Dan üzünün duası
Əbülfət Mədətoğlu ilə təqaüdə
çıxmaq yaşımızın - 65 illiyimizin bizi təxminən
eyni vaxtda haqlaması onun yaradıcılığı
haqqında söz demək, ona yubiley təbriki yazmaq səlahiyyətinə
və məsuliyyətinə məni də ortaq eləyir. Biz
dünyaya da, ədəbiyyata da - bir az aşağı, bir az
yuxarı - eyni vaxtda gəlmişik və sözün
dünyası haqqında düşüncələrimizin ortaq
dayaqları, bağları çoxdur. Elə ortaq olmayan məqamları
da bir-birimizlə bölüşməyimiz çətin deyil:
sözə münasibətdə düşüncələrimizdəki
fərqlərin nə olduğunu, nədən gəldiyini
bilirik...
Əbülfət Mədətoğlunun imzası ilə
oxucuların ilk ciddi tanışlığı 1980-ci illərdə
olub. Onun bir şair kimi sözə yanaşması, sözdən
şeir yaratmaq istəyi və bacarığı,
yaratdığı şeirlərin bədii dünyası o illərin
ədəbi iqliminin içində yoğrulub-yapılıb və
o illərin ədəbi ənənəsi, aparıcı təmayülü
ilə qırılmaz şəkildə bağlıdır.
Əbülfətin yaşı irəlilədikcə,
təcrübəsi artdıqca baxışlar hədəfi
uzaqda axtarsa, gözlər uzağa dikilsə, üfüqlər
dərinləşib genişlənsə də, onun
yaradıcılığının ilkin başlanğıc
dayağı yerini dəyişmədi. Ən əsası da
üstündən zamanın sərt yelləri əsən,
fırtınalar, tufanlar görən bu başlanğıc
öz ilkinliyini və təravətini saxladı...
Baxdım, ölçdüm, düşündüm
Gözüm yolda bozardı.
Mən həsrətdən üşəndim
Yanaqları qızardı -
kədərin!
Bu sevginin hər anı
Məni aldı qoynuna.
Yerdə qoyma bu qanı
Sən onu yıx boynuna -
kədərin...
Əbülfət Mədətoğlu bədii
sözün qapısını döyəndə, ədəbiyyata
"mən gəlirəm" deyəndə şeirin baş qəhrəmanı
kədər olsa da, şairlərin gözündə dünya
daha işıqlı idi və şeir insana da, dünyaya da
işıq tərəfindən, ağ yanından baxmağa
üstünlük verirdi. Kədərlə üz-üzə
dayanan şeir nikbinlik axtarışında idi və həmin
illərdə ədəbiyyata gələn ədəbi nəslin
yaradıcılığı estetik
başlanğıcını və gücünü
işıqdan alırdı. Bu gün o zamanın şeirindəki
işığı, sabaha ümidi görməmək və
qiymətləndirməmək həmin dövrün poetik
dünyasını görməmək demək olardı. O
dövrün gəncliyinin yaradıcılığına daha
çox təsiri olan Əli Kərimin dünya ilə vida
yazısının - "Vəsiyyət" şeirinin də
son misraları şeiri işığa əmanət
etmişdi. Şair övladlarına da, oxucularına da, ədəbiyyata
özündən sonra gələn şairlər nəslinə
də öz təbəssümünün
işığını yadigar qoyub getmişdi:
Asın təbəssümümü
divar
lampası kimi
başı
üstdən
üç canımın,
üç
igid
oğlanımın,
Paşamın,
Azərimin,
Orxanımın...
Əbülfət Mədətoğlunun 1988-ci ildə
nəşr etdirdiyi ilk şeirlər kitabının, "Səməni
nəğməsi"nin adı da oxucuya işıq vəd
edirdi. Şairin özünü ədəbi ictimaiyyətə
təbiətin dan üzünün - baharın rəmzinin
adı və obrazı ilə təqdim etməsini onun
yaradıcılığının mayasını, xəmirini
müəyyənləşdirmək baxımından təsadüf
saymaq doğru olmazdı.
Onun (və təmsil elədiyi şairlər nəslinin)
yaradıcılığında işığın,
ümidin leytmotiv təşkil etməsi ədəbiyyata
sonradan gələn nəslin yaradıcılığı ilə
müqayisədə daha qabarıq və parlaq
görünür: bugünkü yeni və ən yeni
poeziyamızın aparıcı motivi qaranlıq və
qeyri-müəyyənlikdir. İndi şeir daha çox
cavabı olmayan suallar qoyur və itdiyi qaranlığın
içində ölümə, intihara, həyatın mənasızlığına
tapınır. Əlbəttə, bu, toplum psixologiyası və
sosiologiya baxımından arzuolunmaz təmayüldür və
bunun arxasındakı ciddi ictimai səbəbləri görməzdən
gəlmək olmaz. Sənət baxımından isə hər
şairin yaradıcılığına fərdi
yanaşmağa, hərəni istedadının səviyyəsinə
və ədəbi prosesdəki yerinə görə qiymətləndirməyə
ehtiyac var. Qaranlıqdan səslənən, çarəsizlik,
ümidsizlik ifadə edən şairlərin
istedadlıları və istedadsızları var. Onların
yaratdıqları şeirlərin güclüsü və
gücsüzü, orijinalı və bayağısı,
yaxşısı və pisi var. Ancaq heç şübhəsiz
ki, şeirimizin qaranlıq bolluğunda və
qatılığında da "pessimist nəsil"
modasından gələn israfçılıq öz işini
görməkdədir. Yeni şeirin də "bədbəxtlik"
sözünə qafiyə axtaran öz Moşuları var...
Tarixin tərsliyindən Əbülfət Mədətoğlunun
ilk kitabı - "Səməni nəğməsi" nəşr
olunan ildən etibarən ölkəmizin üzərində
nikbin nəğmələrin deyil, sərt harayların kabusu
dolaşmağa başladı və həmin qara kabus milli
taleyimizi çulğaladı, tariximizin üstünə
qatı bir qaranlıq çökdü. Əbülfət Mədətoğlunun
işi isə lap nəhs gətirdi. Anadan olduğu Tuğ kəndi,
Qarabağ torpağı milli psixologiyamızın tarix boyu ən
güclü sarsıntısının episentrinə
düşdü. Böyük güclərin məkrli oyununa
çəkilən və bu oyuna həvəslə girən
millətlər arasında ədavət getdikcə
qızışdı, qatı qaranlıqlara qızıl qanlar
töküldü, qaçqınlıq, didərginlik,
Əbülfət Mədətoğlunun öz sözü ilə
desək, "Vətəndə vətənsizlik"
başladı. Otuz ildən uzun sürən bir müddətdə
məğlubiyyət acısı ilə sarsıntı
içində yaşamağa məhkum edildik. Həyat bədii
əsərdən daha dramatik və daha faciəli oldu...
Bu qarışıq tarix içində
sözünü inadla deyən və eşitdirməyə
çalışan şairlərdən biri Əbülfət
Mədətoğludur. O, publisistik yazılarında israrla
"torpaqlarımız yalnız hərbi yolla azad edilə bilər!"
qənaətindən çıxış etsə də,
şeirin sehrinə inamını heç itirmədi.
Əbülfətin və Qarabağdan yazan şairlərimizin
xidməti onda oldu ki, onlar insanlarımızın içindəki
Qarabağı, bədii ədəbiyyatın
yaratdığı Vətən obrazını işğal
olunmağa qoymadılar. Qaranlıq işğal illərində
yurdun, torpağın taleyinə həsr olunan şeirlərin də
fərqləndirici tərəfi oxucuya ümid, işıq
aşılamasıdır:
Havalanmış ruhum şimşək
Bəsdi, mənə sən az şum çək!
Əbülfəti bir bayraq tək
Taxdım dağlara, dağlara...
Doğma yurd xiffəti, uşaqlıq xatirələrinə
qayıdış, zamanı geri döndərmək istəyi
dünyanın düz vaxtında da şeiri müşayiət
edib və edir. Bu, təbii bir yaddaş hadisəsidir:
gözünü açanda gördüyü dünyanın
xiffətini hamı yaşayır. Şairlər isə
"günahı öz boyunlarına çəkir", bu
xiffətə şeir donu geyindirib, onun təsirini daha da
artırırlar. Ən yeni tariximizin Qarabağ xiffətini isə
təbiətin və yaddaşın qanunu ilə izah etmək,
anlatmaq mümkünsüzdür. Azərbaycan öz müstəqilliyinin
qürurunu yaşamağa macal tapmamış
yaddaşımız sevər yerindən yaralandı və
Qarabağ xiffətinə həsr olunmuş yazılara bu
yaradan sızan qan hopdu...
Bu mürəkkəb ictimai psixilogiyanın içində
işıqlı şeir yazmaq və ya axtarmaq məntiqdənkənar,
paradoksal görünə bilər. Ancaq bu da bir həqiqətdir
ki, bədii sözün adi nitqdən başlıca fərqləndirici
keyfiyyətlərindən biri məhz onun
paradoksallığı, məntiqin fövqündə
olmağıdır.
Əbülfət Mədətoğlunun 2019-cu ilin ilk
günündə yazdığı bir şeiri var: "60
yaşın ilk şeiri". Əslində, həmin
günün dərinliyində bir bayram havasının əsintisi
də gözlənilə bilərdi: Dünya Azərbaycanlılarının
Həmrəyliyi günü, Yeni il, bir də yanvarın 1-də
anadan olmuş şairin doğum günü. Ancaq əlini
üzünə dayamış şairin iç
dünyasının dərinliyində başqa bir əsinti
dolaşır və bunu kiminsə kənardan görməsi
imkansızdır:
İndi
əlim çənədə,
gözlərim pəncərədə,
xəyalım uzaqlarda...
səhərdən
çıxıb getmişəm
bu şəhərdən...
Tuğdayam,
qurşağa qədər
qarın içində -
dağdayam...
Şeirin mətni incə bir tabu, "adıdeyilməz"
üzərində qurulub: burada nə düşmən əsirliyində
qalan Tuğun, nə Qarabağın, nə də Azərbaycanın
digər ərazilərinin işğal altında olması ilə
bağlı hər hansı bir eyham və işarə var. Sadəcə,
şeirin lirik qəhrəmanının (bu ədəbiyyatşünaslıq
termininin burada nə dərəcədə yerinə
düşdüyünü bilmirəm) xəyalı
doğulduğu torpaqda, Tuğda dolaşmaqdadır. O, əhatəsində
olduğu hər kəsdən, hər şeydən qopub
ayrılmaq, "dörd divardan ibarət dibçəkdə
yaşamaq mövcudluğundan" qurtulmaq, bir zamanlar Tuğda
qarı xışmaladığı kimi indi də zamanı
xışmalayıb, ovcunun içində saxlamaq, qayalardan
sallaşan buz sırsırası arasında yer tutmaq, uzaqlarda,
xatirələrdə qalmış, düşmən gülləsi
ilə yaralanmamış, paralanmamış,
parçalanmamış ilkinliyə qovuşmaq istəyir. Onun
üçün yaşamaq - Tuğda qurşağa qədər
qarın içində buz bağlayıb daş olmaqdır.
Amma
bir Allah görür
bir də sən
harda olduğumu
bu qarın içində
hıçqırıqlara boğulduğumu...
Yaşın, ömrün qürbəti ilə
torpağın və yaddaşın qürbəti bir-birinə
tən gələndə isə insanın içindəki
uçurum dərinləşir. Uçurumun o biri
qaşından adını dilinə gətirə bilmədiyin
məlul-məyus, boynubükük segvi boylanır. Uzaq illərin
və xatirələrin bu sahilində bayram süfrəsi
başında yanlarında oturduğun ən yaxın, ən
doğma insanların belə sənin haralara getdiyindən xəbəri
olmur.
İndi əl çənədə
göz pəncərədə
ad günümdə
süfrə başında
oturub
geri qayıtmağımı
gözləyir
sakitcə uşaqlarım
hələ də...
Burada "geri qayıtmaq" frazasının iki mənada
yozulması və qavranılması mümkündür. Bir -
şairin daldığı və heç kimin görmədiyi
həsrət dünyasından, xatirələr aləmindən
geri qayıtmaq, bir də tərk etdiyimiz torpağa, xəyalın
dolaşdığı yurda geri qayıtmaq...
Və biz qayıtdıq...
Geri qayıtmadıq. İtirdiyimiz torpaqları əsirlikdən
xilas eləyib, irəli, tariximizin yeni və şərəfli
başlanğıcına döndük.
Uzun sürən və bizim nəslin payına
düşən ayrılıqdan sonra sözümüz Müzəffər
Ordusu zəfər çalmış qalib dövlətin və
millətin səsi kimi yüksəlməyə və
eşidilməyə başladı.
Bizi bu şanlı tarixə qovuşduran, müqəddəs
xatirəsi bizə daim əziz olan şəhidlərimizi ən
təntənəli yığıncaqlarımızda bir qədiqəlik
sükutla yad etmək isə yazılmamış qanunumuza
çevrildi.
"Bir dəqiqləlik sükut"u əbədiləşdirən
şairlərdən biri Əbülfət Mədətoğludur
və bu şeir də dan üzünün duası kimi
işıqla doludur.
Tətikdəki barmağı
Ürəyimlə öpəcəm!
Şəhid qanlı torpağı
Gözlərimə təpəcəm!
Son hücumun nidasını
Bayrağıma tən tutub...
Hayqıracam sədasını:
- Döyüşü vətən udub!
...Bu yazını Əbülfət Mədətoğlunun
60 illiyi münasibətilə yazmağı nəzərdə
tutmuşdum və bu barədə özünə də
"informasiya sızdırmışdım".
Beş ildən sonra yazmalı oldum. "Hər işdə
bir xeyir var" deyiblər. Bu yazı beş il bundan əvvəl
yazılmış olsaydı, yəqin ki, təsəlli ilə
bitirməli olacaq və təsəlli üçün söz
tapmaqda çətinlik çəkəcəkdim...
İndi isə 65 yaşını döyüşdən
qalib çıxmış Vətəndə qarşılayan
şairə var səsimlə gözaydınlığı
verirəm!
Məti OSMANOĞLU
Ədalət .- 2023.- 15
dekabr,¹ 48.- S.6.