Söz çəmənində
söz göyərdən şair
İbrahim Yusifoğlu-70
Mən Şərurda yazıb-yaradan
söz adamlarını-şairləri ilk öncə rayon qəzetinin
səhifələrindən daha sonra isə “Şərur
qönçələri” ədəbi dərnəyinə ayaq
basdığım bir gündən şəxsən
tanımışam. İbrahim Yusifoğlu kimi şair
qardaşımı da eynilə... Təkcə tanımaqla kifayətlənməmişəm,
söz-söz, misra-misra, bənd-bənd, şeir-şeir
sevmişəm. Axı o illər keçdikcə bir əyalətdə
yaşayıb –yaratsa da, ilhamı və istedadı ilə
respublikamızda geniş tanınmış və bütöv
Azərbaycanın şairi olmaq şərəfinə nail
olmuşdur.
İbrahim Yusifoğlu
Naxçıvan ədəbi mühitinin yetirməsi olsa da,
öz dəsti-xətti ilə, poetik söz tutumu ilə
müasir Azərbaycan ədəbiyyatında özünə məxsus
yer, mövqe qazanan şairlərimizdən biridir. O taylı-bu
taylı Azərbaycanımızın söz yükünü
çiyinlərində şərəflə daşıyaraq,
könüllər fatehinə çevrilmişdir.
Mənim nəyim vardı, kənd
uşağıydım,
Gəzərdim kədərsiz, dolaşardım şən.
Elə ki, boy atıb səni tanıdım,
Dərdlərin belimi əydi, ay Vətən!
Şair vətəndaşlıq
yanğısı ilə xalqının keşməkeşli
tarixinin ağrı-acılarını öz şeirlərində
kövrək hisslərlə, poetik bir biçimdə əks
etdirməklə xalqına nə qədər bağlı
olduğunu təcəssüm etdirir.
Tanrım, dəniz verdin,
çayını verdin.
Mavi səmasını, ayını verdin.
Güllü baharını, yayını verdin,
Bu xalqın bəxtini niyə vermədin.
Doğulduğu
torpağın tarixi keçmişini dərindən öyrənməklə,
bu torpaqda babalarımızın bizə miras qoyduğu
qalaları-möhtəşəm məbədlərini də
şeirlərində böyük bir ülfətlə vəsf
edir.
Ürəkdə qan coşar, ilham çağlayar,
Bu qədim qalanı seyrə gəlincə.
Hər kəsi özünə qəlbən bağlayar,
Qürur mənbəyimiz məğrur Əlincə.
Tanınmış
folklorşünas, akademik Muxtar Kazımoğlu vaxtı ilə
(bu gün otuz iki kitabın müəllifi olan) İbrahim
Yusifoğlunun ilk kitabı olan “Araz bayatıları”na
yazdığı ön sözdə onun
yaradıcılığına belə qiymət verir:”Üzərində
addımladığı tarpağı, çəməni,
çölü, dağı, dərəni ürəkdən
sevmək və onlarda poeziya axtarmaq duyğusu İbrahim
Yusifoğlunun bir çox şeirləri üçün səciyyəvidir”.
Hörmətli akademikimiz necə də haqlı imiş.
Axı şairin yaradıcılığının
mayasında doğulduğu yurda, elə, obaya –Vətənə
məhəbbət duyğuları öncüllük təşkil
edir.
Dədə Qorqud gəzən Oğuz elimdi,
Uludu
torpağı, daşı Şərurun.
Dili Türkün dili-ana dilimdi,
Qədimdən qədimdi yaşı Şərurun.
Və buradaca
Naxçıvan Yazıçılar birliyinin sədri,
böyük şairimiz Asim Yadigarın İ.Yusifoğlu
haqqında yazdığı bir fikri yada düşür:”Hər
bir insana doğulub boya-başa çatdığı yurd,
torpaq daha əzizdir. Ancaq elə şairlər var ki,
doğulduğu torpağın gözəllikləri daima onun
şeirlərinin ilham mənbəyinə çevrilir, poetik
yaddaş kimi kitablara dönür. Bu baxımdan İbrahim də
xoşbəxt taleli şairdir”.
“Torpağa kök
atan köklü palıdın, Köksündə göyərən
kövrək bir şivəm”- deyən şair şeirimizin,
poeziyamızın dərinliklərinə kök ata-ata, şaxələnə-şaxələnə
palıdlaşmağa çalışır və sonda isə
əlavə edir:
Dilimdə bir kövrək şərqi səslənir,
Ocaqlar gəzirəm qonağı düşəm.
Hələ ki, şərqim tək bəxtim təklənir,
Obalar dolaşan dərdli dərvişəm.
İ.Yusifoğlu əgər
44 günlük zəfərimizdən öncə
... Qardaş, yollar yaman tozdu,
Dəstəmizi yadlar pozdu.
Tale yazan belə yozdu,
Ümid sağlara –sağlara.-
deyirdisə, 44
günlük savaşdan sonra “Zəfər nəğməsi”
şeirində isə belə deyirdi:
Bu nəğmənin hər sədası “Cəngi”di,
Al qırmızı nəğmələrin rəngidi.
Dar anında bir oyanış zəngidi,
Zəfər nəğməsi.
Bütün bunlar isə
şairin yaradıcılığını zənginləşdirən
ən dolğun lövhələrdir ki, olduqca təbii səslənir.
Axı xalqının dərdinə-kədərinə,
ağrısına-acısına ağlayan şair, onun sevincinə
də var gücü ilə-könül coşqunluğuyla
sevinir.
AMEA-sının
prezidenti, akademik İsa Həbibbəyli isə İbrahim
Yusifoğlu yaradıcılığına daha fərqli bir
aspektdən yanaşaraq belə bir dəyər verir:
“İbrahim Yusifoğlunun şeir yaradıcılığı
həm rəng çalarına, həm də poetik mənasına
görə bütövlükdə sanki badam ağacında bənövşə
çiçəyidir”.
Səni aldatmasın kövrək duruşum,
Məni dərdli görüb halıma yanma.
Aslan vuruşudu mənim vuruşum,
Mən zalım adamam mənə inanma.
Mərhum xalq
yazıçısı Hüseyn İbrahimov sevə-sevə
vurğulayırdı ki, “İbrahim Yusifoğlu... nə
yazırsa ürəkdən yazır, şeirləri də
özü kimi səmimidir”. Axı onun şeirlərində
doğulub böyüdüyü Axura kəndinin
axarlı-baxarlı bulaqlarının coşqunluğunun nəğməli
ahəngi dağlarla adalanmış, bu kəndin
dağlarının çox çeşidli rəngi öz təzahürünü
tapmaqdadır.
Yaman kövrəlmişəm payız yaşımda,
Xəyalımda ötən çağlarım
çağlar.
Çənli gözlərimlə əlim qaşımda,
Gəlmişəm sizlərə
baxam, a dağlar.
Görkəmli
şair-publisist qardaşımız Əbülfət Mədətoğlu
da dostu İbrahim Yusifoğlu
yaradıcılığını bu cür səciyyələndirir:
“O sözləri duyduğu, yaşadığı kimi bər-bəzəksiz,
necə var, o cür də kağıza
köçürür. Sadəcə ona öz ruhunu, öz
duyğularını, öz düşüncələrini
hopdurur...” Şairi öz oxucusuna sevdirən və ədəbi
aləmdə fərqləndirən, tanıdan da məhz belə
keyfiyyətləridir.
Bu da bir taledi başım üstündən,
Bulud çəkilmədi, Günəş
doğmadı.
Heç nə istəmirəm Tanrıdan ki, mən,
Ruhuma bircə bu yağış doğmadı.
... Mənim qazancımdan küsən gözəlim,
Evimdə bənövşəm, süsən gözəlim.
Ömrümə meh kimi əsən gözəlim,
Ruhuma bircə bu
barış doğmadı.
və ya
Məni təbiətə qəlbən bağlayan
Bulağın baharda çağlamasıdı.
Bir də ürəyimi didib dağlayan
Kiminsə içində
ağlamasıdır.
Şairin hansı
şeirini oxuyursan oxu hansı şeirini əqlin süzgəcindən
keçirirsən keçir, bir şeyi görəcəksən
ki, bütün bunlar onun könlündən axıb gəlir.
Qəlbinin ağrı-acıları, ruhunun sevinci, nəşəsi
bu şeirlərdən boy verən iç dünyasının
aynasıdır.
Baxışların dalğın bulud,
Yanaqların yaşdı, qurut.
Hisslərini ovut, uyut,
Unut məni...
Məni
unut...
Və yaxud da başqa
bir şeirinə nəzər salaq:
Bir qız gördüm sən yerişdə,
Sən duruşda, sən biçimdə.
Sənə oxşar gülüşündən,
Ovsunlandı söz içimdə.
...Bir az dəcəl, şıltaq qızdı,
Neçə donmuş qəlblər qızdı.
Baxışları sərhəd cızdı.
Sənə bənzər, sən biçimdə.
İbrahim Yusifoğlu
şeirlərindəki ən maraqlı cəhətlərdən
biri də odur ki, o tədqiq etdiyi obyekti, yəni qələmə
aldığı hər mövzuda məqsədini konkret
detallarla çalarlandıra- çalarlandıra, aydın
şəkildə noetik duyğularla ahəngdar formada təcəssüm
etdirir.
Ən parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı dənizdə, ləpəli çaydı.
Ömrü ömürlərə paylanan paydı,
Safdı,
müqəddəsdi müəllim ömrü.
Ucalığı dağdan, saflığı qardan,
İşığı günəşdən alar atalar.
Məhəbbət görərək vəfalı yardan
Mehrini bizlərə
salar atalar.
Xalq artisti, gözəl
müğənni Flora Kərimovaya ithaf etdiyi şeirində də
eyni ilə...
Oxuma, belə oxuma,
Ürək ağlayar, ağlayar.
“Qayıt!” dediyin gözəli
Yollar saxlayar, saxlayar.
İ.Yusifoğlunun
yaşadığı yetmiş illik bir zaman kəsimində
yürüdüyü yolları heç də hamar
olmamışdır: doğulduğu kəndin yolları dərəli-təpəli
olduğu kimi, onun da yaradıcılıq yolu dərəli-təpəli
olsa da, könlü bulaq suyu tək çağlar,
duyğuları isə daima düzənli olubdur. Ona görə
də yaratdığı şeirləri ürəklərə
hopub, yaddaşlarda özünə yurd-yuva tapıbdır.
Qoynunda lalələr qan rəngindədi,
Qızların bənizi dan rəngindədi.
Gülün ətirlisi çələngindədir,
Sevənlər qoxlayır, Axura kəndi.
Uzaq dağ kəndində bir yaz günündə,
Təbiət qəlbimi ovsunlamışdı.
Çopur qayalar da gözüm önündə
Günəşdən xoşlanıb
yosunlamışdı.
Şairin lirik
şeirlərinin də özünəməxsus məziyyətləri
vardır. Belə ki, o şeirlərdəki
axıcılıq, şirinlik, həzinlik və nəğməkarlıq
ahəngi diqqəti daha da cəlb edir.O şeirlərə həmişəyaşarlıq
ömrü qazandırır.
Bilirsən nə qədər susuzam, acam,
Gətirmə dilinə sən
Allah yoxu...
Nə vaxtdır bir həzin səsə möhtacam,
Mənə bir məhəbbət şeiri oxu.
X X X X
Nə olubdu bu oğlana,
Dava salır dörd bir yana.
Gözlərin aydın, ay ana,
Bu dava yar davasıdır.
X X
X X
Dilində səslənən “yox” kəlməsidi,
Gözlərindən yağan yağışların
var.
Bu mənim ömrümün elə
bəsidi,
Arxamca boylanan baxışların var.
İbrahim
Yusifoğlunun onlarla poeması vardır ki, bu əsərləri
də mövzu aktuallığı, ideya və sənətkarlıq
baxımından daha yüksək məziyyətlərə
malikdir.”O günəş ömrüdür, sönməyəcəkdir”,
“Bu nəğməm sənədi, doğma Naxçıvan”.
“Mənim inamımı güllələdilər”, “Analı,
anasız dünyam”, “Sulara danışdım yuxularımı”
və s. bu kimi poemalarında qaldırdığı problemlər
öz həllini poetik boyalarla, mükəmməl şəkildə
tapır. Bütün bunlar isə şairin istedadının
gücündən, duyğularının coşqunluğundan və
qələminin qüdrətindən xəbər verir.
İndi isə gələk
şairin uşaq şeirlərinə. Axı bu gün Azərbaycan
ədəbiyyatında Zahid Xəlil, Ələsgər
Əlioğlu, Rafiq Yusifoğlu, Qəşəm İsabəyli
və adını saymadığım neçə-neçə
sevimli sənətkarlarımızla birgə İbrahim
Yusifoğlu da uşaq ədəbiyyatı sahəsində
davamlı və mükəmməl, dolğun fəaliyyət
göstərən şairlərimizdən biridir. Müxtəlif
illərdə nəşr etdirdiyi “Arpaçayın
uşaqları”, “Futbolçu, topçu, gopçu”, “Vətən
nəğməsi”, “Göy yerə zəng eyləyir”,
“Qıymayın uşaqlara” kitabları tamamilə məhz
uşaqlar üçün qələmə aldığı
şeirlərdən, poemalardan və mənzum pyeslərdən
ibarətdir. Bütün bunlar isə onun bir pedaqoq kimi
uşaqların dünyasına yaxından bələd
olmasının, uşaq aləminin dərinliklərinə
baş vura bilməsinin təzahürüdür desək,
yanılmarıq.
Ayan gedir məktəbə-
Bəh-bəh-bəh.
Çantası var bir şələ-
Bəh-bəh-bəh...
-Ay pipiyi qan xoruz,
Gözləri mərcan xoruz.
Səsini yayma elə
Ayan gedir məktəbə.
-Cip-cip-cip cücələrim,
Ananızdan gen gəzməyin.
Güdür sizi Tülkü lələ,
Ayan gedir məktəbə.
-Ay Toplan, həddi aşma,
Məstan ilə dalaşma.
Asta hürü, gəl təpə,
Ayan gedir məktəbə.
Və yaxud
Ayan nə vaxt-
Açır lalə,-
Yanağına
Qonur jalə?
-Yazda.
-Aşıq əmi,
Hey saz çalır.
Mahnıları
Nədə çalır?
-Sazda.
-Zümzüməni
Güllü çaydan
Harda edir,
Söylə, Aydan?
-Qazda.
İ. Yusifoğlunun
hansı uşaq şeirini oxusan onun hər birində bu cür
oynaqlıq və məna dolğunluğu görəcəksən.
Bu isə onun yaradıcılığına xas olan
böyük uğurdur.
Şair bir şeirində
yazır ki...
İllərdir qələmlə külüng
çalıram,
Hərə
Fərhad arxı qazmamışam mən.
Göylərdən, yerlərdən ilham alıram,
Hələ
öz şeirimi yazmamışam mən.
Son olaraq onu demək
istərdim ki, tanınmış şair qardaşım
İbrahim Yusifoğlunu ömrünün 70 illiyi ərəfəsində
ürəkdən təbrik edirəm. Ona yeni-yeni
yaradıcılıq uğurları və söz çəmənində
söz göyərdə-göyərdə də yaza bilmədiyi
öz şeirini də bundan sonrakı ömür tarixində
yazmasını arzu edirəm.
Ələsgər Talıboğlu
Şair-publisist, AYB-nin üzvü, Məmməd
Araz və İsa Muğanna mükafatları laureatı.
Ədalət .- 2024.- 5
aprel,¹ 12.- S.13.