Kiçik otaqdan
böyük aləmi görən
şair
Onun haqqında yazmazdan əvvəl
bu sözləri xatırlatmaq yerinə düşərdi.
“Söz söyləyən yaxşı bir qəlbə, parlaq
bir vicdana, gözəl bir əxlaqa malik olmalıdır”.
Heç tərəddüt etmədən deyərdim ki, bu
sözlər Əbülfət Mədətoğlunun söz aləmi,
əxlaq dünyası üçün
ölçülüb-biçilib.
Mən bu yazımda 1992-ci ildən bu günə kimi
tanıdığım, bir zamanlar iş yoldaşım, həmkarım
olan, təksə sözü ilə yox, həm də əxlaqı,
tərbiyəsi, insanlığı, xeyirxahlığı ilə
çoxlarına nümunə olan Əbülfət Mədətoğlundan
danışmaq istərdim. Onun poetik deyimini yüksək qiymətləndirən
B.Vahabzadə, Elçin, R.Rövşən, S.Səxavət,
V.Bəhmənli, V.Nəsibli, V.Yusifli, F.Xəlilzadə və
necə-necə söz sərraflarından sonra söz demək,
təhlil aparmaq təbii həm çox çətindir, həm
də mənə elə gəlir ki, elə ən qiymətli, ən
dəyərli sözləri də onalr deyib, onlar yazıb. Mənsə, yalnız qəlbimdən
keçənlərin bir qismini korrektəsiz-filansız...
BDU-nun Jurnalistika fakültəsini yenicə bitirib
“Ədalət” qəzetində işə başladım.
Ömrümün ən gözəl, ən çoşqulu
çağlarında “Ədalət”də haqq-ədalət
sorağına düşərkən, yalnız
jurnalistikanın özünəməxsusluqlarını deyil,
həm də həyat dərsini öyrəndim. Qəzetin o
zaman ilk və yeganə qadın müxbiri (bir necə il) kimi təbii
başda Aqil Abbas olmaqla, bütün kollektivdən hər zaman
hörmət, diqqət, qayğı gördüm.
Əbülfət müəllimdən isə bunları “bir
pay” daha artıq hiss etdim. Bəlkə də bu hadisələrə
yanaşma münasibətimizin, üslub tərzimizin
arasında bir yaxınlıq olduğu üçün belə
idi. Bəlkə də Sizin “gönül, göz toxluğunuz”,
“Vicdanı və Şərəfi ehtiyacdan qat-qat uca
tutmağınız”, yurda, yuvaya
bağlılığınız, arzunuzu, istəyinizi, dərd-sərinizi
belə ən əzizinizə, yaxınınıza deməyib,
öz ürəyinizə yük etməyiniz və s.
Deyilər ki, “aristokratlıq yalnız süd
gölündə üzmək deyil”. Doğrudan da o qədər
zənginlik içində gözü, gönlü açlar
var ki. “Ədalət”də haqq-ədalət
axtarışında olarkən cəmiyyətdə bunları
da gördüm, ömrünü-günün söz, elm, mərifət
yolunda fəda edənləri də. Bu fəadalardan biri də
şair, publisist, jurnalist, “Ədalət” qəzetinin baş
redaktorunun birinci müavini Əbülfət Mədətoğludur.
Əbülfət Mədətoğlu da onu zirvədən-zirvəyə
aparan haqq sözünün işığında uzun illərdir
bir yol gəlir. Bu yol bəzən daşlı, kəsəkli
olsa da sonu işıqdır, nurdur, hürriyyətdir, zəfərdir!
Zəfər demiş, burada üç il bundan əvvəl
olan bir hadisəni danışmaq istərdim.
Şuşa mənfur
düşməndən azad olunduğu günün səhəri,
“bitdi qardaş, səni ağrıdan o
ağrı-açı” -deyə Əbülfət müəllimi
təbrik etmək üçün “Ədalət” qəzetinin
redaksiyasına gəldim. Həmişəki kimi yenə də
“o balaca otağında” yazı-pozusu ilə məşğul
idi. Amma bu dəfə üzündə-gözündə
yorğunluq yox idi. Əksinə çoxdan, lap çoxdan həsrət
qaldığı (bəlkə də unutduğu) xoşbəxtlik,
bəxtəvərlik süzülürdü, üzündən,
gözlərindən, qamətindən. Qaməti də düzəlmişdir.
Otuz ilin ağrı-acısını sanki bir gecədə
unutmuşdu. Gözləri gülürdü. Menə elə gəldi
ki, qarşımda 1992-ci ildə, ilk dəfə redaksiyanın
dəhlizində gördüyüm Əbülfət müəllim
dayanıb. Axı bu zəfər ona təkcə
Şuşasını qaytarmadı. Bu Böyük Zəfər
ona yarımçıq qalan arzularını tamamlamağa,
yurd-yuvasını sahmana salmağa yol açdı. Əlini
sıxdım, təbrik etdim. O, isə bir-necə dəqiqi
danışa bilmədi. Sevincdən qəhər onu boğdu.
Gözləri danışdı: “Qərənfil,
şükür Tanrıya bu günü görməyi mənə
qismət etdi”. Əbülfət müəllimlə
sağollaşıb otağı tərk edərkən
yadıma Vaqif Yusifin bu sözləri düşdü: “O Otaqda
Dünyanı görür”
Əbülfət müəllim. O, dünyanı ki, bizim
haqq səsimizə kar oldu, gör oldu. Böyük Zəfərimizlə
o kar qulaqları, gör gözləri açdıq və
dünya hərb tarixinə bir Şuşa Zəfərini
yazdıq...
1959-cu ilin qarlı-boranlı bir qış gecəsində
Xocavənd rayonunun Tuğ kəndində Mədət kişinin
ailəsində bir oğlan uşağı dünyaya gəldi.
Çoxlarından fərqli olaraq ağlı kəsəndən,
əli qələm tutandan, sözünü-özünü dərk
edəndən xoşbəxtliyini,
ağrı-acısını, umu-küsüsünü
sözü ilə dedi, sözü ilə eşitdirdi. Və
bir gün Əbülfət Mədətoğlu “ədəbiyyat
məkanının adamı oldu”.
Hələ çox çavan idi söz aləminə
gələndə. Onu bir gün yurdundan-yuvasından perik salan
sovetlər hələ yaşıyırdı. Əbülfət
də o sovetlərin kolxozunda işlədi, hərbisində
xidmət etdi, mətbuatında çap olundu. “Azərbaycan
pioneri”nin, “Azərbaycan gəncləri”nin, “Sovet kəndi”nin səhifələrində imzası göründü. Onda hələ
Vaqif müəllimin təbrincə desək “bircə
misrasından tanınan şair” deyildi. Onda hələ
çoxlu sayda nəsr və şeir kitablarının,
saysız hesabsız bədii-publisistik məqalələrin
müəllifi deyildi. Şeirləri Türkiyədə,
İranda çap olunmamışdır. Onda Əbülfət
müəllim nə Əməkdar jurnalist idi, nə də
“Qızıl qələm”, “Qızıl kəlmə”, “Məmməd
Araz”, “Media Açarı” və s. və i. mükafatlara layiq
görülmüşdür.
Amma onda “ürəyinə
dəli bir sevda girmişdi”. Ömrünü-gününü
haqq sözünə çulğalamaq. Sözün
işığında Tanrısına üz tutaraq
ağrı-acılarını, həsrətini,
vüsalını, “yaşanmış duyğularını”
sözlə ovundurmaq, oxşamaq, sözün yaddaşına
köçürüb əbədiyyata qovuşdurmaq.
İllər kecdi
Əbülfət Mədətoğlu buna nail oldu.
İmzası tanındı, sevildi, secildi. Tək şair kimi
yox, həm də bir publisist kimi sözün qüdrətindən
istifadə edərək ətrafında baş verənlərə
çox aydın və kəskin münasibət bildirdi. Hər
vəclə oxucusunu xoş gələcəyə
inandırmağa çalışdı.
Bəlkə də
çoxları mənimlə razılaşmaz, amma mənə
elə gəlir ki, Əbülfət müəllimi söz
dünyasına bağlayan yaşadığı
ağrı-açılar, yarımçıq qalan xoş
günləri, arzuları, istəkləri, xəyalında
bütövləşən və daşlaşan bəxtəvər
uşaqlıq illəri, ata yurdu, Vətən içində vətənsizləşən
yurd-yuva, el-oba xiffəti daha nələr, nələr oldu.
Şuşasızlıq ömrünün ən acı, ən
faciəli illəri oldu. Bax elə buna görə Əbülfət
müəllimin həm şeiriyyatından, həm
publisistikasından “yurdu yağmalanan, xanimanı
dağılan, ev-eşiyi viran qalan, uşaqlığı əlindən
alınan, gəncliyi talan edilən yarım milyonluq bir
köçün” ağrısı-açısı,
tükürpədici fəryadı, sahibsiz yurdların
hıçqırtısı, müqəddəs yurdun
qulaqları dəlib keçən hayqırtısı
eşidilir. İngilis yazarı Corc Eliot da yazırdı ki,
“Şairi şair edən iztirab və dərdləridir”.
...Böyük Türk Dünyasının sevimli
şairi Bəxtiyar Vahabzadə Əbülfət Mədətoğlunun
yaradıcılığı haqqında yazırdı ki, “Onu oxuyanda
varımdan yox oluram, tüstüm təpəmdən
çıxır. Köz-köz olur ürəyim”. Vaxtilə
güllü-gülüstanı xatırladan
yurd-yuvasının viranına dözə bilməyən
şairin söz dünyası onun məlhəminə
çevrilsə də, o dünyada insanı varından yox edən
baxışlar, donub yanaqlarda qalan göz yaşları, diri ikən
ölüyə çevrilən insanların ərşə
çəkilən harayı, fəryadı var. Sabir Rüstəmxanlının
təbrincə desək “poeziya güzgüdür və müəllifin
bütün ruh aləmini, həyatını, yaşam tərzini
nümayiş etdirir”.
Əbülfət müəllim, otuz il yurd-yuva həsrətilə
yandı-yaxıldı, amma ümudini itirmədi. Bu inam
yaşatdı onu da, sözünü də. Odur ki, müəllifin
hansı bir şeirini, məqaləsini oxusan sözün
sirli-sehirli, cazibədar axınına düşərək o
ümid çırağının arxasınca gedirsən.
Əbülfət Mədətoğlu
həyatda olduğu kimi poetik dünyasında da sadədir, səmimidir.
Yazı tərzi aydın, ifadə tərzi lakonik olduğu
üçün oxucusunun qəlbinə tez yol tapır, ruhuna
hopur, ruhu durulur, əqidəsi saflaşır. Odur ki, bu gün
Azərbaycanın söz məkanında, musiqi
dünyasında özünəməxsus yeri olan bir qələm
əhlidir və onun onlarla şeirlərinə musiqilər bəstələnib.
Ə.Mədətoğlu “Möcüzə axtaran səyyah”
adlı publisistik məqaləsində yazır ki,
“bütün söz adamlarının içində özəl
mövzular olur. Bu mövzular da, təbii ki, yaşamdan
doğulub-törəyir. Yəni nəyi özünün
içində görürsənsə və özün nəyin
içində olursansa, onu özünə bir köynək
yaxın bilirsən”. Bax, Əbülfət müəllim də
öz içində, ona bir köynək yaxın olan
mövzulara daha çox müraciət edir. Özü dediyi
kimi, o da bu mövzuların içində doğulub,
böyüydüyü üçün sözüilə
söz dünyamıza, ruhumuza yol tapa bilir.
Müəllifin 2016-cı ildə qələmə
aldığı “Təqdimatdan sonrakı təqdimat”
başlıqlı məqaləsindəki sonuncu çümlə
bu gün Əbülfət müəllimin necə uzqgörən
bir qələm, söz əhli olduğuna sübutdur. O,
yazır ki, “Biz öldürülmüş
torpaqlarımızı çiynimizdə tabut kimi yox, əllərimizin
üstündə millətimizə,
bütövlüyümüzə qaytarıb
qovuşduracağıq!..”. Bəli, ürəklə, inamla
deyilən bu söz bizə 44-günlük Böyük Zəfərimizin
sevinçini yaşatdı və öldürülmüş
o torpaqlarımıza zəfərlə qayıdaraq həyat
verdik, işğaldan azad etdik.
Həmin məqalədə Ə.Mədətoğlu
daha bir uzaqgörənlik edərək yazır “Azərbaycan
müstəqillik qazananda Arazın o tayından da, bu
tayından da sərhəd məftillərini yalın əlləriylə
çəkib qoparan millət var, yaşayır”. Əbülfət
müəllim arzu edirəm Ulu Tantı tezliklə o millətə
Bütöv Azərbaycan Zəfərini yaşatsın, Siz də
o zəfərə şeirlər həsr edəsiniz.
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
Ədalət .-2023.- 22 dekabr,¹ 49- S.5.