Ay bədirliyi.

 

 

 

Adətən inanclı adamlar, xüsusilə yaşlı nəslin təmsilçiləri Ayla bağlı müxtəlif adətlərə, inamlara, deyimlərə söykənərək bəzən dualar edirlər, bəzən salavat çevirirlər, bəzən də gözlərini göy üzünə dikib həmsöhbət olurlar Ayla. Mən axırıncılardanam. Gecənin aydınlığında bəzən saatlarla dayandığım nöqtədə, durduğum yerdə yaxud da əllərimi başımın altına qoyub torpağa söykəndiyim zamanlarda danışıram Ayla. O qədər səmimi, o qədər içdən gələn söhbətlər edirik ki, bəzən bu təmasın, bu auranın içərisində özümü unuduram. Hiss etmədən səsim yüksəlir yaxud pıçıltıya çevrilir. O vaxta qədər ki, Ay buludun arxasında itir mən o anın içərisində əriyirəm, elə mən bitirəm. Necə deyərlər bir-birimizi tamamlayırıq...

 

Bu yazının içində istirahət günü yazmağa başlamışdım. Yəni fevralın 13-də. Amma lap dəqiqini desəm, bu yazı ötən ilin 31 dekabrında artıq yazılırdı. Olduğum ünvanda, Qara dənizin sahilində mən bir daşa dirsəklənib həm dənizlə, həm ayla söhbət edirdim. Dəniz sakit, Ay isə dənizin qoynunda yuyunurdu. Bu şərait o qədər bir bütövlük, bir tam mənzərə yaratmışdı ki, adam gözünü çəkə bilmirdi. İnanın ki, dəfələrlə ən zəif, hiss edilməyən bir şəkildə qırçınlanırdı. Sanki Ayı incitmək istəmirdi. Onun yuyunmağına əngəl olmaq, kefini pozmaq fikrindən uzaq davranırdı...

 

İndi, özünüz təsəvvür edin. Ətrafda bir sükut... Lal dəniz bu lal dənizdə çimən Ay. Bu, bir tablodur, amma gerçəkdir. Çünki gözlərimlə görürəm, duyğularımla, hisslərimlə özümə köçürürəm. Həmin hisslərin, duyğuların içində Sən varsan. Oturduğu daşın üstündə hiss edilmədən sürüşüb Qara dənizə düşən Sən. Onda üz-gözündəki ifadənin bəlkə dənizə baxsan özün görərdin. Amma Sən bir az həyəcanlı, bir az günahkar kimi özünü Qara dənizin ovcundan alıb kənarasahilə atdın öz şəklini dənizdə görə bilmədin. Mən isə gördüm. Bunu indi xatırlamağın heç təsadüfi deyil. Axı, Ay da sürüşüb düşüb dənizə. mən Aya baxa-baxa  səni düşünürəm. Səni düşünə-düşünə həm Ayla söhbət edirəm. İnanmaq istəyirəm ki, Ay mənim dediyimi, niyə dediyimi çox gözəl anlayır. Axı indi o dənizdən çıxıb qalxacaq öz yüksəkliyinə. Lap sadə şəkildə desəm, yenidən doğulacaq mənim üçün bu axşam onun Doğum Anı olacaq. Adətən daha çox doğum günü deyirlər. İndi fərq etməz. Əsas odur ki, doğulur!!!

 

Mən bu düşüncələrin içərisində bir şeir pıçıldayıram. Deyirəm ki:

 

 

 

 

 

Sənə «qurban olum - demək

 

Sənin yanında olmaqdır...

 

Sənin məni aradığın -

 

Həmin anında olmaqdır!..

 

 

 

 

 

 

 

Özün qurban şəkli çək,

 

Yəni dünya boyda Ürək!

 

Son tutalqa, son ümid tək

 

Sənin canında olmaqdır!..

 

 

 

 

 

Ruhun məkan darlığında,

 

Sev! – yazılıb yarlığında...

 

Sənin bütün varlığında

 

Hopub, qanında olmaqdır.

 

 

 

 

 

Yazmıram ki, oxu, bəyən,

 

Ləpələnsin səsim dəyən

 

Tellərinə, gözün düyən

 

Mənim , Danında olmaqdır!..

 

 

 

, biz söhbətin şirinliyindən yeri, zamanı, hətta az qala kimliyimizi unutmuşuq. Belə bir «unudulmaq» anında telefonuma zəng gəlir:

 

- Yatmısan? Səs doğmadı, sual da. mən bu doğmalığı, bu nigarançılığın bütün nöqtə, vergülünü, bütün cizgilərini bir müjdə kimi, bir mükafat kim çəkirəm dünyama. Axı, gecənin bu saatında Ayla söhbət etdiyim zamanın içində demək məni düşünən yatmayıb. Bəlkə elə o da hardasa lap yaxında dənizi seyr edir. Sadəcə mənim onu görmək gücünü bir az da çılpaq desəm, gözlərimin nuru yetərincə deyildi. Bu aydınlığın içərisində onu görə bilmirəm. Bağışlayar yəqin məni. Çünki Allahın bir adı da bağışlamaq, rəhm etməklə bağlıdır. Onun pak, saf, nurlu, inanclı bəndələri bağışlamağı, rəhm etməyi bacarırlar. Mən bu anımın söz variantını misraların düzümü kimi sırallayır içimdə bu düzümdən, bu sıralanmadan rahatlıq tapıram. Axı, yazmışam ki:

 

 

 

Hər günüm bir kitabdı,

 

Hər anım da bir sətir.

 

Bunları göz önünə

 

Sadəcə bir-bir gətir.

 

 

 

 

 

Tumurcuq bar olmağı,

 

Qar yağıb – tar olmağı...

 

Kim   istər  xar olmağı? –

 

Çətir bil, məni, çətir.

 

 

 

 

 

 

 

Saydım, amma say itdi,

 

Seçiləndi -  saitdi...

 

Ancaq sənə aiddi

 

Aya məxsus bu bədir!..

 

 

 

, çox maraqlıdır. Sözlər bir-birinin ardınca sıralandıqca elə bil ki, könlümə, ruhuma bir su səpilir, şeh çilənir. Bu ,bəlkə mənim dənizlə, ayla, sənlə etdiyim söhbətin orijinallığından yaranan ilğımdır. mən elə bilirəm ki, (əslində inanıram ki – Ə.M.) bu, elə belədir ki var! Yəni səsimi, sözümü dəniz , ay da sənə çatdırır. Sözün ünvana çatırsa, sahibinin qapısının kəndarında dayanırsa, onu ərklə döyürsə, deməli, söhbət alınıb. Deməli, ömrün bu  kəsiyi yaşanıb   bir    bu bədirlənmiş aya salavat çevirib dualar etmək Allahımdan hər anımın duasını çin etməsini istəmək həm ona güvənimin, inancımın, həm sevgimin verdiyi gücün ifadəsidir, qərarıdır...

 

Bəli, mən ötən ilin 31 dekabrından bu yazını yazdığım ana qədər (indi oxuduğumuz -Ə.M,) bu əl boyda söhbəti bəlkə min dəfə qaralamışam, yeniləmişəm. Nəhayət ki, bu variant gəlib çıxıb ortaya. Zənnimcə ortada olan bu əl boyda yazının mahiyyəti, məramı bəllidir. Doğulan Ayın, doğulan bəndənin vəsfi ona olan sevginin ifadəsi!

 

Bax, beləcə mən düşüncələrimin söz variantını ortaya qoydum, yəni yazı etdim. Sonunda da içimdən gəlib keçdi ki, bunu yazdığım şeirin bir bəndi ilə  fərqli  notlar üstündə bitirim:

 

 

 

Mən xəyal edirəm gerçək durumu,

 

Gözümün önündə gəlib durursan...

 

Səni ləpələrlə tək qoyduğumu

 

Ona, daş atmaqla üzə vurursan!

 

ƏBÜLFƏT MƏDƏTOĞLU

 

 Ədalət.- 2022.-19 fevral.- S.6.