DARIXAN ADAM...  

 

Çox ağır, uzun və darıxdırıcı  səfər oldu.  İlk dəfəydi ki, Vətəndən təxminən iki ay ayrı  düşdüm. Düzdür, getdiyim yer də Vətən sayılırdı, amma doğulduğum, uşaq vaxtı torpağını yediyim, qız dalınca düşdüyüm, döyüb-döyüldüyüm  Vətən deyildi. Ömrümdə qibləmiz olan Bakı üçün bir belə darıxmamışdım. Dostlarım üçün darıxmışdım, Bakının tıxacları üçün darıxmışdım. Tıxaclarda qalanda buna səbəb olan şəxsləri söymək üçün darıxmışdım.

Deyirlər bir ara Məhəmməd Hadi orduda mollalıq edirmiş. Bir əsgər şəhid olur, Şairi  çağırırlar ki, gəlsin cənazə namazı qılsın. Şair gəlib görür ki, cənazəni  üzü qibləyə, yəni Məkkəyə  tərəf qoyublar.

Deyir:

- Çevirin üzünü Bakıya, bunun qibləsi Bakıdır.

Cənazənin  üzünü Bakıya çevirtdirir və deyir ki, bu heç sağlığında  ərəb dilini bilmirdi və başlayır «İnsanlığın  tarixi faciəsi» poemasını oxumağa.

Bilmirəm Məhəmməd Hadinin üzünü  hansı qibləyə  doğru basdırıblar, çünki şairin  heç məzarı da yoxdu. Bircə onu bilirəm ki, Gəncədə dəfn olunub.

İndi mən də qibləmiz Bakı üçün darıxırdım. Ümumiyyətlə, mən darıxan adamam. Bakıda olanda da Ağdam üçün, Qarabağ üçün darıxıram. Hələ tələbəlik illərindən ən azı ayda üç-dörd dəfə Qarabağa gedər, Qarabağın bütün  rayonlarını  gəzər, sonuncu duracağım isə Ağdam olardı.

Beş il universitetdə oxudum, heç vaxt şənbə günləri dərsdə olmadım. Beşinci gün qatarla  Ağdama gedər, bazar günü isə Bakıya qayıdardım.

 

Atam da mənimlə məzələnərdi:

- Ay bala, hər gün  Ağdamdan Bakıya iki təyyarə  uçur, biri səhər, biri axşam. Elə səhər otur  təyyarəyə uç Bakıya, dərsdən də  çıxanda  axşam qayıt geri. Kirayə pullarından ucuz çıxar.

Dünyanın böyük şəhərlərini gəzmişəm. Nyu-Yorkdan, Vaşinqtondan tutmuş, Milanından, Varşavasına qədər. Səliqəli şəhərlərdi, amma bu şəhərlərdə də  darıxmışam.

Amerikada bir ay oldum, deyirdim nə vaxt qayıdacağıq Bakıya. Dostlar da deyirdi ki, nə  var Bakıda.

Deyirdim:

- Bakıda Bakı var.

 

Avropa şəhərlərində ən çox görmək istədiyim yerlər kilsələr və muzeylərdi.  Hər bir  kilsəyə girərdim, şam yandırardım, İsanın çarmıxa  çəkilmiş heykəlinin  önündə də bir «Fatihə» surəsi verib  dua oxuyardım.

Kənardan baxanlar da təəccüblənərdi. Bizim üçün, yəni biz azərbaycanlılar üçün kilsə də, sinaqoq da, məscid də  müqəddəsdir, Allah evidir. Bir sözlə, biz erməni  deyilik.

Deyirlər  dünyanın  yeddi möcüzəsi var, mənim  üçün isə dünyanın  səkkizinci möcüzəsi və möcüzələri Milanda, Praqada  gördüyüm  kilsələrdi.  Təxminən  300 ilə,  bəlkə də 400 ilə tikilmiş, hər daşı  bir zərgər işi  olan bu kilsələri insan  necə  tikib, bax, möcüzə budur. Məni  təəccübləndirən  yalnız bu  kilsələrin  tikilişi olub, bu böyük  şəhərlərdə  məni təəccübləndirən  başqa bir şey olmayıb. Bir-birinin  içinə girmiş hündür, şüşə binalar. Nyu-Yorkda bir oteldə  qalırdıq, yadımdan çıxıb, deyəsən 80-ci mərtəbə idi, səhər  nə günəş görünürdü, nə də  axşam ay.

 

 

Ostap  Benderin maraqlı bir ifadəsi var: «Eto ne Rio de Janeyro».

İndi Avropada  gözəl dərələr, dağlar, qayalar  görəndə  mən də Ostap Bender kimi deyirdim: «Yox, bura Kəlbəcər deyil!»

 

Şəhərlər  gözəl ola bilər. Mənim  üçün şəhərlərin gözəlliyi orda yaşayan  insanlardı, şəhərlərin  istiliyidi, söhbət hava  istiliyindən  getmir, insanların  istiliyindən gedir. Bu böyük şəhərlərdə  heç vaxt  bu istiliyi  hiss etməmişəm, bircə İstanbuldan  başqa.

 

Bakıda  soyuq  olanda da mənim  üçün həmişə  istidir. Bu, adamların doğmalığı, istiliyidir.

 

Bu böyük  şəhərlərin heç biri Bakı qədər gözəl deyil, Ağdam qədər  heç gözəl deyil.

Mənim üçün bugünki Ağdamın xarabalığı Avropanın bütün şəhərlərindən gözəldi.

 

80-ci illərdə şair Məmməd Aslanın Türkiyədən bir dostu gəlmişdi, təxminən  bir  ay qonağı oldu. Bizə də gətirmişdi  Məmməd Aslan onu. Bizə deyəndə, Məmməd Arazgilə.

Şairi  ziyarət edən türk arkadaş bir qədər əsəbi halda dedi:

- Məmməd Aslan bir aydı məni  Azərbaycanı  gəzdirir, day bulaq  qalmayıb, meşə qalmayıb, dərə-təpə  qalmayıb, çiçək qalmayıb, gül qalmayıb mənə iylətməmiş. Deyirəm Məmməd, bu daşdan, bu çiçəkdən, bu bulaqdan  Türkiyədə də var, məni  insanlarla  tanış elə,  insanları  göstər. Mən insanlarla  tanıyım  Azərbaycanı.

İndi Avropadakı dağları, dərələri gəzmişəm, çiçəkləri, gülləri görmüşəm, hətta göllərində də çimmişəm, amma Bakıdakı, Ağdamdakı  insanları  görməmişəm. 

 

Hüseyn Kürdoğlu yazır:

 

Yenə də baş çəkim  Ağdama gərək,

Qarqarın  suları  Ağdama gərək

Bu yerin qədrini  bilməyənlərin

Qara gözlərinə ağ dama gərək.

 

Mənim də, ağdamlıların da, bütün qarabağlıların da gözlərinə ağ dammışdı. Ali Baş Komandan  İlham Əliyevin sərkərdəliyi, şəhid və qazilərimizin qəhrəmanlığı nəticəsində gözlərimizə dammış ağ silindi.

 

Yeri gəlmişkən, mən 30 ildi demək olar ki, həmişə Ağdamı  yuxumda görürdüm, amma dağılmış deyil, qəşəng və gözəl bir şəhəri görürdüm. İndi Möhtərəm Prezident İlham Əliyev  mənim  yuxuda gördüyüm o gözəl  Ağdamı  yenidən tikir. Mən əvvəllər də yazmışam,  yenə də yazıram, yeni tikilən Ağdam həmişəkindən çox gözəl olacaq, çox isti  olacaq. Çünki binalara  qoyulan hər daşa  sevinc göz yaşlarımızı da qoyacağıq.  Və o binalar  çiçəkləyəcək. Gözünüzün önünə gətirin, bütün  binaları  çiçəyə bürünmüş Ağdam. 

 

Oxucu, bağışla, mən bu  yazını   fikirləşib  yazmıram, vəhylə yazıram, ürəyimə nə gəlir onu yazıram. Ona görə  mətləbdən  çox uzaqlaşıram.

İndi Bakıdan, gözəlim Bakıdan, qibləm  Bakıdan, gözəlim  Ağdamdan, qibləm Ağdamdan iki min kilometr  uzaqdayam.  Atamın mənlə  məzələndiyi  kimi, axşam  Bakıya uçub səhər Ankaraya  qayıtmağa  nə gücüm vardı, nə də pulum çatardı.  Ankara  nə qədər  doğma  şəhər olsa da Bakı üçün, xüsusilə də nəvələrim  üçün it kimi darıxırdım.

Bir səhər  yuxudan duranda özümdən asılı  olmayaraq yerimdə  sakitcə ağlayırdım. Xanımım  hiss etdi, dedi, niyə ağlayırsan? Dedim ki, çəpişlər  yadıma düşüb.

Nəvələrimə «çəpişlər» deyirəm.

Xəstəxana şəhər mərkəzindən təxminən  40-50 kilometr məsafədə idi. Deyək ki, təxminən  Mərdəkan. Xəstəxananın aurası məni daha çox sıxırdı. Burdakı insanların heç  birinin gözü gülmürdü, bircə həkimlərin, tibbi personalın baxışları  mülayim idi, ümidverici idi, zarafatlarından da qalmırdılar.

Məni daha çox sıxan körpə  uşaqlar idi.   Müalicəsi  mümkün olmayan bu xəstəliyə  tutulmuş uşaqların günahları nə idi, Allah? Allahım, sən çox adilsən, özümü  demirəm, təki bu körpələrin valideynlərinin  səndən  ümidi  kəsilməsin.

Bir azərbaycanlı ailə vardı, 8-9 yaşlarında qızları  əməliyyatdan  uğurlu  çıxdı. O ata-ananın gözlərindəki  sevinci görsəydiniz. Atasını  bağrıma  basıb təbrik etdim. Bəlkə mən onlardan da  çox sevinirdim.

Xəstəxananın girəcəyində bir şəffaf qutu qoymuşdular. Ürəyi istəyənlər burda yatan uşaqlara  kömək məqsədilə həmin qutuya pul atırdılar. Baxıram, iki yüz lirə  atan var, hətta yüz dollar  atan var, beş-on lirə atanlar da var, hər kəs imkanı daxilində. Mən də   hər dəfə xəstəxanaya girəndə mütləq o qutuya imkanım daxilində pul atardım.

Xəstəxananın aurası məni sıxdığından  orda qalmaq istəmədim, üzbəüz bir otel  vardı, bir müddət orda qaldım, daha doğrusu, qaldıq. Sonra həkim dedi ki, o otel çox bahadı, ətrafda butik otellər var, onlar ucuzdu, həm də rahatdı.

Xəstəxana varlıların  yaşadığı bir qəsəbədəydi. Hər yan bir-birindən yaraşıqlı villalar idi. Bizdən fərqli olaraq bu villaların heç birinin  hasarı yox idi. Sadəcə olaraq  bir metr, metrə yarım hündürlüyündə dəmir tor çəkmişdilər, bəziləri də həmin tora sarmaşıq dırmaşdırmışdı. Çox səliqəli bir qəsəbə idi. Həkimlər  tibbi personala dedilər, onlar da bizim üçün bir butik otel tapdılar – rahat, səliqəli. Bircə narahatçılıq o idi ki, otaqdakı televizor yalnız türk kanallarını  göstərirdi, beş-altı kanalı çıxmaq şərtilə yerdə qalan 200-250 kanal… bizim özəl kanallar onların yanında toya getməli idi. O ciddi 5-6 kanal isə 24 saat yalnız və yalnız Qəzzadan danışırdı. Alimlər, yazıçılar, əməkli hərbçilər eyni şeyi nə qədər  təkrarlayırdılarsa, o da bir  tərəfdən  adamı yorurdu.

Ən maraqlısı da o idi ki, milyonerlərin yaşadığı qəsəbədə üçcə ucuz kafe vardı, iki dənə də market.

Birinci gün getdik bu kafelərin birinə, adı da «Xalanın yeri», dönər yemək istədik, amma yeyə bilmədik. Bir az düyü yedik, bir tikə ət də daddıq, onu da yeyə bilmədik və durub çıxdıq.

Ondan  sonra dostlarla və özümüz həmin yerin  qarşısından keçəndə bərkdən deyirdim:

 

- Sənin xalanı…

Dostlar da təəccüblənirdi.

 

Gözəl restoranlar şəhərin mərkəzində idi, ora da   gedib-gəlmək üçün  iki saat vaxt lazım idi Şənbə-bazar, bəzən də ara günlər Avrasiya Yazarlar Birliyinin başkanı Yaqub Öməroğlu gəlib bizi yendirirdi şəhərə, bahalı restoranlarda ağzımız dada gəlirdi.

 

Yaqub bəy tez-tez Türkiyənin şəhərlərinə konfranslara, tədbirlərə  gedirdi, yaxud türk  dövlətlərindəki  tədbirlərə qatılırdı, onda lap darıxırdıq. Bir də görürdük ki, qızı Özgə və xanımı Həvva xanım gəldilər, bizi götürdülər yendirdilər şəhərə gəzməyə. Sonra da normal bir restoranda nahar edirdik.

 

Mən qarınqulu deyiləm.  Anam  yazıq həmişə deyirdi:

- Aqil dəvəsi ölmüş ərəbdi, nə verirsən yeyir.

 

İndi dəvəm ölmüşdü, amma mən ərəb deyildim. Qədir Rüstəmov  həmişə deyirdi ki, ərəblər kərtənkələ yeməkdən kərtənkələyə oxşayır.

Dedilər ki, Heydər Əliyev parkında «Bakı» restoranı var, Azərbaycan xörəkləri  verirlər. Bir gün taksiyə oturub getdik Heydər Əliyev parkına. Doğrudan da qeyri-adi, gözəl, səliqəli  bir park idi. Ətrafdakı əhali  istirahət üçün bu parka yığışırdı. Parkın ortasında da Ulu Öndərin möhtəşəm bir heykəli  ucaldılmışdı. Parkı doyunca gəzdik, sonra da çıxdıq «Bakı» restoranına, amma restoran o deyildi. Yəni yeməklərinin dadı yaşadığım milyonerlər məhəlləsindəki kafelərdən fərqlənmirdi. Bircə dovğaları  xoşuma gəldi.

Türkiyədə kababı sümüksüz ətdən bişirirlər. Sümüyün ki tamı kabab bişirəndə ətə çıxmadı, apar qaytar. Otel sahibindən xahiş edirdim ki, mənə kəmikli ətdən («sümük» onlarda sarsaq sözdü) kabab bişirə  bilərsən?

- Köylü kababımı istəyirsən?

- Hə, qardaş, mən özüm də köylüyəm. Həm də lap yekəsindən.

Ağdamda ov həvəskarı Xallı Şahinin qardaşı Allahverdi vardı. Həddindən artıq kök  olduğundan dostlar ona  Pota Alik deyirdilər. Heç ov-zad da sevən deyildi.

Bir gün əl çəkmədi ki, mən də sizinlə ova getmək istəyirəm. Qoşuldu biz avaralara, getdik Ağcabədiyə – Ağgölə.  İki-üç saat  fırlanırıq, əlimizə bir şey keçmir. Alik də yorulub, əsəbləşib və çığırır:

- Evə getmək istəyirəm, dolma yemək istəyirəm, katlet  yemək  istəyirəm.

İndi Alikin  sözü olmasın, mən də evə getmək istəyirəm, dolma yemək istəyirəm, katlet  yemək istəyirəm. 

 

Bir gecə dostum  Mehman Muradlının  xanımı, TRT-də çalışan Günay Arda hardansa qəfil  gəldi  çıxdı. Elə bil gecənin qaranlığında gün doğdu, darıxmaq da yadımızdan çıxdı. Ordan-burdan xeyli  dərdləşdik. İşindən-gücündən, TRT-dən danışdı. Sonra günəş batdı, yəni Günay Arda çıxıb getdi. 

Günay Ardanı yola salarkən xanımım dedi:

- Bu da hər gün çığırıb-bağırır ki, evə getmək  istəyirəm, dolma yemək  istəyirəm, katlet yemək istəyirəm.

Aradan iki gün keçmiş Günay xanım bir gecə yenə gəldi. Qoltuğunda da böyük bir  qazan, tənək dolması  bişirib gətirmişdi. Özü də mənim istədiyim Qarabağ dolması.

Dolmanı acgözlüklə az qala  ağzıma yox, gözümə təpirdim. Xanımımı da, Günay Ardanı da gülmək tutmuşdu.

 

Bir boşqab da otelin sahibi Fateh bəyə verdim:

 

- Abi, al, gör dolma necə olar? Yoxsa sizin  sarma…

Üç gün kef elədim ey, ürəyimdən vodka içmək də keçdi.

Fateh bəy dedi ki, bizdə vodka olmur, istəyirsən rakı gətirim. 

 

Dedim:

 

- Yox, yox, heç onun şüşəsini də görmək istəmirəm.

92-ci il idi. Vaqif Cəbrayılzadə (Vaqif Bayatlı Odər), Zakir Fəxri və bir neçə dostla ilk dəfə İstanbula getmişdim. Görkəmli alim Turan Yazqanın oğlanları bizi bir axşam yeməyə dəvət etdi. Hamı rakı içirdi. Ona su qatırlar, onda da şüyüd iyi gəlir. Dedim ki, mənim rakıma  su qatmayın.

 

Turan Yazqanın oğlu:

- Bəy, onda səni çıldırdacaq.

 

- Nə çıldırdacaq ey,  onun  dərəcəsi  altmışdır, bizdə tut arağının dərəcəsi  səksən.  Onu içə bilirik, indi bunu içə bilməyəcəyik?

 

- Bəy, vallah, səni çıldırdacaq.

- Çıldırdacaq, çıldırdacaq da.

 

Nə isə, normamı, yəni 250 qram  rakını  susuz  içdim. Sonra da durub  restorandan  çıxdıq, otel də yaxın idi, deyə-gülə, zarafatlaşa-zarafatlaşa gəldik otelə, çay içməyə. Amma gördüm susuzluqdan yanıram. Nə qədər su içirdim, susuzluğum yatmırdı, təxminən iki litr su içdim. Xeyiri olmadı, xeyiri o oldu ki, otağa  çıxanda gördüm  nəfəsim kəsildi. Nə qədər  edirəm  nəfəs ala bilmirəm.

Dostlar  yığışdı  başıma. Zakiri söyürəm ki, ə, görmürsən ölürəm, qoyma. Vallah, ölsəm dədəm səni gülləylə vuracaq. Nə isə,  həkim  çağırası  oldular. Həkim gəldi, nəbzimi yoxladı, day nə bilim nəyi  yoxladı və soruşdu  ki, bu nədən belə olub?

Zakir dedi ki, 200-300 qram rakını susuz içib, sonra da otelə qayıdanda üstündən də iki  litr su.

Həkim başını bulayıb:

- Arkadaş, day denən bu iki litr rakı içib ki? Su bədənində  rakı ilə reaksiyaya  girib. Mən buna heç nə edə bilmərəm. Burda həkimlik bir şey yoxdu, ya öləcək, ya qalacaq. Mən  də çığırıram ki, Zakir,  həkimi buraxmayın.

Birdən həkim soruşdu ki, rus vodkanız var? Dedilər, var.  Dedi, gətirin bir yüz qram buna içirdin. Mən də çığırıram ki, içə bilmərəm. Həkim dedi ki, burnunu tutun, məcbur içirdin. Beləliklə, zorla mənə rus vodkası içirtdilər. On dəqiqə  sonra  nəfəsim  açıldı, özümə  gələ bildim, yerimdən  qalxıb oturdum.  Əhvalım düzəlmişdi. Zakir də qayıtdı ki, düz deyirlər, pazı pazla çıxararlar.

O gündən rakıya nifrət edirəm. Hətta butılkasını görəndə allergiyam tutur. Bunu Türkiyədəki dostlarım da  bilir, məni qonaq aparanda rakı içmirlər. Qəşəng də  ad qoyublar: «Aslan südü». 

Bakıya dönən kimi  barımda nə qədər «Aslan südü» vardı ikinci mərtəbənin  pəncərəsindən  hamısını  atdım çölə.

Və beləliklə, dolmanı üç gün ürəyimdən keçsə də vodkasız yeyəsi oldum. Heç demə, vodkasız daha  dadlı olurmuş.

Xəstəxana ilə qaldığımız otelin arası təxminən  kilometr yarım yol idi. Hər səhər  saat 9-da piyada  düşürdük yolun ağına. Və bizi hər səhər bu yolda yarımçıq bir villanın  həyətində  bahalı bir it qarşılayırdı. Bizi görən kimi də özünü cırırdı, az qalırdı  zəncirini qopara. Gülüb deyirdim:

-  Ay qancıq oğlu, qancıq  neçə gündü bizi tanımadınmı?

Xeyiri yox idi. Məhlə qurtarana qədər hürürdü. Onunla qonşu villada iki dənə eşşək  boyda it vardı. Türklər  bu itləri Qanqal adlandırırlar. Avşarların qoyun  itindən də böyük.  Avşarlar  belə  itlərə «ikimərtəbəli it» deyir. Həmin  ikimərtəbəli itlər bizi heç veclərinə də almırdılar, elə gözləri ilə müşayiət edirdilər. Hərdən də o qancıq oğlu qancığa mırıldanırdılar ki, səsini kəs. Bu hal xəstəxanadan dönəndə də baş verirdi. Xanımıma deyirdim ki, bəlkə səhər gələndə buna sucuqdan-mucuqdan gətirib ataq, zəhləmizi tökməsin.  Gətirib atdıq da, xeyiri olmadı, heç yemədi. Deyəsən sahibi bunu öyrətmişdi ki, yad adamın verdiyi  heç nəyi  yemə. Amma adamlar var ki, yad  adamlar nə versə gözlərinə təpirlər.

 

(Ardı olacaq)

Aqil ABBAS

Ədalət .-  2023.- 15 dekabr,¹ 48.- S.3.