Əli Əmirli: “Teatr məni elə cəzb
elədi ki, nə yazmaq istəyirdimsə , pyesə
çevrilirdi ”
Əli Əmirli: “
Bütün sirr də elə hasarın görünməyən
tərəfindədir ”
Bu dəfəki həmsöhbətim
Azərbaycanın görkəmli yazıçısı,
ssenarist, dramaturq, 1981-ci ildən Azərbaycan
Yazıçılar Birliyinin, 1998-ci ildən Azərbaycan Teatr
xadimləri ittifaqının üzvü, Azərbaycanın əməkdar
incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin
Kinoşünaslıq və ekran dramaturgiyası
kafedrasının müdiri, professor Əli Əmirlidir. Onunla
söhbətim Azərbaycan Dövlət Mədəniyyət və
incəsənət Universitetində oldu. Elə isə söhbətimizi
sizə çatdırıram.
- Xoş gördük, Əli müəllim.
İlk sualı belə ünvanlamaq istəyərdim ki, Əli
Əmirli üçün yazmaq nə deməkdir?
- Bu suala dəqiq cavab vermək çətindir,
bununla belə, yazmaq mənim üçün mənəvi
ehtiyacdır, özünü ifadədir, ruhi və fiziki
rahatlıqdır. Bir sözlə, yazmaq həyat tərzimdir.
Bir müddət yazmıramsa, narahat oluram, özümü
qınayıram, danlayıram, etiraf etmək çətin olsa
da, indiki yaşımda bir yazıçı kimi tükəndiyimi
düşünürəm. Hər yeni əsərin son
nöqtəsini qoyanda isə prosesdən zövq alır, məmnun
oluram, özümü xoşbəxt
hiss edirəm.
- Yazmaq vərdişdir, ya istedad?
- Əgər yazıçı, indiki halda
dramaturq, özündə yazmaq vərdişi tərbiyə edə
bilməsə, heç bir istedad ona kömək edə bilməyəcək.
Yaradıcı proses dramaturq üçün təbii həyati
vərdişə çevrilməlidir. Əks halda süjet
üzərində ciddi nəzarətin, xarakterləri dərindən
anlamağın, dialoq və replikaları həssaslıqla
duymağın, işgüzar səriştənin belə xeyri
olmayacaq. Odur ki, istedadla vərdişi üz-üzə qoymaq
doğru deyil, onlar bir-birini tamamlayırlar.
- Dramaturgiyamızın gələcək
taleyini necə
görürsünüz?
- Dramaturgiyanın gələcək taleyi
haqqında proqnoz vermək, fikir söyləmək, ümumiyyətlə,
gələcək haqqında düşünmək mənlik
deyil. Peyğəmbərimizə aid edilən bir hədisi yada
salmaq istəyərdim: " Sabahın dərdini bu gün
çəkmə ". Bu günü düşünmək
daha məqsədəuyğundur.
Bununla belə arxayın olmağa əsasımız var.
Çox istedadlı, fəal, işgüzar, kreativ gənc nəsil
dramaturqlar yetişir. Onların əsərlərini artıq teatr səhnələrində
görürük. Təəssüf, bir ara dramaturgiyamızda
bir nəsil boşluğu əmələ gəldi.
İnanıram, bir 5 - 10 ilə çox parlaq imzalar
çıxacaq meydana.
- Dramaturgiyamızı ayaqda
saxlayırsınız. Özünüz də əsas
simasınız. Çətin və şərəfli
mövqedəsiniz. Sizin üçün çətin deyil?
- Dramaturgiyaya mən gec gəldim. İlk pyesim
1990 - cı ildə tamaşaya qoyulanda iyirmi illik nasir təcrübəm
vardı, yaşım da 40 - dan
yuxarı idi. Buna baxmayaraq dramaturgiyada özümü o qədər
rahat hiss elədim ki, bir də nəsrə qayıtmadım.
Teatr məni elə cəzb elədi ki, nə yazmaq istəyirdimsə
, pyesə çevrilirdi. Bu otuz il içərisində cəmi
iki nəsr əsəri yazdım: "Ağdamda nəyim
qaldı" və "Mələk əmi".
- Mədəniyyət və İncəsənət
Universitetində kafedra
müdirisiniz, professorsunuz, bu
yaradıcılığınıza mane olmur?
- İyirmi ildən çoxdur gələn il
100 yaşı tamam olacaq Mədəniyyət və İncəsənət
Universitetində pedaqoji fəaliyyətlə məşğulam.
Hər cəhətdən gözəl bir kollektivdə işləməyimdən
çox razıyam. O da yaxşıdır ki, tədris etdiyim fənlərin
birbaşa yaradıcılığımla əlaqəsi var. Yəni,
universitetdə də sevdiyim işlə məşğulam.
Yaradıcılığımla müəllimliyim bir - birinə mane olmur, əksinə
bir - birini tamamlayır.
- Maraqlıdır, yazıları ilə diqqətinizi
çəkən tələbələriniz olurmu?
- İstedadlı, öyrənməyə həvəsli
tələbələrimiz az
deyil. Onların sonrakı fəaliyyətlərini də izləyirəm.
Bu gün kinoda, ölkənin televiziya məkanında
çalışan mütəxəssislərin əksəriyyəti
bizim universitetin məzunlarıdır. Onların arasında
artıq istedadını sübut eləmiş ssenaristlər,
dramaturqlar, rejissorlar az deyil.
- Yaradıcı insanların ruhu bir az fərqli
olur deyirlər. Ruhunuzdan danışaq.
- Ruh mənim üçün insanın mənəviyyatıdır.
Onun haqqında danışmaq elə də asan məsələ
deyil, bir halda ki, Peyğəmbərimiz özü belə ruh
haqqında konkret bir şey deməyib, hətta ruh haqqında
sorğuya cavab verməyi münasib bilməyib. Bu çox
örtülü məsələdir.
- Əli Əmirli deyərkən ağıla nədənsə
“Hasarın o üzü” gəlir. Hasarın o üzündə
nə var, nə yox? Niyə məhz
hasarın o üzü?
- Əsərin adı gələndə müəllif
yada düşürsə, bu yaxşı əlamətdir. Hasarın
o üzünə gələndə isə, cavab verməyə
çətinlik çəkirəm, çünki hələ
hasarın bu üzündəyəm, hamının
tanıdığı üzündə, o biri üzünü
görməmişəm. Bütün sirr də elə
hasarın görünməyən tərəfindədir. Bu
suala pyesin özündə də birbaşa cavab yoxdur. O
dünya haqqında təsəvvürüm çox
dumanlıdır.
- Dini mövzuya toxunan əsərdir,
maraqlıdır Əli Əmirlinin dinə münasibəti necədir?
- Doğrudur, "Hasarın o üzü"
bir ailədə dinə ikili münasibət üzərində
qurulub. İnanan qadın və inamında tərəddüd
edən kişi. Kişinin prototipi çox güman mən
özüməm. Elə bununla da sualınıza cavab
vermiş oldum. Təfərrüata varmayacam.
- Pyesləri ən çox tamaşaya qoyulan
müəllifsiniz. Deməli,
teatra yaxın adamsınız. Teatrlarımızın çağdaş durumu sizi qane edirmi?
- Yaşıma, əlli illik teatr təcrübəmə
əsaslanıb deyə bilərəm ki, heç vaxt teatr
mütəxəssislərinin çağdaş teatrdan
razı qaldığını görmədim. Yaxşı
teatr deyəndə həmişə keçmişə
boylanır, keçmişi ideallışdırırlar.
Halbuki, o keçmişdə də teatrı danlayıblar,
yamanlayıblar. Bu gün böyük rejissor kimi tez-tez
xatırlanan Tofiq Kazımovun tamaşaları müasirləri
tərəfindən ən kəskin hücumlara məruz
qalmamışdımı? Və yaxud elə Tofiq Kazımovun
özü bu gün də sevilən
"O olmasın, bu olsun" filmini sərt tənqid atəşinə
tutub, filmi "eybəcər oyunbazlıq" adlandırmamışdımı?
Həmin film haqqında Abbas Zamanovun haqsız tənqidini demirəm.
Deməli, ən ədalətli hakim zaman özüdür.
Teatrdan gileyli münasibət tək Azərbaycanda deyil,
çox uzağa getməyək, bizə həmişə
nümunə göstərilən Rusiya teatrlarında da elədir,
Gürcüstanda da. Onlar da öz teatrlarından
narazıdırlar. Rus mətbuatını izləmək kifayətdir.
Bir teatr adamı kimə mənə gəldikdə isə,
yaxşını görməyə vərdişliyəm. Azərbaycan
teatrını küll halında götürəndə
müsbət məqamları daha çox görürəm.
Bununla belə yaxşıya, yeniyə, müsbət
tendensiyalara, bir sözlə, inkişafa açıq
olmalıyıq.
- Yaradıcılıq qurban tələb edir
deyirlər, bu yolda nələri qurban verdiniz?
- Üzr istəyirəm amma heç bir əsası
olmayan yanlış fikirdir, bu günə isə heç dəxli yoxdur. Nə yaradıcılıq, nə də
incəsənət qurban tələb edir. Sənətkar
Allahın verdiyi istedadla nəsə yaradırsa, onun
yaratdığını insanlar qiymətləndirirsə, bu
böyük xoşbəxtlikdir. Qurban verməkdənsə
söz ola bilməz. Konkret mənə gələndə, nə
qurban vermişəm, nə itkim olub.
Mən sevdiyim, necə deyərlər, ləzzət
aldığım işlə məşğulam. Xalqa da minnət
qoymaq lazım deyil, hər bir yaradıcı adam seçilmək,
tanınmaq, ilk növbədə özünə, mənafeyinə xidmət üçün
yaradır. Nəticədə, xalq da onun
yaratdığından məmnun qalırsa, nə gözəl!
- Əli Əmirli nəyi itirmək istəməz?
- İnsan istəsə də, istəməsə
də son mənzilə doğru itirə-itirə gedir, bu
qorxulu deyil, qorxulu olan ləyaqəti itirməkdir.
- Olubmu ki, yazmaqdan usanasınız?
- Tənbəlliyə meyilli olsam da, heç
vaxt yoruldum, bezdim demirəm.
Əgər yazmaq istəyim, yaratmaq ehtiyacım varsa,
usandım, bıkdım sözləri ağlıma gəlməz.
Amma bir şey var ki, yazmağa çox çətin
başlayıram. Elə ki, işə girişdim, onun ləzzətini
duydum, hər şey yoluna düşür.
- Bu il üçün sizdən hansı
yeniliyi gözləyə bilərik?
- Yaradıcılıq tək pyes yazmaq deyil, məqalələr,
təəssüratlar, müsahibələr, televiziya
verlişlərində iştirak da yaradıcılıq
işidir. Tədris etdiyim fənnlərlə
bağlı dərs vəsaitlərinin hazırlanması, elmi
işlərin yazılması, proqramların tərtibi, rəhbərlik
etdiyim kafedranın idarə edilməsi də yaradıcı
yanaşma tələb edir. Əlbəttə, bütün bu
işlər çox vacib, çox məsuliyyətli işlərdi, amma yeni bir bədii əsər, pyes
yazmadığım ili özüm üçün uğursuz
hesab edirəm. Ötən il iki pyes yazdım, onlardan biri
möhtəşəm qələbəmizin şərəfinə
yazıldı. Hər iki pyes - " Pərdəsiz " və
" Bircə addım " , " Azərbaycan "
jurnalında dərc olundular. Ötən ilin
sonlarında " On beş pyes " və " Hasarın o
üzü " adlı pyeslər kitabımdan sonra on bir pyesdən
ibarət " Pərdəsiz " adlı
üçüncü pyeslər kitabımı nəşr
etdirdim. İnanıram, 2022 –ci il də mənim
üçün səmərəli olacaq, inşallah!
Söhbətləşdi: Şəlalə
CAMAL
Ədalət.- 2022.-12 fevral.- S.8.