AĞ SAÇLARIN İŞIĞI…

 

Böyük ziyalı, böyük alim, böyük insan professor Firudin Hüseynovun xatirəsinə!

 

…O, müəllim xoşbəxt insandır ki, həmişə tələbələrinin, şagirdlərinin yadında qalır. Əgər o müəllim tələbələrinin, şagirdlərinin yadında qalırsa, deməli, o, həm də Peyğəmbər kimi insandır. Düzdür, Peyğəmbəri Allah seçir, amma bizə dərs deyən, universitet müəllimlərini Allah çox istəyib. Ən azından ona görə ki, bu böyük Allah həmin ziyalılara nur bəxş edib, haqq-ədaləti qorumağı və sevməyi əxz eləyib…

Bizə dərs demiş müəllimlər sözün həqiqi mənasında Peyğəmbər kimi insan olublar: Mir Cəlal Paşayev, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Şamil Qurbanov, Bəxtiyar Vahabzadə, Qulu Xəlilov, Firudin Hüseynov, Tofiq Hacıyev, Famil Mehdi, Fərhad Zeynalov, Nurəddin Babayev, Nəriman Zeynalov, Tofiq Rüstəmov, Əliş Nəbili, Cahangir Məmmədli, Kamil Vəliyev, Akif Rüstəmov… və digər böyük ziyalılar Peyğəmbər kimi insanlar idi. Biz onlardan həmişə sevgi görmüşdük, məhəbbət görmüşdük və ən nəhayət bilmədiyimiz, oxumadığımız nəsihətləri və elmi öyrənmişdik. Onlar sadəcə alim deyildilər, müəllim deyildilər, onlar həm də Allahın seçdiyi və sevdiyi ziyalılar idi. Və bu ziyalılardan Ulu Yaradan heç nəyi əsirgəməmişdi; onlara elmlə yanaşı vicdan, ədalət, yetimə-yesirə mərhəmət və eyni zamanda hər ziyalıda olmayan gözəlliklər bəxş eləmişdi.

Biz adını və soyadını çəkdiyimiz respublikamızın böyük ziyalılarının hər biri haqqında saatlarla danışarıq, amma yenə yorulmarıq. Çünki onlar bizə oxumağı, öyrənməyi və cəmiyyətdə insan kimi formalaşmağı öyrətdilər və onlar bizə həm də haqq-ədaləti, düz yolu və Allahın yolunu göstərdilər. Göstərdilər ki, heç vaxt haqqı nahaqqa verməyin və dedilər ki, dünyada insanı yaşadan onun var-dövləti deyil, elmi, mədəniyyəti, əxlaqı və vətənpərvərliyidir. Bu ideyaları o müəllimlərimiz hər mühazirələrində dönə-dönə xatırladırdı…

Həmin ideyaları bizə xatırladan və bizə Vətən sevgisi, haqq-ədalət duyğularını aşılayan müəllimlərimizdən biri də professor Firudin Hüseynov idi. Onun saçları və nurlu çöhrəsi bu gün də yadımızdan çıxmır. Bu adam insandan çox Peyğəmbərə, mələyə bənzəyirdi. O, nəinki tələbəni incidər, hər bir tələbəni balası qədər, əzizi qədər və hətta biz deyərdik ki, nəvəsi qədər çox istəyərdi. Biz ona da inanırıq ki, Firudin müəllim bir qarışqanı belə tapdamazdı. Çünki onun çöhrəsindəki o nur, o işıq həm də ürəyində var idi və həmişə də çalışırdı ki, bu nuru, bu işığı tələbələrinə paylasın…

…İndiyə qədər yaxşı yadımızdadır, Azərbaycan Dövlət Universitetinin birinci kursunda olanda yanvar ayında ilk semestr imtahanı idi. Onda da biz «Ədəbiyyatşünaslığın əsasları» fənnindən imtahan verirdik. İmtahan Mir Cəlal Paşayevin kafedra müdiri olduğu otaqda keçirilirdi. Hamımız da yaxşı bilirdik ki, Mir Cəlal müəllim «tələbə kəsən» ziyalı deyil. İmtahan başladı və gördük ki, Mir Cəlal müəllimin yanında saçlı, nurani çöhrəli bir müəllim də əyləşib. Bu professor Firudin Hüseynov idi. Bayırda qar yağırdı və möhkəm də soyuq idi. Amma Mir Cəlal müəllimin kafedrası çox isti idi. Bu istilik həm Mir Cəlal müəllimdən, həm də Firudin müəllimdən gəlirdi. Bileti çəkdik və fikirləşmədən danışmaq istədiyimizi bildirdik. Amma Mir Cəlal müəllim bununla razılaşmadı. Dedi ki, əyləşib fikirləşin, sonra gəlib danışarsınız. Beş dəqiqədən sonra Firudin müəllim bizi cavab verməyə çağırdı. Cavablarımız həm Mir Cəlal müəllimin, həm də Firudin müəllimin çox xoşuna gəldi. Və üstəlik də Firudin müəllim dedi ki, bunların çox gözəl məntiqi təfəkkürü və yaxşı nitqi var. Ona görə də, sizə «əla» qiymət yazırıq. Qiymət kitabçamıza ilk dəfə «əla» qiyməti Firudin müəllimin təklifilə Mir Cəlal müəllim yazdı və bizi də təbrik elədi və dedi ki, çalışın, o biri imtahanlardan da yüksək qiymət alıb, əlaçı çıxın! Biz də o biri imtahanlardan da yüksək qiymət aldıq və əlaçı olduq!

Sözümüzün canı odur ki, Firudin müəllimi bax ilk dəfə Mir Cəlal müəllimin assenti kimi tanıdıq. Amma sonradan gördük ki, Firudin müləlim də çox böyük alim, çox böyük ziyalı və çox böyük insandı. Onun çoxlu sayda elmi məqalələrini, kitablarını və mühazirələrini oxuyub, dinlədik. İnanın, hər mühazirədə həmişə qeyri-adi fikirlər səsləndirir və bal kimi söhbətlər edirdi. 90 dəqiqənin necə gəlib keçdiyini hiss eləmirdik. Amma universitetdə elə müəllimlər var idi ki, 10 dəqiqə dərs keçən kimi bezirdik və mühazirəsinə qulaq asa bilmirdik. Çünki mühazirələri şablon, cansıxıcı və quru idi. Üstəlik də imtahanda tələbələri incidirdilər. Ancaq indi onların heç biri yadımızda qalmayıb. Yadımızda qalan yuxarıda adını çəkdiyimiz müəllimlər və professorlardır…

Filologiya fakültəsində dekan olmaq və orada sağlam mühit yaratmaq elə də asan deyildi. Ancaq Firudin Hüsyenov dekan seçiləndən sonra fakültədə elə bir mühit yaratmışdı ki, bundan nəinki tələbələr, həm də müəllimlər çox razı idi. Çünki o, böyük alim heç vaxt haqqı nahaqqa vermirdi. Nə tələbənin haqqını müəllimə, nə də müəllimin haqqını tələbəyə verərdi. Çünki hər hansı bir məsələ, narazılıq olanda onu axıra qədər araşdırar, dəqiqləşdirər və bundan sonra qərar qəbul edərdi. O vaxt da yaltaqlar olub, necə ki, indi var, amma onların heç birisi Firudin müəllimə yaxın dura bilməzdi. Ən azından ona görə ki, Firudin Hüseynov bütün müəllimləri və hətta labornatları belə beş barmağı kimi tanıyırdı. Və onu heç kim aldada bilməzdi!...

Bu böyük ziyalının tələbələrlə, xüsusilə də istedadlı, savadlı tələbərlə bir dostluğu da vardı və həmişə də görüşəndə deyərdi ki, savadlı tələbə, istedadlı tələbə mənə balam qədər əzizdir və gözümün işığıdır. Siz təsəvvür edirsiniz, bu fikirləri demək üçün insanda nə qədər böyük ürək, böyük qəlb və böyük sevgi olmalıdır. Bizim yadımızda qalan Firudin müəlimin Mir Cəlal müəllimə bənzər xasiyyətləri var idi. Bu da onunla bağlı idi ki, o, ömrünün müəyyən hissəsini Mir Cəlal müəllimin yanında keçirmiş, onunla bir yerdə işləmiş və onun gözəl, nəcib xüsusiyyətlərini mənimsəmişdir. Və o da Mir Cəlal müəllim kimi çox sadə, çox səmimi və çox da təvazökar bir ziyalı idi. Hətta dekan olanda belə heç dəyişmədi. Biz onu əvvəllər necə görmüşdüksə, elə də qaldı, əksinə bir qədər də sadə oldu, bir qədər də səmimiyyəti artdı və bizim yadımızda Firudin Hüseynov nurlu bir ziyalı kimi qalıb. Onun saçları, çöhrəsindəki nur və işıq heç vaxt yadımızdan çıxmır.

Bizim qardaşlarımızdan biri 80-ci illərdə Bakı Dövlət Universittinin hüquq fakültəsinə qəbul imtahanı verib. Onda da Azərbaycan dili-ədəbiyyat fənnindən komissiyanın sədri Firudin müəllim imiş. Müəllimlər ona «4» yazmaq istəyirmiş, qardaşmız da razı olmayıb. Bu vaxt Firudin müəllimi çağırıblar. O, gəlib abituriyenti axıra qədər dinləyib və müəllimlərə göstəriş verib ki, yetim uşaqdır, amma çox savadlıdır, ona görə də «5» yazın. Əgər qardaşımız o «beş»i almasaydı, hüquq fakültəsinə qəbul ola bilməzdi. Qardaşımız uzun müddət hüquq-mühafizə orqanlarında işlədi və Firudin müəllimin də bu yaxşılığını unutmadı, həmişə də deyirdi ki, mənim tanımadığım Firudin müəllim olmasaydı, hüquq fakültəsinə girməzdim.

Bizim fikrimizcə, Firudin Hüyseynov kimi böyük ziyalılar, böyük alimlər, böyük insanlar və professorlar heç vaxt ölmürlər. Çünki onlar həmişə sağdırlar, ona görə də gördünüz, yazımızın əvvəlindən sonuna qədər bir dəfə də «rəhmətlik» sözü işlətmədik. Bilirsiniz niyə? Ən azından ona görə ki, Firudin müəllim kimi böyük ziyalılar bu xalqın tarixində, elmində və qəlbində özlərinə əbədi bir iz qoyublar. Universiteti bitirmiş minlərlə tələbələri onrları daimi yaşadır. Kimsə bir hadisəni xatırlayırsa, onun yaxşılığını yada salırsa və böyük ürəyinin sevgisini dilə gətirirsə, deməli, belə insanlar həmişə millətin, xalqın içindədir. Yəni, onlar ölü dirilərdən daha diridirlər, daha sağdırlar və daha işıqlıdırlar! Bilmirik, Firudin müəllimin neçə övladı, neçə nəvəsi var, amma bir onu bilirik ki, bundan sonra da neçə il keçsə də, ounn əzizləri çox qürurla deyə bilərlər ki, biz Firudin müəllimin övladları və nəvələriyik!

Allahın sevdiyi və Allahın seçdiyi bu böyük ziyalılar gün işığı kimi həmişə insanların qəlbini, varlığını, ruhunu işıqlanrıdırıb və bundan sonra da işıqlanrdıracaq. Ağ saçların işığı və Firudin müəllimin çöhrəsinin nuru sanki bir Günəşə bənzəyir. O Günəş bayaq dediyimiz kimi həmişə bizi isindirəcək!..

 

 

FAİQ QİSMƏTOĞLU

SƏMƏNDƏR MƏMMƏDOV

 

Ədalət.- 2023.- 21 aprel.- S. 4.