“Musiqi zövqümün
formalaşması klassikadan başlayıb”
“Solo ifaçılıqda insan ruhu ilə, qəlbi tək
özünü biruzə verir.
Səni dinləyicilər daha aydın sezə
bilir. Yaranan, ərsəyə
gələn musiqilərdə bir hekayə
çatdırırsan solo ifada.
Mənim “Portret” adlı bir
bəstəm var ki, o da mənim hekayəmdir.
Həmin musiqidə bir insan
portretinin duyğuları əks olunub”. “Ədalət” qəzetinin qonağı
tarzən İbrahim Babayevdir.
-Zəhmət olmasa özünüzü
təqdim edin…
-Bakı şəhərində anadan olmuşam. 2012-ci ildə ingilis təmayüllü 16 saylı Texniki-Humanitar liseyi bitirmişəm. 2007-2012-ci illərdə Fikrət Əmirov adına 6 saylı Usaq İncəsənət musiqi məktəbində “Tar” ixtisası üzrə təhsil almışam. 2012-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində tar ixtisası üzrə təhsilimi davam etdirmişəm. 2016-2020-ci illərdə Azərbaycan Milli Konservatoriyasında İfaçılıq fakultəsinin Xalq Çalğı Alətləri (Tar) ixtisası üzrə təhsilimi fərqlənmə diplomu ilə başa vurmuşam. Hazırda Azərbaycan Milli Konservatoriyasında magistr təhsili alıram.
“Tarın səsi sehrlidir”
-Musiqi alətləri çoxdur. Niyə məhz milli
musiqi aləti olan tar?
-Niyə tar? Bu suala geniş
cavab vermək istəyirəm. Uşaqlıqdan professional musiqiçi olmaq niyyətində idim.
Çox insan musiqi ilə məşğul olur, amma bir neçə
ildən sonra qərar verə bilmir ki, musiqiçi
olum, ya yox?! İlk gündən tək
bir məqsədim vardı, professional musiqiçi
olmaq. Yəni böyük səhnələrdə
ifa etmək niyyətində idim.
İstəyirdim ki, xarici səfərlərə gedim.
Belə deyim, özümə hər zaman yaradıcı həyat arzulayırdım. Çox şükür
Allaha, o həyatı mənə qismət etdi. Çox şükürlər olsun. Bunu da qeyd edim,
tara gəlməzdən
əvvəl ailəm pianoçu olmağımı
istəyirdi. Lakin mən tarı
çox sevirdim.
Tarın səsi, tarın pərdələri,
simləri... Ümumiyyətlə, tarın səsi
sehrlidir. Kimsə tarı
ifa edəndə həmin insanın barmaqlarında bir sehrin olduğunu düşünürdüm. Bir az öncə dedim, ailəmin təkidi ilə 7 il musiqi
təhsilimi piano üzrə
almışam. Təhsilimin 5-ci ilindən başlayaraq
piano dərslərində deyil,
tar siniflərinə gedib
tar dərslərində iştirak
edirdim. Saatlarla tarı dinləyirdim.
Həmin
dövrlər belə
tarın səsi məni valeh edirdi. Musiqi məktəbində təhsil
aldığım zaman
tar təhsili alanların
əlində tar görərkən
kövrəlirdim. Çünki
mən də tar istəyirdim. Şükür Allaha ki, indi professional şəkildə
tarla məşğul
oluram. Amma belə bir şey də var, piano təhsili aldığım üçün
peşiman deyiləm.
Məhz
piano təhsili həyatıma,
indiki fəaliyyətimə
çox müsbət
təsir edib. Belə ki, musiqi zövqümün
formalaşması klassikadan
başlayıb. Mənim ilk təhsilim
piano ilə bağlı
olduğuna görə
musiqi zövqüm fərqlənir.
-Tarın
incəliklərini kimlərdən
öyrənmisiniz?
-Müəllimlərim
Respublikanın Xalq artisti Ağasəlim Abdullayev, Əməkdar
artist Səbuhi Cəfərov
və Ələkbər
Ələkbərov olub. Uğurlarıma görə Allaha və müəllimlərimə
minnətdaram.
“Solo ifada daha çox özümü görürəm”
-Tar köksevən alətdir. Təsadüfi deyil ki, onu kökləmək
müəyyən bir vaxt alır. Siz necə tarı kökləyəndə çox
əziyyət çəkirsiniz?
-Bir gün Üzeyir bəy Hacıbəyovun yanına bir musiqiçi gəlir və ondan xahiş
edir ki, mən sizin rəhbərliyiniz altında
xalq-çalğı alətləri
ansamblında çalışmaq
istəyirəm. Vaxtınız varsa, məni dinləyin. Üzeyir bəy onu qəbul edir. İfaçı aləti ifa
etmək istəyəndə
musiqiçini dayandırır
və alətin aşıqlarını boşaldıb
onu tamamən kökdən salır.
Deyir ki, əgər bu aləti dəqiq
kökləyə bilsən,
ifa etmədən də səni işə qəbul edəcəm. Bax Üzeyir
bəyin böyüklüyü
buradan görünür.
Musiqiçi aləti yaxşı
kökləyə bilirsə,
deməli, o, yaxşı
da ifa edə
bilir. Hətta belə bir cümlə
də var: “Professional musiqiçinin aləti həmişə saz vəziyyətdə olmalıdır”.
-Nə
üçün solo ifa?
-Solo ifada daha çox özümü görürəm.
İstəyirəm, içimdə olan
hissləri, duyğuları
çatdırım. Trio
ifa da çətindir,
o da peşəkarlıq
tələb edir.
Amma solo ifaçılıqda insan
ruhu ilə, qəlbi tək özünü biruzə verir. Səni dinləyicilər daha aydın sezə bilir. Yaranan, ərsəyə gələn
musiqilərdə bir hekayə çatdırırsan
solo ifada. Mənim “Portret”
adlı bir bəstəm var ki, o da mənim
hekayəmdir. Həmin musiqidə
bir insan portretinin duyğuları əks olunub.
“Çətinliklər
mənə stimul verir”
-Sənətdə
çətinlikləriniz çox
olub?
-Hər bir sahədə olduğu kimi, bizim də sahənin
özünəməxsus çətinlikləri
var. Çətinliklər haqqında
onu deyə bilərəm ki, insan əziyyət çəkirsə, çətinliklərlə
rastlaşırsa, mütləq
şəkildə Allah onun
qarşılığını verir. Mənim də həyatımda
çətinlik olub, indi də var
və gələcəkdə
də olacaq. Həmin çətinliklər mənə
stimul verir. Hər kəsə bir duam var,
Allah hər kəsin çəkdiyi əziyyətin
qarşılığını versin.
-İfa zamanı
tarın səsindən
başqa nələri
eşidirsiniz?
-Bunu sözlərlə ifadə
edə bilməyəcəm.
Həmin
hisslər sözlərlə
ifadə olunmur. Tardan eşitdiyim, ondan gələn səslər mənim üçün qiymətsizdir.
-Təşəkkür
edirəm ki, dəvətimi qəbul edib mənə müsahibə verdiniz.
-Mən də sizə minnətdaram ki, sənətə dəyər
verirsiniz.
Rövşən Tahir
Ədalət
2021.- 16 yanvar.- S.16.