Qarabağ havası
Torpağın məhsulu təkcə meşələr,
çöllər, çiçəklər deyil, həm də
insanlardır. İnsanlar da doğulduğu, boy
atdığı, yaşadığı torpağın rənginə,
ahənginə, ab-havasına köklənir. Doğma yerlərin
küləkləri kimi əsir, istiliyi vətən günəşinin
şəfəqlərinin təsirindən güc alır,
coşub-daşan xisləti, xüsusiyyəti, dəli-dolu,
yaxud həlim, sakit xasiyyəti doğma təbiətin ritminə
uyğun olur. Yaradıcı insanlar da istisnalıq təşkil
etmir, deyərdim əksinə, daha çox adekvatlıq
nümayiş etdirirlər. Torpağın, yerin-yurdun ahəngini
təkcə şəxsiyyətlərində deyil, həm də
yaradıcılıqlarında, yazdıqları əsərlərdə,
qələmə aldıqları bədii nümunələrdə
yaşadırlar. Əbülfət Mədətoğlu da belə
insanlardan biridir. Onun şeirləri Qarabağ havasında
köklənib, Qarabağ ruhundan maya tutub. Bu şeirlərdə
Qarabağın əvəzsiz rəngarəng təbii gözəlliyindən
tutmuş başıbəlalı (lakin qəhrəman) tarixi
keçmişinə, mübarizəsinə, döyüşlərinə,
qələbə və məğlubiyyətlərinə qədər
hər şey öz boy-biçimində görünür. Bədii
obrazlar, bənzətmələr, təşbeh və istiarələr,
canlı insan xatirələri bu havada köklənir, bu ruhda səslənir.
Əbülfətin şeirləri uzaq və qədim
xatirat kimi kövrək və şirindir. Eləcə,
şeirlərinin əksəriyyəti də xatirə və
xatırlamadan ibarətdir. Onun misraları uzaq üfüqlərdən
sayrışan köhnə xatirələr fonunda adama təzə
hisslər bəxş edir. Bu, şairin yerlə göy
arasında əlləşmələrini, vurnuxmalarını,
bəzən də özünüaxtarışını təlqin
edir. Hər bir halda, bu xatirə dolu yaddaş şirindir.
Şirin olduğu qədər kədərli, kədərli
olduğu qədər doğma, doğma olduğu qədər
düşündürücüdür. İnsan, adətən,
ahıllığında ötənlərlə daha çox
yaşayır, xatirələrə cumur. Əbülfət isə
əzəl gündən, lap cavan çağlarından xatirələrlə
boy atıb, sanki xatirələrlə doğulub, xatirələrlə
nəfəs alıb, ətə-qana xatirələrlə dolub.
Xatirə onun ruhi vəziyyətidir, mənəvi
tarazlığını qoruyub saxlayan həsb-halıdır.
O, xatirələrlə yaxşı daşıyan olur, onlarla
dialoqa girir, əhval-pürsanlıq edir, uğurlu-uğursuz
günlərinin hesabını çəkir, bir sözlə,
doğma yaşantılara yeni bir doğmalıq qatır,
bütün bunları poetik örtük altından boylanan
müqəddəs hisslərə bələyir. Şair
yuxusunda da xatirələrlə yaşayır, yaddaşında
daim xatirələr cücərdir. Bu cücərtilər
dünənlə bu gün arasındakı dialoqa daha çox
bənzəyir.
Yenə dünənimə üz tutub gedim,
Gedim dünənimin ilməsin söküm...
Özümü özümlə mən məşğul
edim -
Dərib göz yaşımı üzümə
töküm...
Yaxud:
Məndən bezənəcən qalım dünəndə,
Sükut da mən olum, elə dünən də!
Mənim dodaq yerim sənin sinəndə -
Olsun sevgimizə yazılmış hökm!
Onun təklik, tənhalıq, sevgi, həsrət
şeirləri etiraf üzərində qurulub. Şeir, eləcə,
özü də etiraf deyilmi? İnsanın özünün
özünə etirafı... Duyğuların, bakir, müqəddəs
hisslərin etirafı... Kədərin, dərdin etirafı...
Bu etiraflarda şair ömrü varaq-varaq çözələnir,
həyatının fəlsəfi məqamları canlanır,
hissi-emosional dünyası qabarır. Bu etiraflarda insan-şair
mübarizə aparır, döyüşür, ruhunu əzablar
içindən xilas yollarını arayır, dünənin
olaylarından sabaha, gələcəyə boylanır və
özünün mənəvi qurtuluşuna can atır. Bu məqamlarda
(misralarda) şair paklanır, təmizlənir, dünyaya və
özünə yeni gözlə baxır. Bu etiraflar
qaçqınlıq ağrısını yaşayan, vətəndə
vətənsiz olan şairi ayaqda saxlayır, dərdin əlindən
alıb yeni bir dünyaya qovuşdurur, yaşam tərzinə
stimul yaradır. Bu dünya nə qədər çətin,
ağrılı olsa da, sevgi ünvanlıdır, nikbinlik gətirən
bir aləmdir. Əbülfət Mədətoğlu bu dünyanı
sevir, onun ağrı-acısını etiraf etsə də,
sevincini də yaşamağa tələsir. Bu, onun sevgi
şeirlərində daha çox üzə
çıxır, həyat eşqi, ömürdən gözləntilər,
ümidlər, arzular poetik sözün cövhərindən,
içindən, dərin qatlarından, mayasından
boylanır.
Məni "ahı"na tapşır,
Son günahına tapşır,
Uzaq uzaq tutacaq
Sən lap yaxına tapşır -
Üzünü görə bilim.
Əbülfətin şeirlərinin əksəriyyəti
kədərlə yoğrulub, qəmə-qüssəyə bələnib.
Məgər, şeir eləcə, insan qəmindən, kədərindən
su içib göyərmirmi? Dərddir, insan içində
çağlayıb şeir şəklində üzə
vuran. Kədərdir, insan qəlbindən boy göstərib sətirlər
üzərində kölgələnən. Kefdən, damaqdan,
çal-çağırdan şeir yazan olubmu? M.Füzuli
özü boyda ah deyildirmi? "Toy-bayramdır bu
dünyanın əzabı" - deyən M.P.Vaqif eləcə
həmin şeirində dünyanın dərd-sərini
qabartmırmı? Misalları saydıqca uzanar. Əbülfət
Mədətoğlunun şeirləri də qəmdən, kədərdən,
ələmdən su içib. Üstəlik, insan özü də
dağ boyda dərd daşıyıcısı ola -
Əbülfət Mədətoğlu kimi. O, illər boyunca vətən,
yurd, torpaq, Qarabağ deyib lələyib. Qarabağ həsrəti,
Tuğ kəndinin qövrü, illərdi onun doğma, əziz
kədəri kimi qəlbində yaşayıb. Tuğun, o
gözəl diyarın çətirli meşələri, ətirli
çöl-çəməni, geniş düzləri,
ucu-bucağı görünməyən yaşıl
talaları bu illər boyunca Əbülfətin nigaran
yuxularına çevrilməyibmi? Çevrilib! Özü də
necə? Poetik vüsətlə, şeir şövqü, ədəbi
istəklə. Əbülfətin Qarabağsız günləri
onun poetik dünyasının baş abzası olub, əbədi
mübtədasına və xəbərinə çevrilib.
Qarabağ adı onun cümləsinin, sözünün
emosional cazibə mərkəzi kimi pərvaz edib. Bu hiss
Əbülfətin özünü də xaraktercə
çox dəyişib, kədər adamına çevrilib,
xasiyyətcə həlimləşdirib, daim düşünən,
dünyanı kədərli baxışlarla süzən, ondan
daim nicat uman bir insan kimi yaşadıb. Əbülfətin kədərli
baxışları dünyadan da, insanlardan da daim nəsə
umub, nəsə gözləyib. Torpaqların, Qarabağın
qaytarılmasını təmənna edib (Bu baxışlar, bu
ruhi və mənəvi əndişələr, məgər hər
bir qaçqın üçün səciyyəvi deyilmi?). Vətənin
azadlığını diləyə çevirən şair
bunu böyük dərd və giley kimi şeir diliyə belə
söyləyib:
Tumurcuğu çırtlamış -
Təzə dərdim - tər dərdim!
Mən səni şehli-şehli -
Təzə dərdim - tər dərdim!
Sarıldın sən də mənə...
Eşq vardı səndə mənə
Titrəmə, səndələmə -
Sən də məni dər, dərdim!
Qarışaq, sirdaş olaq
Bir divar - bir daş olaq...
Dərdlərə bir qaş olaq -
Sən üstündə zər dərdim!
Göründüyü kimi şairin dərdi ötəri,
keçici hiss deyil, qlobal, dərin məzmunlu, ağır
yüklü bir kədərdir. Bu kədər, heç
şübhəsiz, vətən həsrəti, vətən
niskili, torpaq arzusundan qaynaqlanır. Bir gözəl
qızın alma yanağı, qara qaş-gözü
üçün bu qədər dərin kədər sərgiləmək,
bu qədər təsirli hissi həyəcan keçirmək,
bu qədər qüssə dolu "göz yaşı
axıtmaq" olmaz (üstəlik, indiki zamanda). Belə qlobal,
dərin və ağrılı kədərin ünvanı,
yalnız vətən, yalnız Qarabağ ola bilər. O, bunu
publisistik düşüncələrində də etiraf edir.
Şair yazır: "Həyatda elə yaşamlar var ki, onu
sözlə ifadə etmək mümkün deyil. Lap elə
qaçqınçılığı götürək.
Qaçqına bütün ürəyini də, bütün
maddi sərvətini də bağışlaşan belə,
onun içində qırılıb çiliklənən,
ölən, yaddaşında ağrı-acı guşəsi
kimi qalan nəsnələri nə dəyişə bilərsən,
nə də unutdura bilərsən. Göstərilən
qayğı, sadəcə, diqqətdir… Yaşamağa ipucudur.
Bu mənada 30 il ancaq xəyal etdiyin, ancaq yuxuda
gördüyün kəndinə, evinə qayıtmaq bu
gündən keçmişə dönüş deməkdir.
Aradakı 30 il isə itirilən, əlindən zorla alınan
ömürdür. Ona görə mən kəndimə səfər
edəndə filmlərdəki təki, yuxuda keçmişə
getmiş kimi oldum və o keçmiş mənə çox
acıları təkrar yaşatdı. Çünki kəndimin
yalnız coğrafi mənzərəsi yadımda
qalmışdı. Mənim uşaqlığımın da, gəncliyimin
də izləri, xatirələri gülləlnmişdi. Evimin
yerində qaratikan bitmişdi. Mənimlə orda danışan
ancaq kədər idi, ağrı-acı idi. Çünki məni
qarşılayan onlar idi".
Əbülfətin sevgi şeirləri də
seçilən, fərqlənən, qələm
yoldaşlarının yazdığı nümunələrə,
müəyyən mənada, paradoksal olan cəhətləri ilə
yadda qalır. Bu nümunələrdə də qəm, kədər,
lirik qəhrəmanın şübhə dolu təlaşları,
əndişələri, çabaları dominantlıq edir. O,
bu şeirlərdə ürəkdən sevən bir aşiqdir,
məhəbbəti yolunda bir fədakadır. Amma qarşı
tərəfdən, onun sevgi cavabından, reaksiyasından
şübhəli və nigarandır. Öz eşqinə
böyük inam bəsləyən, yenilməz məhəbbətinə
güvənən, onu aləmə car çəkən,
dünyaya bəyan eləyən şair - Əbülfət Mədətoğlu
sevgisini zamana və taleyə əmanət edir:
O, mənim həyatımda,
Günümdə, anımdadı...
Atdığım hər addımda -
Damarda qanımdadır...
İçimdəki səsdi O,
Aldığım nəfəsdi O...
Sabaha həvəsdi O -
Ruhumda, canımdadı!
Nəşəmdi, ahımdı O...
Sevgim, günahımdı O...
Yerdə Allahımdı O -
Ölüncə yanımdadı...
Yaxud:
Söylə görüm, nə çin olub,
Olubsa, bəs neyçün olub?
Ürəyim ki, elçin olub,
Özgə kimi göndərəydim?
Söz birbaşa deyilmir, fəlsəfi çərçivəsində,
dolayı və obrazlı söylənir. Obrazlı
düşüncə tərzi bu mücərrəd, gizli, sirli
ahəng içində öz müstəqimliyini tapır.
Əbülfət həm də ruh adamıdır.
Bütün şairlər kimi, o da ruhun sirli-soraqlı təcəllasından
yazır. Şairlik özü də öz-özlüyündə
bir ruh hadisəsidir, hissi-emosional ovqatdır. Lakin ruhi həyəcanı
birbaşa poetik predmetə çevirmək, bu, artıq insan
hisslərinin qeyri-adi təzahürü, son dərəcə həssas,
duyğulu münasibətidir. Ruhi təbəddülatları
insan duyğularının sakral bir fenomeni kimi qələmə
almaq, poetik dillə canlandırmaq Əbülfətin
yaradıcılığında təbii tələbat kimi
qaynaqlanır. Bu ruh maddi bədəndən xaric olmuş, mələklər
aləmində qərar tutmuş ruh deyil. Dünyada, əksinə,
təkcə bədənləri ilə qərar tutmuş insanlar
da yox deyil. Onların ruhları çoxdan uçub
getmişdir. "Filankəsin ruhu ölmüşdür" -
ifadəsi təsadüfən yaranmamışdır. Əsl
ruhi oyanış, ayıq ruhi halət insanın yaşam tərzində,
onun həyata ayıq baxışlarında, fədakar,
mübariz fəaliyyətində özünü göstərir.
Ruh bədəni, bədən də ruhu kökləyir.
Əbülfətin şeirlərində bu iki tandem bir-birini
cilalayır, tamamlayır və rövnəqləndirir. Onun
Tanrıya müraciətləri bu mənada səciyyəvidir:
Allahım, üzümdəki qan,
Quruyur gözüm dibitək...
Sənindi bu sevdalı can -
Alıb götür, özünə çək!
Yaxud:
Pərdəsin qaldırıb cismin
Ruhumun gözünə baxdım.
Kirpiyində damla idim -
Yanağın aşağı axdım...
Əbülfət Mədətoğlu eyni zamanda
istedadlı publisist, səriştəli qəzetçi kimi də
respublikanın ədəbi ictimaiyyətinə yaxşı
tanışdır. O, "Ədalət" qəzetinin
baş redaktor müavinidir. Redaksiyanın əsas
ağırlıq mərkəzlərindən biri kimi fəaliyyət
göstərir. Məhsuldar və operativ jurnalist olaraq qəzetin
hər nömrəsində onun ədəbi-tənqidi, analitik
və publisistik yazılarına rast gəlmək olar. Lirik,
duyğulu keyfiyyətlərlə zəngin olan bu məqalələr
Əbülfətin yeni təyinatı kimi üzə
çıxır. Mən onun "Ədalət" qəzetində
müntəzəm işıq üzü görən tarixi
keçmişimiz haqqında, Azərbaycanın arxeologiyası
və toponimikasına dair yazılarını xüsusi qeyd etmək
istəyirəm. Bu yazılarda həm də qeyrətli bir vətən
oğlunun vətənpərvər qəlbi döyünür.
Əbülfət Mədətoğlu özünə
oxşayan şairdir. Bir az sakit, bir az mülayim, lakin daxilən
coşğun, çılğın və üsyankardır.
Bu təzadlar onun həyat fəlsəfəsindən
süzülüb gəlir və
yaradıcılığının əsas aparıcı ideya
istiqaməti, bədii-estetik silqəti kimi üzə
çıxır. Bu gün şanlı ordumuz Ali Baş
Komandan, Azərbaycan Respublikasının Prezidenti, qalib sərkərdə
İlham Əliyevin rəhbərliyi ilə Qarabağ
torpaqlarını işğaldan azad etmiş, 30 illik yurd həsrətinə
son qoymuşdur. İndi hər bir qaçqın kimi
Əbülfət Mədətoğlu da öz doğma yurduna,
Qarabağımızın dilbər guşəsi olan Tuğ kəndinə
alnıaçıq, üzüağlıqla səfərlər
edir. Sevindirici, qürurverici hisslərlə doğma torpaqda
addımlayır... Ancaq o köhnə nisgilləri yenə də
yaşada-yaşada... Zamanın ömürdən
aldığı otuz ilin kədərini Əbülfət bu
gün də yaşadır, şeirlərində poetik lövhələrə,
publisistikasında tarixin yaddaşına çevirir. Bu da
keçib gedəcək. İllər yaraları sağaltmaqda
mahirdir. Sağlıq olsun. Gələcəyin nikbin ovqatı
bu kədər notlarını da silib aparacaq.
Kamal ABDULLA
ADU-nun rektoru, Xalq yazıçısı
Ədalət .- 2023.- 8 dekabr,¹ 47.- S.5.