Yaşadan ümidlər

 

Mahir Cavadlının “Riad” poeması üzərinə

 

Qəhrəmanlar haqqında yazmaq bəzən heç də asan olmur. Yaradıcılıq illərimin xeyli hissəsini həyatımızı çulğalayan, üz-üzə qaldığımız Qarabağ savaşı mövzusuna, yurd uğrunda döyüşən insanlara həsr etsəm də, bu gerçəyi həmişə duymuşam. “Öncə Vətəndir!” deyib odun-alovun içinə atılan, isti ocaqlarını buz kimi səngərlərə dəyişənlərin hünərini öyən, onların şəninə yazılan bədii mətnlər o qədər həyati, canlı və diri olmalıdır ki, cəsurlara, igidlərə yaraşsın. İşğal altında qalmış torpaqlarımızın əsarətdən qurtulması üçün canından, qanından keçən oğul və qızlarımızı tanıtmaq, onların əziz xatirəsinə sənət, söz abidələri ucaltmaq mənəvi borc, vicdan işidir.

Tanınmış yazıçı, şair, publisist Mahir Cavadlı ilə söhbətimizin bu yerində fikirlərimiz üst-üstə düşdü. Dedi ki, “xalqımızın ən ağrılı problemi olan Qarabağ müharibəsindən yazmaq, erməni qəsbkarlığını ifşa etmək, sülhsevər insanlara çatdırmaq o qədər əhəmiyyətlidir ki... Yazıçı dostlarımdan birinin dahi savaş mövzusunda kitabı barədə məqaləmdə “dərdi yazmaq ən böyük yazmaq dərdidir” ifadəsini işlətmişdim. Dərddən yazmaq, doğrudan da, ağırdır.” Bəs, necə oldu ki, yaradıcılığınızda mühüm yer tutan “Riad” poemasını yazdınız? Bu sualıma belə cavab verdi: “Sirli bir taleyin acısına yanmaq və əbədi var olanın cismani yoxluğunu, bir gəncin tragik-dramatik həyatını ifadə etmək nə qədər çətin və iztirablıdırsa, qəlbi yurd məhəbbətiylə coşan vətənpərvər, qəhrəman oğulun ömür yoluna işıq salmaq bu ömrü yaşamaq qədər şərəfli və qürurludur.”

Müəllifin Milli Qəhrəmanımız Riad Əhmədov haqqında ərsəyə gətirdiyi poemaya ön söz yazmış mərhum Xalq şairimiz Fikrət Qoca bu epik əsər barədə fikir yürüdüb, həmin nəzm nümunəsini yüksək dəyərləndirib. Onun fikrincə, “hər bir istedadlı şair və nasirimizin qəhrəmanlar haqqında yaratdığı əsər qiymətlidir. Riad xalqın əbədiyaşar, əfsanəvi qəhrəmanlarındandır. Bu igidlər xalqın ümidi kimi ölməzdir. Riad və digər Milli qəhrəmanlarımız haqqında hələ çox əsərlər, dastanlar yazılacaq. Bu əsərə görə mən Mahirə “sağ ol” deyirəm.”

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Mahir Cavadlının haqqında söz açdığım poeması erməni işğalçılara qarşı rəşadətlə döyüşmüş, 26 yanvar 1992-ci ildə Daşaltı əməliyyatında itkin düşmüş, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Riad Fikrət oğlu Əhmədovun xatirəsinə ithaf olunub. Riadin həyatına dair sənədli faktlar əsasında bədii sənətkarlıqla qələmə alınmış bu epik əsər xalqa, Vətənə və dövlətçiliyimizə sədaqət nümunəsidir.

Zəngilanda doğulmuş, uzun illər işğal altında qalan yurd yerlərinin nisgilini yaşamış M.Cavadlının Qarabağ müharibəsi ilə bağlı mövzularının məğzini, qayəsini torpaq, Vətən sevgisi təşkil edir. Şəhidlər haqqında yazılarını çalışdığı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) “Sərhəd” qəzetində (1992-2001) dərc etdirirdi. Sərhəd qoşunlarında və MTN-də itirdikləri həmkarları barədə yazmağa da elə o illərdən başlamışdı. 

“Bir ovuc Vətən torpağı” adlı şeir və hekayələr kitabı az sonra nəşr olunmuşdu. İctimai rezonans doğuran “Erməni terroru” kitabının tərtibçisi, “Bizi əsirlikdən qurtarın” kitabının isə redaktoru olarkən “Riad” poemasını yazmağa qərar vermişdi.

Riad ziyalı valideynlərin övladı idi, vaxtilə respublika baş nazirinin müavini Fikrət Əhmədovun ailəsində doğulmuşdu. Ali təhsilini başa vurduqdan sonra Dövlət Təhlükəsizlik Komitəsində çalışırdı. Riadın hərbi rütbəsini artırmışdılar, paqonunda ulduzların sayı da artmışdı. Amma onun fikri-xəyalı Qarabağ cəbhələrində idi. Çiynində əsgər çantası tez-tez ön xəttə yollanır, “mənim əsl işim ordadır” deyirdi. Erməni silahlı birləşmələri ölkəmizə qarşı müharibəyə başladığı vaxtdan R.Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf etmişdi.

 

Poemanın ilk misralarından bu mənzum əsəri ərsəyə gətirən şairin qayəsi, amalı aydın görünür:

 

Bu bir hünər dastanı, bir mərdlik hekayəti,

Qayəsində, vəznində vəsfi Riad olacaq.

Müstəqillik, azadlıq yoluna sədaqəti

Amal seçən igidin şəninə ad olacaq.

Əldə silah qoruyub Qarabağtək cənnəti,

Umdu, haqq səsimizə Haqdan imdad olacaq!

 

Müəllif, ilk növbədə, qəhrəmanının həyat yoluna diqqəti çəkir. Qeyd edir ki, Riadın hər iki babası hərbçi olmuşdu. Şair bu cəsur gəncin Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirdikdən sonra dövlət təhlükəsizlik orqanlarında həqiqi hərbi xidmətə qəbul olunduğunu, Belarusda hərbi təhsil aldığını, doğma yurda qayıdıb erməni işğalçılara qarşı döyüşlərə atıldığını vurğulayır:

 

Dili sözü tutandan, ağlı kəsəndən

Söyləmişdi: “qanım hərbçi qanıdır,

Kişitək dözərəm hər çətinliyə

Bu dünyamız döyüş, cəng meydanıdır.”

 

Onu Qarabağa çəkən cığırlar

Xatın olayından yol alıb gəldi.

Acizlər nahaqqa, şərə sığınar,

Riad olan yerdə haqq qalib gəldi.

 

Çaykənd uğrunda döyüşdə yaralansa da, sonrakı əməliyyatlarda yenə də silahdaşlarının yanında olması əsərdə canlı poetik lövhələrlə təsvir edilmişdir:

 

Mərd kişi sözünə, zabit andına

Sonadək o sadiq qalası idi.

Yurduna qəsd edən qatil düşməndən

Bir gün qisasını alası idi.

 

Hər cəsur döyüşçü mətin, peşəkar,

Səngərdən-səngərə quştək ötürlər.

Çaykənddə qələbə çalıblar aşkar,

Ağdam, Ağdərədə dada yetiblər.

 

Dərd dərd üstündən gəlir, qanlı-qadalı günlər Qarabağımızın işğalını yaxınlaşdırırdı. Təbii ki, Riad Qarabağsız geri qayıtmazdı... Bu, qayıdışı olmayan gediş idi.

“Cihada cihad” deyirdi Riad. Həmişə ön sırada olan qəhrəmanımızın çağırışı ilə igidlər haraya gəlir, canından-qanından keçirdi:

 

Zəngilan, Cəbrayıl odda yananda,

Şuşa haray çəkdi, Laçın çağırdı.

Riadın dəstəsi döyüşən anda

Düşmənin başına alov yağırdı.

 

M.Cavadlının poetik deyimləri təzədir, oxucunun fikrin dərin qatlarına varmasına yardımçı olur, duru, rəvan dili mənzum əsəri daha oxunaqlı edir. Müəllifin şeirdə məna çalarlarını izləmək, incələmək, sözlə bədii lövhələr, tablolar yaratmaq məharəti diqqəti çəkir.

Birinci Qarabağ savaşının qəhrəmanlarından olan Riad Əhmədovun igidliyini, cəsarətini, azğın düşmənə qarşı mübarizəsini vəsf edən şair döyüşən oğullara güc, qüvvə arzulayır, düşməndən qisas almağın zamanının çatdığını dilə gətirir:

 

Dünyaya göz açdı paytaxt Bakıda

Son döyüş mənzili Daşaltı oldu.

Vətəndi amalı, pak idrakı da,

Vətəndi qəlbinin alovu, odu.

 

Bizə əzəmət ver, bizə qüvvət ver,

Düşmənə qalmasın intiqamımız.

Bu xalq haqq naminə cəngi də sevir,

Gül açsın qəlblərdə arzu-kamımız, − deyir.

 

Yaşanan ümidlər, istəklər çin olmalıydı. Poemanın müəllifi hər çətin sınağın xoş sonluqla, Zəfərlə bitəcəyinə, sevinc şərbətini içəcəyimizə, qəhrəman Riadların ürəklərdə daim yaşayacağına inanırdı:

 

Vətəni sevəni Vətən yaşadır!

Nə qədər xalqım var, Azərbaycan var

Riad ürəklərdə daim yaşardır!

Riadlar qəlblərdə daim yaşardır!

 

Yaxşı ki, 44 günlük müharibə bizim Zəfər savaşımızla başa çatdı. Azğın düşmən məhv edildi, torpaqlarımız işğaldan qurtuldu. Bu gün qəhrəman Riadın da ruhu şaddır.

Yeri gəlmişkən qeyd edim ki, 2023-cü ilin sentyabrında doqquz hərbçinin və bir mülki vətəndaşımızın meyit qalıqlarının eyniləşdirilməsi mümkün olmuşdur. Onların sırasında Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da var. Şükürlər olsun ki, itkin düşmüş qəhrəmanın nəşi II Fəxri Xiyabanda torpağa tapşırılıb.

 “Riad” poeması qəhrəmanlıq dastanıdır, gənclərdə ağ günlərə, azadlıq duyğusuna inamı artıran, onları yurdun müdafiəsində ayıq-sayıq olmağa səsləyən mübariz ruhlu əsərdir. Müəllif Qarabağ savaşının həm də gerçək üzünü təsvir edir. O, hərb qovğalarına, Daşaltı əməliyyatının uğursuzluqla nəticələnməsində suçu olan xəyanətkarlara qəzəbini ifadə edir. Başqa sözlə, bu poema qanlı savaşlara, erməni riyakarlığına tutarlı cavabdır.

Bu gün Mahir Cavadlının şeirlərindən Qarabağ havası, azad olmuş bu cənnət məkanın ətri gəlir.

 

 

Zemfira Məhərrəmli

yazıçı-publisist

Ədalət .-  2023.- 8 dekabr,¹ 47.- S.8.