ƏBƏDİ GEDİŞ VƏ...
Hər birimiz onu dərk
etdiyimiz kimi görürük
Elə bil dünən idi... Elə bil heç nə
baş verməmişdi... Elə bil nə o var idi, nə də
mən... Elə bil ki, o da, mən də eyni anda, eyni məkanda
dünyaya gəldik... Gəldik ki, bir-birimizi görək,
tanıyaq, bir-birimizə güvənək və... Birimiz o birimizi sevək!..
Bütün bunlar mənim təxminim idi, mənim
düşüncəm idi. Mənim içimdən gəlib
keçənlər və mənim yaşadıqlarım idi...
Yəni ikimizdən biri olan mən bu cür
düşünmüşəm, bu cür qəbul etmişəm,
bu cür də düşünürəm və bu cür də
düşüncələrim içərisində qəbul
etidiyimlə yol gedirəm. Bu yolun adını kimsə bilmir...
Allahdan və səndən başqa! Allah da, sən də bu
adı kimsəyə deməyəcəksiz. Çünki onu
deməyin də, bəyan etməyin də heç bir önəmi
yoxdur. Ən azından ona görə ki, bu yolu mən gedirəm,
səninlə birgə. Deməli, onun adı da sənə və
mənə məlumdur. Başqa kimsə üçün bunun
nə mənası var, nə də önəmi. Baxmayaraq ki,
biz də bu adamların içərisində, bu yerin
üstündə, bu göyün altındayıq. Deyəsən
bir az təmtəraqlı çıxdı. Bədii bir səhnəyə
bənzədi. Amma yox, gerçəklik onsuz da
özü-özlüyündə oynanılan tamaşadı.
Senarisini Allah yazır, rolları bəndə ifa edir. Bax, elə
yazının ilk cümləsində dediyim həmin o andan
yazını indi diktə etldiyim ana qədər biz Allahın
iradəsini, yəni senarisini gerçəkləşdiririk.
Baxmayaraq ki, inancımız da, inamımız da, bəzən
bir-biri ilə baş-başa gəlir, toqquşur. Amma
bütün hallarda şəxsən mənim içimdən gəlib
keçən səs bunu deyir. Yəni söyləyir ki, sevmək
üçün yaşamaq lazımdır. Yaşamaq
üçün sevmək yox. Doğrudur, bunu başqa bir
formada aqillər deyib. Onlar söyləyiblər ki, «yemək
üçün yaşamaq yox, yaşamaq üçün yemək»
lazımdır. Deməli, mənim inancım da budur ki, mütləq
mənada sevmək üçün yaşamalıyam. Bu sevginin
çalarlarını, naxışlarını, hətta
saç düzümündən tutmuş aldığı nəfəsə
qədər hər bir halını ifadə etmək,
özününküləşdirmək üçün
yaşamalıyam. Bax, onda Məcnun mənim qarşıma
çıxa bilməyəcək, Leyli də sənin.
Çünki Şeyx Füzuli demişkən “Məcnunun
yalnız adı” olacaq.
Hər bir addım, hər bir qərar
başlanğıca söykənir. Bu mənada mən sevginin
hardan, nədən başlandığını, nəyin
üzərində pərvəriş tapdığını
öyrənmək, onun bütün varlığına nəzər
salmaq üçün demək olar ki, hər gün, hər an
baş sındırıram. Amma öyrəndiklərim, hətta
varlığıma hopanlar belə məni qane etmir.
Görürəm ki, aclıq çəkirəm. Daha çox
ehtiyac duyuram o sevginin çalarlarına... mahiyyətinə...
mənasına... və hətta mənə verdiklərinə,
bağışladıqlarına...
Bax, beləcə sevgidən doymadıqca daha çox
sevmək, daha çox bu yolda hər zərbəyə, hər
sərtliyə, hər laqeydliyə, hər təpkiyə
dözmək haqqının ətəyindən, əlindən
bərk-bərk tuturam...
Sizə bəlkə də qəribə gələcək...
Bəlkə də kimsə dodaq büzəcək... Bəlkə
də kimsə başını bulayıb «boş şeydir,
şairlik eləyir!» deyəcək. Olsun, hər kəs öz
məntiqində, öz baxışında haqlıdır. Mən
kimisə mənim kimi düşünməyə, mənim kimi
sevməyə məcbur edə bilmərəm. Ona görə
ki, Allah o haqqı mənə verməyib. İkincisi, mənə
o güc də bağışlanılmayıb. Deməli, qərar
verən də, onu icra edən də özüməm. Elə
demək istədiyim də budur. Qoy, heç kim məndən
inciməsin. Mən öz yolumun yolçusu, öz sevgimin fədaisi
və nəhayət öz duyğularımın şairiyəm.
Və...
Ona görə də sığındığım
küncdə dayanıb öz-özümə
pıçıldayıram:
Dilimi sıxıb tuturam,
Sözü – demədən uduram...
Mən, hamını unuduram -
Allahdan və səndən başqa!..
Gözümü yola sancıram,
Dərd tapdağında qançıram.
Səssiz – hamıdan qaçıram –
Allahdan və səndən başqa!..
Sinəmi yara edirəm
Günümü qara edirəm...
Bilən yox, hara gedirəm? –
Allahdan və səndən başqa!...
Qəlbimdə çıraq – şam – adın
Başına dönən şamandım...
Heç kim üçün yaşamadım -
Allahdan və səndən başqa!...
***
Bəli, bəzən insan təklənmək,
hamıdan qaçmaq, hətta heç nəyi
düşünməmək istəyində bulunur və belə
anda ən xoş söz də, ən şad xəbər də
adamın tükünü tərpətmir. Mənə görə təklənmək istəyin
çəkilib uzaq bir nöqtədə, bir qaya dibində, bir
kahada, bir ormanda, bir çay qırağında, lap elə bir
ağac dibində oturmaq deyil əksinə
bu, susmaq, gözünü yumub içindəki dünyaya
baxmaq, o dünyanı yenidən gəzmək kimi ən
ali hissdi, ən gözəl duyğudu, ən xoş istirahətdi.
Ona görəki, həmin o dediyim ovqatın içərisində
adam özü və bir də özünün yarısı
ilə üz-üzə dayanır. Səni bircə Allah
görür, Allah dinləyir və sən də yalnız onu
görüb, onunla danışırsan. İndi özün təsəvvür
et. Bir ağac dibində Sən və O. Artıq kimsə yox, hətta
ağacın budağına sərçə də
qonmayıb. Çevrəndə kəpənək də
uçmur. Olsa-olsa hərdən yarpaq xışıldayır.
O da sənin pıçıltılarına nəqarət
olur... Bu mənzərə ən kübar məclislərdən,
ən zəngin mənzillərdən, imarətlərdən, ən
gur insan çevrəsindən gözəl deyilmi? Yəni mənim
xəyal etdyim də sonra söylədiklərimin
arasındakı özəlliyi görə bildinizmi? Əgər
görmədinizsə, incimirəm sizdən. Əvvəldə
də demişəm və zaman-zaman vurğulamışam ki, mən
öz baxış bucağım altındayam. Bu bucağın
altında mənim və onun, bir də Allahın iradəsi
hakimdi!..
Ömürdən ötüb gedən hər bir an
özü ilə çox şeylər alıb aparır. Biz
onu həmin an, həmin gün hiss etmirik və hətta bizə
elə gəlir ki, heç nə baş vermir. Lakin dərindən
düşünəndə ötən anın ömrünə
ömür yüklədiyini və yaxud da ömründən
ömür kəsdiyni fəhm edəndə onda... susursan.
Susmaya da bilməzsən, çünki artıq o hökm icra
olunur. Və sən onu geri oxutmaq gücündə deyilsən.
Deməli, bu nöqtədə güc yalnız sumağa, bir də
kipriklərini suvarmağa çatır... Nəysə...
Bir az pafoslu səslənsə də, mən daha
çox duyğulara, hislərə üstünlük verdiyimdən,
özüm də fərqinə varmadan həyatdan nəm
çəkirəm. Su çəkən kağız kimiyəm...
Lap elə suyu daha tez
özünə çəkən torpaq kimiyəm. Bu da bir
gerçəklikdir ki, Nəm çəkənin bir
üzü də qəm çəkir. Ona görə də
yazılarımın damarındakı qəm nəmdən
qaynaqlanır. Axı dünyanın harasına getsəm,
hansı səmtinə üz tutsam orada qəmin də, nəmin
də qonşu olduğunu bəzən isə lap göz-gözə
dayandığını dəqiq bilirəm. Bu dəqiqliyi
yaşamışam da, yaşayıram da. Ona görə
yazmışam ki:
Yaşayıram, yaşamaqsa əgər bu
Mən anlara bölə-bölə
ömrümü...
Həsrətinlə savaşdayam, günlərə –
Paylayıram, ölə-ölə ömrümü...
Bilirəm ki, çox batmışam günaha,
Bürünübdü talehimdə gün aha!..
Sənin üçün, əl açaraq Allaha –
Nəzir dedim, gülə-gülə
ömrümü!..
Bəlli anda, sən ən böyük sirrimsən,
Qibləgahım, güvənc yerim, pirimsən!
O da birdi, sən də mənim Birimsən –
Qurban etdim, bilə-bilə ömrümü.
Zaman atı yük götürmür tərkinə
Çəkilsəm də sınaqların bərkinə!
Sərf etmədim, bu dünyanın dərkinə –
Bir Qadına – verdim gülə, ömrümü.
***
Heç kimə sirr deyil ki, bütün yaşananlar
bu və ya başqa bir formada insan həyatında iz buraxır.
İllər ötüb keçir, həmin o iz isə
yaddaşda da qalır, həyatın bəlli səhifəsində
də, hələ üstəlik, bəzən dilə
düşüb nağıla, dastana, şeirə, nəğməyə,
bayatıya, ya da lətifəyə çevrilir. Ən
arzuolunmazı təbii ki, lətifəyə çevrilməkdir.
Çünki gülünc yeri olmaq, kimsəyə xoş təsir
bağışlamır. Doğrudur, deyib-gülmək, zarafat,
bu, həyatın elementlərindən biridir. Amma gülünc
olmaq, gülüş hədəfinə çevrilmək, bu hər
kəsin öz addımının, öz əməlinin bəhrəsidir.
Mən yol verdiyim yalnışlıqla və yaxud da
düşünülməmiş hərəkətimlə
başqasında gülüş doğururamsa, mənə
gülənin nə günahı var. Zənnimcə, bu məntiqim
qəbul olunandır. Axı, insanı digər canlılardan fərqləndirən
düşünmək, ağıllı, dərrakəli olmaq
qabiliyyətidir. Bu fərq həm də o deməkdir ki, insan
övladı özünü güzgüdə görməlidir,
özü-özünə baxıb qiymət verməlidir.
Çox təəssüf ki, çox vaxt biz bunun fərqinə
varmırıq. Nəticədə də ya gülünc oluruq,
ya da uğursuz...
İndi həmin o başlanğıc anı elə bil
ki, dünən idi. Fikrimi yenidən həmsöhbətimə
çevirirəm. Başlayıram dərdləşməyə.
Bəzən deyirdər ki, adam dərdini danışanda
yüngülləşir, guya dərdi bölüşəndə
dərd kiçilir. Mənə görə bu içdən gələn
bir təsəlli ucudur. Adamlar bir-birini ovutmaq, bir-birinə dayaq
durmaq xatirinə bu fikri özlərindən uydurublar. Əgər
danışmaqla, bölüşməklə dərd
kiçilsəydi, onda adamlar bütün günü bir-birinə
dərdini danışardı, başqa işlərini unudub dərd
bölüşməklə məşğul olardılar. Lap
elə mənim özüm... Dörd divarla, özümlə,
sənlə, Allahımla etdiyim söhbətlər qalaq-qalaq
kitabların mövzusudur. Sən də dinləyirsən,
Allahım da dinləyir, bəzən dostlar, doğmalar da...
Amma... Azalmaqdan daha çox boy artımı durur
gözümün önündə. Görürəm,
baxıram, sığallayıram dərdimin
saçlarını, oxşayıram onu, əzizləyirəm.
Hətta pıçıldayıram ki, «Dərdi dərd
çəkənə verir Allah». Sonra da qəribə də
olsa ağlıma şeir gəlir. Təklənməyin...
yarpaq
tökümünün
şeiri...Hansı ki, indiki anda onun yükü təkcə
çiyinlərimdən deyil, həm də ömrümdən
bir ağırlıq kimi gəlib keçir:
Çevrəmə baxıram - gözüm nəmlənir,
Titrəyir dodağım, sözüm nəmlənir...
Üşüyür ocağım, közüm nəmlənir
-
Sırası seyrəlir dostların yaman...
Uzanır içimdə , ahın yolları,
Bu ömrün ən uzaq, yaxın yolları...
Ot basır sakitcə, baxın , yolları -
Sırası seyrəlir dostların yaman...
Güc gəlir, ilahi, sellənən təklik
Havalı, havalı yellənən təklik!..
Budayır bu ömrü , el, gələn təklik -
Sırası seyrəlir dostların yaman...
Telfonda onlarla nömrə " lal" olur,
Susqunluq qəlbimdə qara xal olur!..
Fələk , elə bil ki, Rüstəm Zal olur -
Sırası seyrəlir dostların yaman...
Bilirəm, qədərdi, qaçılmaz yoldu,
Bağlansa , bir daha açılmaz yoldu!..
Amma, xəzan mənə acımaz oldu -
Sıramız seyrəldi, dostlarım, yaman...
P, S, Bu həm də ,mənə
görə, SÖZÜN BİTDİYİ YERDİ!..
Əbülfət Mədətoğlu
Ədalət .- 2024.- 5
aprel,¹ 12.- S.8.