BƏXT

  (Nağıl-hekayə)

 

İbrətli söhbətlərindən əxz etdiyim bu nağıl-hekayəni xeyir-şər məclislərimizin ağsaqqalı Arif müəllimə ithaf edirəm.

Biri vardı, biri yoxdu, bu işıqlı, bu narahat dünyada ucaboylu, enlikürəkli, çatmaqaşlı, lopabığlı bir kişi vardı. Amma bu yarlı-yaraşıqlı kişinin heç bəxti yoxdu. Elə bil Allahın qəzəbinə gəlmişdi. Bir yandan da arvadı onu tıncıxdırırdı. Onun səsi gələndə başını götürüb qaçmaq istəyirdi. Əslində arvad qaragünlüdə elə bir günah yoxdu, o da insan balası kimi geyinib-kecinmək, dünyanı gəzib-dolanmaq, adam içinə çıxmaq istəyirdi. Amma hər şeyin bir təhri var də... Zalımın qızı axşam-səhər baş-beynini aparırdı: “Sənə ərə gəldiyim günə qara bir daş düşəydi, – deyirdi. – Yarımadım səndən ey, yarımadım. Odur ey, xalxın kişiləri qaz vurub, qazan doldurur, gətir-götürdü, sən isə əyninə geyinməyə şalvar tapmırsan, ay bədbəxt. Yüz yerdən istəyirdilər, dirsək göstərdim, getmədim, sənin kimi əfələ, fərsizə ərə gəldim, oldum qarabəxt”.

Son söz kişini odladı. İstədi, desin yalançının... Demədi, qorxdu mərəkə qopa, qohum-qonşu harayçılıq bəhanəsilə yığışıb gələ tamaşaya. Kişi birtəhər özünü ələ aldı.

 

Bəxtsiz kişi hər dəfə arvadının belə ucu güləbətinli sözlərini eşidəndə yalquzaq təki ulamaq istəyirdi. Bilmirdi, neynəsin, bu yezid, şümür qızını boşasın, necə boşasın, boşamasın, onunla neçə yaşasın?! Əgər arvadı boşasa, bu bir çətən külfəti bəs neyləsin?

Kişi gözəgörünməz fikir dəryasında balaca qayığını ha dolandırırdı, sahilə çıxa bilmirdi, vahimələnirdi. Belə aciz-avara çağlarında gücü ancaq gözəgörünməz, ölçüyə-çəkiyə gəlməz bəxtinə söyməyə çatırdı: “Görüm səni qara gələsən, ay belə iqbal, ay belə tale! Bu işıqlı dünyada bir ağ gün görmədim. Ay Allah, sənə qurban olum, bu nə bəxtdi, veribsən mənə?! Adam var iki eşşəyin arpasını bölə bilmir, amma ona bir bəxt-tale ve­r­misən, bir qapı açmısan – behişt onun yanında yalandı. Var-dövlət başından tökülür. Mən yetim, bədbəxt ha çabalayıram, ha çarpışıram bir tərəfə çıxa bilmirəm. Nə deyim, tüpürüm mənim bəxtimə.

Kişi axşamın alatoranında, arvadının növbəti qara-qışqırığından sonra o qədər söyüb-söyləndi ki, bəxti dözməyib bir göz qırpımında ruh bədəni tərk eləyən sayaq onu tərk etdi. Kişi taqətsiz halda darvazanın ağzındakı yastı daşın üstünə oturdu: “Bu nə olacaqdı başıma gəldi, bəxtim küsüb getdi”.

 

Kişi bir gün gözlədi, iki gün gözlədi, üç gün gözlədi... yeddinci gün dözmədi, heybəsini götürüb atdı çiyninə, üzünü arvadına tutub: – Gedirəm bəxtimin dalınca, bəxtim məndən küsüb, – dedi.

 Arvadı bu dəfə insafa gəlib ərinin üzünə ədəb-ərkanla gülümsədi:

– A kişi, bəxtini harda axtaracaqsan? Bəxt adam ha deyil küsüb gedə...

– Bəxt adamdan da böyükdü, arvad. Bəxtim məndən küsüb, küsüb getməsəydi, belə yolçu gününə qalmazdım. Di salamat qalın, mən getdim.

 

Arvad ərinin dalınca bir dolça su atıb qayıdıb girdi evə. Dedi: Kişi bəxtinin dalınca getdi, mən də başımı atım yastığa, bir doyunca yatım.

**

 

 

 

Kişi Allaha pənah deyib, düşmüşdü yolun ağına, amma heç özü də bilmirdi hara getsin, bəxtini harada axtarsın. Buna baxmayaraq ürəyində: – Hardasan, ay mənim bəxtim, hardasan? – səsləyə-səsləyə gedirdi.

Yolda qabağına əlsiz-ayaqsızlar, cındırından cin ürkənlər çıxırdı, öz-özünə şükür eləyirdi ki, nə yaxşı hələ bunların gününə düşməyib. Gözlərindən kədər yağan yoxsul uşaqları, dilənçi qarıları, ovurdu-ovurduna yapışmış, dərdli-dərdli papiros sümürən kişiləri görəndə fikirləşirdi ki, bəxtsiz təkcə mən deyiləm, bir sən gör nə qədər bəxtsiz-talesiz var. Yəqin, bunların da mənim kimi bəxtləri küsüb.

Kişi o qədər kasıb-kusuba, dilənçi-yolçuya rast gəldi ki, bərkdən səslədi: – Ay camaat, ay bəxtiqara gəlmişlər, mən bəxtimi axtarmağa gedirəm, gəlin siz də qoşulun mənə. Amma tez də fikrindən daşındı. Qorxdu arxasına düşənlərin, bəxtini axtarmağa gedənlərin sayı-hesabı olmaya. Məmləkətin xanı da bunu qiyam zənn eləyib narahat ola, üstlərinə qoşun çəkə, tutduğunu tuta, asdığını asa, sonra da carçılara car çəkdirə ki, qiyamı yatırtdım. Bundan sonra bir kimsə cınqırını da çıxartmasın. Yox, yaxşısı budu, bəxtinin dalınca tək-tənha getsin.

 

***

 

Qabaqda meşəlikdi. Sərin meh əsirdi. Meşəyə girdi. Ağacların sıxlığından göydə günəş görsənmirdi. İrəlilədikcə üşənirdi, xoflanırdı, amma geri dönmürdü. Ağacdan ağaca qonan quşlar civildəşir, cırcıramalar xorla cırıldaşırdı, göyün üzündəsə bir qartal tək-tənha qanad açıb süzürdü. Meşənin dərinliyindən vəhşi heyvanların ulaşması gəlirdi. Kişini get-gedə qorxudan tər basırdı. Amma o, qorxsa da bəxtini tapmayınca geri qayıtmağı heç ağlına da gətirmirdi.

 

– Bismillah!!! – kişi cığırın tən ortasında şonqumuş canavarı görəndə dik atıldı. Dabanına tüpürüb qaçmaq istəyəndə, canavar dilə gəlib dedi ki, a kişi, qaçma, dayan. Kişi ayaq saxladı. – De görüm hara gedirsən?

 

Kişi qorxudan titrəyə-titrəyə: – Bəxtim küsüb, onun dalınca gedirəm, – dedi.

Canavar yazıq-yazıq zarıdı:

– A kişi, mənim də bəxtim məndən küsüb, dünya işığına həsrət qalmışam. Şikarsızam, ətə tamarzıyam, əgər mənim bəxtimə rast gəlsən, de ki, yazığam, gözlərimə bir çarə eləsin.

Kişi salamat qurtardığına şükür edib dedi:

– Baş üstə, canavar qardaş, bəxtini tapıb sifarişini ona çatdıraram.

 

Canavar yoldan çıxdı, kişi keçdi.

 

 

 

***

 

Bəxtsiz kişi az getdi, çox getdi, gəlib gün çıxanda bir tarlaya çıxdı. Baxdı ki, ata-oğul bir cüt öküzlə yer şumlayır. Salam verib, işiniz avand olsun, dedi.

 

Cütçülərin ağsaqqalı:

– Çox sağ ol, – deyib öküzləri hişləyib dayandırdı. – Qardaş, gəl bir yanını yerə qoy, uzaqdan gələnə oxşayırsan.

Kişi elə bil himə bənd imiş, heybəsini yerə qoyub oturdu: – Hə, qardaş, uzaqdan gəlirəm, – dedi. – Bardaqdan bir parça su töküb başına çəkdi: – Oxay, ölənlərinizin ehsanı olsun.

– Halal xoşun olsun, – Ağsaqqal cütçü bəxtsizin yanında bardaş qurdu. – De görüm hardan gəlib, hara gedirsən?

 

Kişi:

 

– Qardaş, bəxtimin dalınca gedirəm, küsüb məndən, – dedi.

Cütçünün də dərdi təzələndi:

 

– Qardaş, – dedi, – sən Allah, əgər mənim bəxtimi görsən, denən cütçü deyir ki, bax, görürsən oranı – tarlanın ortasındakı boz təpəni göstərdi: – Neçə ildi, nə illah eləyirəm, orda heç nə bitmir ki, bitmir. Mənə bir məsləhət versin, görüm neyləyirəm. Tarlanın ortasında göz dağı olub mənə.

 

Kişi:

– Yaxşı, əgər sənin bəxtinə rast gəlsəm, sifarişini çatdıraram, – deyib getdi.

 

***

 

Bəxtsiz kişi bəxtini çağıra-çağıra, əzizləyə-əzizləyə, oxşaya-oxşaya gedirdi. Təki bəxti qabağına çıxsın, tale ona yar olsun, işləri qaydasına düşsün, üzünə gün doğsun, balalarının üzü gülsün...

Birdən iki-üç nəfər silahlı kəlpeysər kəsdi yolunu:

– Kimsən?

 

– Allah bəndəsi.

 

– Allah bəndəsinin burda nə işi var?

Kişi az qala inildədi:

– Qardaşlar, icazə verin, varım öz yolumla gedim, mən bəxtsiz-talesiz, yoxsul bir kişiyəm. Mənim bir kimsəylə işim yoxdu.

 

Qaravulçuların böyüyü gur səslə soruşdu:

– A kişi, de görüm hara gedirsən?

 

– Bəxtimin dalınca!

– Bəxt kimdi, a kişi?

 

– Bəxt də, başına dönüm, bəxt. İqbal, tale, nə bilim... adamı heç nədən adam eliyən... qaldıran, yendirən, alçaldan, ucaldan, qaraldan, ağardan...

 

– Daha bəsdi, a kişi, başa düşdüm. Bəxti axtarmaqla tapmaq olmaz, gərək bəxt özü səni gəlib tapsın. Nə bilirsən, bəlkə də, sənin bəxtin bu saat ayaqlarının lap altındadı, başının üstündədi, amma sən onu görmürsən. Qayıt get evinə, havayı yerə vaxt itirmə, hər kəsin bəxti onun öz əlindədi.

Kişi başını buladı:

 

– Yox, qardaş, Allah eşqinə məndən əl çəkin, mənim bəxtim məndən küsüb, yol verin gedim bəxtimin dalınca.

 

Qaravulbaşı gördü kişi inadcılın lap yekəsidir, dedi:

– Yaxşı, gedərsən, amma gərək əvvəlcə bizim şahımızın yanına gedək, o, icazə versin.

 

– Ay balam, nə şah, nə padşah, mən kasıb bir adamam, icazə verin öz yolumla gedim.

Qaravulbaşı səsini qaldırdı:

 

– A kişi, bura yad məmləkətdi, buranın öz qayda-qanunu var. Gedək şahın yanına, onun icazəsi olmadan kimsə buradan sağ-salamat keçə bilməz.

 

Kişi naçar qalıb:

– Yaxşı, gedək şahınızın yanına, – dedi.

 

Qaravulçular kişini şahın yanına apardılar. Sarayın qapısını açıb onu şahın yanına gətirdilər. Şah cavan bir xanımdı, taxtında ədayla oturmuşdu. Xanım çatma qaşlarını bir az da çatıb amiranə səslə soruşdu:

– Kişi, hardan gəlib, hara gedirsən?

 

– Küsmüş bəxtimin dalınca gedirəm, ağrın alım.

Xanımın gözləri qıyıldı:

– Bəyəm bəxt adamın öz əlində deyil?

Bəxtsiz kişi alimanə görkəm aldı:

 

– Xanım, qibleyi-aləm, bəxtim öz əlimdə olsaydı, bu günə kimi bir ağ günə çıxardım. Yəqin, bəxtim küsüb ki, həyat üzümə gülmür də. Bax sizin bəxtiniz öz əlinizdədi. Bu boyda məmləkətin şahısınız, hamı sizə baş əyir, qulluq göstərir, varınız, dövlətiniz...

 

Xanım fikrə getmişdi, sifətinə güclə seziləcək bir kədər hopmuşdu. Xanım bir ah çəkdi, handan-hana üzünü bəxtsizə tutdu:

– Kişi, sənə məmləkətimdə azad gəzib-dolanmağa icazə verirəm. Bir halda ki, küsmüş bəxtinin dalınca gedirsən, onda mənim də bəxtimi tap, ona söylə ki, baxma şaham, amma mən də tam xoşbəxt deyiləm, elə bil həyatımda nə isə çatmır, dərdimə bir çarə tapsın.

 

Kişi bir anda fikirləşdi ki, sən bir Allahın işinə bax, bu boyda məmləkətin şahının da dərdi var, o da bəxtindən gileylənir. Bu dünyadan onun da umacağı var. O da nədənsə yarımayıb. Onun dərdi, istəyi nədir, görəsən?

 

Bəxtsiz kişi ürəyindən keçənləri şahdan soruşmağa cəsarət eləmədi:

– İcazənizlə gedim, qibleyi-aləm, mən sizin bəxtinizi tapıb dediklərinizi ona çatdıraram – dedi.

Xanım dedi:

 

– Buyur, gedə bilərsən. Amma bura qayıtmağı yaddan çıxartma.

– Baş üstə, xanım! – deyə kişi baş əyib saraydan çıxdı.

 

***

 

Bəxtsiz kişi günlərlə yol getdi, axır gəlib gözəl mənzərəli bir yerə çıxdı. Ayaq saxladı, qulağına qəribə şən səslər gəldi. Gülüş səslərinə doğru addımladı. Gördü paho... göy çəmənlikdə dirsəklənən kim, zarafatlaşan kim – bütün küsmüş bəxtlər burda kefdədi.

Kişi göz gəzdirib küsmüş bəxtini tapdı, tez ona yaxınlaşdı. Bəxti kişiyə “xoş gəlmisən” deyib dikəldi.

– Sağ ol, ey bəxtim-taleyim, – kişi dizi üstə çökdü. – İnsaf elə, sənsiz yaşaya bilmirəm. Çox gileyləndim, qarana deyindim, söyüb-söyləndim, səni nahaqdan incitdim.

 

Bəxti dedi:

– A kişi, barışdıq, ağlını başına yığıbsansa, fürsəti əldən vermə daha, inşallah ağ gün görərsən.

 

– Bəs haçan, a başına dönüm?

– Lap bu günlərdə.

 

Kişi bəxtinə dedi ki, bəs yolda mənə rast gələnlər olub. Dönə-dönə tapşırıblar ki, bəxtlərini tapıb istəklərini çatdırım.

Bəxti, kişinin isnad verdiyi şahın, cütçünün, canavarın bəxtlərini tapıb göstərdi.

 

Bəxtsiz kişi şahın bəxtindən sorşdu ki, qayıdanda ona nə deyim, nə məsləhət görürsən? Xanımın bəxti güldü:

– Şahın gözünü hakimiyyət, şöhrət tutub. O, başa düşməyib ki, xoşbəxtlik təkcə var-dövlətdə, şahlıqda deyil. Qapısına gələn elçiləri bir-bir geri qaytarır, heç kəsi bəyənmir. Elə bilir həmişə cavan qalacaq. Bəs bilmir ki, bir gün qocalacaq. Qadın ancaq ana olanda xoşbəxt olur. Ona söylə ki, bəxtin dedi bir Allah bəndəsinə ərə getsin.

 

Cütçünün bəxti yeridi irəli:

– Cütçüyə deyərsən ki, a kişi, o boyda tarlanı əkib-biçirsən, qazanırsan, ancaq balaca bir təpədə heç nə bitmir deyib, darılırsan, o təpəni yaxşı-yaxşı qazsın, orda xəzinə yatır.

Bəxtsiz kişi üzünü canavarın bəxtinə tutdu:

 

– Nə buyuracam, meşədə heyvan, sürüdə qoyun qoymayıb, basıb hamısını yeyib, indi də Allahın qəzəbinə gəlib. Olub zəlil...

 

Canavarın bəxti dedi:

– Yazığım da gəlir ona. Hə, denən, onsuz da öyrəşmişə tövbə yoxdu, bir ağılsız insan beyni yesə, gözləri açılar.

 

Bəxtsiz kişi sağollaşıb sevinə-sevinə yola düzəldi.

 

***

 

Kişi qorxa-qorxa girdi şahın sarayına. Şah soruşdu:

 

– Bəxtimi gördünmü?

– Gördüm!

– Xanım şahanə görkəm aldı:

 

– Nə dedi?

 

Kişinin yanaqları qızardı:

 

– Xanım, söyləməyə cəsarət etmirəm, – dedi.

– Əmr edirəm, söylə.

 

Kişi əlacsız qalıb söylədi:

 

– Bəxtiniz dedi ki, şahlıqla çox da öyünməsin, bir Allah bəndəsinə ərə getsin.

Xanım bir an fikrə getdi, sonra taxtından düşüb bu yarlı-yaraşıqlı kişinin – bəxtsizin yanına gəldi, gözlərinin içinə dik baxıb, dedi:

– Gəl sən heç hara getmə, qal mənim yanımda. Bu saat mollanı çağırtdırım kəbinimizi kəssin, olum sənin halalca arvadın, şahlığı da tapşırım sənə.

 

Kişi üç addım geri durdu:

– Xanım, nə danışırsan, kənddə arvadım, uşağım, bəs onlar nə olsun?

 

– Birtəhər yaşayarlar, Allah belə məsləhət bilib, gəl bəxtindən qaçma, elə sənin küs­müş bəxtin mənəm.

– Yox, xanım, mən səni ala bilmərəm, sağ ol, mən getdim.

 

Kişi otaqdan külək kimi çıxdı çölə.

Az getdi, çox getdi, dərə-təpə düz getdi, gəlib cütçülərin yanına çatdı. Cütçü, kişini görüb belini torpağa sancdı:

 

– Qardaş, bəxtimi gördünmü?

– Gördüm.

 

– Nə buyurdu?

– Buyurdu ki, o təpəni yaxşı-yaxşı qazsın, orada xəzinə var.

 

Cütçü belin birini də götürüb kişiyə uzatdı:

– Gəl qazaq, nə çıxsa ata malı kimi bölərik, – dedi.

 

Gün batanacan qazdılar. Günün son şəfəqləri buludları qızardanda cütçü sevinclə qışqırdı.

– Tapdım. Düz bir küpədi. Nəslimizə, yeddi arxa dönənimizə də bəsdi bu qızıllar. – Üzünü bəxtsizə tutdu: – Qardaş, sözümüz sözdü. Gəl ata malı kimi bölək.

 

Kişi qalxdı ayağa:

– Əşi, sənin qızılın mənim nəyimə gərəkdi. Məni sən nə hesab eləyirsən...

– A kişi, kasıb adamsan, bir çətən külfət yolunu gözləyir, Allah yetirib də, götür bir ovuc qızıldan tök cibinə, get yaşa özün üçün.

 

– Yox, mən əyilən kişilərdən deyiləm, gərək deyil. Sağ ol, mən getdim.

– Get, qardaş, özü yıxılan ağlamaz.

 

Bəxtsiz kişi dan yeri söküləndə canavarın yanındaydı. Canavar hələ onun iyini beş ağaclıqdan almışdı. Kişi ona çatar-çatmaz canavar şirin dilini işə saldı:

 

– Gözəl kişi, bəxtimi gördün?

Kişi canavarın kor gözünə baxıb dərindən ah çəkdi.

– Hə, gördüm, – dedi.

 

Canavar yerindən dik qalxıb bir də təzədən şöngüdü:

 

– Gözlərimin açılmağına bir çarə demədimi?

 

– Dedi!

– A kişi, bağrım yarıldı, tez söylə görüm, nə dedi?

– Dedi ki, bir ağılsız insanın beynini yesə gözləri açılar.

 

– Elə beləcənə dedi?

 

– Hə, vallah, elə beləcənə söylədi:

Canavar bir an fikirləşdi ki, bu kor vaxtında hardan axtarıb tapacaq ağılsızın birini, elə həmin birisi ayağıyla gəlib çıxıb qabağına.

 

– Qardaş, yaxın gəl.

Bəxtsiz kişi bir addın qabağa durdu. Canavar dal ayaqları üstə şahə qalxıb qabaq pəncələrini onun çiyninə söykədi

 

– Qardaş, görürsən də, gözlərim görmür. Sənin kimi ağılsızı mən bir də hardan tapacam. Sən öz ayağınla gəlib çıxmısan qabağıma. Sən elə mənim bəxtimsən, kişi.

Bəxtini görməyib bəxtini axtaran bəxtsiz kişinin “başsız” başı fəndgir qoca canavara qismət oldu.

 

26-27 avqust 1999-cu il

 

Mustafa Çəmənli

Ədalət .-2023.- 22 dekabr,¹ 49- S.7.