"Uzaq sahillərdə"
filmi: 26 yaşlı Mixayloya 105 illik sevgi, 65 illik ehtiram
Bu il Sovet İttifaqı Qəhrəmanı, adı
dillərdən düşməyən azərbaycanlı,
xalqımızın cəsur və mübariz oğlu Mehdi
Hüseynzadənin - Mixaylonun anadan olmasında 105, onun
haqqında çəkilən “Uzaq sahillərdə filminin
ekran üzü görməsindən 65 il keçir.
Bəli, Sovet Rusiyasının, o cümələdən,
qaniçən Stalinin türklərə olan qərəzli
mövqeyi, total nifrəti
M.Hüseynzadəyə münasibətdə də
öz əksini tapıb. Beləki,
ona Sovet İttifaqı Qəhrəmanı adı ölümündən
on üç il sonra-1957-ci ildə verildi. O cümlədən,
əfsanəvi partizanın adının əbədiləşdirilməsi
üçün Azərbaycan kinomatoqrafçıları
"Mixaylo" haqqında kinonu məhz bu hadisədən
sonra çəkməyi
qarşılarına məqsəd qoyur. Bir qəhrəmanın həyat
hekayəti olan "Uzaq sahillərdə" Azərbaycan filmi
1958-ci ilin yayında artıq kinoteatrda nümayiş olundu .
Tammetrajlı bədii film olan bu ağ-qara sənət
əsəri 89 dəqiqəni əhatə edirdi.Film elə ilk
baxışdaca ictimaiyyətin sevgi və marağına səbəb
olur. İndi soruşsanız ki, niyə məhz “Uzaq sahillərdə”
dünyanın 100-dən çox ölkəsində
nümayiş etdirilib, mən də cavabında deyərəm
ki, səbrli ol və məqaləni sona qədər oxu, biləcəksən!
Deməli, müharibə dövrü də, müharibədən
sonra da Mixaylo haqqında gerçəyi yansıtan əfsanələr
dillər əzbəri olmuşdu. Mehdinin döyüş
yoldaşlarının, onun qəhrəmanlığının
şahidlərin bu cəsur bakılı oğlan haqqında
danışdıqlar real hadisələr hər bir azərbaycanlıda
qürur hissi yaradırdı. Beləliklə 50-ci illərin əvvəllərində
İmran Qasımovla Həsən Seyidbəylinin birgə qələmə
aldıqları “Uzaq sahillərdə” əsəri nəşr
olunur və az vaxt içərisində geniş oxucu kütləsinin
rəğbətini qazanır. Kitab əldən-ələ gəzir
və xalqımızın qəhrəman oğlu Mehdi
Hüseynzadənin Böyük Vətən müharibəsində
(1941-1945) əfsanəvi igidlikləri barədə oxuculara
geniş məlumat verirdi. Həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı
adı aldıqdan dərhal sonra əsərin filmə
çevrilməsi reallaşdı.
İstedadlı yazarların meydana qoyduğu bu təkrarsız
əsər , bu dəfə istedadlı rejissor Tofiq
Tağızadənin əlində təkrarsız bir ekranəsərinə
çevrilir. Yeri gəlmişkən , Xalq artisti Tofiq Tağızadəyə
qeyri-rəsmi "Azərbaycan kinosunun patriarxı" da
deyirdilər.Tağızadə filmin sevilməsi və
seçilməsi üçün istedadlardan ibarət çəkiliş
truppası yığır.Özü filmin rejissoru olan Tofiq Tağızadənin
truppasındakı sənətkarlar:
Quruluşçu operator Əlisəttar Atakişiyev,
quruluşçu rəssamlar Cəbrayıl Əzimov,Kamil Nəcəfzadə,
bəstəkar Qara Qarayev,səs operatoru Ağahüseyn Kərimov.rejissor
Rüfət Şabanov, operator Rasim Ocaqov,
Quraşdırılmış səhnələrin rəssamı:
Mirzə Rəfiyev, filmin direktoru Teymur Hüseynov və dirijor
Niyazi...
Çəkilişin truppası hazır olandan sonra
aktyorları da seçmək bir məsulliyyətdir və bunu
da Tofiq Tağızadə çox peşəkarlıqla
bacarır. Beləki, filmdə baş rolu canlandıran “Mixaylo”,
tanınmış aktyor Ülvi Rəcəbin qardaşı
oğlu Nodar Şaşıqoğlu idi və bu onun Azərbaycan
kinosunda ilk işi olub.
Aktyor xatirələrinin birində deyir ki, İlk rolum
"Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını
qoyan Georgi İsgəndərbəyov haqqında çəkilən
filmdə oldu:”Orada mən türk imperiyasının əsasını
qoyan Mehmet bəy Fatehi yaratdım. Sonra Sergey Paracanovun ilk
rejissor işi olan "Andrieş" filmində baş rolu
oynadım. Bu filmdən sonra "Odessa" kinostudiyasında
çalışdım”.N.Şaşıqoğlunu
bütün filmlərdə aktyor Əli Zeynalov səsləndirib.
Məlumatlarda o da deyilir ki, “Uzaq sahillərdə”
filminin çəkilişləri zamanı baş rolun
ifaçısı, “Mixaylo”nu oynayan aktyor Nodar
Şaşıkoğlu ilə “Anjelika"nı canlandıran
Aqniya Yelikoyeva arasında gerçək məhəbbət
yaşanıb.
Filminin çəkilişləri
zamanı texniki heyətdə çalışan Şahin Qalabəyli
xatirələrində yazır ki, “Bu filmdən sonra onda
qadınlara qarşı düşkünlük
yaranmışdı. O qədər pərəstişkarları
vardı ki, hamısı ilə də münasibət qururdu. Hətta
Tibilisinin küçələrində gəzə bilməmişdi”.
Nadir Şaşıqoğlunun istedadı isə kinoda
yeni bir era açdı sanki... Təsəvür edin, hamı
aktyoru “Mixaylo” kimi sevirdi. Sanki Mixaylo ölməyib və bir
neçə saatlıq insanların qarşısına
çıxıb Odur ki, hər kəs yüksək sevgi ilə
aktyora ehtiram edirdi. Yazar Lalə Azəri filmlə bağlı məqaləsində
yazır: Kino tədqiqatçısı, Əməkdar incəsənət
xadimi Aydın Kazımzadənin “Kino və zaman” kitabında
film haqqında maraqlı faktlarla
qarşılaşırıq.
Kitabda qeyd olunur ki, filmin ekranlara
çıxdığı dövrdə “Bakı” (axşam) qəzeti
bu kino hadisəsinə geniş yer vermişdi. “Həmyerlimiz
haqqında film: “Uzaq sahillərdə” başlığı
altında dərc olunan məqalədə rejissorun qeydləri
ilə yanaşı, Mehdi Hüseynzadənin bacısı Bikə
Əlizadənin, keçmiş partizan Mehdi Ağalarovun fikirləri
yer alırdı. Bikə xanım deyir: “Filmə baxarkən
qardaşımın uzaq ellərdə çəkdiyi əziyyəti,
od-alov içində necə vuruşduğunu görürəm.
Şirin söhbəti və mehriban gülüşü ilə
evimizi bəzəyən qardaşımı sanki heç
ölməmiş kimi gördüm. Az qala onu yenə
bağrıma basıb öpəcək, evimizə
aparacaqdım”.
Yuri Boqolyubov (Veselin), Anjelika (Aqniya Yelikova), Ələsgər
Ələkbərov (Ferrero), Lev Bordukov (Karranti), Andrey Fayt
(Mazelli), Adil İsgədərov (Rosselini), Salman Dadaşov
(Agent), Hacımurad Yegizarov (Partizan) və
başqalarının professional oyunu filmi daha da inandıcı
və sevimli edib.
Film harda çəkildiyi də maraq doğurur. Bəli,
şahidlərin dediyinə görə filmdəki bəzi
kadrlar “Tarqovı”da, Filarmoniya tərəfdə,
Tağıyevin mülkündə lentə alınıb:”
Ümumilikdə çəkilişlər Pribaltikada,
Soçidə (dəniz səhnələri) və Azərbaycanda
gerçəkləşib. “Tarqovı”dakı çəkilişlərdə
olan küçə indi də qalır. Landaunun evi olan
küçə, haradakı “Dom Moda” var. Mehdinin getməyi-gəlməyi
hamısı orada çəkilib. Oxuyan qız vardı onun səhnəsini,
körpünün üstündəki addım səhnələrini
kinostudiyanın pavilyonunda çəkmişdik. Filmin son səhnələri
Ağsuda lentə alınıb”.
Lalə Azəri adlı yazar filmlə bağlı
Şahin Qalabəylidən (adıgedən filmin texniki
işçisi) müsahibə alır.Qalabəyli yazarla
söhbətində bunları deyir: ”Ağsudakı çəkilişlər
həm maraqlı, həm də qanqaraldan hadisələrlə
yadda qalıb: “Orada alman əsgərləri olan səhnələri
çəkirdik. Onlar yol polisinin işçiləri idilər
və motosikletlə Mehdini tutmağa gedirdilər. Onlardan biri gəldi,
Əlisəttar Atakişiyev kameranı işə saldı. Bu
vaxt fəhlə diqqət etmədi, zondla kameranı
bağladı.
Bu zaman motosikletin biri qəzaya düşdü.
Əlisəttar müəllim o anı tutmaq istədi, amma
kamera bağlandığından alınmadı. Operator bərk
əsəbiləşdi və fəhləyə əl
qaldırdı. Buna görə onu çəkiliş
meydanından uzaqlaşdırdılar. Baxmayaraq ki, Əlisəttar
Atakişiyev işinin professionalı idi. İki diplomu vardı
- həm operatorluğu, həm də rəssamlığı
bitirmişdi. Filmin çəkilişləri Arif Nərimanbəyova
həvalə olunsa da, o bundan imtina etdi. Hətta titrlərdə
belə adının getməsinə razı olmadı.
Həmsöhbətim bir ailədən 3 nəfərin
filmdə rol aldığını deyir: “Rus aktyor Yuri Boqolyubov
Veselin rolunu oynayırdı. Onun atası da, anası da filmdə
çəkilmişdi. Filmdə camaatın partizanlara yemək
apardığı epizodda Veselinin atasına (Nikolay Boqolyubov)
deyirlər ki, “get denən Mixaylonu təhvil versinlər, yoxsa
güllələyəcəyik”. Orada çiynində səhənglə
güllələnən qadın da aktyorun anasıdır. Ümumiyyətlə, çox
güclü aktyor heyəti ilə
çalışırdıq”.
"Mixaylo”sənədli filminin rejissoru Tahir
Əliyevin araşdırmalarına görə, "Uzaq sahillərdə” filmindən
tamaşaçıya tanış olan Mehdinin dostu Visilinin əsl
adı Sar olub. Mehdi onunla birgə əməliyyatdan
qayıdırkən ikimərtəbəli evin
çardağında gizlənirlər. Bu zaman xəbər gəlir
ki, almanlar artıq Vitovli kəndinə hücum edib və onlar
Mixaylonun axtarışına başlayıblar. Mehdi ilə Sar
almanlarla döyüş olacağını gözləmirmiş.
Sar çardaqdan aşağı enərkən almanlar onu
vururlar. Bunu görən Mixaylo pəncərədən
tullanır və bu zaman snayper gülləsinə tuş gəlir.
Ağır yaralanan Mixaylo kənddən çıxmağa
müvəffəq olsa da, çoxlu qan itirdiyindən yoluna
davam edə bilmir, elə oradaca dünyasını dəyişir.
Lakin almanlar onun cəsədini tapa bilmirlər. Mehdi
Hüseynzadənin cəsədini 12 yaşlı bir qız
tapır. Mixaylonu elə tapıldığı yerdə dəfn
edirlər. Üç gün sonra almanlar xəbər
tutduğundan onun nəşinin artıq burada saxlamağın
mümkün olmadığına görə, 30 kilometr kənarda
yerləşən Çepovani kəndində qardaşlıq
qəbiristanlığında dəfn ediblər.
Həmin qəbiristanlıqda ən birinci qəbir Mehdi
Hüseynzadənin məzarıdır. Məlumatlara görə,
sloveniyalı yazıçı Peter Amalietti Mehdi Hüseynzadəyə
həsr edilmiş"Mixaylonun təkbaşına qisası”
("Jeden za vse Mihajlovo Mascevanje”) ikicildlik roman yazıb.
Sloveniyanın Nova Gorica şəhəri
yaxınlığındakı Shempas kəndində
(öldürüldüyü ərazidə) büstü,
Maribor şəhərində abidəsi var.
Yeri gəlmişkən, filmdə Mixaylonun Anjelika
arasında sevgi olub- olmamasını isə Mehdi Hüseynzadə
qədər real insan insan ola o vaxt partizanlara məktub
daşıyan Anjela Perşiç məlumat verir.
"Anjelika “sevgili” olduğunu təkzib etsə də,
filmi izlərkən hərəkətləri, xüsusən
hiss və həyəcanlarını boğa bilməməsi,
filmin sonunda göz yaşlarını saxlaya bilməməsi
bir azərbaycanlı olaraq məndə şübhələr
yaradıb. Bilirsiniz ki, əsəri yazan İmran Qasımov və
Həsən Seyidbəyli şahidləri dinləyib və əsəri
yazıb. Azərbaycan-sovet hərbçisi,
İkinci Dünya müharibəsinin
iştirakçısı, müharibə veteranı Cavad Həkimli əfsanəvi partizan Mehdi
Hüseynzadənin komandiri olub. Təbii ki, 2006-cı ildə vəfat
etmiş Cavad Həkimlinin bu əsərin yazılmasında,
filmin çəkilməsində bir şahid böyük rolu
olub. Hətta Cavad bəy filmdə də rol alıb. Mən keçmişində
bir sevgi hekayəsi olmasını istəməyən bir
qadından çox Cavad Həkimliyə inanıram.
Beləliklə, 65 ildir, nəinki Azərbaycan
tamaşaçısını, eləcə də istənilən
ölkədən olan tamaşaçını ekrana kilidləyən, gənc nəslin təlim -tərbiyəsində
böyük əhəmiyyət kəsb edən "Uzaq sahillərdə"
filmi bir Azərbaycan Kino
İncisi olaraq yaddaşlarda yaşayır. Bu incinin səbəbkarı cəmi 26 yaşında beynimizdə,
qəlbimizdə taxt quran , tariximizdə, hərb sənətində
öz adını qızıl
hərflərlə yazdıran 105 yaşlı əfsanəvi həmyerlimizdir.
Filmdə, bədi əsərdə
əməyi keçən hər bir sənət fədaisinə
isə dərin təşəkkürümüzü bildirir,
Allah sizə rəhmət eləsin" deyirik!
P.S. Bir azərbaycanlı olaraq , çox istərdim ki,
yenə imran qasımovlar, həsən seyidbəlilər, tofiq
tağızadələr, qara qarayevlər, niyazilər, nadir
şaşıqolular yenidən doğulaydı.
Ölmüş -itmiş, toz olmuş ədəbiyyatımızı,
kino sənətimizi yenidən canlandıraydılar. Axı
indi qəhrəmanlarımız o vaxtkından da çoxdur...
Axı onlar Mehdi Hüseynzadə kimi qəhrəmanlarımızdan
örnək götürüblər! Kaş son 35 ilimizi əhatə
edən tariximizi, igidlərimizi bizə elə Mixaylo qədər
sevdirən sənətkarlar yetişəydi...
Əntiqə Rəşid
Ədalət .- 2023.- 29
dekabr,¹ 50.- S.8.