Yaxşılıqla pisliyin 55 illik mübarizəsi: "Qanun naminə" incisi

 

O günü bir lətifə oxudum: Deyir, 2 nəfər oturub filmə baxırmış, filmdə əli silahlılar baş qəhrəmanın arxasınca düşüb onu izləyir, fürsət düşəndə isə güllə ilə vurub öldürmək istəyirmiş. Filmə baxan biri başlayır qışqırmağa, “ayə arxadan gəlirlər, ayə ayıq ol, səni vuracaqlar, arxaya dön,, arxaya dön, əəəə vurdular eee, səni...”

Onunla film izləyən əsəbləşir.Deyir,  ə, yekə oğlansan,  azca qışqır də!  Hər dəfə bu filmə baxanda elə hey bağırırsan, çığırırsan, o heç səni eşitmir, yenə axırda güllələnir. Bitir də bu qaraqışqırığı!

“Qışqırıb-bağıran” halın pozmadan dönür dostuna tərəf: "Sən narahat olma! O arxaya dönənə qədər çığırıb-bağırıb onu xəbərdar edəcəyəm! Bu qədər çığırmağım havayı yerə getməyəcək ki.. axır bir gün eşidəcək, arxaya dönəcək!Ölməyəcək".

Uşaqlıq, yeniyetmə vaxtlarımızda ən çox baxdığımız filmlərdən biri də Azərbaycanin kino incilərindən olan hamımızın “Mehman” dediyimiz , elə bu adlada sevdiyimiz "Qanun naminə" filmi idi. Yəni, hər dəfə filmə baxanda Mehmanın tələyə salınıb qolçomaqlar tərəfindən tutulduğu məqamda bəlkə də ən çox çığırıb-bağıran”, sonra da Mehman öləndə ağlayanlardan biri olduğumu deyə bilərəm.

 

Bu il bu maraqlı və baxdıqca baxımlı olan filmin yaranmasından 55 il keçir.

Adalet.az xəbər verir ki, 1968-ci ildə yazıçı Süleyman Rəhimov "Mehman" əsəri əsasında rejissor Muxtar Dadaşov film çəkməyə başlayır.

Sənədli filmlər rejissoru kimi tanınan Muxtar Dadaşovun bədii kinoda ilk işi olduğu üçün bir çoxları rejissorun bu işin öhdəsində gələcəyinə çox da inanmırdılar. Film 1969-cu ildə tamamlanır və "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş bu film elə ilk baxışda tamasaçılar tərəfindən sevilir. Film sovet rejiminin təbliğatına uyğun olaraq povestdəki kimi “Mehman” yox “ Qanun naminə” adlandırılması prokuror Mehmanın simasında vicdanlı sovet məmurunu qəhrəmanlığını tamaşaçıya aşılamaq idi.

Həm tamaşaçı Mehman kimi dövlətinə sədaqətli vətəndaş , həm də dürüst məmur kimi tanıyıb, onu özünə kumir seçməsi, ona oxşamağa çalşması filmin əsas qayəsidir.

Filmin mövzusu 1930-cu illərdə Azərbaycan rayonlarının birində cərəyan edir, o dövrün hüquq-mühafizə orqanlarının gərgin fəaliyyətindən danışır.

Rayonların birinə işləməyə gəlmiş prokuror qatı cinayətlər törədənlərə qarşı mübarizədə öz həyatını qurban verməli olur.

Janrına görə dram, kriminal, triller elementlərini özündə ehtiva edən bu film haqqındakı söhbətimizə elə Mehmandan başlayaq: sovet və rus teatr və kino aktyoru, RSFSR xalq artisti Bimbulat Zaurbekoviç Vatayev 15 mart 1939-cu ildə Şimali Osetiyada anadan olub. Osetindir! İstedadı və yaradıcılığı ilə yaddaşlarda qalıb. Azərbaycanlılar onu heç vaxt Binbulat yox, “bizim Mehman” kimi xatırlayıb. Çünki Azərbaycan kinomatoqrafiyasına yeganə çəkildiyi “Mehman”la adını həkk etdirdi. Sevilən aktyor 9 may 2000-ci ildə vəfat edib.

Filmin 2-ci və ən nifrətoyadıcı obrazı (ən çox ölməsini arzuladığımız) Qaloşdur. Bu obrazın ifaçısı isə kino və teatr rejissoru, aktyor və pedaqoqu, Azərbaycan SSR xalq artisti Rza Təhmasib idi. Təsəvvür edin, dəyərli aktyor Rza Təhmasib bu personajın daxili aləmini bizə elə ustalıqla göstərmişdi ki, o filmdən sonra aktyoru başqa filmdə görəndə də əsbləşirdik. Qaloşun məkr, hiylə, ikiüzlülük, qorxaqlıq kimi sifətlərini maraqlı jestlərlə tamaşaçıya çatdıran R.Təhmasib bəlkə də həmin vaxt bilmirdi ki, sonradan insanlar ən zəhlələri qaçdığı, nifrət etdikləri insanları məhz ”Qaloş” deyə xarakterizə edəcəklər.

Rza Təhmasibin filmlə bağlı xatirələrində yazır:

“1969-cu il idi, "Mehman" filmi ekranlara təzə çıxmışdı. Bir gün axşamüstü kinostudiyadan çıxıb piyada gəzirdim. Qəfildən bir dəstə qadın mənimlə üz-üzə gəldi. Deyəsən yas yerindən qayıdırdılar, çünki hamısı qara geymişdi. Qadınlardan biri məni tanıyıb digərləri ilə pıçıldaşmağa başladı. Sonra məni dövrəyə aldılar. Məni tanıyan qadın düz gözlərimin içinə baxdı.

– Sizə dedim odur!

Çaşıb qalmışdım.

– İndi səni bizim əlimizdən kim alacaq?

– Üzr, istəyirəm, amma sizi başa düşmədim. Nə olub axı?

– Özünü tülkülüyə vurma, Qaloş. Başına panama qoyub, boynuna qalstuk taxmaqla deyil ey, sən necə qıydın Mehmana, onu de.

Hər şeyi başa düşüm. Gülümsündüm. Qadınlardan biri mənə diqqətlə baxıb dedi:

– Əşşi, bu o deyil. Oxşayır, ancaq o deyil. Qaloş belə gülə bilməz. Düz demirəm, ay qardaş, sən Qaloş deyilsən….

– Düz deyirsən, oxşatmısız, mən Qaloş deyiləm.

Məni oxşadan qadın bir də tərs-tərs baxıb uzaqlaşdı. Bir-iki addım atandan sonra anidən geri çevrildim, qadın hələ də geri boylana-boylana qalmışdı”.

Filmdə nəfəsimi tutub seyr etdiyim obrazlardan biri də Kamilovdur. Əynində mundir, başında papaq əllərini qaldırıb köhnə kişilərə xas "Çal, mənim havamı çal, heyvagülü" deyir və ağır-ağır oynamağa başlayır. Baxa-baxagözümün qarşısına ömrünün sonuna kimi əynindən mundirini, başından buxara papağını çıxartmayan kəndimizdimizin ağsaqqallar gəlirdi.Gəray baba, Kamil baba, Abdüləzim baba, Zülfüqar baba...

Bəlkə bu Kamilov obrazının daxili dünyası ilə Adil İsgəndərovun iç dünyası arasında bir doğmalıq olub? Həm obrazda, həm aktyorda bir ağsaqqallıq adamı məftun edirdi.. Bəlkə, o oxşarlıq bizi o obraza nifrət etməyə, o ağsaqqallıq imicinə görə imkan verməyib. Bəlkə içi saflıqla, səmimiyyətlə dolu Kamilova möhlət verilsəydi, əvvəlki həyatından fərqli olaraq yalnız xeyirxah əməllərlə məşğul olardı. Çünki onun daxili dünyası saf olsa da, sadəcə şeytan əməlinə qalib gələ bilməyib.

Mehmanın həyat yoldaşı, bir az qızıl-pul pərəst, bir az “xəyanətkar” hesab etdiyimiz Züleyxa- Azərbaycanın xalq artisti Flora Kərimovanın yaratdığı obraz. Bu haqda jurnalist-tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əlisəfdər Hüseynovun obraz haqqında fikirlərini bəyənməmək mümkün deyil: "Züleyxanın öz  ərinin həyat və məhəbət fəlsəfəsinə  uyuşmayan bu hərəkətləri onun içindən  gələn naqislik yox,  nə qədər qəribə olsa  da,  prokuror  ərinin diqqətsizliyi və səhvi ucundan düşdüyü tələnin yaratdığı fəsadlardır. Buna inanmaq üçün Züleyxa - Mehman tandeminə bir qədər geniş planda baxmaq lazım gəlir.

Gəlin, birlikdə baxaq.Mehman hər şeyə -  hətta ər-arvad münasibətlərinə, sevgi kimi incə, həssas məsələyə də öz vəzifə və sosial statusunun prizmasından baxır, ritorik, pafoslu cümlələrlə  elə danışır ki, sanki evində, ailəsinin içində deyil, universitet auditoriyasında mühazirə oxuyur. Bu isə onun xarakterindəki olan-qalan təbiiliyi də soldurur, əvəzində bədii portretinə plakat cizgiləri gətirir. Mehman  sosial statusları uyğun gələn Altayın yanında arvadının fədakar və istedadlı olmamasından hətta  gileylənir də (!)

Züleyxanın isə davranışı da, dediyi sözlər və replikalar da təbiidir, bir qadın kimi içindən gələn inersiyanın püskürüb çölə atdığı istəklərdir - o, ərindən ritorik, pafoslu cümlələr yox, səmimi münasibət, diqqət gözləyir, istəyir ki, Mehman onu məhz bu uzaq dağ rayonunda, öz ailəsinin içində sevsin.

Züleyxanın "Nə olar mənim də boynumda bir şey parlasa..." kimi təbii qadın istəyini görün Mehman necə qarşılayır: "Sən özün dünyanın ən qiymətli zinyətisən". Bu, ürəkdən yox, sadəcə yaddaşdan, yaxud beyindən gələn sözlərdir, Füzuli demişkən, hər sözü yalan olan şair intonasiyasını yamsılamaqdan başqa bir şey deyil.

Mehman anlamır ki, Züleyxanı bu quru sözlərlə ovundurmaq (və aldatmaq) ona görə mümkün deyil ki, bu sözlərin arxasında əməl, hərəkət yoxdur.Bakıda doğulub boya-başa çatan Züleyxanın kənddən fərqlənməyən uzaq dağ rayonunda darıxması təbii, real hisslər deyilmi? Hansı qız "Ah, mən bunu bütün ömrüm boyu arzulamışam" - deyib bu "töhfəni" çırtıq çala-çala qarşılayar, bununla da hissiz, duyğusuz müqəvvaya çevrilməsi ilə razılaşardı? Yaxşı ki, peşəkar aktrisa olmasa da, bu obrazın açarını tapa bilən Flora Kərimova Züleyxanı məhz bu ladda - təbiiliklə səmimiliyin sintezində yarada bilib. Ona görə də çağrılmamış qonaqlar onların evinə soxulanda  çiçək kimi açıb ətrafa işıq saçan sadəlövh Züleyxanın halına həm də  acıyırsan, ona yazığın gəlir. Züleyxa dünyaya yalnız öz pəncərəsindən baxan Mehmanın ən zəif yeridir. Düşmən isə həmişə rəqibinin ən zəif yerini nişan alır. Elə belə də olur. Amma buna görə Züleyxadan çox Mehmanın özü məsuliyyət daşıyır, günahın böyük hissəsi onun üzərinə düşür".

Əslinə anbardar Məmmədxan- Əliağa Ağayev, Murtuzov- Mustafa Mərdanov, Zərrintac-Nəcibə Məlikova, Şəhla xanım - Qarı nənə , Nəsibə Zeynalova və başqaları filmə sevmədiyimiz mənfi obrazlar kimi yaddaşımızda qalıb.

Filmin musiqisini isə görkəmli bəstəkar Qara Qarayevin oğlu,  Azərbaycan xalq artisti Fərəc Qarayev yazıb. Filmin rəssamı isə Azərbaycan SSR Əməkdar rəssamı Cəbrayıl Əzimov olub.

Film Bakının Zığ kəndində çəkilib. Filmdəki prokuror Mehmanın evi haqqında təxminən 10 il əvvəl reportaj hazırlayan Faiq Balabəyli yazırdı ki, evin 200-ə yaxın yaşı var:Haqqında bəhs etdiyimiz ev qədimliyi ilə yanaşı arxitektura baxımından maraqlı görüntüsü ilə də diqqəti çəkir. "Qanun naminə" filminin bəzi hissələri burada, bu həyətdə oynanılıb. Kənd camaatı bununla fəxr edir. Söhbətlərində bunu hiss etdim. Lakin evin bərbad hala salınmasına ürəkləri ağrısa da, yığışıb bir iş görmürlər. Axı artıq bu ev Azərbaycanın tarixinin kiçik bir parçasını özündə saxlayır. Keçmişimizə sahib çıxmağın vaxtı isə çoxdan keçib. Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin müdüri İntiqam Hümbətov bizimlə söhbətində dedi ki, Zığ kəndində 4 tarixi abidə qeydə alınıb. Onların içərisində bu ev yoxdur.

Ümid edirik, o evə bir çarə tapılıb.

 

 Əntiqə Rəşid

Ədalət .- 2023.- 29 dekabr,¹ 50- S.8.