Araz taleli şair

 

14 oktyabr 1933-cü il... Tikanlı məftillərin bağrımızı deşdiyi, körpülərin talelərimizi ayırdığı məmləkətin kiçik bir kəndində böyük bir şair doğuldu. O şair ki,  sovetlərin, istibdadın, təzyiqlərin tüğyan etdiyi bir zamanda Arazı qibləgah seçdi, Arazın mənəvi, coğrafı taleyini təxəllüsündə, dərdini çiyinlərində daşıdı.

 

Ərizə yazıb, dedim:

 

- Dəyişin iş yerimi!Daha dözə bilmirəm,

Araz yadıma düşüb.

Hər teli min havalı -

O saz yadıma düşüb...

Vətən - hər yerdə vətən,

Hər yerdə də, daş, torpaq...

Üstəlik, Araz üstə

Təsəllim də olacaq:

Baxacağam Araza -

O dağlar yaran çaya.

Altdan birləşən yeri

Üstən ayıran çaya.

 

"Şairlərin yazdıqları onların tərcümeyi-halıdır" deyirlər. Şeirlərinin birində Məmməd Araz bunu beləcə təsdiqləyir:

 

Məni - şerimdə gəz bir insan kimi,

Qəlbimdə nə varsa ona demişəm.

Anadan, bacıdan gizlətdiyimi,

Kağızdan, qələmdən gizlətməmişəm.

Uzaqdan-uzağa xoşuna gəlsəm,

Məni dindirməyə tələsmə hələ.

Tanımaq istəsən məni, əzəl sən

Tanış ol bu kiçik nəğmələrimlə...

 

Vətən, təbiət, insanlıq, Türk qadını, millət, qaya motivi, Cənub, Araz həsrəti, tarixə qayıdış, Məmməd Arazın qələmi - Azərbaycanın tərcümeyi-halıdır. Məhz buna görə də Araz nəğməsini oxumaq, anlamaq yalnızca onun yox, Azərbaycanın tərcümeyi-halını oxumaq, özünü tanımaqdır. İnsanı yazdıran dərd, daxilində rahatlıq tapmağa qoymayan, daxilinə sığışmayan düşüncələrdir. Azadlığı isə bu dərdi, duyğuları ifadə edə bilməsidir. Bəlkə də, şairlərin xoşbəxtliyi bundadır elə duyğulardan ibarət dünyada onları ən yaxşı vəsf edən onlardır. Məhz elə ölməzlikləri də bundadır. Sağlam bədəndə, sağlam ruhda sağlam düşüncə olurlar deyirlər. Məmməd Araz qələmi, əyilməzliyi bunu təkzib etdi. Narahat olduqları mövzuları dilə gətirə bilməyib, qələmləri incik düşəndə, susanda əsl o zaman ölür şairlər. Faciəvi Araz taleyi onun qələmini heç vaxt dindirə, öldürə, susdura bilmədi.

 

Dərd eləmə desəm ki,

Yazı masam, ölürəm.

Ölə-ölə yazmıram,

Yaza-yaza ölürəm...

 

Şairlər, yazarlar xalqın ruhunda, hissində, duyğularının ən dərin nöqtələrində əbədi yaşayırlar, onlar xalqın ruhunun əbədi əksidirlər. Məmməd Araz yaza-yaza əbədiyyətə çevirildi, Vətənə çevrildi. Bu qədər yüklə necə yaşamaq olardı, bilmirəm. Bəlkə də, elə buna görə bu qədər ölməzləşdi. Faciəvi taleyi, haqsızlıqlar, Vətən dərdi də elə Araz kimi oldu. Təsadüfi deyildi onun qibləgahı, ruhunun Araz olması, Arazı seçməsi. Araz kimi də heç vaxt susmadı, boyun əymədi.

 

Mən əyilməz ata adı saxladım,

Vicdanımı ovuclara sağmadım,

Bu dünyanın mehvərini laxladın,

Sizə yetim deyən olsa, qızlarım.

 

Təxəllüsündə, çiyinlərində milyonların kədərini daşıyan, həsrət körpülərini qırıb, qələmindən Şimalından Cənubuna ümid körpüsü salan Məmməd Arazın qələmində Azərbaycan birləşirdi. Vətən məfkurəsini hər şeydən üstün tutan, o adda əsarətimizə, ayrılığımıza hissi ilə üsyan edən şair qələmi yaralı vətənin Güneyini, Quzeyini yatmış vulkanı oyanmağa səsləyirdi. Elə azadlığın sədası Araz qələmindən, misralarından duyulurdu.

 

Ölüm istəyirəm. Qəfil bir ölüm.

Bir kibrit ölümü.

Barıt ölümü.

Bir anda bir ovuc dumana dönüm,

İstədiyim səmtə tutum yönümü.

Görüm, hər qonanda dağlar qaşına,

O dağdan, o çəndən necə yazmışam.

Görüm, hər enəndə bulaq başına,

Çiçəkdən, çəməndən necə yazmışam.

Görüm dumanlara qoşula bilmək,

Ayrılıb didərgin olmaq, necədir.

...Bəli duman olum.

Duman. Bir çəngə.

Mənim öz yağışım,

Öz qarım olsun.

İstədiyim yerə yükümü çəkən

 

Hökmüm, ixtiyarım, qərarım olsun.

 

Vətəninə duman ömrü arzu edib, sovetlərə bir üsyan bəstəsi yazan, ordusunu ruhlandıran bir komandan idi, onu müstəqilliyə səsləyirdi. Məhz buna görə də onun poeziyası azadlığın, istiqlalın sədası idi. Buna görə də həyatı, yaradıcılığı, daşlı-qayalı yollardan keçərək bərkiyib qayalaşan Məmməd İbrahim  Məmməd Araz oldu.

Şair hər misrasında ilmə-ilmə, addım-addım Arazı gəzir, körpü salır yaralı qəlbərimizə. O, ruhu ilə bağlı idi Araza, ona görə də onun qədər Arazı mükəmməl tərənnüm edən ikinci şəxs ola bilməz, o, Arazın şairi idi. Vətəninə dərindən bağlı olan şair onu ən yüksək zirvəyə - söz zirvəsinə qaldırdı, Məmməd Araz dünyasından dünyaya çatdırdı. Azərbaycanı qayalarda bitən bir çiçəyə bənzədən şairin qələmində qaya simvolunun özünəməxsus yeri var: Şairin qələmində qaya motivi dəyişilməzliyin, mənəvi sığınmanın, qüdrətin, möhkəmliyin, dayanıqlılığın, simvoludur. Elə Məmməd Araz da qayalaşan bir ruhdur. Əsrlər ötsə də, dəyişməyəcək, kimlərinsə ruhunu tapdığı, kimlərinsə mənəvi sığınma nöqtəsi olaraq qalacaq qayalaşan bir tarixdir!

Sovetlərə belə boyun əyməyən, sınmayan Məmməd Arazı yalançı təriflər qorxudurdu. Şairin xoşbəxtliyi, əsl dəyəri də onun saf oxucusunda, ruhunu əks etdiyi insanların saf sevgisində görməkdir, yalançı təriflərdə yox, buna görə də "Tərifdən qorxuram, yaman qorxuram" deyirdi.

 

Tərifdən qorxuram, qorxuram yaman,

Onun fitnəsindən bac almalıyam.

Yoluma gül səpən tərif yanından

Saymazca keçməyi bacarmalıyam.

 

Yalançı təriflərə, kəslərə tuşlanan misralar yox, xalqın taleyinə fəda edilən ömürdən misralar idi Məmməd Araza oxucunun saf sevgisinə səbəb. Mən Məmməd Arazı onun şəcərəsindən bir budaq olduğum üçün sevməmişəm. Hər kəs kimi məni mənə tanıtdığı üçün sevmişəm. Mən onu "Quzu", "Kuklamı sındırmışam", "Şanapipik" şeirlərində, Araz həsrətində, Azərbaycan adında sevmişəm. Ana dilimlə birgə Araz dilini öyrənərək sevmişəm. Çoxlarını tarixin qanlı səhifələrindən silib-batan, çoxlarını özündə qonaq edən, amma sonda heç kimə qalmayan dünyada, nə yaxşı ki, bizə bir əbədiyyət timsalı - Məmməd Araz poeziyası qaldı.

 

Nəzrin ABBASLI

Naxçıvan Dövlət Universitetinin II kurs tələbəsi

(Xalq şairi Məmməd Arazın bacısı nəvəsi)

Ədalət .-  2023.- 29 dekabr,№ 50.- S.5.