Azərbaycan elminin fenomenal şəxsiyyəti-akademik Hətəm Quliyevin ömrünün 75-ci baharına xoş arzularla

 

 

Heç zaman torpağımızla, xalqımızla, ordumuzla, bu qədər qürur duyduğumuz olmamşıdı. Onları heç zaman bu qədər sevməmişdik. Elə ziyalılarımızı da, alimlərimizi də...

 

Hər zaman dəyanəti, səxavəti, qüruru, qonaqpərvərliyi ilə seçilən, qüdrətli və vüqarlı olan Azərbaycanımız – Qarabağımız çox böyük milli qəhrəmanlarla yanaşı, həm də müdrik tarixi şəxsiyyətlər, yazıçılar, şairlər, alimlər, professorlar, akademiklər, pedaqoqlar yetişdirib. Azərbaycanımızın – Qarabağımızın belə parlaq ziyalı insanlarından biri də fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, əməkdar elm xadimi Hətəm Hidayət oğlu Quliyevdir.

 

06 yanvar 2021-ci ildə Onun ad günüdür - 74 yaşı tamam olur. Ötən bu il nə qədər böyük Qələbələr ili olsa da çətinliklərimiz və itgilərimiz də var. Bu mənada biz dostumuzun, ziyalımızın, alimimizin ad gününü tam lazımi səviyyədə qeyd edə bilmirik.

 

Ancaq bu ilki ad gününün özəlliyi ondadır ki, o bizə akademik Hətəm Quliyevin 75 illik yubiley yaşını qeyd etməyə hazırlaşmaq üçün bir il də vaxt verib. Qarabağda daha yaxşı işləmək, onu biraz dirçəltmək və bəzi çatışmazlıqları aradan qaldırmaq, təzə yaralarımızı sağaltmaq və yubileyi doğma Füzulidə, Şuşada keçirmək üçün!

 

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin müdiri, akademik Hətəm Quliyev 06 yanvar 1947-ci ildə Füzuli rayonunda dünyaya göz açmışdır. 1969-cu ildə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirərək AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda elmi fəaliyyətə başlayır. O, 1972-ci ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1981-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini, 1986-cı ildə isə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. 2001-2013-cü illərdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibinin müavini və AMEA-nın "Xəbərlər” (Yer elmləri seriyası) jurnalının baş redaktorunun müavini olmuşdur.

 

H.Quliyev geomexanika, geofizika, geologiya, tektonofizika, geodinamika, dağ-mədən mexanikası, deformasiyaya uğrayan bərk cisim mexanikası, tətbiqi riyaziyyat və kosmologiyanın müxtəlif sahələri üzrə görkəmli alimdir. Dünyanın əksər ölkələrində olub, elmi məruzələrlə çoxlu sayda çıxışlar edibdir.

 

Hətəm müəllimin elmi həyatı bir müddət Kiyev şəhəri ilə bağlı olub. 1990-cı ildə akademik Midhət Abbasovun dəvəti ilə vətənə qayıdıb və elmi fəaliyyətini AMEA Dərin Neft Quyuları İnstitutunda davam etdirib.

 

... İnsanlar həmişə yerin necə yaranması, necə inkişaf etməsi, insanların yaşaması üçün zəruri şəraitin nə qədər davam edəcəyi və bu kimi yüzlərlə aktual suallarla maraqlanırlar. Yerin öz daxili inkişafının və ətraf kosmosun təsiri nəticəsində onun insan yaşayan üst qatında böyük və təhlükəli geoloji proseslər baş verir və belə hadisələrin tətbiqi də həmişə gündəmdə duran məsələlərdəndir. Bu məsələlərin tədqiqat üsullarının çox hissəsini geofiziki axtarışlar təşkil edir.

 

Geofiziki tədqiqatların əsasını fundamental fiziki sahələrin müasir riyazi üsullarla tədqiqi, bu tədqiqatlar bazasında yer, günəş sistemi və kainatın konkret problemlərinin çözülməsi üsulları, tədqiqat texnikasının və texnologiyalarının hazırlanması, ayrı-ayrı məsələlərin həlli və nəticələrin şərhi təşkil edir. Son illər müasir informasiya texnologiyalarının geniş tətbiqi bu istiqamətdə ciddi inkişafa səbəb olmuşdur. Bu istiqamətdə aparılan tədqiqatlarda, alınmış nəticələrdə və əldə olunmuş uğurlarda AMEA-nın Geologiya İnstitutunun "Tektonofizika və geomexanika” şöbəsinin rəhbəri akademik Hətəm Quliyevin əvəzolunmaz xidmətləri vardır.

 

 

 

Akademik Hətəm Quliyevin əsas elmi nəticələrinə yerin təkamülünün qeyri-dayanıqsızlıq konsepsiyasının yaradılması, bu təkamülün öyrənilməsi üçün qeyri-klassik xəttləşdirilmiş yanaşmanın işlənib hazırlanması, yer təkinin struktur inkişafının riyazi-geodinamik modelinin nəzəri əsasları, yer təkində qırışların və yarıqların əmələ gəlməsi mexanizmləri və onların üçölçülü qeyri-klassik nəzəriyyəsi, yer təkində mühitin sıxlığının dərinlik üzrə paylanmasının tam qeyri-xətti məsələsinin dəqiq həlli, bu həllin müxtəlif süxurlar üçün dayanıqsız olduğunun isbatı, sıxlıqdan asılı olaraq deformasiya proseslərinin və faza keçidlərinin baş vermə ardıcıllıqları probleminin həlli, çoxkomponentli və üçölçülü seysmik dalğaların qeyri-xətti nəzəriyyəsi, seysmikanın qeyri-klassik nəzəri baza modelinin yaradılması, yer təkini təşkil edən süxurların dağılmasının dayanıqsızlıq konsepsiyası, quyu ətrafında, geoloji kəsilişin üst qatlarında və daxili strukturunda dayanıqlıq vəziyyətinin itirilməsinin üçölçülü riyazi nəzəriyyəsi, deformasiyaya uğrayan bərk cisimlərin dayanıqlığı, möhkəmliyi, dinamikası və dağılması mexanikası üzrə qeyri-xətti məsələlərin həlli və bir sıra digər elmi istiqamətlər üzrə mühüm işlər daxildir.

 

Akademik H.Quliyev yüzlərlə elmi əsərin müəllifidir. Tanınmış beynəlxalq jurnallarda əsərlərinə çoxlu sayda istinad olunur. Onun rəhbərliyi ilə 5 elmlər doktoru və 2o-dən çox fəlsəfə doktoru yetişdirilmişdir. H.Quliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə dünyanın aparıcı neft şirkətlərinin (AMOKO, BP, SHEVRON) və bir sıra respublika təşkilatlarının (ARDNŞ, Respublika Seysmoloji Xidmət Mərkəzi, SHIRVAN OIL, ANSHAD PETROL) sifarişi ilə mühüm elmi-texniki layihələr həyata keçirilmişdir. O, Ukrayna Elmi Texniki Mərkəzinin (Avropa İttifaqının maliyyə himayəsi ilə) və ARDNŞ-in Elm Fondunun qrantlarının rəhbəri olmuşdur.

 

Hətəm müəllim Beynəlxalq geofizika İttifaqının Azərbaycan bölməsinin vitse-prezidenti, "Amerika neftçi mühəndislər cəmiyyəti”nin üzvü, "Amerika neftçi geoloqlar cəmiyyəti”nin Azərbaycan bölməsinin üzvü, Mühəndis geoloqlar və geofiziklərin Avropa Assosiasiyasının üzvü, İqtisadi Geologiya üzrə Beynəlxalq İttifaqın üzvü, Azərbaycan geoloqlarının və geofiziklərinin milli komitələrinin üzvü, Beynəlxalq Geofiziki jurnalın beynəlxalq redaksiya heyətinin üzvü, T.Şevçenko adına Kiyev Milli Universitetinin "Vestnik” jurnalının, "Geodinamika" jurnalının redaksiya heyətinin üzvüdür.

 

Hətəm müəllimin elmi nailiyyətləri dünyanın bir sıra aparıcı alim və mütəxəssisləri tərəfindən qəbul olunur və bəyənilir. Təsadüfi deyildir ki, keçən il AZƏRTACın yaydığı rəsmi məlumata görə ”...Son illər akademik, professor Hətəm Quliyev digər alimlərimizlə birgə Azərbaycanın geologiya və geofizika elmi sahəsində “Yer səthinin qabarması və Yerin formalarının dəyişimi” kimi elmi yanaşma və tədqiqat modellərini ortaya çıxarmaqla elmimizin inkişafında böyük uğurlara imza atıb. Belə uğurlardan biri də Hətəm Quliyevin bu yaxınlarda ərsəyə gətirdiyi, elm sahəsində yeni bir irəliləyiş kimi dəyərləndirilən “Bir daha Yerin ilkin etalon modeli (YİEM) haqqında” böyük həcmli elmi məqaləsinin Amerika Geofiziklər İttifaqının nüfuzlu jurnallarından olan “Earth and Space Science” jurnalında dərc olunmasıdır”. AZƏRTAC bu elmi uğurla əlaqədar fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, AMEA-nın Geologiya və Geofizika İnstitutunun “Tektonofizika və geomexanika” şöbəsinin müdiri, Əməkdar elm xadimi Hətəm Quliyevdən aldığı geniş həcmli müsahibəni də oxuculara təqdim etmişdir.

 

Akademik Hətəm müəllim görkəmli elm xadimi olduğu qədər də, dərin ədəbiyyat, incəsənət, musiqi, folklor, tarix, adət-ənənə xiridarıdır. O, xalqımızın mənəvi tarixinə yaxından bələd olan çox gözəl tədqiqatçı-alimdir. Böyük təfəkkürə malik, insanlığın ən yüksək zirvəsində dayanan, sevinci-kədəri ilə hər kəsin qəlbinə yol tapan, bu gün də sıralarımızda olan, fəxrlə adını çəkdiyimiz əvəzsiz insan, müəllim, alim çox hörmətli Hətəm müəllimin bu ilki ad günü ilə yanaşı olaraq, ömür yolunun 75-ci yubiley baharı münasibəti ilə onun dostlarının, həmkarlarının hamısının öz ürək sözləri, fikirləri vardır. Onların hamısı Hətəm müəllimi ürəkdən təbrik edir, onun xeyirxahlığını daim xatırlayırlar. Hətəm müəllim heç vaxt insanlara öz isti, doğma münasibətini əsirgəməyib, hər zaman onların qeydinə qalıb. Onlara dəyərli və ağıllı məsləhətlər verib.

 

Dostumuz şair, publisist Əbülfət Mədətoğlu hətəm müəllimə həsr etdiyi məqaləsində yazırdı: “...Qarabağ hadisələrinin "daş dövründə" cəbhə bölgəsində baş verənlərə reaksiya verən... Füzulidən olan ziyalıların birləşdikləri bir "Quru çay" cəmiyyəti vardı. Məhz həmin cəmiyyətdə təmsil olunan ziyalılardan biri də Hətəm müəllim idi. Onun ədəbiyyata, yazıya, jurnalistikaya olan sayğısı da mənim üçün çox önəmlidi. Mən onun Vaqif Bəhmənlinin, Əşrəf Veysəllinin, Seyran Səxavətin, Çingiz Əlioğlunun, Umud Rəhimoğlunun və digərlərinin poeziyasına, İlyas Əfəndiyevin, Elçinin bir-birindən maraqlı əsərlərinə, həmçinin Qarabağ muğamına, Ağabalanın, İslam Rzayevin, Süleyman Abdullayevin səsinə heyranlığını heç vaxt unuda bilmərəm. Ümumiyyətlə, hərdən mən elə gəlir ki, Hətəm müəllim kimi insanları Allah doğulduğu elə, obaya, yurda, məmləkətə böyük sevgiylə hədiyyə edir. Onların timsalında həmin

 

el-obaya, məmləkətə, millətə sayğısını büruzə verir. Bax, bütün bunları düşünə-düşünə mən bu qənaətə gəlirəm ki, Hətəm müəllim kimi insanlar dünyanın dayanıqlığını, tarazlığını qorumaq üçün doğulanlar sırasında da yer tutmağa haqq ediblər. Bir az da ətraflı ifadə etsəm, professor Hətəm Quliyev Qarabağın aydınlarının ən aydınlarından biri, ziyalılarının ən ziyalılarından biridir. ...Tam səmimiyyətlə deyirəm ki, mən rəhmətlik Xudu Məmmədovla həmişə qürur duymuşam. Bu gün isə mənim qürur duyduğum insanların sırasında Hətəm müəllimin özəl yeri var”. Tamamilə haqlısınız Əbülfət müəllim, ayrıca şərhə də əlavə lüzum görmürük.

 

...Akademik Hətəm müəllim qeyrətli, qayğıkeş, mərd vətəndaşdır. Qarabağı, Azərbaycanı öz canından da artıq sevir. Füzuli ziyalılarının ağsaqqalı kimi 44 günlük ikinci Qarabağ müharibəsinin ilk günlərində Ali Baş Komandana müraciət ünvanladı. 08 oktyabr 2020 ildə President.az saytında dərc olunan Azərbaycan Respublikasının Prezidentinə “Akademik Hətəm Quliyevdən, Füzuli, Azərbaycan” Müraciətdə deyilirdi ki, “Hörmətli cənab Ali Baş Komandan!

 

İndiki mürəkkəb və şərəfli dövrdə Sizə bildirməyi özümüzə borc bilirik ki, biz Füzuli ziyalıları bütün xalqımız kimi Sizinlə fəxr edir, qürur duyur və Sizin daxili və xarici siyasətinizi tam olaraq dəstəkləyirik.

 

Ali Baş Komandan kimi Sizin əmrinizlə işğalçı Ermənistana qarşı artıq bütün cəbhə boyu genişmiqyaslı əks-hücum əməliyyatına başlanılmışdır. Qəhrəman Azərbaycan Ordusunun əzmi və şücaəti nəticəsində bir çox ərazilərimiz, o cümlədən Füzuli rayonunun işğal altında olan bir çox kəndləri də erməni qəsbkarlarından təmizlənmişdir. Bu parlaq qələbə heç şübhəsiz ki, Sizin yürütdüyünüz qətiyyətli siyasətin və nail olduğunuz yüksək ordu quruculuğunun nəticəsidir.

 

Azərbaycan Silahlı Qüvvələri həqiqətən də bölgənin ən qüdrətli ordusudur və hərbçilərimiz qısa zamanda ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə, işğalçılara tutarlı cavab verməyə qadirdirlər.

 

Cənab Prezident, Sizi və xalqımızı əmin edirik ki, Füzuli ziyalıları və rayonun bütün əhalisi hər zaman olduğu kimi bu həyəcanlı, məsuliyyətli və şərəfli anlarda da Sizin və dövlətimizin, ordumuzun apardığı haqlı mübarizəni ürəkdən dəstəkləyir və müdafiə edirik. Erməni təxribatı nəticəsində dünyasını dəyişən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik, ordumuzdan isə yeni zəfər müjdələri gözləyirik.

 

Cəbhədən gələn hər növbəti qələbə xəbəri bütün azərbaycanlılar kimi, bizlərdə də böyük qürur hissi oyatmış, vətənpərvərlik duyğularını qüvvətləndirmişdir. Azərbaycan əsgərinin tezliklə qələbə bayrağını Şuşaya, Xankəndiyə sancmaqla tarixi ədaləti bərpa edəcəyinə hər bir Azərbaycan vətəndaşı kimi biz də ürəkdən əminik. İşğal altındakı torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi günü hamımız səbirsizliklə gözləyir, o günün uzaqda olmadığına bütün varlığımızla inanırıq. Biz həmişə Sizinləyik, cənab Prezident!

 

Biz Sizinlə qürur duyuruq, cənab Ali Baş Komandan! Biz Sizin arxa cəbhədə əmrinizə hazır olan əsgərlərinizik! Var olsun Azərbaycan, var olsun Qarabağ! Qarabağ Azərbaycandır!”

 

... Nə gözəl ki, o vaxtdan bircə ay keçdi və Hətəm müəllimin arzularını Cənab Ali Baş Komandan həyata keçirdi. İndi yollar açıqdır. Biz Onun 75 illik yubileyini həmin torpaqlarda- Şuşada, Füzulidə keçirəcəyik!

 

Akademik Hətəm müəllim həm də gözəl və mehriban bir ailənin başçısıdır. Xeyirxah ata, mehriban babadır. Hətəm müəllim həmçinin çox ünsiyyətcil və incə yumora malik şəxsdir. Ətrafdakı insanlara, hadisələrə qarşı obyektiv fikir söyləməkdən heç zaman vaz keçmir. Əhəmiyyətli hesab etdiyi məsələləri cəsarətlə gündəliyə çıxara, onu müdafiə edə bilir. Onun ətrafında öz həmyaşıdları ilə bərabər, həmişə orta və gənc yaşlıları da görmək olar. O, Azərbaycan elminin fenomenal şəxsiyyətlərdəndir. Biz, bu gün, qürurla deyə bilərik ki, Hətəm müəllim elmin zirvələrinə qalxmış, öz sözünü demiş bir alimdir!

 

Sevimli müəllimimiz, dostumuz, qardaşımız, əzizimiz Hətəm müəllim! Biz hamımız Sizi sevirik, Sizi böyük alim və gözəl, xeyirxah insan kimi tanıyırıq. Sizin ad gününüzü təbrik edirik! Fürsətdən istifadə edib Sizin 75 illik yubileyinizə keçid ilini də elə indidən təbrik edirik. Biz Sizdə gənclik enerjisi, hərarəti, istəyi duyuruq. Biz Sizə Azərbaycan və dünya elminin inkişafında daha böyük nailiyyətlər və sağlam həyat, uzun ömür arzulayırıq!

 

Bir daha Sizi ürəkdən təbrik edir, həm bu ilki ad gününüzü təbrik edirik, həm də növbəti ilin bu günündə Allahımızın rizasıyla "75 illik yubileyinizə mübarək” deyəçəyik!

 

Akif Musayev

 

AMEA-nın müxbir üzvü, professor

 

Əlövsət Qaraca ƏLİYEV

 

 Ədalət.- 2021.- 9 yanvar.- S.12.