" Nuh gəmisinin son limanı"
Şair, jurnalist və publisist Əbülfət Mədətoğlununkitabı
haqqında
İstedadlı jurnalist, şair və publisist Əbülfət Mədətoğlunun
"Nuh gəmisinin
son limanı” adlı kitabı adından tutmuş məzmununa qədər sanballı, səmimi və məharətlə yazılmış,
özündə aktual
olan Naxçıvan mövzusuna həsr edilmiş qiymətli bir əsərdir. Bir səfər
təəssüratı daşıyan
və özündə
Naxçıvanın müasir
inkişaf səviyyəsi
və müxtəlif məsələlərini əhatə
edən kitabda ciddi məsələlər
əks edilmişdir.
Əsərdə həm
müasir Azərbaycanın
inkişaf simasını
təzahür etdirən
uğurlu bir nümunə kimi Naxçıvan modeli və bu uğurlara
nail olmanın sirləri
konkret fakt və çoxsaylı nümunələrlə göstərilmişdir.
Bakıda "Adiloğlu”
nəşriyyatında 2021-ci ildə çap edilmiş 200 səhifəlik
kitabda Naxçıvanla
bağlı bir şair və ya ziyalının təəssarütları yer
almaqla bərabər, çox böyük əxlaqi əhəmiyyəti
olan mənəviyyat məsələlərindən də
söhbət açılmışdır.
Kitab "Giriş”lə
başlayıb, 19 məqalə
ilə davam etdirilir. Kitabın redaktoru Naxçıvan
ədəbi mühitinin
istedadlı nümayəndələrindən
olan Hüseyn Əsgərov, "Naxçıvana
sonsuz sevginin, məhəbbətin sədası”
adlı ön söz və rəyin müəllifi isə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin
sədri, şair Asim Yadigardır.
Kitabda
"Əlincəyə gedən
yol”, "Batabata gəlmişəm”, "Naxçıvanda
açdığım səhər”,
"Naxçıvanın sirlər
dünyası”, "Masazırdan
Naxçıvana”, "Bir
addım da dünyaya yaxınlaşdım” və
başqa məqalələrdə
Naxçıvanla bağlı
ən müxtəlif məsələlər publisistik
məharətlə səmimi,
obyektiv və dolğunluqla əks edilmişdir.
Azərbaycan ədəbiyyatı tarixində
səfər təəssüratları
kontekstində səfərnamə
janrı olaraq çox qiymətli əsərlər yazılmışdır. Adıgedən
bu əsərdə də,
xüsusilə başlıq
olaraq qeyd edilən məqalələrdə
Naxçıvan haqqında
əhatəli, konkret,
dolğun və inandırıcı faktlarla
bədii-publisistik mənzərə
yaradılmışdır. Əsərdə sanki Naxçıvanı ziyarət
ehtiyacının əhəmiyyəti
və səbəbi, ziyarət edilməli yerlərin xəritəsi və zamanlama tövsiyəsi, əhalinin
sosial durumu, infrastrukturun vəziyyəti, mənəvi
dəyərləri və
s. çoxsaylı konkret
fakt, nümunə və örnəklər vasitəsilə dəqiq, obyektiv və inandırıcı şəkildə
təqdim edilmişdir.
Əsərin özünəməxsusluğu
və digərlərindən
zəruri fərqi və əlamətdar fərqi boş mübaliğələrdən qaçınmaqla
konkret faktların təsviri və təqdim edilməsi ilə fikir və təəssüratın
yaradılmasıdır. Real
təsvir tapan konkret faktlar oxuculara sanki zərrəbinlə Naxçıvanı
müşahidə etmək
imkanı bəxş edir. Müəllfin öz sözlərilə
deyilsə, əsər
"ovqat yazısı”
olmaqla bərabər
"ağlın kəsdiyi”,
təhkiyə şirinliyi
və sadə, anlaşıqlı üslubda
yazılmışdır.
Əsərdə müəllif real və konkret faktlar təqdim və təsvir etməklə obyektivliyə, vicdan və həqiqətə sədaqət göstərmiş,
tərəfsizlik nümayiş
etdirmişdir. Əsərin özündəki çoxsaylı
müəllif fikirləri:
"qayıdıb gələn
cismimdi, ruhum orda qalıb”, "Bu da Naxçıvanın hava limanı: ...Hava limanı binasında, həm kassaların önündə, həm gözləmə zallarında
kiminsə çıxarıb
siqaret çəkdiyini
görmək mənə
nəsib olmadı”,
"Hamı vətəndaşdı
və hamı da öz vətəndaş missiyasından çıxış
edir”, "...onu yaşamq və onun içərisində də özünü yaşatmaq, mən bunun nümunəsini Naxçıvanda görürdüm”,
"Bu bağda Azərbaycanın
milli məişətinin,
milli mədəniyyətinin
sənət nümunələri
də müştəriləri
qarşılayır”, "hərdən
mənə elə gəlir ki, bu mənzərə reallıq deyil. Eləcə rəssam işidi və yaxud hansısa
bir maketlərdi, gətirib yerləşdiriblər”,
"Cənnətin özünü
görmək istəyən
Naxçıvana gəlsin!!!”,
"vallah, bu, birmənalı tarix sevgisidir, Vətən sevgisidir, torpaq sevgisidir. And olsun Allaha ki, bu,
özünə, keçmişinə,
gələcəyinə ehtiram
deməkdir”, "yaradanlara,
bu tarixi yaşadanlara içimdən
bir dua keçdi”,
"İdarə edənin
özünün münasibəti
artıq Muxtar Respublikada bir ənənəyə çevrilib”,
"sürücülər yolu keçmək istəyən piyadanı görəndə 20-30 metrlikdən
maşını əyləməyə
başlayırlar”, "mən
burda ucadan danışan, başqasına
öz səsiylə, davranışıyla problem yaradan
bir kimsəyə rast gəlmədim”, "onları ya əllərindəki kisəyə
qoyur, ya da yaxınlıqdakı zibil
qutusuna atırdılar”,
"kəndarası yolların
səviyyəsi adamı
məmnun edir... bu gözəlliyə, bu səliqə-sahmana ürəyimdə bir həsəd hissi də baş qaldırır” kimi çoxsaylı müəllif
fikirləri konkret faktların dili və təsvirilə reallığa haqq qazandırmaq və onu oxucusuna inandırıcı
şəkildə təqdim
etməsinə vəsilə
olur. Bütün bu fikirlərin
fonunda isə müəllif Naxçıvanın
"ləyaqətli və
idarətmə peşəkarlığı
olan insanlar tərəfindən” idarə
edildiyini fəxarətlə
qeyd edərək qənaətini "Ölkənin
məsul işçilərini,
rayon rəhbərlərini Naxçıvanda
təcrübə keçməyə
göndərməyin zamanı
gəlib çatıb!”
fikrilə tamamlaması
da müəllifin şəxsi
mövqe və imzası kimi çıxış edir.
Naxçıvanın ümumi
vəziyyətinə olan
heyranlığını müəllif
həm də böyük Azərbaycan şairi Nizaminin ideal cəmiyyəti ilə müqayisələndirərək təqdim edir və müəllif bunu da cəsarət və vicdanla yazır ki: "Mən Naxçıvanın
indiki durumunu Şeyx Nizaminin ideal cəmiyyətinin bir görüntüsü kimi
müşahidə etdim”.
Əsərin ikinci hissəsində Naxçıvan ədəbi
mühitinin istedadlı
nümayəndələrilə şəxsi münasibətlər
və onların yaradıcılıq işlərindən
bəhs olunur. Müəllif şəxsən tanıdığı,
dostluq etdiyi Naxçıvandan olan insanların münasibətləri
nümunəsində buradakı
əxlaqi-mənəvi dəyərləri,
dostcanlılıq və
qonaqpərvərlik, sadəlik
və mehribanlıq kimi keyfiyyətləri təqdim və tərənnüm etmişdir.
Eləcə də bu məqalələrdə
Naxçıvanın istedadlı
qələm sahibləri
Asim Yadigar, İbrahim Yusifoğlu, Fərəc Fərəcov, Əbülfəz
Ülvi, Firudin Süleymanoğlu və b.
kimi söz adamlarının yaradıcılığından,
burada yaradıcı adamlara göstərilən
qayğıdan və xeyirxah münasibətlərdən
ağızdolusu, həm
də nümunə olaraq danışılır.
Əsərdə müəllif həm də bir vətəndaş
təəssüübkeşliyini ortaya qoyur. O məqamda
bir ziyalı-vətəndaş
səsini bildirir ki, bəzən Azərbaycanın bu inkişaf nümunəsi olan bölgəsilə bağlı müxtəlif
yerlərdə qərəzli
fikirlər səsləndirilir.
Bu məqsədlə müəllif
müəyyən qeydləri
sırasında Naxçıvanda
gedən inkişaf proseslərinə, abadlıq,
quruculuq tədbirlərinə
duyduğu heyranlıq,
məmnunluq və razılıq kontekstində
Bakı və digər ərazilərlə
müqayisələr də
aparır, bəzi
KİV-lərdə Naxçıvana
qərəzli münasibətlərlə
bağlı fikir səsləndirmələrinə münasibət ifadə edərək müəllif
obyektivliyi və səmimiyyətindən başqa
bir vətəndaş
mövqeyi ilə də çıxış
edir, hər kəsə əlini vicdanına qoymağı,
blokadada olan bir bölgənin inkişaf və tərəqqisinə xor baxmamağı tövsiyə
edir: "Bakıda, ölkənin paytaxtında
eşitdiklərim, iqtidar-müxalifət
mətbuatından oxuduqlarım
düşüncələrimdə bir xaotiklik, yaratmışdı” (s. 15), "bu olanları necə qara rəngdə təqdim etmək olar?” (s. 21) və s.
Ümumiyyətlə isə, şair, publisist və jurnalist Əbülfət Mədətoğlunun "Nuh
gəmisinin son limanı”
əsərini Azərbaycanın
alınmaz qalası və ən dilbər guşələrindən
olan Naxçıvanın
müstəqillik dövründəki
inkişafına, blokadanın
çətinliklərini məharətlə
aşaraq tərəqqi etməsinin təsvirinə və sirrinə, uzaqgörən
idarəçilik məharətinə,
əhalinin mübarizə
əzmi və qurub-yaratmaq eşqinə və s. həsr olunan, müəllif, ziyarətçi obyektivliyi
ilə nəzər salan ən sanbalı
əsərlərdən biri
hesab etmək olar. Əsər boş təəssübkeşlik
duyğularının hiperbolik
ifadə sözçülüyü
deyil, obyektiv və real faktların vicdan və həqiqət işığında
təsvirilə yazılmışdır.
Ramiz Qasımov
AMEA Naxçıvan
Bölməsinin əməkdaşı,filologiya üzrə fəlsəfə doktoru, dosent
Ədalət.- 2022.- 12 fevral.- S.6.