Əlincə sevdalı şair
Söhbət Dərviş
Cavanşirdən gedir
Bu yazını tələbəlik
illərinin xatirəsi kimi yox,
həm də sözün
işığında yazıram. Hər zaman
adını xatırlayanda ilk
tanışlığımız yadıma düşür.
Onun
özünəməxsus qaynarlığı, bir
yerdə dayanıb durmaması, həmişə hərəkətdə
olması məndə öncə təəccüb
yaratmışdı. Sonra gördüm
ki, bu insan
təbiətcə belədi. İçində vulkan var – söz
vulkanı. Ona görə də dayanıb
dura bilmir,
qaçır, ilhamının , sözünün dalınca. Və mən
həyatımda da kitab
barəsində ilk yazını onun haqqında yazmışam, əl boyda kitabı çıxmışdı. Mən də universitetin birinci kursunda oxuyurdam. O da ikinci kursda. Kitabı barəsində «Tələbə şairin
ilk kitabı» adlı oxucu rəyimi həm Universitet qəzetində, həm də «Azərbaycan gəncləri» qəzetində
çap etdirdim. Bu yazı bir az da bizi
doğmalaşdırdı və
beləcə Cavanşir
Eloğlu ilə mənim doğmalığım
illərin sınağından
çıxa-çıxa bugünə
gəlib çıxdı.
Təəssüf ki, amansız ölüm onu sevdiklərindən, sevənlərindən tez ayırdı. O bu dünyaya əlvida deyəndə, artıq hər kəs onu Dərviş Cavanşir kimi tanıyırdı. Kitabları
da, şeirləri də, yazıları da bu imza
ilə çap olunurdu...
Tez-tez xatırladığım
Cavanşirin hələ
1988-ci ildə çap
olunmuş «Ömrümüzdə
yanan ocaq» kitabı əlimdədi. Neçə dəfə vərəqlədim,
neçə dəfə
xatırladım, düşündüm.
Öncə onun dilimin əzbəri olan şeirini xatırladım:
Qurban olum torpağına, daşına,
Qaldır məni Əlincənin qaşına.
Qoy dolanım Vətən, sənin başına –
Deməsinlər pərvanəsi çatışmır!
Bu şeiri xatırlayan
kimi bir anlıq dayandım və Cavanşirin «Əlincə qalam mənim» şeirini təkrar oxudum. Yenə
xatirələr əlimdən
tutdu, yenə getdim Naxçıvana... Yenə getdim Əlincə qalasına. Bu qalanı
ziyarət edənlər
yəqin ki, onun möhtəşəmliyini,
onun ucalığını
və əlçatmazlığını görüblər,
yaşayıblar. Elə
Cavanşir də o möhtəşəmlikdən ürəkdolusu,
könlü atlana-atlana
danışıb və
yazıb:
Ən möhtəşəm, ən
uca,
Ən öncə qallam mənim,
Sirli daş kitabəsən,
Əlincə qalam mənim.
Mən də
ilk dəfə Əlincəni
ziyarət edəndə
həmin duyğuları
keçirmişəm. Pillələri qalxdıqca bu yurdun tarixinə təkrar bələd olmuşam. Hər daşında bir
tarix yatan, hər qarışında
bir igid izi olan bu
yeri müqəddəs
bilmişəm. Ona görə
də mənim də ruhum havalanıb,
könlüm dilə gəlib. Qoşulmuşam
bütün Əlincəsevənlərə
və yazmışam ki:
Cığır-cığır, ləpir-ləpir
oxşayıb
Yaddaşını vərəqləyib, yoxlayıb
Mən tarixin sükutunu oxlayıb
Sehirləndim, qucağına gəlincə
–
Əlincə!
Təbii ki, Əlincə elə bir qaladır,
elə bir ziyarətgahdır ki, onun vəsfi bir sözlə, bir şeirlə bitən deyil. Doğrudu, bu
qala ilə bağlı zaman-zaman yazılıb və bu gün də
yazılır. Amma o yazıların
hər birinin öz havası, öz aurası var, Cavanşir sözünün öz özəlliyi, öz gözəlliyi. Misralara diqqət
yetirsəniz siz də bunun şahidi
olarsınız. Cavanşir
yazıb ki:
İldırımlar qılıncın,
Göylər qalxanım olmuş.
Yağı düşmən həmişə
Gendən baxanın olmuş.
Min bir nişanəsi var,
Səndə Dədə Qorqudun.
Torpağı yad ellidən,
Yad dillidən
qorudun.
Görün, yurda, torpağa, tarixə sevgi nə boydadır?! Görün, şair ilhamı necə köklənib, necə özünü zamanın əl çatmayan ünvanlarına
aparıb və ordan hansı həvəslə üzü
bugünümüzə dönüb
gəlibdi. Siz bu şeirin qatlarına baş vuranda mənimlə razılaşacaqsınız.
Biləcəksiniz ki, Cavanşir Eloğlunun - Dərviş
Cavanşirin Əlincə
sevgisi, Əlincə vurğunluğu çox-çox
yüksəklərdə qərar
tutub. Bax, o yüksəklikdən düşən
işıq da, mən də Əlincəyə pillə-pillə
qalxıram:
Pillə-pillə üzü göyə
qalxıra
Göy üzündən üzü
göyə baxıram
Gördüyümü gözlərimə
yığıram
Toxunuram
təmas incə, əl incə –
Əlincə!
Elə o pillələrdə
də yaddaşımdan
Cavanşirin səsi bir işıq kimi, bir haray
kimi gəlib keçir. Onun bu torpaqla bağlı, bu əzəmətli ünvanla
ilişgili söylədikləri
gözümün önündə
təsdiqlənir. Açıq-aşkar görürəm ki, tələbə dostum təkcə bu qalanı daş-divar kimi yox, həm
də müqəddəs
bir ünvan kimi, Xətainin qılıncı kimi, qələmi kimi görür və oxucuya da bunu
Dədə Qorqudun nişanəsi timsalında
çatdırır. Zaman
baxımından bunların
arasındakı fərqi
bədii sözün gücü ilə elə qovuşdurur ki, adamın ruhu da dincəlir
və yazır:
Vurmadın düşmən kimi,
Qılıncı sən torpağa,
Xətai
qələmisən,
Sancılmısan torpağa.
Gördünüzmü, şair Əlincəni yerə sancılmış
Xətai qılıncı
kimi necə ustalıqla bizə təqdim etdi. Və özü
də təkcə təqdim etmədi, bizi buna inandırdı.
O inanc mənə də hakim kəsildi, məni də həmin o zaman kəsiyinə aparıb çıxartdı. Üstəlik
bu şeiri yazdığım, bu ziyarətə getdiyim günlərdə yaşadığım
Qarabağ həsrəti,
Şuşa nisgili ürəyimdə qubar etdi və
mən hardasa bir ilahi gücün
olduğuna inandım.
Çünki Əlincə
qalasının möhtəşəmliyi
məni Şuşa
qalasının möhtəşəmliyi
ilə baş-başa
gətirdi və bildim ki, yerə
sancılan Xətai qılıncı bir gün Şuşanın da azadlığına təkan verəcək. Ona görə də yazdım:
Zaman burda ayaq üstə
– dirildi
Duyduğumu yazmalıyam, yeridi
Yurd həsrətim ümid tapdı – kiridi!
Əfsanəni, dözümünü bilincə –
Əlincə!
Bəli,
mən Əlincə ziyarətində olarkən
əlimdən tutan, mənimlə həmsöhbət
olan mərhum dostum Cavanşirin «Əlincə, qalam mənim» şeirinin bütün mahiyyətinə,
bütün qatlarına
baş əydim. Çünki o qala artıq
həm də mənim idi. Mən də içimdə Əlincə,
qalam mənim!» - deyirdim.
Və tariximin bu möhtəşəmliyinə
heyranlıqla dostumun şeirinin son bəndini Allahın eşidəcəyi
bir səslə pıçıldayırdım:
Daş kitabım, daş yazım
Daş əlifbam Əlincə!
Dilim təzə söz tutur,
Tut əlimdən Əlincə!
Həqiqətən insan çevrəsinə,
gördüklərinə vurğunluqla,
heyranlıqla, inamla, inancla üz tutanda, baxanda həmin o ünvanla həmsöhbət ola bilir, danışa bilir. Yəqin sizdə də belə hallar olub. İnandığınız, inam gətirdiyiniz
ağacla, daşla yəqin siz də danışmısınız,
nəzir vermisiniz, başına fırlanmısınız.
Bax, mən də Əlincə qalasının hər daşının başına
fırlandım, hər
daşından bir söz aldım, bir səs eşitdim
və o sözü də, o səsi də şeirimin son bəndinə çevirdim:
Burda başım göy üzünə dəysə
də,
Nisgilim var – dilimdəki nəysədə!
Şuşa dərdim büküb
məni əysə də –
Dözəcəyəm düşmən
bağrı dəlincə
–
Əlincə!
Bəli, mən uzaq tələbəlik illərimə , oradan dəa Naxçıvana getdim, Əlincə qalasını ziyarət etdim. Təbii ki, xəyalın qanadlarında. Yol yoldaşım da unudulmaz Cavanşir Eloğlu – Dərviş Cavanşir oldu. Ruhu şad olsun!
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.- 2022.- 12 noyabr.- S.6.