SƏNSİZ

 

Təki sən xoşbəxt ol, sən xoşbəxt yaşa,

Bir daha demərəm "ölərəm sənsiz”,

Ömrümü birtəhər vuraram başa,

Yaşayıb keçinə bilərəm sənsiz.

 

Ataram qəlbimdən qüssə, qəmi də,

Yaşaram vəslinə yetmiş kimi də.

Bir içim suyu da, son tikəmi də

Səninlə şərikli bölərəm sənsiz.

 

Söylərəm dost, tanış-bilişlərinə,

Qurbanam bu yerə gəlişlərinə.

Həyatda uğurlu gülüşlərinə

Ürəkdən şərikli gülərəm sənsiz.

 

Çalınar kədərim sarı sim kimi,

Gəl çilən ruhuma təbəssüm kimi.

Məzara baş çəkən bir yetim kimi

İlk görüş yerinə gələrəm sənsiz.

 

Zakir Fəxri, hicran boş yuvam olub,

Yaşaram gah gündüz, gah axşam olub,

Pərvanə soraqlı dilsiz şam olub,

İçimdə ney kimi mələrəm sənsiz.

 

DÜNYAYLA ÜZ-ÜZƏ

 

Üzünə, közünə saçı dağılmış,

taxtı viran olmuş, tacı dağılmış

Qonur göz, qara qaş, bir qara oğlan

Dolaşar dünyanı, gəzər biçarə

axtarar, dərdlərə tapammaz çarə.

 

Cüyürün qaçarı, quşun uçarı...

Qara qaş, qonur köz, o qara oğlan

Əlindən, dilindən salıb itirər

Bir eşqin sirrinə düşən açarı.

 

Getdiyi yollar da dalınca qaçar,

Gəldiyi yollara könlünü açar.

Torpağında gəzər, göyündə uçar

Qara qaş, qonur göz, o qara oğlan.

 

Qonur gözlərində qara yaş gəzər,

Qara ciyərində qara daş gəzər

Bu varlı dünyada cibi boş gəzər

Qara qaş, qonur köz, o qara oğlan.

 

Gözəl sevdalardan sönük adamlar,

Dost üzündən üzü dönük adamlar

Qarğıyar o ki var, hey danar onu

Gəzdiyi torpağa,

uçduğu göyə

Getdiyi yollara qısqanar onu.

 

Beləcə, beləcə yaşar dünyada

Gözündən, sözündən, özündən daşar.

Külündən püskürüb, gözündən daşar

Dünyayla üz-üzə bir oğlan yaşar...

 

QALMAZ BELƏ,

QALMAZ DÜNYA

 

Aşıq Ədalətin

"Yanıq Kərəmi"sini dinlərkən

 

Bığ yeri tərləyən igid,

Girəvə hərləyən igid.

İçində çərləyən igid

Qalmaz belə, qalmaz dünya.

 

Sığınar bir xəlvət döşə,

Qorxar baxtı bəndə düşə.

Boynunu bükmə, bənövşə,

Qalmaz belə, qalmaz dünya.

 

Könül verməzlər şər vaxtı

Arxanca bir qərib baxtı..

Qara qızın qara baxtı

Qalmaz belə, qalmaz dünya.

 

Övladların çıxdı naşı,

Qəm yükünü özün daşı

Axma anamın göz yaşı,

Qalmaz belə, qalmaz dünya.

 

ÇİYNİMDƏ TABUT, GƏZİRƏM

 

Alışdım tək daşımağa,

Çiynimdə yük daşımağa,

Yer yox bir tük daşımağa,

Çiynimdə tabut, gəzirəm.

 

Dolaşıram dağı-daşı,

Nə zər, nə yaqut gəzirəm.

Düyün-düyün yollarımı

Aça-aça oxuyan bir

Kökdən düşmüş ud gəzirəm.

Çiynimdə tabut, gəzirəm.

 

Gəzirəm dörd bir tərəfi,

Bilmirəm yolum haradı.

Çəkir məni sirr tərəfi...

Ölümü gördüm, deyəsən,

Görəsən, olum haradı?

Suyuna dodaq dəyməmiş,

Köksünə ayaq dəyməmiş,

Sinəsinə ox dəyməmiş

Gözdən uzaq yurd gəzirəm,

Çiynimdə tabut, gəzirəm.

 

Dörd yana meydan sulayan,

Səsi ruhunu dalayan,

Axirət deyib ulayan

Yalqız qalmış Qurd gəzirəm,

Çiynimdə tabut, gəzirəm.

 

Balalar çiçək doğulur,

Gül doğulur balalar.

Balalar göyçək doğulur,

...Qul doğulur balalar.

Torpaqdan altun doğulur,

Daşlardan yaqut doğulur,

Nədənsə şair doğulan

Çiynində tabut doğulur.

Çox göynətdi ürək məni,

Dərdsiz ürəyə qurd düşər...

Silkələmə, fələk, məni,

Çiynimdəki tabut düşər!..

 

QAYTAR, ANA, QAYTAR MƏNİ BEŞİYƏ

 

Ərk etdiyim dostlar da

üzümə durdular...

Sevdiyim qızlar da

sevgimi üzümə vurdular.

Körpə-körpə umudlarım

bu yollarda əldən salıb

məni tamam yordular.

Ömrün cırhacırında

qaldım üşüyə-üşüyə.

Qaytar, ana, qaytar məni beşiyə.

 

Avand işim tərs gəldi,

cüt səbir ötdü məndən,

gətirəndə nəhs gəldi...

Dilim gəlmədi təpinəm

hər səhər

yolüstü

qabağımdan keçən qara pişiyə.

Qaytar, ana, qaytar məni beşiyə.

 

Göy üzünün karrığı

görən gözlərin korruğu,

keçdiyim yolun darrığı

oddadı məni, oddadı.

Mənə tuş gələsi sevinc

başım üstdən addadı.

Bənd olmaya bilmədim

hər ağıldan düşüyə...

Qaytar, ana, qaytar məni beşiyə.

 

Hər payız unutdu məni

tanışlar-bilişlər...

Üzümə, gözümə qonmağa

yer tapmadı gülüşlər.

Ciyərim siqaretə alışantək

üzüm-gözüm alışdı

qəm adlı bir nəşəyə.

Qaytar, ana, qaytar məni beşiyə.

 

Çəkilmişəm özümə,

yığılmışam içimə.

Kədər məni səsləmir,

səsləmir sevinc məni,

kimsə səsləməz məni,

bu darısqallıqdan

bir hovur çıxam eşiyə.

Qaytar, ana, qaytar məni beşiyə.

 

“BİR AZ DA SEVDİM SƏNİ”

 

Dağ çayının önündə

Axar sulara baxdım.

Qoşulub göy sulara

Sular axdıqca axdım…

Yenə yadıma düşdün,

Xatirə-xatirə sən

Gözlərimdən ötüşdün.

Pıçıldayıb adını

Axar sulara tutdum.

Bir az da sevdim səni,

Amma bir az unutdum…

 

Kirələrdə dolaşdım

Küçə-küçə… şəhəri.

Yuxusuz gözlə açdım

Neçə-neçə səhəri…

Kimsəm, arxam olmadı,

Başım üstə bir sınıq,

Bir uçuq dam olmadı…

Tək pencəkdə keçirtdim

Qarlı, şaxtalı qışı.

Sərt şaxtada, soyuqda,

Ayazda sevdim səni –

Bir az da sevdim səni…

Tanıtdım mən sevgimi,

Yola-rizə tanıtdım.

Qısıldım tək sevgimə,

Çölə, düzə tanıtdım.

Bir az da sevdim səni,

Amma bir az unutdum…

 

Egey sahillərində

Tənha ruhun dolaşır,

Bir-birinə qaynaşır.

Gömgöy ləpələr coşur,

Bir vaxtsız ayrılığa

Qərib türkülər qoşur.

Göynər ruhuna hopur,

Xatırlaya-xatırlaya

Sahildə dolaşıram…

İçimdən bir ah qopur.

Dərindən nəfəs alıb

Bir udum hava uddum,

Bir az da sevdim səni,

Amma bir az unutdum…

 

Aramla yağış yağır,

Üstüm-başım islanıb.

Sinə daşın islanıb,

Daş heykəldən boylanıb

Baxırsan fağır-fağır…

Arxamca su atardın,

Kövrək gözlərin o an

Doluxsunub dolardı.

Bəlkə də yağış deyil,

Yağan həmən sulardı…

Başım üstə dolaşan

Kövrək, qərib buluddun…

Bir az da sevdim səni,

Amma bir az unutdum…

 

Köçəri quşlar da yox,

Göy üzü bomboş qalıb.

Payız, bahar, yay köçüb,

Yuvamda tək qış qalıb.

Dərdimi boşaltdım

Ayrılıq quyusuna,

Xatirə bir daş atdım…

Aylar, illər ötsə də,

Hər an səni gözlədim.

Dönmədin… nə gizlədim,

Sevginə çox umuddum.

Bir az da sevdim səni,

Amma bir az unutdum…

 

Çiynimdə tabut, gəzirəm

 

Alışdım tək daşımağa,

Çiynimdə yük daşımağa,

Yer yox bir tük daşımağa,

Çiynimdə tabut, gəzirəm.

 

Dolaşıram dağı-daşı,

Nə zər, nə yaqut gəzirəm.

Düyün-düyün yollarımı

Aça-aça oxuyan bir

Kökdən düşmüş ud gəzirəm.

Çiynimdə tabut, gəzirəm.

 

Gəzirəm dörd bir tərəfi,

Bilmirəm yolum haradı.

Çəkir məni sirr tərəfi…

Ölümü gördüm, deyəsən,

Görəsən, olum haradı?

Suyuna dodaq dəyməmiş,

Köksünə ayaq dəyməmiş,

Sinəsinə ox dəyməmiş

Gözdən uzaq yurd gəzirəm,

Çiynimdə tabut, gəzirəm.

 

Dörd yana meydan sulayan,

Səsi ruhunu dalayan,

Axirət deyib ulayan

Yalqız qalmış Qurd gəzirəm,

Çiynimdə tabut, gəzirəm.

 

Balalar çiçək doğulur,

Gül doğulur balalar.

Balalar göyçək doğulur,

…Qul doğulur balalar.

Torpaqdan altun doğulur,

Daşlardan yaqut doğulur,

Nədənsə şair doğulan

Çiynində tabut doğulur.

Çox göynətdi ürək məni,

Dərdsiz ürəyə qurd düşər…

Silkələmə, fələk, məni,

Çiynimdəki tabut düşər!..

 

QARA TORPAQ, MUĞAYAT OL ANAMDAN

 

… Yükünü çəkəmmədim,

Arzusunda bünövrəsini qoyduğu

evini tikəmmədim.

…Dumanlı köçdən ayrılıb,

ocağı başında yanammadım.

İşıq olub gözlərinə qonammadım,

Qara torpaq, muğayat ol anamdan.

 

Qulaq asmadım

xeyirxah dualarındakı

yalvarışlara.

Damar-damar qəmə dönüb,

çökdüm alnındakı qırışlara.

Xəbər tutammadım düşəndə xəstə,

Saxlaya bilmədim gözümün üstə,

Qara torpaq, muğayat ol anamdan.

 

Ölüm bəlli, olum yox.

Yeri soyuq düşməsin,

Bürüməyə şalım yox,

İsti közümü yetir.

Külümdən duyuq düşməsin,

Qara torpaq, muğayat ol anamdan.

 

Qəbrinə gedən cığırlar,

barı, itməsin,

İllərin altında qalıb

qoy məzarı itməsin.

Qara torpaq, muğayat ol anamdan.

 

 

Zakir Fəxri

Ədalət .-  2024.- 5 aprel,¹ 12.- S.14.