CƏSUR ÇEKİST

 

NOVRUZOV MƏHƏMMƏDƏLİ ƏBÜLQASIM OĞLU

 

 Novruzov Məhəmmədəli Əbülqasım oğlu 1 fevral  1911-ci ildə Şuşa rayonunun Malıbəyli kəndində anadan olmuşdur. Onun uşaqlıq illəri kənddə keçmişdir. 1918-ci ildə birinci sinfə getmiş, 1925-ci ildə VII illik  kənd məktəbini əla qiymətlərlə oxumuş, Stepanakert (Xankəndi) şəhərində yerləşən azərbaycan məktəbinin X sinfini müvəffəqiyyətlə bitirmişdir. Həmin il o, Ağdamda yerləşən iki illik pedaqoji institutu  da əla qiymətlərlə başa vurmuşdur. Sonra təyinatla bir neçə il Ağdam rayonunun kəndlərinin birində riyaziyyat müəllimi işləmişdir. Ümumiyyətlə, o, 1935-ci ilədək müəllimlik etmişdir. Həmin ildə Azərbaycan diviziyasının birinci alayında qulluq edən gənc əsgər Məhəmmədəlini siyasi şöbəyə çağırırlar. Burada ona Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığında işə göndərilməsi təklif olundu. O, məmuniyyətlə razılıq verir və həmin gündən öz taleyini milis orqanlarına bağlayır.

1969-cu ilin iyun ayında Bakı şəhər milis idarəsinin iclas salonunda qocaman milis işçiləri ilə görüş keçirilirdi. Burada ölkəmizin müxtəlif guşələrindən keçmi milis işçiləri də dəvət olunmuşdular. Ağ saçlı bir kişi sovet milisinin keçdiyi şanlı yoldan söhbət açır, gənc milis işçilərinə xatirələrlə dolu milis həyatından maraqlı hadisələr danışırdı. Bu respublikamızın məşhur, tanınmış milis işçisi, ömrünün 25 ilindən çoxunu bu çətin və şərəfli peşəyə həsr etmiş həmyerlimiz, istefada olan podpolkovnik Məhəmmədəli Novruzov idi.

Gəlin bu qocaman çekistin həyat kitabının bəzi şanlı səhifələrini vərəqləyək. 

Elə həmin il Məhəmmədəli Novruzovu Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni (Xocavənd) rayon milis şöbəsində sahə müvəkkili vəzifəsinə təyin etdilər. Az müddətdə gənc milis işçisinin fəaliyyəti nəinki rayona, hətta Vilayətin və Respublikanın rəhbər təşkilatlarına məlum oldu.

Bir il burada işlədikdən sonra o, Şuşa rayon milis idarəsinin cinayət-axtarış şöbəsinin rəisi vəzifəsinə təyin olundu. Böyük vətən müharibəsi ərəfəsində Məhəmmədəli Novruzov Kirovabada (Gəncə), oradan isə Ağdam rayonuna təyinat alır.

Hansı rayonda olursa olsun, cinayətlərin izini axtarıb tapır, çətin əməliyyatlara başçılıq edir, şəxsi nümunə göstərirdi.

Azərbaycan SSR Daxili İşlər Komissarlığı daha sonra Məhəmmədəli Novruzovu bacarıqlı və qorxmaz əməliyyat işçisi kimi komissarlığın Cinayətlə Mübarizə Şöbəsinin bölmə rəisi vəzifəsinə irəli çəkir. O, təcrübəli milis işçisi kimi tez-tez müxtəlif rayonlara göndərilirdi. Qorxmaz və cəsarətli çekist bir sıra yerlərdə xüsusi ezamiyyətlərdə olmuş, yüzlərlə təhlükəli caninin yaxalanmasında fədakarlıq göstərmişdir.

Böyük Vətən müharibəsinin qızğın çağında Məhəmmədəli Novruzov Laçın rayonun ezam edilir. Rayonda kök salmış təhlükəli cinayətkar dəstələr yerli əhaliyə tez-tez maddi və mənəvi ziyan vururdu. Buna tezliklə son qoymaq lazım idi. Bu məqsədlə əməliyyat qrupu yaradıldı. Əməliyyatçılara Məhəmmədəli Novruzov başçılıq edirdi. Cinayətkar dəstələr kəndləri qarət edir, yerli əhalini qorxu içərisində saxlayır, onları incidirdilər. Hətta, onlara tabe olmayanları öldürürdülər. Novruzov Məhəmmədəlinin başçılıq etdiyi əməliyyat qrupu dəfələrlə həmin quldurlarla danışığa dəvət olunsalar da, onlar buna razılıq vermirdilər. Quldurlar Laçının dağlarına çəkilərək  oradakı mağaralarda yaşayırdılar. Bu işlərə son qoymaq lazım idi. Bir dəfə gecənin yarısı Novruzov Məhəmmədəli əlində məşəl quldur dəstələrinin başçıları ilə danışığa getməli oldu. Cinayətkar dəstələrin başçıları Novruzov Məhəmmədəli ilə görüşməyə razılıq verdilər. Bir şərtlə ki, Məhəmmədəli bizimlə gecənin yarısı mağaraların birində əlində məşəl və silahsız bizim yanımıza gəlməlidir. Biz isə hamımız 40 nəfərə qədər dəstə üzvüləri sizi görməlidirlər. Məhəmmədəli Novruzov tərəddüt etmədən , yəni ölümü gözünün qabağına alaraq quldur dəstənin gecə yarısı məşəl əlində onlarla gözünü qırpmadan görüşə getdi və görüş başlandı...Onlar səhər açılana qədər sorğu-sual və söhbət etdilər. Məhəmmədəli onlarla əsl çekist kimi rəftar edib onları başa saldı ki, siz bu hökumətə qarşı heç nə edə bilməyəcəksiniz. Yeni yaranmış bu güclü dövlət hər şeyə qadirdir. Mən bir insan kimi, bir Şuşalı kimi, bir milis işçisi kimi və nəhayət bir kişi kimi sizə söz verirəm, əgər siz mənim sözlərimə inansanız və əməl etsəniz, söz verirəm baxmayaraq ki, siz çox bağışlanılmaz cinayətlər eləmisiniz, qoymayacağam ki, sizi məhkəmənin hökmü ilə güllələnəsinlər. Düzdür, 15-20-25 il iş alacaqsınız, əsas odur ki, sağ-salamat qalacaqsınız və cəzanızı çəkib öz ailələrinizin yanına  qayıdacaqsınız. Onların hamısı bu etibarlı və ciddi danışığa inanıb silahları bir yerə yığıb, atları ilə bir yerdə təhvil verdilər və  3 aylıq gərgin əməliyyatdan sonra Məhəmmədəli Novruzov yerli fəalların köməyi ilə cinayətkarları Şuşaya milis idarəsinə təhvil verdilər. Quldur dəstələrinin  yuvaları dağıdıldı, asayiş bərpa olundu. Bu əməliyyatlara görə Məhəmmədəli Novruzov SSRİ Daxili İşlər Nazirliyi tərəfindən "İgidliyə görə" medalı ilə mükafatlandırıldı.

Bir neçə aydan sonra həmin cinayətkar dəstə üzvlərinin  işlərinə Şuşa məhkəməsində baxıldı. Onların üç nəfərindən başqa digərlərinin hər birinə 15-20-25 il iş kəsildi. Həmin üç nəfərə isə güllələnmə hökmü oxundu. Onlar ciddi surətdə narazılıq etdilər və Novruzov Məhəmmədəlini məhkəməyə gəlməsini təkidlə tələb etdilər. Növbəti məhkəmə zamanı Novruzov Məhəmmədəli məhkəmədə çıxış edərək, danışıq zamanı müttəhimlərə  söz verdiyini xatırlatdı. Məhkəmə də bunları nəzərə alaraq hər üçünün güllələnmə hökmünü ləğv etdi.  

1943-1945-ci illərdə Məhəmmədəli Novruzov Xaçmaz Rayon Daxili İşlər Şöbəsinin rəisi vəzifəsinə təyin olundu. Sonra o, Ağcabədi rayonuna rəis göndərildi və 1946-cı ilə qədər orada işlədi. Hüquqşünas olmağı da unutmadı. Bakı Dövlət universitetinin hüquq fakultəsinin qiyabi şöbəsinə daxil olub 1951-ci ildə oranı müvəffəqiyyətlə bitirdi.

Böyük Vətən müharibəsi qələbə ilə başa çatdıqdan sonra 1946-cı ildə Məhəmmədəli Novruzov Bakıya çağrıldı və Respublika Daxili İşlər Nazirliyi Cinayət-Axtarışı Şöbəsi rəisinin birinci müavini vəzifəsinə təyin olundu. O, bu vəzifədə 1952-ci ilə qədər işlədi. O, Daxili İşlər Nazirliyinə gələn çoxsaylı şikayət məktublarına və teleqrammalara görə həmin il Sumqayıt şəhər milis idarəsinə təcili rəis təyin olundu. Məhəmmədəli Novruzov Sumqayıt şəhərində baş verən oğurluq, xuliqanlıq, üstü açılmayan bağlı cinayətlərin qısa müddətdə üstünü açdı. Demək olar ki, asayişi bərpa etməyə nail oldu. Bir neçə il orada işlədikdən sonra yenidən əvvəlki işinə qaytarıldı.

  ...1955-1956-cı illərdə Ağdam, Bərdə, Ağdaş, Qutqaşen (Qəbələ) rayonlarında peşəkar cinayətkar dəstələr ayrı-ayrı anbar və mağazaları qarət edirdilər. Həmin dəstələri tapıb üzə çıxartmaq məqsədi ilə Məhəmmədəli Novruzov bu rayonlara ezam olundu. Görülən ciddi əməliyyat tədbirləri sayəsində az bir vaxtda cinayətkar dəstələr ifşa olundu. Bu əməliyyatlara görə Məhəmmədəli Novruzov SSRİ Daxili İşlər Nazirliyi tərəfindən mükafatlandırıldı.

Məhəmmədəli Novruzov 1959-cu ildə milis podpolkovniki rütbəsi ilə istefaya göndırildi. Xidməti vəzifəsini şərəflə yerinə yetirərkən igidlik, sayıqlıq, fədakarlıq göstərdiyinə və uzun illər qüsursuz işlədiyini nəzərə alınaraq Məhəmmədəli Novruzov "Qırmızı Ulduz", "Qırmızı Bayraq" ordenləri ilə, "Qafqazın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə", "Sovet milisinin 50 illiyi" , "İctimai qaydanı əla surətdə mühafizəyə görə" medalları ilə təltif olunmuş, dəfələrlə qiymətli hədiyyələr almışdır.

Müəllifin kiçik bir xatirəsi...

1993-cü ildə mən Bakı şəhərindəki 7 nömrəli orta məktəbə getməli oldum. Məktəbin direktoru ilə görüşməli idim. Saat olardı təxminən on iki,  birin yarısı, direktorla görüşdüm. O, məni gülər üzlə qarşıladı. Gəlməyimin səbəbini soruşdu. (O, əslən Ağdamlı idi) Sonra mənə bildirdi ki, günorta saat 2-də müharibə veteranları ilə görüş keçiriləcəkdir. İstəsəniz siz də bu görüşdə iştirak edə bilərsiniz. Mən məmuniyyətlə razılıq verdim. Veteranlar direktorun kabinetinə daxil oldular. 1941-1945-ci ildə almanlara qarşı vuruşmuş bu mübariz qəhrəmanları gördükdə adam az qalır elə silahsız gedə müharibəyə və torpaqlarımızı azad etməyə. Nə isə. Bu müharibə veteranların içərisində Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin veteranları da var idi. Burada iştirak edən veteranların hər birinin azı 70-75 yaşı olardı. Əksəriyyətinin də əlində əsa vardı. Mənim yanımda oturan şux geyimli, səliqəli yaraşıqlı bir nurani kişi çıxış etməyə hazırlaşırdı.  Mən bir az aşağı əyilib ondan zəif səslə soruşdum: Sizə bir nəfər desəm onu tanıyarsınızmı? Daxili İşlər Nazirliyində işləmiş Novruzov  Məhəmmədəli. O, qeyri-ixtiyarı özündən çıxdı və həyəcanlı halda dedi, bilirsiz o kim olub? Dedim, xeyir. O, əlini bir-birinə vurub özündən asılı olmayaraq ucadan dilləndi: O, MVD-nin (Daxili İşlər Nazirliyinin)  "Allahı" olub!!! Sağdırmı, yaşayırmı? Mən isə sevinə-sevinə  dedim, O, mənim əmimdir, Bakıdadır, özü də sağdır, yaşayır. Mən sevindiyimdən görüş qurtaran kimi  əmimin yaşadığı evə tərəf qaçdim. Görüş iştirakçıları mənim necə qürurlandıgıma məəttəl qalmışdılar...

Milis veteranı Məhəmmədəli Novruzovun mənalı həyat yolu nəsillərə nümunədir!

Onu da qeyd edim ki, Novruzov Məhəmmədəli 1931-35-ci illərdə Leninqradda yerləşən SSRİ Ali Dövlət Təhlükəsizliyi Məktəbini yüksək qiymətlərlə bitirmişdir.

Novruzov Məhəmmədəli çox yaraşıqlı kişi olub. O, boylu-buxunlu, gözəl qaməti olan aristokrat insan idi. Onun gümüşü saçları var idi. Gözəl yerişi olan bu çekist yeriyəndə istər-istəməz özündən asılı olmayaraq ona tamaşa etmək istəyirsən. Gözəl fizianomiyası olan (bədən quruluşu) bu hüquqşünas əsl milis işçisinə xas olan görkəmə, eyni zamanda böyük ensiklopedik biliyə malik bir şəxsiyyət idi. Çox böyük şeir və futbol həvəskarı idi. O, bir neçə şeir kitablarının və romanlarının müəllifi olmuşdur. "Neftçi" futbol komandasının elə oyunu olmazdı ki, stadionda oyuna baxmasın. Gözəl səsi var idi və gözəl də oxuyurdu. Muğamatın bütün sirlərini yaxşı bilirdi.  Məzahir Daşqının və özünün yazdığı şeirlərini oxuyurdu və geniş təhlil edirdi. Onun danışığından doymaq olmazdı. Məlahətli səsi olan bu gözəl insan qəzəlxan Əlağa Vahid ilə, muğam ustadı Seyid Şuşinski ilə, Azərbaycan bokal sənətinin banisi Bülbül ilə, bənzərsiz səsi olan Xan Şuşinski ilə, məşhur şairlərimiz Səməd Vurğun ilə, Mikayıl Müşviq ilə, musiqi tədqiqatçısı Firidun Şuşinski ilə, tanınmış bəstəkarımız Əfrasiyyab Bədəlbəyli ilə, muğam ustaları Əbülfət Əliyev ilə, Zülfü Adıgözəlov ilə, Mütəllim Mütəllimov  və başqaları ilə yaxından dostluq edərdi. Dostları onu "NKVD" Məhəmmədəli və ya "Çekist" Məhəmmədəli deyə çağırırdılar. Onun Azərbaycanla bir adı vardı və böyük hörmətə malik idi. Novruzov Məhəmmədəli dəfələrlə yuxarıda adlarını çəkdiyim bu böyük şəxsiyyətlərlə Qarabağda , doğulduğu yaraşıqlı Malıbəyli kəndində ata evində o cümlədən Şuşada "İsa bulağı" nda yeyib-içib kef məclisləri qurardılar....

Məhəmmədəli Novruzov özünə bağışlamırdı ki, onun sonsuz məhəbbətlə sevdiyi ata Yurdu Şuşa o cümlədən Qarabağ mənfur ermənilər tərəfindən işğal olunub. O, bu ağır dərdə dözə bilmədi. Ölüm yatağında olarkən o, "ciyərlərim yanır" deyə su istədi. Tez ona bir stakan su gətirdilər. O, bir qurtum içdikdən sonra əli ilə stakanı geri itələdi və qırıq-qırıq səslə dedi, mənə "İsa bulağı"nın suyunu verin! Ancaq nə etmək olardı... 1993-cü il fevral ayının 2-də Şuşa deyə-deyə gözlərini əbədi yumdu və Bakıda "Qurd qapısı" deyilən qəbristanlıqda dəfn edildi.

Nur içində yatsın! ALLAH  RƏHMƏT  ELƏSİN!

 

 

 

Əbülqasım Novruzov,

Şuşa Uşaq Gənclər İdman - Şahmat 

Məktəbinin futbol üzrə baş məşqçisi,

Ədalət .-  2023.- 8 dekabr,¹ 47.- S.5.