İKİ
ƏSRİN ZİRVƏSİNDƏ
Allah üzünü mənə tərəf
çevirmişdi.
Yasif Nəsirli
“Zirvə” adlı dastanın müəllifi zirvədən-zirvəyə
qalxaraq minlərlə müxtəlif səviyyəli və
xasiyyətli insanların içərisindən, cəmiyyətin
yuxarı və aşağı qatından, və burda qərar
tutmuş təbəqələrin gözü
qarşısından keçərək, böyük maniə
və sədləri inamla aşaraq, gəlib bu yaşa
çatmışdır. Bu, zəfər
yürüşüdür. Təbii ki, zamanında onun əlindən
tutanlar da olmuş, ayağından çəkənlər də.
Lakin Yasif Nəsirli səbrlə, Tanrının ona bəxş
etdiyi gözəl xasiyyəti, ilahi təbi, tədbirli və
təmkinli davranışı, aşıb-daşan
istedadı və gənclik coşqunluğu ilə dalbadal
qarşısına çıxan bütün sədləri və
əngəlləri aşıb keçə bilmişdir. Bu
“marafonda” onun uğuruna çıxan nə qədər nəcib
və xeyirxah insanlar olub... Yasif Nəsirli onların heç
birini unutmayıb və “Zirvə” yaddaş toplusunda onları
sevə-sevə bir-bir xatırlayıb və ünvanlarına
layiq olduqları qədər bol-bol xoş sözlər deyib,
dəyərli fikirlər söyləyib. Bu mənada kitab
sanki yaxşı adamların sərgisi və xeyirxah xarakterlərin
ensiklopediyasıdır. Bunlar Yasif Nəsirlinin bəxtinə
tuş gələn, rastına çıxan İlahi qismətidir.
Təbii ki, müəllif həyata qədəm
qoyduğu ilk gündən heç də mələklər
arasında, ideal mühitdə yaşamayıb. Hər
dövrün özünə görə bədxahları da
olub, insan sevər xeyirxahları da. Amma etiraf edək ki,
müəllifin təsvir etdiyi o dövr indikindən fərqli
olaraq daha çox humanist, vicdanlı, halal insanların
dövrü idi. O zamanın ruhu qismən “hamı bir nəfər
üçün, bir nəfər hamı üçün”
şüarının təsiri altında
formalaşırdı. İndi “Hamı mənim
üçün, mən də özüm üçün!”
deyənlərin sayı ilbəil artır. Bazar cəmiyyəti
insanın özünü də alqı-satqı predmetinə
çevirməkdədir. Biznes marağı insanların
insanlığını, adamların adamlığını
əlindən alıb onları bioloji varlığa
oxşatmaqdadır. Yırtıcıların, haramzadələrin
cəmiyyətin qəniminə çevrildiyi belə bir
dövrdə “Zirvə”dəki obrazlar adama xəyal, müəllif
təxəyyülünün məhsulu kimi
görünür. Amma mən müəllifin müasiri
olduğum üçün (o, məndən cəmi 10 yaş
böyükdür) deyirəm ki, “Zirvə” həqiqətən
hər cəhətdən öz dövrünün zirvəsinə
yüksəlmiş insanların real portretlər
qalereyasıdır. Orda nə şişirtmə var, nə də
kiçiltmə. Mirzə İbrahimov, Mir Cəlal, Həmid
Araslı, Məmməd Arif, Bəxtiyar Vahabzadə, Ağamusa
Axundov, Maqsud Əlizadə, Elmira Qafarova, Əfrand Daşdəmirov,
Qulu Xəlilov, Vasim Məmmədəliyev... hər biri öz
işinə, fəaliyyətinə və xarakterinə
görə ümumxalq hörməti qazanmış nüfuzlu
şəxsiyyətlərdi.
Taleyin qismətidir ki, müəllifin həyatı, lap
uşaqlıqdan yaxşı insanların çevrəsində
keçmişdir. Allahın xeyirxah bəndələrinin əhatəsində
dünyanı görüb dərk etməyə
başlamışdır. Halal zəhmət adamları, ilk
növbədə kolxoz və ev işlərinin
ağırlığından əziyyət çəkən
anası, Çoban Usub, sağ qolunu müharibədə
itirmiş Cümşüd müəllim, Soltanlı
kolxozunun sədri, əsl ziyalı olan Məhərrəm
kişi, onun həyat yoldaşı Leyli xala, kənd məktəbinin
direktoru və dil-ədəbiyyat müəllimi İslam
İsmayılov, müharibədə ayağı şikəst
olmuş tarix müəllimi, məktəb bədii özfəaliyyət
dərnəyi, müharibədən sonra ərsəyə gəlmiş
şikəst taleli yaşıdları və mühit onun ilk tərbiyəçiləri
olmuşdur. Dünyaya göz açdığı mühit
düşündürücü və səfərbəredici
mühit idi. Yaşadığı məkan və zaman onu Yasif
Nəsirli kimi yetişdirir və formalaşdırırdı.
Və ən başlıcası, Yasif cavan olsa da dara
düşəndə həmişə, özünün
yazdığı kimi, “Ürəyində Allahı köməyə
çağırıb”. Və xoşbəxtlikdən Allah həmişə
onu eşitmişdir. Başqa cürə onu uşaqlıqda
yolunun üstünə çıxan qorxunc gürzə
ilanlardan, şəhərdə isə çox hiyləgər
“kabinet ilanlarından” kim xilas edə bilərdi?
Bir anlıq Yasif Nəsirlinin həyat yoluna ötəri
nəzər salsaq görərik ki, Azərbaycanda ondan əvvəllər
də və indi də hələ heç kəs onun imza
atdığı uğurlara çata bilməyib. Yeri
düşmüşkən deyim ki, cavanlıqda mən
“Uğur” adlı bir əsər yazmağa təşəbbüs
göstərmişdim. Lakin alınmadı. Texniki peşə
məktəbinin şagirdi, sonra ixtisaslı fəhlə kimi
zavodda çalışan Uğur həyatda mənim
özüm kimi heç bir uğur qazana bilmədi.
Çünki o da mənim kimi Anasız, Arxasız və
Adamsız idi. Heç demə, ən başlıcası, o,
anadangəlmə Talesiz və Bəxtsiz imiş. Adı
Uğur olsa da, qismətində uğur olmayıb. Mən, nəhayət,
70 yaşımda uğurlu bir insanın həyatı ilə bu
kitabda tanış oldum. Zirvələr fəth etmiş bu
insanın bütün həyatı əsl uğurnamə
dastanıdır!
Onun əmək fəaliyyətinin yüksəliş
trayektoriyası xüsusən fantastik və qeyri-adidir. 6-7
yaşından Kavdar kəndində Çoban Usubla kolxoz
quzularını otarmış və işləyə-işləyə
kənd məktəbində təhsilini davam etdirmişdi. Bu vərdişi
o, ali məktəbdə də davam etdirmişdi. Tələbə
ikən Universitetin elmi jurnalında və mətbuatda məqalələri
çap olunub. Dördüncü kursda ikən üç
kitabı çapdan çıxıb. Əyani şöbənin
tələbəsi ikən dördüncü kursda onu
Komsomolun Mərkəzi Komitəsində təlimatçı
vəzifəsinə təyin edirlər. Sonra yeni nəşrə
başlayacaq “Ulduz” ədəbi-bədii və ictimai-siyasi
jurnalının ilk baş redaktoru təyin olunur.
Qısa müddətdə jurnala istedadlı gənc
yazıçı və şairləri – İsi Məlikzadəni,
Sabir Süleymanovu, Abbas Abdullanı, Fərman Kərimzadəni,
Əhəd Muxtarı, Sabir Azərini işə cəlb edir.
Jurnal 34 səhifə çıxmalı idi. O, risk edərək
64 səhifə buraxmağa nail olur. O dövr üçün
bu böyük iradə tələb edirdi.
Bu o vaxt idi ki, oxucuların çox sevdiyi istedadlı
şair Məmməd Araz Nəriman Nərimanov haqqında
“Ədəbiyyat qəzeti”ndə redaktor əvəzi kimi məqalə
dərc etdiyinə görə Mərkəzi Komitənin qərarı
ilə işdən azad olunmuşdu. Yasif yuxarılarla
razılaşmadan Məmməd Arazı şöbə
müdiri vəzifəsinə təyin etmişdi. Bunun
üçün Yasif Nəsirli Yazıçılar
İttifaqının Rəyasət heyətində tənqid
edilmişdi.
Gənc yazıçı Fərman Kərimzadənin
“Qarlı aşırım” romanını “Azərbaycan”
yurnalı çap etməmişdi. Qlavlit də icazə
vermirdi. Yasif həmin romanı yığdırır, nömrəni
Qlavlitə göndərəndə onu aradan götürür
və eyni həcmdə material
qoyur. Jurnal təsdiq olunub qayıdandan sonra, çapa gedəndə
romanı qoyur yerinə. Roman çap olunur. Indi tez-tez
nümayiş etdirilən eyni adda məşhur film çəkilir..
Belə epizodları çoxlu sayda artırmaq olar. Bu, onun vəzifədən
getməsi ilə nətıcələnə bilərdi.
1969-cu ilin iyul ayında Heydər Əliyev onu Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinə məsul
işə aparır və az keçməmiş özünə
köməkci təyin edir. 1973-1975-ci illərdə Moskvada
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali
Məktəbində təhsilini başa vurduqdan sonra Respublika
Dövlət Təhlükəsizlik Komitəsində rəhbər
işə göndərilir. DTK-nın Kollegiya üzvü
olmuşdur. Orada təqaüdə çıxdıqdan sonra
Mərkəzi Komitədə İnzibati Orqanlar şöbəsinin
müdiri təyin edilmişdir. Mərkəzi Komitənin
üzvü seçilmişdir. Qarabağ Təşkilat Komitəsinə
birinci müavin təyin edilmişdir. Həmçinin
Zaqafqaziya Hərbi Şurasının üzvü idi.
General-mayor rütbəsinə layiq
görülmüşdür. Azərbaycan Respublikası Ali
Sovetinin (Milli Məclis) deputatı olmuşdur.
Respublika Prezidenti yanında Ali İnspeksiya sədrinin
müavini, Azərbaycanın Xarici Ölkələrlə
Dostluq və Mədəni Əlaqə Cəmiyyəti sədrinin
birinci müavini, eyni vaxtda “Novruz” qəzetinin baş redaktoru
işləmişdir.
2007-ci ildən Azərbaycan Dünyası Beynəlxalq
Əlaqələr Mərkəzinin (Xarici Ölkələrlə
Dostluq və Mədəni Əlaqə) prezidentidir.
Əlbəttə, bunlar hələ hamısı deyil.
Yasif Nəsirlinin vəzifə karyerasını sadalamaq onun tərcümeyi-halının
təxminən 40-50 faizini əhatə etmək deməkdir.
Onun ədəbi, elmi, ictimai-siyasi karyerası bu mühitdə
gördüyü işlərə uyğun olaraq olduqca peşəkar
mahiyyət daşıyır. Altmış ildən
çoxdur ki, İlahi bir istək onu qələmə
bağlayıb, yazı-pozu bu bəxtli insanın həyatının
ayrılmaz bir hissəsinə çevrilib.
“Zirvə”dən sonra mən onun qələmindən
çıxan əsərlərin hamısını tapıb
oxumaq istərdim. Xüsusilə müəllifin “İnsanlar,
görüşlər”, “Ömür”, “Dünya”, “Zaman”
adlı kitablarının sorağındayam. Az qala
dünyanın şimaldan cənuba, şərqdən qərbə,
əksər ölkələrində olmuş bu qüdrətli
insanın əməksevərliyi, özünü məqsədyönlü
təşkiletmə bacarığı, təvazökar
xarakteri, ətrafındakılara müdrik yanaşma
taktikası və “Zirvə” avtobioqrafik romanı çərçivəsində
sezdiklərim məni heyran edir. Bu kitabdan mən nə qədər
zənginləşdim, bunu yalnız özüm bilirəm. 640
səhifəlik kitabın vərəqlərində ağ yerləri
mənim qeydlərim doldurub. Mən kitabı oxuduqca müəllifi
xəyalımda gah “Əlçatmaz zirvələrin fatehi”,
gah “Qüdrətli Qismət Sahibi”, gah “Bəxtli Bəxtəvər”
və s. bu kimi obrazlarda canlandırmışam. Kitabın səhifələrinə
səpələnmiş qeydlərimdə mən “Zirvə”ni “Məmurnamə”
adlandırmışam. Müəllif 1958-ci ildən
başlayaraq 2018-ci ilədək ötən 60 il ərzində
müşahidə etdiyi məmur-ziyalı münasibətləri
haqda təəssürat və xatirələrini
topladığı bu kitabında ilk dəfə eşitdiyim
olduqca qəribə və heyrətamiz faktlar, hadisələrlə
rastlaşmışam.
Fikirləşirəm ki, bu kitabı “Azərbaycan məmurlarının
sərgisi” də adlandırmaq olar. Təsəvvürümdə
yaxşıları muzeydə, alçaqları heyvanxanada
nümayiş etdirilən bir sərgi canlanır. Əsasən
mənəvi-mədəni yüksəkliyə
qalxanlarımızın portretini müasir oxuculara təqdim edən
bu əsər, məncə, siyasi memuar ədəbiyyatımızda
zirvə mərtəbəsində durmağa layiqdir.
İki əsrin zirvəsində qərar tutan Yasif Nəsirli
dövrünün ən məlumatlı adamıdır. Onun təhsil
aldığı ünvanların sayı və sanbalı -
habelə çalışdığı mötəbər
“komitələr” tutduğu yüksək mövqe və mənsəb
postları, iş prosesində əməkdaşlıq etdiyi və
ünsiyyət saxladığı insanların səviyyə
və səlahiyyət dərəcəsi belə deməyə
tam əsas verir. Bu səbəbdən Y.Nəsirlinin Azərbaycan
memuar ədəbiyyatına töhvəsi elmi, tarixi və
faktoloji cəhətdən çox qiymətlidir. Amma mənə
elə gəlir ki, Y.Nəsirli əhatəsində olanlar haqda
kifayət qədər dəyərli rəylər və xatirələr
söyləsə də, bilavasitə elmi-ədəbi mühitdə,
mətbuat aləmində inzibati idarəetmə
kürsüsündə özünün fəaliyyəti,
gündəlik taktiki “diplomatik” işlərlə
bağlı təcrübəsi barədə sistemli bir xatirə
əsərinə böyük ehtiyac var. M.S.Ordubadi “Mənim
həyatım və mühitim” adlı əsəri ilə bu
janra çox qiymətli bir töhvə vermişdir. O da
çox məlumatlı və hərtərəfli, intellektual
hazırlığa malik bir şəxsiyyət olmuşdur.
Çoxları, o cümlədən mən səmimi bir
ovqatla yazılmış xatirə əsərlərini
çox sevirəm. Bizim xalqın buna çox böyük
ehtiyacı var. Arzu edirəm ki, Allah daim öz nəzərində
saxladığı Yasif müəllimə bir daha öz
lütfünü əsirgəməsin, onun sağlam
ömrünü o qədər uzatsın ki, o, öz zəngin
yaddaşını doğma xalqı ilə bölüşməyə
bir daha imkan tapsın.
Müdrikləri dinləmək və oxumaq adama ləzzət
verir. Mən “Zirvə”ni oxuduqca bu ləzzəti təkrar-təkrar
duymuşam. Ürəyimdən bir arzu keçib ki, kaş
bizim real həyatımız da Y.Nəsirlinin təsvir etdiyi
müsbət qəhrəmanlardan ibarət olardı: sadə,
xeyirxah və alicənab. Yaxşı ki, Yasif Nəsirli o
adamların parlaq bir nümunəsi kimi bizim aramızdadır.
“Cəlil Məmmədquluzadənin ilk əsərlərində
sənətkarlıq” və “Azərbaycan şeirinin
inkişafı” mövzularında yazdığı namizədlik
və doktorluq dissertasiyaları, çap etdirdiyi monoqrafiyalar ədəbi
ictimaiyyət tərəfindən maraqla
qarşılanmışdır.
Sonrakı illərdə “Ömür”, “Dünya”,
“Zaman” adlı üçcildliyi, “Günəşlə
görüş”, “Mənalı ömür”, ”Təyyarə
Havanaya uçur”, “Çinar vüqarı”, “Görə bilmədin”,
“Qayıdacağam” (rus dilində), “İnsanlar,
görüşlər”, “Adsız təpə” və başqa
kitabları çap olunmuşdur.
“Liftdə hadisə”, “Təyyarə geri dönür”,
“Qan qardaşları” və bir neçə pyesləri dəfələrlə
Azərbaycan Dövlət Televiziyası vasitəsi ilə
göstərilmişdir.
Azərbaycan Milli Dram Teatrında tamaşaya qoyulmuş
Mir Cəlal Paşayevin “Dirilən adam” romanınını
şərikli səhnələşdirmişdir.
Tərcüməçi kimi də oxuculara
tanışdır. Georgi Markovun “Sibir” (iki kitab)
romanını, A.Dıqanskinin “Filosov və paltaryuyan qız”
povestini, “Polşa hekayələri” kitabını,Mariya
Mayerovanın “Dünyaların ən yaxşısı”
romanını, Ş.Ələddinin “Mərmər pillələr”
povestini dilimizə çevirmişdir. Bunların hər biri
ayrıca kitab kimi çap edilmişdir. Bundan başqa
çoxlu sayda xarici ölkə
yazıçılarının əsərləri qəzet və
jurnallarda onun tərcüməsində işıq üzü
görmüşdür.
Azərbaycan yazıçılarının axırıncı
iki qurultayında hərbi-vətənpərvərlik
komissiyası sədrinin müavini seçilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sərəncamı ilə Azərbaycan ədəbiyyatının
inkişafındakı xidmətlərinə
görə Əməkdar İncəsənət xadimi fəxri adına layiq
görülmüşdür.
Əməkdar Elm xadimi, filologiya elmləri doktoru,
professor Qəzənfər Kazımov avtobioqrafik romanın
özünə layiq çox gözəl bir “Ön söz”
yazıb. Amma Yasif Nəsirli haqda ən gözəl
yazını, məncə, Tanrı özü yazıb. Bu
zirvəni Tanrı öz qüdrətindən yaradıb və
onu bəd nəzərdən hifz edib və bu günə gətirib
çatdırıb. Allah bu xoşbəxt bəndəsinə
taxt-tac da verib, bəxt də verib, ömür də. Bizə o
qalır ki, deyək: - Allah sevəni sən də sev!
Qalib Qadir
Ədalət .-2023.- 22 dekabr,¹ 49- S.6.