Flora  Qasımova : -  XANKƏNDİNƏ QAYIDIŞI GÖZLƏYİRƏM

 

 

Onunla görüşümün  əsl səbəbkarı   tanınmış  jurnalist Vasif Quliyev oldu. Sözarası dedi ki, ilin sonu Flora xanımın doğum günüdür, bəlkə , onunla bir  söhbət edəsən. Ağzım nəydi ki, Vasifin  sözündən çıxım, təbii ki, razılaşdım.

Ertəsi günü elə Vasifin rəhbərlik etdiyi  «Şuşa» qəzetinin redaksiyasında Flora xanımla öncə otuz il  əvvələ getdik, eyni ağrını  paylaşdığımızdan xeyli dərdləşdik. Sonra  44 günlük müharibəyə gəldik və nəhayət, Xankəndində «Qarabağ»ın stadiona  çıxmasından  və futbol bayramından danışdıq.

Burda bir məqamı xüsusi  qeyd etməliyəm.  Flora xanımı Azərbaycanın Milli Qəhrəmanı, hər birmizin  yaddaşına köçmüş Şirin Mirzəyevin ömür-gün yoldaşı  kimi tanıyırlar.  Mən də  Şirin  Mirzəyevlə  həmsöhbət olmuşam, hətta ondan  müsahibə də almışam.  Hətta komandiri olduğu  hərbi hissənin  həyətində  onun necə  qaynarlıqla, az qala  çılğıncasına  baş verənlərə   reaksiyasını da izləmişəm. Ona görə də Flora xanımla söhbət etmək, məni həm də o müqəddəs  ruhun ziyarətinə  aparırdı və deməli…

 

Haşiyə: Flora Qasım qızı Qasımova  1947-ci il dekabrın  27-də  Xankəndi şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra  Azərbaycan  Dövlət Pedaqoji İnstitutunun riyaziyyat  fakültəsinə daxil olub. Və təhsilini başa vurduqdan sonra  da bir vaxtlar oxuduğu məktəbə  müəllim kimi  qayıdıb. Öncə Xankəndi  rayonunun  Badara kənd orta  məktəbində, sonra  vilayət mərkəzindəki 4 nömrəli   orta məktəbdə müəllim, tədris hissə müdiri  və sonra da  ictimai  vəzifələr. Yəni, dövlət qurumlarında çalışıbdı. Həyat  elə gətirib ki, Flora xanım  1977-ci ildən Bakı şəhərində müəllim  kimi  fəaliyyət göstərməyə başlayıb.. Lakin doğulduğu torpaq və bir də təbii ki, həyatın qanunları  onu yenidən Xankəndinə qaytarıb və o, burda Şirin Mirzəyevlə ailə həyatı qurub. Və bir də 1994-cü ildən sonra Flora xanımın qaçqın həyatı Bakı ilə  bağlanıb. Yəni, o, 4-cü və 5-ci  çağırış  Milli Məclisin  deputatı  olub. İki  övladı var.

 

Bəli, mən Flora xanımla  söhbətə  təbii ki, onun  doğulduğu şəhərlə bağl xatirələrdən  başladım:

-  Otuz il  bundan öncəni necə xatırlayırsınız, Xankəndi yuxunuza girirdimi?

 

- Təbii ki, hər kəs doğulduğu ocağa, elə-obaya  bağlı olur, kimi az, kimi çox. Amma mən Xankəndinə  həm doğulduğum  yer kimi, həm ilk iş yerim kimi , həm də ailə həyatımın  ünvanı kimi  bağlıyam. Ona görə də Xankəndində oxuduğum illər, sinif yoldaşlarım, müəllimlərim, daha  sonra  birlikdə çalışdığım insanlar demək olar ki, bütün xatirələrimin baş qəhrəmanlarıdır. Doğrudur, qaçqınlıq bizləri bir-birimizdən  uzaq saldı, pərən-pərən düşdük.  Lakin  mənim bəxtim onda gətirdi ki, Parlamentə seçiləndən sonra   təmsilçisi olduğum Xankəndi dairəsinin  sakinləri ilə, deməli, həm də öz doğmalarım ilə tez-tez görüşmək imkanı  qazandım. Onların  şən və kədərli günlərində  yanlarında oldum. Bu da xatirələrimi  diri saxladı, onları həmişəyaşar elədi.  İndinin özündə də  həmyerlilərimlə görüşəndə  mütləq  hansısa bir hadisəni  xatırlayır,  hansısa bir yaddaşımızı  təzələyirik. Ən çox  məni üzən Xankəndinin  işğalı oldu…

- Niyə məhz Xankəndinin?

- Bilirsiniz, mən  müəlliməm, şagirdlərimin yaşadığı həyəcanlı anlar, onların qorxudan  hədəqəsindən  çıxan gözləri  indi də mənim üçün çox dəhşətli bir mənzərədir. Şükürlər olsun ki, biz otuz illik həsrətə son qoyduq. Dəmir yumruq nəhayət ki, əyilmiş qəddimizi düzəltdi, çəkdiyimiz  həsrətə, yaşadığımız acılara  nida qoydu. Ali Baş Komandanımızın  dediyi kimi, «Qarabağ  Azərbaycandır!». Burda onu da qeyd etməliyəm ki, Azərbaycan xalqı  üçün Xolcalı  faciəsi müdhiş bir ağrıdır. O yaranı  əsrlər də  bizə unutdura bilməz. Sadəcə   mən  Xankəndində o ağı-acını  yaşadıqdan sonra  Ağdama köçüb orda qrad yağışının  altında  baş verənləri  izlədiyimdən Xankəndindəki  şagirdlərimin yaşantıları  məni  heç vaxt tərk etməyib.

 

- Flora xanım, siz əfsanəvi  qəhrəman, unudulmaz Şirin Mirzəyevin  həyat yoldaşı olmusunuz.  Bu xalq qəhrəmanı ilə bağlı nəyi yada  salmaq istərdiniz?

 

- Bilirsiniz, mən  Şirinlə  bir məktəbdə, bir sinifdə oxumuşam. Həmin illərdə  şagirdlərin  əlindən  kitab düşmürdü. Məktəbin, şəhərin kitabxanası ən  gür yer idi. bizim  kitabxanada Qənirə xanım adlı  yaşlı bir qadın  çalışırdı, o bizi  görəndə «təzə kitab gəlməyib» deməklə bizi artıq vaxt almaqdan  bir növ  xilas edirdi.  Onsuz da  əl çəkmirdik,  təkrar oxuduğumuz   kitablara qayıdırdıq. Şirin orta məktəbdən sonra arzusunda  olduğu hərbi məktəbə üz tutdu, siyasi  hərbi akademiyanı bitirdi, mən də riyaziyyat müəllimi  oldum.  Qarabağ hadisələri  başlayanda Şirin  Moskvada xidmətini  yarımçıq qoyub  Vətənə  qayıtdı. Və onun sonrakı  taleyi,  həyatı da xalqımıza məlumdur. Bircə onu demək istəyirəm ki, Şirin baş verənləri  sanki öncədən görürdü, ona görə də təcili   olaraq  milli ordunun  yaradılmasını istəyirdi. O da bunu az-çox öz gücünə etdi.

- Flora  xanım, siz bir pedaqoq kimi bugünki  təhsilinizdən, ümumiyyətlə, məktəblərimizdə baş verənlərdən  yəqin ki, xəbərdarsınız. Bu məsələyə  münasibətiniz  necədir?

- Doğrusu, mən təhsildə  aparılan  islahatları  alqışlayıram. Amma  bəzən elə şeylərin  şahidi  oluram ki, onunla barışmıram və yaxud da  bunun  niyə baş verdiyini  qəbul etmirəm. Sanki təhsil ikinci plana  keçib. Düzdür, bizim üçün bir nömrəli  vəzifə torpaqlarımızın  azad edilməsi idi, amma millətin  gələcəyi  təhsildən, məktəbdən keçdiyi  üçün ona da çox ciddi  yanaşmaq lazımdır. Çünki  şagirdlərin  məktəbdən, sinifdən  kənarda  müəllim yanına  getməsi, yalnız bir  ixtisasa aid olan  fənləri  öyrənməyə, hətta  əzbərləməyə  maraq  göstərməsi heç də yaxşı hal deyil.  Ona görə mən  bugünki  müəllimlərimizin  vəziyyətini anlayıram, onlara  münasibəti  başa düşürəm.  Lakin bu sahədə   mütləq ciddi addımlar atılmalıdır. İnanıram ki, ölkə  prezidenti  mütləq bu sahəyə  diqqət yetirəcək. Və təhsilimiz öz istədiyimiz  səviyəyə qayıdacaq.  Bəzilərinin dediyi kimi, aparılan eksperimentlər nəhayət ki, sona  çatacaq. Unutmamalıyıq ki, bizim təhsilimizin  möhkəm bünövrəsi, gözəl ənənələri olub.

 

- Flora xanım, artıq bütün Azərbaycan  Qarabağda keçirilən futbol bayramının  şahidi oldu. «Qarabağ» öz meydanında oynadı. Və siz təbii ki, həmin oyunu da elə Xankəndinin  özündə seyr etdiniz.

- Bəli, Şuşa işğaldan azad edildikdən sonra Qarabağda  olmaq, o uzun  ayrılığın acısından qurtarmaq  xoşbəxtliyini  mən də yaşadım. Cıdır  düzündən  Xankəndinə  baxdım, onda  daxilimdə sevincim tam deyildi. Elə bil ki, yarımçıq bir məqamda ilişib  qalmışdım. Şükürlər  olsun ki,  antiterror  əməliyyatı  mənim sevincimi  bütövləşdirdi. Televiziya kanallarında  Xankəndinin  bugünki  mənzərələrini  izlədim. Elə Ali Baş Komandanımız Xankəndinə bayraq  sancanda yaşadıqlarımı  sözə  çevirsəm , onda  necə  xoşbəxt  olduğumu  yəqin ki, siz də qəbul edərsiniz. Bax, bu mənada  keçirilən oyun da, Xankəndində görülən  işlər də mənim  və bütövlükdə Xankəndinə, onun  ətraf kəndlərinə  qayıdacaq  adamlar  üçün bir növü  açılan qapı idi. Mən  şəhəri ekrandan seyr etdikcə uşaqlığımı, gəncliyimi  o küçələrdə, o yerlərdə  təkrar gördüm, təkrar  xatırladım. Sağ olsun  Ali Baş Komandanımız ki bizi bu xoşbəxtliyə  qovuşdurdu.

- Son olaraq, bir məqama da  sizdən münasibət  öyrənmək istərdim. Xankəndinin  sabahını, ordakı həyatı  necə təsəvvür edirsinz?

 

- Bilirəm nəyə işarə edirsiniz. Aldığım məlumatlara görə, ermənilər qapılarını bağlayıb , üz tutublar İrəvana. Amma bu . heç də o demək  deyil ki, biz onların  qayıdışını  gözləyəcəyik. Biz  evlərimizə,  şəhərimizə qayıdacağıq. Onlar  bizimlə necə yaşayacaqlar, qoy  özləri düşünsünlər. Bizim  ağrılarımız, itkilərimiz nə qədər böyük olsa da, biz torpağımızı geri almışıq, evimizi  geri qaytarmışıq. Ona görə də heç nəyi  gözə almadan mütləq öz evlərimizin  işıqlarını  yandıracağıq. Orda  yeni  istehsal  sahələri, iş yerləri,  ali məktəblər fəaliyyət  göstərəcək. Dalğalanan bayrağımızın  altında biz özümüz dayanacağıq. Kim qanunlarımıza sayğı göstərsə, vətəndaşlığımızı qəbul etsə,  onunla gələcək  həyatın müzakirəsini etmək  olar. İndiki halda isə bir gerçəklik var, onu  birmənalı  qəbul etməliyik. Bu da Ali Baş   Komandanın  Dəmir yumruğu və bir də Qarabağın  Azərbaycanın  olmasıdır.

… Biz Flora xanımla bir çox mətləblərə  toxunan  söhbətlər etdik. Amma mən o söhbətlərin  fonunda  əmin olduğum bu oldu ki, Flora xanım da bütün qaçqınlıq  həyatı  yaşayan soydaşlarımız kimi Xankəndinə qayıtmaq növbəsini  gözləyir. Yolunuz açıq olsun, Flora xanım!

 

 

 

   Müsahibəni  apardı  Əbülfət Mədətoğlu                                                                                                                   

Ədalət .- 2023.- 29 dekabr,¹ 50- S.6.