İradə Tuncay: "Sənin gücün yalnız sənin öz yaratdığına çata bilər"

 

 

İRADƏ TUNCAY: "ƏXLAQDAN NAQİS ADAMLARIN YETİŞDİYİ CƏMİYYƏT QORXULU CƏMİYYƏTDİR"

 

 

 

Budəfəki həmsöhbətim tanınmış yazıçısı, publisist, "Ədalət" qəzetinin baş redaktoru, Əməkdar jurnalist İradə Tuncay olacaq. Bir halda ki, çağdaş jurnalistika, onun tələbləri və mövcud reallıqlar mövzusunda söhbət etmək istəyirsən, həmsöhbətin də gərək bu peşənin peşəkarı olsun. Bu niyyətlə İradə xanımın iş yerinə - "Ədalət" qəzetinin redaksiyasına üz tutdum.

 

***

 

- İradə xanım, çağdaş jurnalistika sizin nəzərinizdə hansı mövqedədir?

 

- Bugünkü jurnalistika elə olmalı olduğu ünvandadır. Bilgi çatışmır, dil bilgiləri isə ümumiyyətlə, çox aşağı səviyyədədir. Tək Azərbaycan dilini bilməklə heç bir yerə gedib çatmaq olmaz. Gərək informasiyan, xəbərin çox olsun, dünyanın gedişatından, tarixdən, coğrafiyadan xəbərdar olmalısan. Əgər kiminləsə həmsöhbət olmaq istəyirsənsə, almaq istədiyin nəticəyə çatmaq üçün çalışmalısan ki, daima öyrənəsən. Bugünkü jurnalistika ağır bir prosesin içərisindədir. Baxın, son illər nə qədər hadisələr baş verib, bir sistem dağılıb və cəmiyyət yeni bir sistemin qurulmasına doğru gedir. Təsəvvür edin, biz həm əsrin, həm də minilliyin sonunu gördük. Formasiya dəyişir, amma cəmiyyət hara gedəcək, necə olacaq, bax bunu bilmirik. Bilməmək isə insanlarda çaşqınlıq yaradır.

 

- Bilməmək nədən irəli gəlir? Ümumiyyətlə, insanlar nəyə görə hər şeyin hazırına nazir olmağa çalışır və maariflənə bilmirlər, kitab, qəzet, jurnal oxumağa o qədər də meyl göstərmirlər? Sadəcə fakt əldə etmək istəyirlər, vəssalam.

 

- Hazır fakta gəlib çıxmaq üçün kök araşdırılmalıdır. Araşdırılmalıdır ki, o fakt nədən doğdu, onun yaranmasına hansı səbəblər vəsilə oldu? Amma məsələ burasındadır ki, insanlar bunu öyrənməyə maraq göstərmirlər, hətta bir abzaslıq mətni belə oxumaq istəmirlər. Halbuki o bir abzasın altında müəyyən fikirlər yatır və o fikirləri araşdırıb tapmaq çox vacibdir. Bunun üçün də insanların ölkədə və dünyada baş verənlərdən məlumatı olması lazımdır. Məlumatsızlıq adamı qaçırır. İnsanlar bilmədikləri şeyi öyrənməyə cəhd göstərmirlər. Ən böyük problem də budur. Amma bir əmma da var: lap belə öyrənsə, nə olacaq ki?

 

- Necə düşünürsünüz, mediada çıxan yazılarda lakoniklik ön planda olmalıdır?

 

- Mütləq. Bu gün cəmiyyət böyük yazıları, böyük məlumatları, necə deyərlər, həzm etmir. Ona görə də mətləbi oxucuya yığcam şəkildə çatdırmaq lazımdır. Blez Paskal hələ XVII əsrdə bir məktubunda yazmışdı ki, bu məktubu həmişəkindən uzun yazdım, çünki daha qısa yazmağa vaxtım yoxdur. Yəni əgər sən bir mətni lokanikləşdirə bilmirsənsə, deməli, o barədə məlumatın ya yoxdur, ya da yetərli deyil. Əgər toxunduğun mətləbi oxucuya, necə deyərlər, həzm elətdirə bildinsə nə yaxşı, əks halda oxuyan olmayacaq. Çox çalışırsan ki, oxucuların sayı artsın, amma baxanda görürsən ki, bir xəbərə maksimum 400-500 baxış olur. 10 milyonluq respublika üçün bu, dəhşətli mənzərədir. Amma təəssüf ki, reallıq belədir.

 

- Oxuyan təbəqə kimdir görən - dövlət adamları, rəsmi şəxslər, yoxsa daha çox gənc nəsil? Statistika ilə bağlı hansısa məlumatınız varmı?

 

- Açığı, statistikanı deyə bilməyəcəyəm, amma əslində, hansısa bir idarənin, məsələn, 1000 nəfər işçisi varsa, onun, heç olmasa, 800 nəfəri oxumalıdır. Amma oxumurlar.

 

- Ötən dövr jurnalistikası ilə müasir dövr jurnalistikası arasında hansı fərqlər var?

 

- O vaxt oxucu kütləsi var idi. O zamanlar başqa əyləncə növləri çox olmadığından insanlar qəzet oxuyurdular. O vaxtlar qəzetlər də fərqli cəviyyələrdə çap olunardı. Moskvada çap olunan mərkəzi qəzetlər var idi, republika miqyasında dərc olunan nəşrlər var idi. Hətta küçələrdə xüsusi lövhələr vardı, hər gün yeni qəzetləri ora yapışdırırdılar, insanlar küçədə durub qəzetləri oxuyar, məlumat alırdılar.

 

- Oxucu kütləsini bir qırağa qoysaq, peşəkar jurnalist kimi fəaliyyət göstərmək istəyib yeniliyə açıq olmaqla köhnə dövrü qoysaq, bununla tariximizi, keçmişi də kənara qoymuş olmarıqmı?

 

- Jurnalistika həm də mətbuatın tarixi, ölkənin tarixi deməkdir. Bu tarix ölkədə baş verən hər bir hadisəni özündə ehtiva edir. Onu məlumat bazası kimi gələcək üçün yığıb saxlayır. Ona görə də mütləq qorunub saxlanılmalıdır. Amma kim bunu qoruyub saxlayacaq? Bu, çox maraqlıdır...

 

- Köhnə dövrdən söz düşmüşkən, o dövr tarixiliyi, indiki dövr isə dinamikliyi ilə seçilir. Nə tarixiliyimizi unutmaq, nə dinamiklikdən geri qalmaq üçün qızıl orta deyilən balansı necə saxlamaq olar?

 

- Əgər bu dinamikliyin əsasını savadsızlıq təşkil edəcəksə, onun zəngin məlumat bazası olmayacaqsa, onda buradan nəsə gözləmək əbəsdir. Bilirsiniz indi dinamiklik nədir? - "Şok... Şok... Şok... Kim isə kimisə öldürdü...", "Filankəs kiminsə evindən skelet tapdı". Bunun axırı necə olacaq? Axı, hara kimi? Bütün xəbərlər konseptual əsasa dayanmalıdır. Proses "Filan müğənninin kiminləsə davası düşdü" şəklində getməli deyil. Təəssüf ki, bu proses təkcə Azərbaycanda yox, dünyanın çox yerində gedir. Moskva mətbuatına baxırsan, çox hörmətli Sovet ulduzudur, amma özünə və ailəsinə böhtan atırlar. Bu günün trendi budur.

 

- Bəzən deyirlər ki, düzgün yol oxucunun arxasınca getmək, zamanla ayaqlaşmaqdır. Bəzənsə tam əksi ilə - oxucunu öz ardınca aparmalısan kimi fikirlərlə rastlaşırıq. Doğru olan hansıdır bəs?

 

- Çalışmaq lazımdır ki, oxucu mətbuatın arxansınca getsin. Mətbuat heç vaxt oxucunun səviyyəsinə düşə bilməz. Subyektiv fikrimdir.

 

- Jurnalistika peşəsinə yiyələnmək üçün əsas yaradıcılıq nəzərə alınır, yoxsa təhsil?

 

- Təhsil ön planda deyil. Bu gün mühəndislik ixtisasını bitirib çox gözəl yazı qabiliyyətinə malik ola bilərsən. Jurnalistika ixtisasını bitirənlərin hamısı jurnalist olası deyil. Jurnalistika çoxşaxəli olmalıdır. Əvvəllər bu var idi. Məsələn, mədəniyyət sahəsində yazanlar bu sahənin adamı olardı, kənd təsərrüfatından yazanlar o sahənin adamı olurdu və s. Düşünürəm ki, belə ixtisaslaşmanın olması daha doğrudur. Bu gün bizə hərbi sahəni bilən jurnalistlər lazımdır. Ümumiyyətlə, yazı qabiliyyəti olan hər bir kəs jurnalist ola bilər.

 

- Bu gün jurnalistikaya, jurnalistlərə münasibət, sizcə, hansı səviyyədədir?

 

- Biz gələcəyin sahələrini, ixtisaslarını öyrənib onlarla maraqlanmalıyıq. Gedib hansısa bir universiteti bitirib diplom alıb savad ala bilmirsənsə, oxumağın sadəcə vaxt itkisidir. Jurnalistika bu sahələrin yayılmasına, populyar olmasına zəmin yaradır.

 

- Müsahibələrinizin birində demişdiniz ki, yazmamağınızın səbəbi ümidsizlikdir. Ümid nədən yaranır?

 

- İndi insanlar ümidsiz olub, sabahının necə olacağından nigarandır. Bu, həm də həyat tərzidir. Optimist adamlar da var. Son zamanlar nə qədər optimist olmağa çalışsam da, ola bilmirəm. Gənclər xüsusilə optimist olmalıdır, onların güclü, enerjili, həyata ümidlə baxan vaxtlarıdır. Həyatın bizə nə bəxş edəcəyini bilmirik. O qədər qeyri-müəyyənlik var, düşünürsən ki, ilahi, axı bunu niyə belə edirlər? Elə şeylər baş verir, düşünəndə görürsən ki, bunu edən böyük qüvvələr var və onlara yaxın olmalısan.

 

- Gənc nəslin potensialını necə qiymətləndirirsiniz? Yazıları ilə diqqətinizi çəkənlər olurmu?

 

- Təbii ki, var. Gənclərə ümid etmək, inanmaq lazımdır. Bunun yoxluğu ümidin itirilməsidir. Həyatı ancaq onlar irəli apara bilərlər. Yaşlı nəsillərə sadəcə hörmət etmək lazımdır, güc isə ancaq gənclikdədir.

 

- "Ədalət" qəzetinin baş redaktorusunuz. Oxucular bu gün yazılı mətbuatdan daha çox, sosial şəbəkələrə meyl göstərirlər. Sizcə, bu, nədən irəli gəlir?

 

- Sosial şəbəkələrdə hər hansı mövzu ilə bağlı yazılar çəkici başlıqlarla paylaşılır. Bu zaman isə insanlar özlərinə faydalı ola biləcək məlumatla maraqlanmırlar. Kimsə öz qayınanasını öldürübsə, bunu paylaşmaqla nə qazanırsan? Cinayətkarlığı təbliğ edirsən? Bu məsələdə mənim qəbul etmədiyim çox məqamlar var. Amma bunlar tək mənim deməyimlə də düzələsi də deyil. Ümumiyyətlə, əsaslı ideologiya mütləq və vacibdir. Yoxsa biz bu şəkildə hara gedirik? Trend nədir?

 

- Niyə insanlar üzdə olan simaları hədəf götürməyə çalışırlar? Hansısa başlıq altında onları əzməyə çalışmaq istəyi nədən irəli gəlir?

 

- Fərz edin ki, ikimiz şəhərə çıxırıq və qarşımıza bir tanınmış sima çıxır və qışqırır. İndi biz onu o şəkildə təqdim eləsək, görün ona nə qədər adam baxacaq. Məşhurdur, axı. Məşhur insan barəsində müsbət yazı yazılsa, baxış sayı az olacaq, amma onun haqqında hər hansı bir yalan məlumatı mediaya sızdırsan, çox oxunacaq. Hələ o şəxs barədə öz düşüncələrini də əlavə edəcəklər. Bu, düşünürəm ki, insan xislətindən irəli gəlir. İnsan özü qazana bilmədiyi nələrisə kimdəsə görəndə qıcıqlanır, əsəbləşir və ona hər cür iftira atmağa meyilli olur.

 

- Ölkədə mediaya nəzarət üçün aidiyyatı orqanlar var. Bəs sosial şəbəkələrə nəzarət olunacaqmı?

 

- Bütün dini kitablar insanları haqq yoluna çağırır. Ona qulaq asan, əməl edən var? Xeyr. "Qurani Kərim"ə, "İncil"ə əməl etməyənlərin MEDİA Agentliyinə qulaq asacaqlarını düşünmürəm. Mədəni səviyyə artmalıdır.

 

- Bu problemi cərimə yolu ilə aradan qaldırmaq olarmı? Məsələn, pandemiyanın sərt günlərində küçəyə çıxmaq, maska taxmaq, qapalı məkanlarda toyların keçirilməməsi kimi qadağalarla qarşılaşdıq. Bu şəkildə hər birimiz bir hədəfə vuraraq bu bəlanı üstümüzdən ata bildik. Bu üsul sosial şəbəkə üzərində də tətbiq edilsə, vəziyyət düzələ bilərmi?

 

- Düşünürəm ki, cərimələr həyatımızda çox şeyi həll edə bilər. İndi maşın sürənlərin hər biri kəmərdən istifadə edir. Yaxud siz qeyd etdiyiniz kimi, karantin qadağaları. Cərimə insanların davranışına çox böyük təsir göstərə bilir.

 

- Jurnalistika dördüncü hakimiyyət hesab olunur. Bu fikirlə bağlı nə deyə bilərsiniz?

 

- Hakimiyyətin müxtəlif qolları var. Mətbuat da bu qollardan biridir. Demokratiyanın tüğyan etdiyi yerlərdə də bu var. Məsələn, hansısa bir hadisə olur və öncədən məlumat verilir ki, biz bunu edəcəyik, hansısa mətbuat orqanı da bu barədə yazacaq. Məsələn, Amerika İraqa girir və bu barədə ancaq CNN yaza bilər. Yəni hər bir toplumun öz maraqları və bu maraqlara uyğun da adamları var. Bütün dünyada bütün ideologiyalar da məhz mətbuat vasitəsilə yayılır. İndi insanlar böyük həcmli kitablar oxumağa maraqlı deyil. İlk məqam olur ki, jurnalistika dördüncü yox, hətta deyərdim ki, elə birinci hakimiyyətdir.

 

- Bu hakimiyyət yaxın gələcəkdə nə kimi fəsadlar verə bilər, yaxud uğur qazandırar?

 

- Fəsadlar göz qabağındadır. İnsanlar artıq doğru sözə qulaq asa bilmir. Doğru sözün maraqlı olmamasının özü elə bir fəsaddır.

 

- Sosial şəbəkələrin müxtəlif qolları var - feysbuk, instaqram və bir də nisbətən daha bayağı forması - tik-tok var. Sizcə, ola bilməzmi ki, o bayağı formanı elmi formaya gətirə bilək? Məsələn, sitatlar paylaşılsın, elmi-kütləvi yazılar paylaşılsın. Bu yolla izləyicilərin bayağılığa meylini azaldıb düzgün istiqamətə kökləmək olmazmı?

 

- Bununla bağlı xüsusi institutlar fəaliyyət göstərir. Bu, onların işidir və buna onlar nəzarət etməlidir. Tik-toku Çin, o biriləri Amerika yaradıb. Sənin gücün yalnız sənin öz yaratdığına çata bilər. Yoxsa ki, yalnız dilə yeni sözlər gətirməklə bu, mümkünsüzdür, "şpilka"ya "ipəzor" deməklə iş bitmir.

 

- Siz xeyli müddət televiziyada çalışmısınız və bir sıra maraqlı, uğur qazanmış layihələriniz olub. Bu gün teleməkanlarda gedən verilişlər sizi qane edirmi?

 

- Yazılı mətbuatda da, teleməkanda da eyni proses gedir. Ağıllı sözü eşidə biləcək tamaşaçı bu gün yox səviyyədədir. Bizim dövrdə həmişə şairə, sözə inanmaq kimi bir ənənə var idi. Bəzən nəsrin populyar olmadığı dönəmlərdə böyük elmi əsərlər şeir dilində yazılardı. Biz bu gün mədəni mühitdən uzaqlaşırıqsa, düşünürəm ki, o zaman həbsxanalar tikmək üçün vəsait ayırmalıyıq. Əxlaqdan naqis adamların yetişdiyi cəmiyyət qorxulu cəmiyyətdir. Ona görə də mütləq şəkildə ideoloji əsaslar yaratmalıyıq. Təəssüflər olsun ki, televiziyalar şəxsi meyarları nəzərə alır. Amma birinci növbədə milyonların sevgisini qazanmaq lazımdır.

 

- Söhbətimizi sevimli Xalq şairimiz Məmməd Arazın bu misraları ilə tamamlamaq istərdim:

 

Səndən mənə bir ömürlük xatirə,

 

Məndən sənə nə qalacaq, nə bilim...

 

İradə Tuncaydan jurnalistikada nələr qalacaq?

 

- Bu barədə danışmaq çətindir. Özümə müəllim hesab etdiyim şəxsiyyətlər olub. Mütaliəmi beynimdə sistemləşdirə bilmişəm. Adam var ki, çox oxuyur, lakin tətbiq edə bilmir. Amma mən hər kəsin yerinə də bir söz deyə bilmirəm. Bu gün gənclərin bir qisminin mənə meyilli olması xoşdur. Həmişə çalışmışam ki, gənclərə nəsə kömək edim. Özümüzü qorumağı bacarmalıyıq. Bunun əsas yollarından biri də mətbuatdır. Leninin gözəl bir fikri var: "Oxumaq, oxumaq, yenə də oxumaq". İstərdim ki, gənclərimiz çox oxusunlar, oxumağa ərincəklik etməsinlər. Arzu edirəm ki, hər şey yaxşı olsun.

 

Şəlalə CAMAL

 

Ədalət.- 2022.- 12 fevral.- S.5.