Görkəmli təhsil fədaisi

 

(A.O.Çernyayevskinin anadan olmasının 180 illiyi münasibətilə)

 

Azərbaycan təhsilinin məşhur əsgəri, ustad müəllim, görkəmli pedaqoq, rus və Azərbaycan xalqları arasında dostluğun alovlu carçısı Aleksey Osipoviç Çernyayevskinin anadan olmasının artıq 180 illiyi tamam olur. A.O.Çernyayevski Azərbaycanda və ümumən Qafqazda pedaqoji fikrin inkişafı tarixində görkəmli yer tutur. Onun pedaqoji fəaliyyəti ötən əsrin ikinci yarısına təsadüf edir. 1840-cı ildə Şamaxıda anadan olan A.O.Çernyayevski ilk təhsilini də Şamaxı qəza məktəbində almış və oranı müvəffəqiyyətlə bitirdikdən sonra dövlət qulluğuna-Mərəzə kəndində stansiya gözətçisi vəzifəsinə təyin edilmişdir. Lakin onu şöhrətləndirən onun işlədiyi stansiya gözətçiliyi vəzifəsi deyil, Mərəzə kənd məktəbi olmuşdur. O zamanlar elə bir dövr idi ki, Rusiyada başlanan ictimai-pedaqoji hərəkat, təhkimçilik hüququnun ləğvi ilə əlaqədar olaraq xalq təhsili sahəsində aparılan islahatlar Azərbaycana da nüfuz edirburada da, xüsusilə kəndlərdə dünyəvi təhsil verən xalq məktəbləri təşəkkül tapırdı. Belə məktəblərdən biri də 1866-cı ildə Mərəzə kəndində təşkil edilir. Həmin məktəbdə müəllimlik vəzifəsini Çernyayevski öhdəsinə götürür.

            Heç bir pedaqoji təhsili və təcrübəsi olmayan A.O.Çernyayevskinin məktəbdə şagirdlərin təlim-tərbiyə işini elə yüksək səviyyədə qura bilmişdi ki, həmin məktəbin müvəffəqiyyəti elə ilk günlərdən hər yerə yayılmış, bu haqdaQafqaz” qəzetində yazılar dərc edilmiş, Qafqaz Təlim dairəsinin müdiri şəxsən məktəbə gələrək onun işi ilə tanış olmuşQafqaz canişininə özünün 1867-ci ilə aid illik hesabatında bu barədə ayrıca məlumat verməyi lazım bilmişdi.

            Bu kənd məktəbi görəsən hansı cəhətləri ilə fərqlənirdi? Hər şeydən əvvəl, A.O.Çernyayevskinin pedaqoji işə həvəsi, təmənnasız və ürəkdən çalışması ilə, Mərəzə məktəbinin şöhrətlənməsi orada təhsilin pulsuz və kütləvi olması ilə, onun müəlliminin xalq kütləsinə yaxınlığı ilə bağlı idi. Dövlət məktəblərindən fərqli olaraq burada kəndlilərin uşaqları oxuyurdu. Məktəbdə fiziki cəza yox idi. Dünyəvi fənlər tədris edilirdi. Təlimdə əsas yeri mexaniki əzbərləmə deyil, şüurlu mənimsəmə tuturdu.

            A.O.Çernyayevski valideynlərin köməyi ilə qısa müddət ərzində məktəb üçün xüsusi bina tikdirmiş, məktəbdə kitabxana təşkil etmiş, müvafiq kitablar əldə etmişdi. 1867-ci ildə burada artıq 81 şagird var idi. Maraqlıdır ki, o vaxt mövcud olan digər kənd məktəblərində oğlanlarla qızlar ayrı-ayrılıqda təhsil aldıqları halda Mərəzə məktəbində birlikdə oxuyurdular.

            A.O.Çernyayevski xalq təhsilinə həqiqətən təmənnasız xidmət üçün doğulmuşdu. Mərəzə məktəbi ilə bağlı bir epizod bu cəhətdən çox maraqlıdır. Qafqaz Təlim Dairəsinin müdiri Y.Neverov Mərəzə məktəbinin təşkilində və burada təhsilin yüksək səviyyədə qurulmasında A.O.Çernyayevskinin xidmətlərini qeyd etməyi və onu mükafatlandırmağı Qafqaz canişinindən xahiş edəcəyini söylədikdə, o, buna ciddi etiraz edir. Fikirləşir ki, dərs dediyi şagirdlərin valideynləri eşitsələr ki, o, öz zəhməti üçün hökümətdən mükafat alır, onda valideynlər yanında öz nüfuzunu, öz etibarını itirər. İlk addımının uğurlu olması A.O.Çernyayevskini daha da ruhlandırır və o, həyatını büsbütün pedaqoji peşəyə həsr etməyi qərara alır. Onun pedaqoji fəaliyyətinin Şamaxı qəza məktəbi ilə bağlı olan dövrü başlanır. O 1867-ci il dekabrın 4-də Şamaxı qəza məktəbinin hazırlıq sinfinə müəllim təyin olunur. 1868-ci ildə 2 aylığa Tiflisə gələn A.O.Çernyayevski burada pedaqoji təcrübə keçir və həmin il noyabrın 24-də Tiflis gimnaziyasına imtahan verərək ibtidai məktəb müəllimi adı alır. Şamaxıda iki il müəllimlik edən A.O.Çernyayevski 1869-cu il yanvarın 5-də Gürcüstanın Tionet-Duşet ikisinifli ibtidai məktəbinə müəllim və müdir vəzifəsinə təyin olunur və təxminən 7 il orada çalışır.

            Bacarıqlı pedaqoq 1876-cı ildə bir müddət Bakıda Nikolayevski məktəbinin müdiri, Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəblər direktorunun köməkçisi, az sonra isə kuban vilayətində yenə də həmin vəzifədə çalışır. Harada və hansı vəzifədə işləməsindən asılı olmayaraq A.O.Çernyayevskinin öndə duran məqsədi xalq kütlələri arasında təhsili yaymaq, təlimdə yeni, mütərəqqi üsullar tətbiq etmək idi.

            A.O.Çernyayevskinin pedaqoji fəaliyyətinin son dövrü Qori şəhərindəki Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan şöbəsi ilə bağlı olmuşdur.

            Ötən əsrin 70-ci illərdən başlayaraq kənd məktəbləri üçün də müəllim kadrları hazırlayan xüsusi məktəblər-müəllim seminariyaları meydana gəldi. ZaqafqaziyaQafqazda ilk müəllimlər seminariyası 1871-ci ildə Kubanda 1876-cı ildə isə Qori şəhərində açıldı. Sonuncu bütün Zaqafqaziya üzrə təşkil edildiyindən Zaqafqaziya müəllimlər seminariyası adlanırdı. Seminariya əvvəllər üç şöbədən: rus, gürcü, və erməni şöbələrindən ibarət idiburaya provaslav dininə mənsub olanların uşaqları qəbul olunurdu. Lakin sonralar hökümətin 1873-cü il qanunu və ölkədə başlanan ictimai-siyasi hərəkatın güclü təsiri nəticəsində ümumi qaydalardan kənara çıxaraq bir sıra seminariyalarda o cümlədən Qori seminariyasında müsəlman uşaqlarının da təhsil almasına icazə verməyə məcbur oldu. Zaqafqaziya və Qafqazın müsəlman kəndlərində xalq məktəbləri üçün müəllim kadrları hazırlığı zərurəti 1879-cu ildə ZMS nəzdində xüsusi şöbə-Azərbaycan şöbəsinin təşkili ilə nəticələndi. Bu, Azərbaycanın məktəb tarixində mühüm hadisə idi və təşkil edildiyi gündən-1879-cu il sentyabrın 23-dən həmin şöbənin müdiri vəzifəsinə A.O.Çernyayevski təyin edildi. Böyük pedaqoq burada 15 ildən artıq bir müddətdə çox məhsuldar işləmiş, özündən sonra tükənməz bir irs qoymuşdur. İlk dəfə seminariyaya qəbul olunan 32 nəfər tələbədən 24 nəfəri məhz Çernyayevski tərəfindən yerlərdə seçilərək dəvət olunanlar idilər. Onların arasında gələcəyin məşhur pedaqoqları olan S.Vəlibəyov, F. Köçərli, R.Əfəndiyev, Ə. Süleymanov, H. Nərimanbəyov, S. Zöhrabbəyov, Z. Aslanovb. var idi.

            Onun tələbələrindən F. Köçərli, M. Mahmudbəyov, T. Bayraməlibəyov, S. Vəlibəyov, S.S.Axundov, C.Məmmədquluzadə, N.Nərimanov və bir çox başqaları sonralar görkəmli dövlət xadimiictimai xadim, yazıçı, inqilabçı olmuşlar.

            “Vətən dili” adlı dərslik tərtib etmək və nəşr etdirmək A.O.Çernyayevskiyə nəsib olmuşdu. Onun 1882-ci ildə nəşr etdirdiyi “Vətən dili” dərsliyi Azərbaycanın inqilabdan əvvəlki məktəblərində uzun müddət əsas dərs vəsaiti olmuşdur. Bu dərsliyin meydana gəlməsi Azərbaycan məktəb tarixində mühüm hadisə idi. Özünün quruluşu, tərtibi prinsipləri, dilinin sadəliyi, şagirdlərin yaşbilik səviyyəsinə uyğunluğu etibarı ilə “Vətən dili” dərsliyi K.D.Usinskinin eyni adlı dərsliyinə uyğun olmaqla bərabər, həm də orijinal idi.

            “Vətən dili” (birinci hissə) kitabının müvəffəqiyyəti onun ikinci hissəsinin tərtibinə də əlverişli zəmin hazırladı. A.O.Çernyayevski öz yetirməsi artıq seminariyanın Azərbaycan şöbəsi yanında ibtidai məktəb müəllimi olan S.A.Vəlibəyovla bərabər “Vətən dili  kitabının ikinci hissəsini tərtib etdi. Əsər 1888-ci ildə nəşr olundu. Bu dərsliklər əsasında “azərbaycanlılarda da pedaqoji elmi zəmində aparılmağa başlanılmışdır”.

            A.O.Çernyayevski həm də rus dilinin tədrisi sahəsində səmərəli fəaliyyət göstərmiş, qələmindən bir sıra dəyərli məqalələr çıxmışdır.

            14 dekabr 1894-cü ildə dünyasın; dəyişən A.O.Çernyayevski öz şüurlu həyatını xalq təhsilinə həsr etmişdir. Belələrini qədirbilən xalqımız heç zaman unutmur.

 

Şixəmməd Seyidməmmədov,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin

Quba filialının “Təbiət elmləri”

kafedrasının baş müəllimi.

 

Ədalət.- 2022.- 12 noyabr.- S.8.