Biri  Səsdi, biri  Sözdü  qolboyun   

 

Ustadım Seyran Səxavətin şeirini işığında  Dədə Süleymanın Ruhuna...

 

Bu bir həqiqətdir ki, sözlə musiqi həmişə bir-birini tamamlayıb. Ona görə də söz olan yerdə musiqinin, musiqi olan yerdə sözün at oynatması təbiidir. Təbii olan isə həmişə  ruh oxşayır, könül sevindirir. Bax, bu mənada hər dəfə kökləndiyim musiqinin sözünü də özümdən asılı olmadan gözüm, könlüm axtarıb tapır. Yəqin ki, siz də beləsiniz. Əgər bir anlıq gözümüzü yumub həmin musiqini dinləsəniz, o səsin də sizin yanınızda olduğuna, sizinlə çiyin-çiyinə dayandığına əmin olacaqsınız... Yəqin ki, Seyran Səxavətin xanəndələrimizin, müğənnilərimizin ifasında səslənən şeirlərini dinləmisiniz. Və onun musiqiyə necə yatdığını da hiss edib yaşamısınız.

 

Bugünlərdə Seyran Səxavətin ilk kitabı diqqətimi çəkdi. Əl boyda olan kitabı vərəqləyəndə, yəni «Mənim planetim»lə tanış olanda yenə həmin musiqinin kitabxanama axıb gəldiyini hiss etdim və elə həmin ovqatla da «Bir şairin bir şeiri» layihəmin mövzusunu tapdım. Bu mövzu da Seyran Səxavətin «Həzin-Həzin»i oldu. Şair yazır ki:

 

Tarını götürüb düşdün canıma,

Nidalar gözümə göründü, qardaş.

Xallar damarımdan keçib qanıma,

Bütün bədənimi süründü, qardaş.

 

Misralar tarın sədaları altında artıq mənim də içimdə sürünürdü, məni də çəkib aparırdı o simə tərəf, o barmaqlara tərəf, o avaza tərəf və elə bilirdim ki, həqiqətən o tarı sinəsinə sıxan adamla, o ifaçı ilə üz-üzə dayanmışam. Hətta onun başını tara necə söykədiyini, gözlərini necə yumduğunu hiss edirəm, görürəm. Və bu ovqat da məni sözün meydanına tərəf çəkir. Həmin an böyük xanəndəmiz, mərhum və unudulmaz İslam Rzayev    yazılmış misralarımı düşünürəm. Elə bilirəm ki, o tarın sədasında bu misralar da ruha xoş gələr:

 

mən bu səsin işığını görürəm

bu səs mənə təbiəti göstərir.

kol dibinə sığınaraq gizlənən –

toxunmadan, bənövşəni göz dərir...

 

Bilmrəm, siz indiki anda nə düşünürsünüz, nəyi xatırlayırsınız. Amma mən elə bilirəm ki, Seyran Səxavətin misralarının yaratdığı ovqat,  barmaqların  simə verdiyi dəyər indi o qədər yerinə düşübdür ki, orada saatlarla oturub qalmaq, xəyala dalmaq mümkündür və xəyal da qanadlandıqca istər-istəməz İslam Rzayevin səsi də gəlib tapacaq səni. Çünki onu arzulayırsan, onun işığına üz tutmusan. Bunu təkcə mən demirəm. Bunu həm də Seyran müəllimin misraları deyir:

 

Tar üstə xəyala elə daldın ki,

Babamın zilini, pəsini duydum.

Sən elə çaldın ki, elə çaldın ki,

Ötən əsrlərin səsini duydum.

 

 

Mən təkcə bugünün səsini, bu anın ovqatını özümə kökləmişdim və özümü də ona təslim etmişdim. Amma Seyran müəllim ötən əsrin də səsini şeirə çevirib onu da yaddaşımızın qaranlıq guşəsindən çəkib çıxarıb işığa. Həm zili, həm pəsi nur olan o səs yolumuza səpələnib. Və biz də bu yolla həmin o səsin dalınca getmişik və gedirik. Ona görə də yazıram:

 

mən bu səsin gözlərini görürəm

ovsunlayır qəmzəsiynən, nazıynan.

mən bu səsin izlərini görürəm –

vəsf eləmək çətindi bir yazıynan...…

 

İnanın ki, bu yaşadığım, bu şeirləşdirdiyim misralar bir reallığın, bir gerçəyin özüdü, əks-sədasıdı. Xüsusilə, böyük xanəndənin ifasında dinlədiyim bir az kədərli notlara köklənən «Mən dünyada olmayanda» nəğməsi məni əməlli-başlı özümdən alır. O səs də, o ifa da mənim üçün möcüzəyə çevrilib. Bu sirlər dünyasında həm səsin, həm musiqinin təsiri ilə axtardığın gözün, gülün, çiçəyin özünü görmək və bir də sənə o musiqini təqdim edənin baxışlarını oxumaq, qəlbinin döyüntüsünü duymaq, Segah, Şur ovqatı yaşamaq necə də gözəldir. Bunun da gözəl olduğunu bir az da dəqiqləşdirsəm, o gözəlliyin yaşanmasının zərurətini də Seyran Səxavət deyir mənə, eləcə də sizə:

 

Gül, gülən gözündə şimşəklər çaxsın,

Mizrabı tellərə vur həzin-həzin.

Bu elin qəlbinə süzülsün, axsın,

Segah həzin-həzin, Şur həzin-həzin.

 

Həqiqətən, Şurun da, Segahın da həzinliyində sözün gözəlliyi də, yatımı da adamın şah damarına qədər işləyir. Elə bilirsən ki, o sözü də sən yazırsan, sən deyirsən. Bax, bu balanslaşdırma, bu tarazlıq az qala adamın ayağını yerdən qoparır. Və sənin ruhunla birlikdə, cismin də fəzada ən gözəl bir məkanda qərar tutur. Orada səni işığına getdiyin səs qarşılayır. O səs də İslam Rzayevin səsidir:

 

mən bu səsin əllərini görürəm

qarışdırır, sığallayır saçımı.

mən bu səsi köynək kimi geyirəm –

unutdurur kədərimi, acımı.

 

Deyə bilərsiniz ki, burda mən bədii sözün gücünə söykənmişəm. Necə deyərlər, şairlik eləmişəm. Amma bütün hallarda yenə təkrar edirəm ki, İslam Rzayevi dinləyəndə, Dədə Süleymanın səsinin içərisində olanda mən həqiqətən səsin əlini, ayağını da, yəni bütün vücudunu görə bilirəm. Lakin bilmirəm ki, bunun səbəbi, nədəni nədir?! Ona görə də lap çox dinləyirəm. O nədəni tapmaq yolundan dönmürəm. Bu yolda Seyran müəllimin misraları da köməyimə çatır:

 

Bir ölən həsrətim dirilib indi,

Fikirlər beynimi yormaq istəyir.

Sarı sim sərhədtək gərilib indi,

Mizrab o sərhəddi qırmaq istəyir.

 

Yəqin ki, bu məqamda mənim niyə məhz Seyran müəllimin misralarının köməyimə çatdığını söyləməyimin açmasını tapdınız. Həqiqətən, bir sevgi həsrəti, bir ömür nisgili, bir sərhəd xətti kəsir yolumu. O yolu ancaq səs və musiqi keçib gedə bilir, bir də xəyalım. Elə həmin xəyalla da indiki anıma, yəni kitabxanamda baş-başa qaldığım dünyaya qayıdıram. Misralar yenə öz axarı ilə sıralanır. Bu misralar İslam Rzayevdən, onun səsindən bəhrələnibdi:

 

mən bu səsin özü ilə üz-üzə,

danışıram, illər düşür yadıma.

toxunanda ürəyimə kim isə –

simurq kimi gəlib çatır dadıma!

 

İnsan ümidsiz olanda saman çöpünü də axtarır. Kül altdakı qoru da arıyır. Bu mənada səsi həmsöhbətim olan, nəğməsi ruhumu oxşayan unudulmaz xanəndəmizin yaratdığı ovqatla Seyran müəllimin misralarını təqdim etdiyi tarın işığı qovuşur bir-biri ilə. Həmin kəsişmə nöqtəsində yenə Seyran müəllimin şeiri dayanır. Özü də öz səsində, öz təqdimatında:

 

Bu tarla insanı qardaş, mənə bax,

Oxşamaq da olar, yormaq da olar.

Tarçının ürəyi sinəsində yox,

Tarçının ürəyi barmaqda olar.

 

Bu, bir həqiqətdir. Özü də Seyran Səxavətin möhürlədiyi həqiqət. Bütün musiqi bilənlər hər zaman vurğulayırlar ki, ifada barmaqlar şərtdir – barmaqlar danışa bilirsə, onda ifa dipdiri olacaq, canlı olacaqdır. Ona bir az da ürəyi, ruhu qatanda özgə bir aləm yaranacaq. Elə Seyran müəllim də həmin o mənim yozduğum fikri şeirinin sonunda möhürləyib. Həm mənim yaddaşıma, həm də oxucuların. Mən də ustada baxıb böyük xanəndəmizə hələ sağlığında yazdığım şeirin sonunu belə tamamlamışam:

 

mən bu səsin əhatəsi içində

yaşayıram, düşən gündən tilsimə!

gördüyümü yaşadığım üçün də –

məni dəli saymağa heç tələsmə!

 

Budur, sözün, səsin, musiqinin təmasından doğulan yazı. Mən onu kağıza köçürəndə, daha doğrusu, bilgisayarımız Elnarə xanıma diktə edəndə həqiqətən o səsi də, o ifanı da, o məqamı da yaşayırdım. Yanımda tar, yəni onu ifa edən barmaqlar, başımın  üstündə Seyran Səxavət, gözümün önündə İslam, Dədə Süleyman... Bir sözlə, musiqili, nəğməli bir an!..

P.S. Bu yaşamda, nədə səhv etdimsə, ustadımdan üzr istəyirəm.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət .-  2023.- 15 dekabr,¹ 48.- S.6.