Cəmilə xoşbəxt ola
bildimi?
Oxuduğum hər əsərdən
nəticə çıxarmağa,
çıxardığım nəticələri həyat
dərsi kimi mənimsəməyə çalışıram.
Qəhrəmanların taleyi, səhv və düzləri bizə çox şey öyrədə bilər. Təbii ki, mən o
əsərlərin qəhrəmanlarını
nəzərdə tuturam
ki, orada təbliğat yox, həqiqət aparıcı
rol oynayır. Və sən bu əsəri
oxuyanda bilirsən ki, bu tale sənə
nə deyir. Məsələn, Səbahəddin Əlinin "Xəz paltolu Maddona" romanını oxuyanda həyatda cəsarətli olmağın önəmini
anlayırsan. "Cinayət və cəza" bir şeyi öyrədir,
"Səfillər" başqa
bir şeyi. Ancaq elə əsərlər var ki, ondan
çıxardığın nəticə başqa bir əsərdə özünü inkar edir, ya da
ağlında sual yaradır. Təbii ki, hər yazıçının həyata
münasibəti və
bu münasibətin kağız üzərindəki
əksi fərqlidir.
Siz heç düşünmüsünüz
ki, Çingiz Aytmatovun "Cəmilə"sinin
sonrakı taleyi necə ola
bilərdi? Aytmatov əsəri orada bitirməsəydi, davam etsəydi, lap elə
Tolstoy kimi, sevdiyinə
qoşulub qaçan qadının həmin adamla birgə həyatını da təsvir etsəydi, görəsən, nə yazardı? O da Cəmiləni öldürərdimi?Axı, həm Anna, həm də Cəmilə eyni şeyi etmişdilər - ikisi də ərini
tərk etmişdi. İkisinin də aşağı-yuxarı
səbəbləri eyni
idi - sevilmirdilər.
Aytmatov sanki Cəmiləni anlayırdı,
ona yazığı gəlirdi. Bəlkə buna görə
müharibədə olan
ərinin evinə göndərdiyi məktubda
Cəmiləni yada salmamasını yazmaqla onun qaçmasına haqq qazandırırdı.
Tolstoy isə Anna ilə belə davranmırdı. Cəmilənin yaşadığı mühit
daha mühafizəkar mühit idi.
Onu deyirdim axı, görəsən, Cəmilə
xoşbəxt ola bildimi? Bəlkə Aytmatov bu bədbəxt
qadına son yaxşılığını
əsəri vaxtında
bitirməklə etmişdi.
Bəlkə o da əsərin
davamını yazsaydı,
Tolstoy kimi qəhrəmanını
öldürərdi. Amma
o, bunu etmədi, əksinə, Cəmilənin
sonrakı qeyri-müəyyən
taleyi ilə ümidə rəvac verdi. O ümidə
ki, xoşbəxtlikdən
xəbər verirdi.
Bəs Tolstoy neynədi? Qadın
səadətindən məhrum
olmuş Annaya əvvəlcə qadın
səadətini verdi, daha sonra analıq səadətini aldı. Sonda da hər ikisini
alıb, onu qatarın altına atdı.
Zaman, məkan
fərqlərinə baxmayaraq,
hər iki yazıçının qəhrəmanı
eyni bədbəxtliyə
məhkum idi - sevgisizlik. Tolstoy deyirdi ki,
"bütün xoşbəxt
ailələr bir-birinə
bənzəyir, bədbəxt
ailələrinsə hərəsi
bir cür bədbəxtdir". Ancaq Anna da,
Cəmilə də eyni cür bədbəxt
idi. İkisi də bu bədbəxtlikdən
can qurtarmaq üçün
sevginin ətəyindən
yapışıb qaçdılar.
Bəlkə Aytmatov Cəmilənin sonrakı taleyini yazsaydı, o da qəhrəmanını elə
özü cəzalandırardı. Ya da yox, Aytmatov, məncə, Cəmiləni
başa düşərdi,
necə ki, bütün əsər boyu Cəmiləyə mərhəmətli davranmışdı.
İki əsər, oxşar tale, fərqli son. Hərəsi bambaşqa bir həyat dərsi. Annanın qaçışı bədbəxtlik, Cəmiləninki isə gördüyümüz qədərilə xoşbəxtlik gətirdi. Bəs yaxşı, həqiqət payı hansında daha çoxdur? Məncə, kitablar da bizə həyat kimi davranır, ali həqiqətin sirrini vermir. Sadəcə taleləri göstərir.
Bundan sonrası
isə sənə qalıb. Sən özün
tapmalısan sənin həqiqətin nədir...
Aytac Sahəd
525-ci qəzet.-2021.- 4 sentyabr.- S.24.