HƏR GÖRÜŞ BİR ÜMİDDİR VƏ YA AN VAR ÖMRƏ BƏRABƏR

 

BDU-da professor Ədibə xanım Paşayevaya həsr olunmuş böyük elmi konfrans keçirildi. Bu möhtəşəm konfrans həqiqətən sonsuz ümid doğuran görüşlərdən idi. Və mənim aləmimdə bu böyük tədbirdə iştirak edənlərin hər biri ömrə bərabər anlar yaşadı. BDU-da belə konfranslar silsilə şəkil alıb, lakin Ədibə xanım Paşayeva kimi uzun zaman Bakı Dövlət Universitetinə elm və təhsil sahəsində çox əmək  sərf  edən  bir insanın, bir alimin yubileyi çoxdan gözlənilən idi. Və universitet  kollektivinin bu arzusunu gerçəkləşdirmək üçün rektor Elçin Babayev, nəhayət ki, yubileyin keçirilməsinə razılıq ala bildi.

Tədbiri giriş sözü ilə açan akademik, millət vəkili Nizami Cəfərov vurğuladı ki,  dünyanın  elmi-mədəni yüksəlişində layiqli xidmətləri olan alimlərimizin  sırasında görkəmli ədəbiyyatşünas, bacarıqlı təhsil təşkilatçısı, fəal ictimai xadim olan professor Ədibə Paşayevanın da özünəməxsus yeri var. Hamımıza  bəlli  olduğu  kimi,  80  illik yubileyini   qeyd etdiyimiz   Ədibə Paşayeva görkəmli ədəbiyyatşünas alim, yazıçı və pedaqoq, BDU-nun sevimli və unudulmaz müəllimi, professor Mir Cəlal Paşayevin ailəsində dünyaya göz açıb. Məhz bu səbəbdən Ədibə Paşayeva dəyərli ailənin yadigarı, xalqımızın və BDU-nun sevimli alimi, müəllimidir.

Yubilyarın həyat fəaliyyətindən  söz  açan  BDU-nun rektoru Elçin Babayev qeyd  etdi ki, təhsilini 1960-1965-ci illərdə BDU-da alan Ədibə Paşayevanın həyat və fəaliyyəti universitet ilə ayrılmaz surətdə bağlıdır. O, ali təhsilini bitirdikdən sonra əmək fəaliyyətinə elə doğma universitetdə başlayıb. Rus ədəbiyyatı kafedrasının müəllimi, Baş müəllimi, Xarici tələbələr üçün rus dili kafedrasının müdiri işləyib. 2004-2019-cu illərdə BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri olub.

Linqvodidaktika, rus ədəbiyyatı tarixini tədqiq edən Ədibə Paşayeva bir çox kitab və dərsliklərin müəllifidir. Görkəmli alim 2019-cu ildən BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifəsində çalışır. O, Azərbaycan təhsilindəki yüksək xidmətlərinə görə “Tərəqqi” medalına, “Qabaqcıl təhsil işçisi”, “Əməkdar müəllim” fəxri adlarına layiq görülüb. Ədibə xanım BDU-nun 100 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin Sərəncamına əsasən, 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Həyatını elmə və təhsilə bağlamış Ədibə xanımı elmi ictimaiyyət gözəl alim, novator pedaqoq, qayğıkeş və nəcib insan kimi tanıyır.

Konfransda iştirak edən  ADA Universitetinin rektoru Hafiz Paşayev öz  səmimi   fikirləri  ilə   hər  kəsə  xoş  ovqat  bəxş etdi: “Ədibə Paşayeva Mir Cəlal ocağının yetirməsidir. Bu adı Mir Cəlal müəllim icad eləyib. Ədibə Paşayeva öz həyatı, fəaliyyəti ilə bu adın mənasını doğruldub. Mir Cəlal müəllimin İçərişəhərdə yerləşən evi – “Ədibin evi” də ədəbiyyatımıza xidmət məqsədilə fəaliyyət göstərir. Mir Cəlal ən gözəl əsərlərini məhz həmin evdə yazıb. Ədibə Paşayeva daşıdığı bütün vəzifələr içərisində müəllim vəzifəsini hamısından uca tutub, müəllim olduğunu bir dəqiqə belə unutmayıb. Mən Ədibə Paşayevaya müəllimlik kimi müqəddəs vəzifəni həmişə yüksək səviyyədə daşımasını arzulayıram”.

Yüksək  əhvalla  davam edən  konfransda Xalq şairi Nəriman Həsənzadə, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Təhsin Mütəllimov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, BDU-nun müəllimi Solmaz Əliyeva da  öz çıxışlarında Ədibə xanımın  elmimizin, təhsilimizin inkişafında əvəzedilməz xidmətlər göstərdiyini, yüksək insani keyfiyyətlərə malik olduğunu xatırlatmaqla  yanaşı,  onun ali və orta məktəblər üçün “Rus dili” dərsliklərinin hazırlanmasında xidmətlərini xüsusi vurğuladılar.

Bu mötəbər  tədbirdə  həmkarlarımın, yəni  filologiya  fakultəsinin və  kafedramızın   adından çıxış etmək  şansımdan istifadə  edərək bildirdim ki, mənim tanıdığım Ədibə xanım Paşayeva müsahibə verməkdən, haqqında məqalələr yazılmağından və hətta dünyacan haqqı-sayının fonunda təşəkkür sözünü qəbul etməyən, həyatda xeyirxahlığı amala  çevirən bir insan olduğundan bu yubiley bizim üçün - onu sevənlər üçün doğrudan da göydəndüşmə oldu. Bu  fürsətdən istifadə  edərə  gözəl alim, sözün bütöv mənasında böyük insan, əsl pedaqoq, əvəzsiz dost, ləyaqətli ana, eyni zamanda  mərhəmət rəmzi kimi tanıdığım, sevdiyim, güvən yeri bildiyim Ədibə xanımı bir daha təbrik edirəm, ona uzun ömür, can sağlığı və hər zaman bizimlə olmasını diləyirəm. Yeri gəlmişkən onu da bildirmək istəyərdim ki, 2023-cü il hər bir azərbaycanlının taleyinə bəxti gətirən illərimizdən bir olaraq BÜTÖV QƏLƏBƏ İLİ KİMİ  əbədi həkk olundu. O üzdən əzizimiz Ədibə xanımın yubiley ilinin bu ilə təsadüf etməsi, məncə, onun xoşniyyətli, böyükürəkli olmasının gerçək  təcəssümlərindən biridir. Əməlisaleh adamların ədəb-ərkanları, insanlıqları, həyat  tərzləri mənim aləmimdə məktəbdir. Və hər zaman dediyim bir fikri bu gün də burada qeyd etmək istəyirəm. 50 ilə yaxındır tanıdığım əzizim Ədibə xanım haqqında illərlə belə yubileylərində deməyə sözümüz, çatdırmağa fikrimiz var. Və düşünürəm ki, bir ləyaqət, mərhəmət məktəbi yaransa ona Ədibə xanımın adı verilər və əməlləri orada tədris olunar. Bizim hamımız üçün çox əziz  olan Ədibə  xanımla  bağlı fikirlərimi onun həyat  yoldaşı, Əfqanıstan müharibəsi veteranı, polkovnik, məşhur MTN-çi  Eldar  Qasımovun   sözləri  ilə  bitirmək istəyirəm: Mən insanlıq, ləyaqət, alicənablıq, xeyirxahlıq     mərhəmət  məktəbini Mir  Cəlal  ocağında  keçdim. Mir Cəlal ocağı Mir  Cəlal  müəllimin  canlı əsəri, yazılmamış  kitabıdır! Onu oxumaq  üçün kitabxanaya  getmək gərək deyil, o ailədən bir nəfərlə ünsiyyətdə olmaq bəs edir ki, yer üzündə  necə  saf, təmiz varlıqların  mövcudluğuna  inanasan. Vallah, mən xoşbəxt  adamam. Elə bir ailə ilə qohum olmuşam.

Böyük  maraqla  keçən konfransda BDU-nun Rus ədəbiyyatı kafedrasının müdiri, professor Ədibə Paşayeva təbriklərə görə hər kəsə öz minnətdarlığını bildirərək dedi:

Mən  çox xoşbəxt insanam ki, Mir Cəlal müəllimin ailəsində dünyaya gəlmişəm. Xoşbəxtəm ki, müəllimlik kimi yüksək missiyanı daşıyıram. Müəllim təkcə tədris etdiyi fənni yox, həyat dərsini də deməlidir. Çox xoşbəxtəm ki, bu missiyanı məhz BDU-da, Filologiya fakültəsində uğurla yerinə yetirirəm. Çünki həm universitetin, həm də fakültənin öz ənənələri, ab-havası var.

Yubilyarın bu  səmimi çıxışından  sonra  professor Ədibə Paşayevaya BDU-da uzun illər səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə verdiyi töhfələrə görə və 80 illik yubileyi münasibətilə fəxri fərman təqdim edildi.

 

Sona Çərkəz

Yazıçı-publisist,

“Qızıl qələm” mükafatı laureatı

Ədalət .-  2023.- 8 dekabr,¹ 47.- S.6.