Poeziyamızın ağ çiçəyi -   Nurəngiz Gün - 85

 

Azərbaycan tamaşaçıları televiziyada onun səsinə heyran kəsilmişdilər. On beş il televiziyada diktor kimi çalışdı, beş il də İncəsənət Universitetində nitq mədəniyyəti kafedrasında müəllim kimi fəaliyyət göstərdi.

43 yaşında ədəbiyyata gəldi. 1981-ci ildə "Ulduz" jurnalının aprel nömrəsində "Tanrı bəşər övladıdır" adlı povesti oxuculara təqdim edildi. Və bu povest çoxları üçün gözlənilməz hadisəyə çevrildi. Təbii ki, yaşın burada heç bir önəmi yox idi. Çünki bu povest "mən yazıçı olmaq istəyirəm" havasına yazılmamışdı. O əsərdə bir qadının ömür yolu, həyatının dramatik-faciəli anları təsvir edilirdi, burada nəsrə məxsus bütün elementlərə riayət edilmişdi. Az sonra povest kitab halında da nəşr olundu və hamıdan qabaq Xalq yazıçısı Mirzə İbrahimov "Ədəbiyyat və incəsənət" qəzetində bu əsər barədə öz sözünü: "Yazıçı Nurəngiz Günün "Tanrı bəşər övladıdır" povestində hadisələr otuz yaşlı Məryəm adlı gənc bir qızın mürəkkəb həyatı və ağır taleyi ilə bağlıdır. Nurəngiz xanım öz qəhrəmanını sevə-sevə təsvir edir. Vaqondakı kədərli, fikirli, dalğın, həyəcanlı vəziyyətini, daxili aləmini elə canlandırır ki, biz bu başdanca onun mənən, ruhən təmiz, mehriban, insanları sevən, qayğıkeş bir qadın olduğuna inanırıq və öz hisslərimizdə heç də aldanmırıq; həm zahirən, həm də daxilən gözəl olan bu qadının  sevincinə, kədərinə şərik olur, onun gözəlliyinin, məlahətinin ətrini duyurun. Nurəngiz xanımın əsərində yazıçı üçün çox vacib olan keyfiyyətlərdən birinə - səmimiyyətə söz ola bilməz. Povesti oxuyanda çox zaman adama elə gəlir ki, müəlliflə üz-üzə oturub söhbət edir. Sanki o, həyatda, insanlar arasında gördüklərini, eşitdiklərini, şəxsən yaşadıqlarını sənə nəql edir, hətta ürəyini boşaldır. Yaz, qızım Nurəngiz, yeni uğurlar sənə".

Əlbəttə, böyük Xalq yazıçısının bu xeyir-duasından sonra Nurəngiz xanım gərək qələmə sarılıb yeni-yeni povestlər, romanlar yazaydı. Amma o, ədəbiyyata nəsrlə gəlsə də, nasir kimi yox, şair kimi tanındı və sevildi. Çünki onun povesti lirik-psixoloji üslubda qələmə alınmışdı və həm qəhrəmanın öz daxili dünyası, həm də müəllifin təhkiyəsində, obrazların qarşılıqlı münasibətlərində bir şeiriyyət havası vardı. Az sonra Nurəngiz Günün "Ağ qanadlar" adlı şeir kitabı ("Yazıçı", 1986) çap olundu. Bu kitabı yeni bir poetik istedadın ədəbiyyata gəlişiydi. Adətən, özü də əksər hallarda, hər hansı şairin ilk şeirlər kitabı ədəbi aləmdə o qədər də ciddi bir reaksiya doğurmur. Elə Nurəngiz xanımın "Ağ qanadlar" şeirlər kitabı da sükutla qarşılandı. Amma bu şeirlər kitabı ədəbi tənqidin sükutu ilə qarşılansa da, əslində, "Ağ qanadlar" şeirimizə böyük uçuşa hazırlaşan bir şairin start vəziyyətindəki hazırlığını aşkara çıxardı. Mən Nurəngiz xanımın bu ilk şeirlər kitabı ilə sonuncu şeirlər kitabları arasındakı təbii poetik inkişafı görürəm, amma sizi inandırım ki, "Ağ qanadlar"da toplanan şeirlərdə şairənin bütün poeziyasına xas olan bir sıra keyfiyyətlər diqqəti cəlb edir. Deyim tərzindəki sərbəstlik, həyat hadisələrini daha dərin və mürəkkəb şəkildə anlamağa çalışmaq və bunun üçün assosiasiyalara meyl, fikir və hiss vəhdətindən doğan obrazlı ifadə tərzi, bədii təsvir vasitələrindəki orijinallıq onun sonrakı şeir kitablarında da öz əksinqi tapdı. İlk növbədə onu qeyd edim ki, Nurəngiz Gün müasir şeirimizdə məzmun zənginliyi ilə diqqəti cəlb etdi. Şair hər şeydən yaza bilərmi? - bu suala Nurəngiz Günün şeirlərində cavab axtarsaq, deyə bilərik ki, yalnız könüldən keçən, ürəyi titrədən, həyəcanlandıran nə varsa, şeirin məzmununda öz əksini tapacaq. Yəni həyat hardadırsa, poeziya da ordadır. Nurəngiz Gün üçün gördüyü, müşahidə etdiyi və yaşadığı həyat bütün mürəkkəbliyi və ziddiyyətləri ilə şeirlərində öz ifadəsini tapırdı, həm də poetikliyi ilə. Demək istədiyim budur ki, Nurəngiz Gün şeir aləminə hazırlıqlı gəlmişdi. Şair üçün mütaliə, dünya və milli ədəbiyyatımızdan bol-bol faydalanmaq başlıca amillərdən biridir. Nurəngiz Gün ilk əsərini yazana qədər bu yolu artıq keçmişdi. Amma onun poeziyasında hansı şairinsə təsiri yoxdur, Nurəngiz Gün bizim milli poeziya örnəklərindən bəhrələnmək, böyük türk şairi Nazim Hikməti bitr ustad kimi sevmək və ondan öyrənmək dərslərini keçib.

Bu yazının adını niyə "Poeziyamızın ağ çiçəyi" adlandırdım? Bunun iki mənası var. Birincisi: Nurəngiz Gün bir şeirində yazırdı:

 

Tükəndi ağ çiçəklərim,

         bir payıza yaraq oldu,

Çaşdı əsən rüzgarlarda,

         qopub varaq-varaq oldu.

Quş olub uçdu güllərim,

         əldə qalan budaq oldu

Busələrimin qonağı

         bir üşüyən yarpaq oldu.

Gözlərim gölə çevrildi,

         vüsal məndən uzaq oldu,

Nə gəldi, qüssədən gəldi,

         məni üzən fəraq oldu!

Xəyal oldu sevdiklərim,

        Yanıb-sönən çıraq oldu,

Mənim o ağ çiçəklərim

        dönüb qara torpaq oldu.

 

Bizim poeziyanın zərifləri içərisində eləsi tapılmaz ki, güllərə, çiçəklərə şeir həsr etməsin, o güllərə və çiçəklərə öz ürəklərindən sevgilər bəsləməsin. Bu sevgiləri mən daha çox üç şairimizdə - Mirvarid Dilbazidə, Mədinə Gülgündə və Nigar Rəfibəylidə müşahidə etmişəm. Nurəngiz Gün də çiçəkləri çox sevir, ağ çiçəklər onun şeirlərində ürəyinin gizlinlərində yatıb qalan sirlərin üzə çıxmasıdır. Fikrimcə, Nurəngiz Günün poeziyası bu AĞ ÇİÇƏKLƏR poetik obrazı ilə sıx bağlıdır. O, bu ağ çiçəklərin dünyasından Dünyaya baxır, cəmiyyətə, təbiətə, insanlar aləminə, yaşadığı Vətənə boylanır.

Nurəngiz Günün bütün şeir və poemaları onun 2019-cu ildə çap olunmuş "Seçilmiş əsərləri"nin I cildində toplanıb. İlk şeiri 1979-cu ildə qələmə alınıb - "Salam çörəyə, gülə, günəşə". Onun poeziyası həm mövzu, həm də sənətkarlıq baxımından rəngarəngdir, çoxçeşidlidir. Bir-birini təkrar edən şeirlər yoxdur bu sırada. Hətta mövzuca yaxın olan şeirlərin də hər biri digərindən asılı deyil, müstəqil şeirdir.

Əlbəttə, mən bu şeirləri mövzular üzrə qruplaşdırmaq, hansı şeiri isə xüsusi fərqləndirmək kimi artıq şablona çevrilmiş bir üsuldan yayınıram. Mən onun poetik düşüncə tərzinin özünəməxsusluğunu nəzərə çarpdırmaq istəyirəm. Əgər bu düşüncə tərzi şeirin gözəlliyini təmin edən bədii sənətkarlıqla süslənibsə, o şeir həm də sənin olur. Şairdən sənə qədər bir meridian xətti çəkilir, sən şairi dərk edirsən, ona inanırsan. Məsələn, Nurəngiz Günün ayrıca "Vətən" və "Vətən, məslək, düşüncələr" adlı şeirləri var və bu şeirlərdə o dövrün vətən şeirlərində nəzərə çarpan şablon ifadələr yoxdur, gözəl şeirlərdir. Amma "Torpaq yuxularım" şeiri Vətən haqqında onun ən gözəl, ən səmimi şeiridir, deyərdim.

 

Bu torpağın üstündən

 

       Araz adlı bir çay axar -

Qubar dolu suyundan

       hönkürüb şərbət içmişəm.

 Kənarında dəmir çəpər var!

 Bu çəpərin küncündə

 ölmək üçün

 üç arşın yer seçmişəm.

 Bu çəpərin küncündə

        atamın ləpirləri!

 Bu çəpərin küncündə

        anamın həsrət əlləri!

Bu torpaqda nələr tapdım,

       nələri itirdim.

 Bu torpağın üstündə

         bir qoşa məzar var,

Bürünüb göz yaşına,

 

Nurəngiz Günün şeirlərində bir çox simvolik obrazlar var ki, hətta deyərdim ki, bu obrazlarsız onun poeziyasını tam dərk etmək mümkün olmazdı.

 

Ulu nənəm, Gün xanım hey!

Bu torpağbın öncə Günəşi doğub,

Bu torpaq sarı tellərdən yoğrulub,

Gün xanım, Günəş xanım!

Andım, Tanrım, imanım!

 

Gün - Günəşin qısa formasıdır. Azərbaycan şeirində Günlər çoxdur. Məhsəti, Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Umugülsüm, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Mədinə Gülgün... Bunların poeziyada saçdıqları işığın ömrü əbədiyyət qədər olacaq. Nurəngiz Gün də bu sönməyən Günlərin sırasındadır. Söhbətimi ona gətirirəm ki, Gün təxəllüsü əbəs seçilməyb, bu, Nurəngiz Günün Günəşə sitayişi ilə bağlıdır. "Günəşin elçisi" adlı esse-monoqrafiyanın müəllifi - Nurəngiz Gün poeziyasının pərəstişkarı Elçin İsgəndərzadə bu bağlılığı geniş izah edib.

Nurəngiz Günün şeirlərinin çoxdan çoxu sərbəst şeirlərdir. Böyük şairimiz Rəsul Rzanın XX əsr Azərbaycan şeirində Yola çevirdiyi sərbəsi şeir keçən əsrin ikinci yarısında özünün istedadlı müəlliflərini tapdı. Onların biri də Nurəngiz Gün idi. Təfərrüata varmıram, yalnız onun "Qəfəs bülbülü" şeirindən bir parçanı misal gətirirəm. Şeirdə şairin bir bülbülü mahir ovçunun şikarı olmaqdan xilas etməsi və sonra da onu qəfəsdən azad edib uçurmasından söz açılır:

 

Uç, uç!

Aldım bu qəfəsi,

açdım bu qəfəsi,

Açdım və buraxdım səni.

Uç, uç!

Geniş ormanlar yaxşıdır.

Baxma ki, pələngi, aslanı var.

Və əgər,

İşdi-şayəd,

pulum daha çox olarsa,

onda açıb buraxacam

dünyadakı

bütün

haqsız qəfəs düçarlarını!

 

Bir qəfəs bülbülünü azadlığa buraxan Nurəngiz Günün özü də Azadlıq aşiqi idi. Təkcə şeirlərində deyil, "Salamat qal, Ağca yol", "Əsrin son yuxusu", "Xocalı simfoniyası", "Quzey Kıbrıs rüzgarları", Nazim Hikmətə həsr etdiyi "Qar romanı" poemalarında da Azadlıq sevdalısıdır.

Mən Nurəngiz xanımın 85 illiyinə həsr etdiyim bu yazıda onun yaradıcılığı ilə bağlı çox məsələlərdən sizi hali etmədim. Onun şeirlərindən öncə, özünün şeir dediyi zaman sanki ilahidən gələn Səsindən söz açmadım. Onun şeirlərindəki təravətli və orijinal təşbih, epitet və metaforaları incələmədim. N.Günün şeirlərində ayrı-ayrı poetik obrazlar, şeir dilindəki səlislik, poetik leksikonunun zənginliyi haqqında da söz deməliydim. Qalsın sonraya, deyirəm, çünki poeziyamızın bu hünərvər zərif şairinin ədəbi irsi zəngindir...

 

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

Ədalət .-2023.- 22 dekabr,¹ 49- S.6.