komandada işləmək bacarığı qazandım. Təbii ki, bu bacarıqların həm işdə, həm qohumlarla, dostlarla, yeni tanıdığın insanlarla münasibətlərin yaxşı olmasında əvəzsiz rolu var. Tələbə vaxtı artıq mən "İrəli"də idarə heyətinin üzvü idim, hal-hazırda şöbə müdiri kimi bir qurumda çalışıram, hansısa məsələlərdə ani qərarlar vermək lazım olanda "İrəli"də qazandığım təcrübələrin əvəzsiz rolu olur. Komandanı idarə etmək, motivasiya vermək, gələcəkdə xidməti keyfiyyətini aşağı sala biləcək detalları öncədən görmək - bütün bu bacarıqlara mən hələ tələbə vaxtı yiyələnmişdim.

 

- Gələcəklə bağlı düşüncələriniz, planlarınız nələrdir?

 

- Ən əsas maddi mənfəət güdmədən, qarşılıqsız vətəndaş cəmiyyətinə töhfə vermək... Bu dediklərim söz gəlişi deyil, əməldədə özünü sübut edir. "Yardım Ocağa gələr" xeyriyyə aksiyalarım buna sübut ola bilər, fərd olaraq təşəbbüsümlə başladılan xeyriyyə layihəsi nəticəsində 600-dən çox ailəyə qida, geyim, məktəb ləvazimatları yardımı olunub. Həmçinin, universitet illərində kiçik olsa belə, vətəndaş cəmiyyəti üçün faydalı layihələri təşkil etməyim, həmçinin, bir illik hərbi xidmət dövründə könüllü kitabxananın yaradılmasına vəsilə olmağım, nizam-intizamıma görə çavuş rütbəsi almağım, bunlar hamısı həqiqətən vətəndaş cəmiyyətinə faydalı olmaq istəyimin yalnız sözdə yox, əməldə özünü doğrultduğunun sübutudur.

 

Nadir YALÇIN

 

525-ci qəzet.-2021.- 3 sentyabr.- S.12.