Möhsün, Nazik, Qədir,
Gülümsərov: Üzümüzü güldürən
"Ulduz"un 60 yaşı
“Möhsün yaralanmışdır,
Bir bax, ürəyi qandır.
Doktor dedi ki, yalnız
Nazik ona dərmandır”.
And içərəm ki, “Ay pipiyi qan xoruz” şeirindən
əvvəl mən bu şeiri bilirdim. Çünki sovet
dönəminin o qayğısız günlərində (biz
uşaqlar elə bilirdik ki, qayğısızıq) o şeiri
əzbərdən bilməyən, addım başı dilinə
gətirməyən yox idi.Axı həm də o vaxt bir
televiziyamız vardı, əyləncəmiz də o idi,
möcüzəmiz də o idi. Sonra zaman keçdi, bildiyim
şeirlərin siyahısı böyüdü, amma o heç
vaxt ağlımdan çıxmadı, unudulmadı.
Çünki o bir misra gülməli şeir bir kino
möcüzəsindən idi, adi və sadə həyatımızı,
təbii hisslərimizi özündə əks etdirən
“Ulduz” filmindən.
Elə bilirsiniz, təkcə o şeir
parçasımı yaddaşımızda ilişib qaldı?
Xeyir!
Gəlin, əvvəlcə filmin yaranması
haqqında məlumatlardan söhbət açaq, sonra yenə
həmin filmlərdəki fraza və replikalara dönərik.
Deməli, 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun
eyniadlı pyesi əsasında ekranlaşdırılan “Ulduz”
filmini rejissor Ağarza Quliyev çəkməyə
başlayır. Kinokomediya iki sevən gəncin saf məhəbbətindən,
eyni zamanda elmin həyatla əlaqəsindən, kəndin
qabaqcıl ziyalılarının elmlə heç bir əlaqəsi
olmayanlara, vəzifəpərəstlərə qarşı
apardıqları mübarizədən danışır.
Böyük şöhrət qazanmış komediya dəfələrlə
müxtəlif teatr səhnələrində tamaşaya
qoyulub.Bir ildən sonra 1965-ci il martın 29-da Nizami adına
kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış
keçirilib. Filmin baxımlı, sevimli, unudulma
olmasının ikinci səbəbi Ağarza Quliyevin quruluş
verdiyi bu filmdə istedadlı aktyorların yer alması olub.
Tamilla Rüstəmova — Ulduz, Hacımurad Yegizarov — Bəxtiyar,
Lütfəli Abdullayev — Məhəmməd, Nəsibə
Zeynalova — Züleyxa, Məleykə Ağazadə — Nazilə, Bəşir
Səfəroğlu — Gülümsərov, Hacıbaba
Bağırov — Möhsün, Səyavuş Aslan — Şubay,
Suğra Bağırzadə — Yetər, Bahadur Əliyev — Qədir,
Əzizağa Qasımov — Əliş, Nəcibə Behbudova —
Tamam, Məmmədsadıq Nuriyev — Bayram, Fazil Salayev —
Foto-müxbir və s. Kollektiv şəkildə filmin sevilməsi
üçün bütün güclərini səfərbər
ediblər.
Elə filmin üzərində işləyənlərin
də az əziyyəti olmayıb Ssenari müəllifləri
olan : Quruluşçu rejissor Ağarza Quliyev, redaktor Hüseyn
Nəcəfov, quruluşçu operator Yuli Fogelmanın əməyini
xüsusi qeyd etmək yerinə düşər.
Təsəvvür edin, filmə xüsusi kolorit bəxş
edən, canlılıq gətirən Möhsün obrazı
xalq artisti Hacıbaba Bağırovun kinoda ilk işi olub, amma
görün ssenari müəllifləri bu aktyoru necə
ustalıqla tapıb filmdə rol veriblər. Bu çox
uğurlu bir detaldır.
Film yeni nümayiş olunan vaxtlar ssenari müəllifləri
tez-tez tənqid olunurmuş. Səbəb isə Tamilla Rüstəmova
(Ulduz) və Suğra Bağırzadə (Yetər) olub.
T.Rüstəmova ilə bağlı irad onun peşəkar
aktrisa deyil, televiziya diktoru olması idisə, S.Bağırzadənin
də hələ məktəb şagirdi olaraq, filmdə rol
alması idi. Amma filmin uğuru bu tənqidləri aradan
qaldırdı. İndi isə həmin obrazların yerində
başqasını düşünmək mümkün deyil.
Filmin Bəstəkarı Süleyman Ələsgərovdur,
librettosu Sabit Rəhmana, mahnıların mətni isə Zeynal
Cabbarzadəyə məxsusdur.
Musiqi demişkən, sizi bilmirəm, məni
güldürən və kefimi yüksəldən ən
maraqlı musiqi Nazilə ilə Möhsünün ABŞ
müğənni si Çubbi Çekerin ifasında “ Let's
Twist Again” mahnısına oynadıqları hissədir.Hələ
oynamağa da əla bir giriş edirlər.
Nazik: Siz “Çarlston” oynaya bilirsiniz?
Möhsün: “Əmr etsəniz lap segah da oxuyaram”.
Yeri gəlmişkən, “O əynindəki kostyumu mənimlə
yaşayanda almısan, deməli, yarısı mənimdir”,
“Axır ki, bir alim ərə rast gəldim”, “necə də mədəni
centlmendir”, “az qala bütün şəhər mənim
tanışımdır”, “bilirsiniz necə artistkayam”, “Sən
mənim əlimdən heç Elmlər Akademiyasında da
qaçıb gizlənə bilməyəcəksən”
replikaları ilə yaddaşımıza öz adını
yazan mərum Məleykə Ağazadə mediaya
açıqlamsında həmkarı haqqında bu sözləri
demişdi: “Rollara gələndə, belə idi ki, filmə əsasən
tamaşada oynayan aktyorlar dəvət almışdı.
Rejissor xüsusilə də üstünlüyü Musiqili
Komediya Teatrının aktyorlarına vermişdi.
Mənim tərəf müqabilim Möhsün
üçün olduqca çox sayda aktyor sınaq çəkilişlərində
iştirak edirdi. Onların arasında istedadlı aktyor Məlik
Dadaşov, tamaşada Möhsün rolunu oynayan aktyor
İmamverdi Bağırov da var idi. Bir neçə sınaq
çəkilişindən sonra quruluşçu rejissor məhz
Hacıbaba Bağırovu bu rola təsdiq etdi”.
Mərhum aktyor H.Bağırov yaratdığı obraz
haqqında sağlığında danışarkən bu rolun
onun heç də çətin olamdığını
vurğulamışdı. Lakin operetta üçün film
çəkiləcəyini eşidəndə çox həyəcanlanıb.
Beləcə, “Ulduz”un Möhsünü 28 yaşlı
Hacıbaba Bağırovun kinoda ilk işi kimi tarixə
düşür. Film ekranlara çıxarkən aktyor ilk dəfə
özünü izləyəndə çox həyəcanladığını
dilə gətirib. Və ilk dəfə olaraq öz rolunu kənardan
izləməyin ona xüsusi zövq verdiyini deyib. İlk dəfə
ekrana çıxmasına baxmayaraq, H.Bağırov peşəkar
kino aktyorundan heç də geri qalmayıb”.
Əzizlərim, bilirsiniz, Hacıbaba Bağırovun
“sizə bir dəhşətli sirri açmaq istəyirəm”,
“Bağışlayın xanım, mənim ayaqqabılarım
sizin nəyinizə lazımdır” kimi sitatları bu gün də
məşhurdur.
“Adın nədir? - Məhəmməd,
Sözümüz sözdür? -Əlbət! ”
librettosu isə bir daha bu iki aktyorun təkrarsız olduğunu
tədiq edir.
Lütvəli Abdullayevin oynadığı Məhəmməd
obrazı elə ilk səhnələrdən
tamaşaçıya kolorit, gülüş bəxş edir. O,
“əcəb qəşəngdir, lap ət tökəndi”,
“toyuqqq, fermadandı?!” cəssüm etdirir. “əstafirillah, bu mənim
günahlarımdı, qadın cildində düşüb
arxamca, qarabaqara məni izləyir” , “sənin kimi qadınlar
olmasaydı, bilmirəm bu kişilər nə edərdi” ,
“Adın nədir? – Züleyxa, Artıq olmazsan?- Yox, aa” kimi
duzlu məzəli replikaları ilə filmə şirinlik
qatıb.
“Bəxtəvər, bütün Məhəmmədləri
doldurub tökmüsən üstünə” “bəxtin gətirib
ki, qız olmamısan, yoxsa bu gövdə ilə ömür
billah evdə qalardın” , “Kişi görəndə elə
bil yumurtlamayan toyuq görürəm ” “A birim yox, b birim yox, C
birim də indi qurtardı” deyib tamaşaçıya
özünü sevdirməyi bacaran sadə kənd
qadını Züleyxa- Nəsibə Zeynalova da öz
istedadını filmdə əks etdirə bilib.
Quruluşçu rəssam: Kamil Nəcəfzadə və
rejissor: Niyaz Şərifov da sahələrinin mütəxəssisi
olub deyə filmə rəngarənglik qata biliblər. Beləki,
Filmin əsas çəkilişləri Astara rayonunun
Ərçivan kəndində, Ərçivan
çayının sahilində baş tutub. Filmin əsas səhnələrindən
olan Məhəmmədlə Züleyxanın dialoqu, məhz bu kənddəki
ləmdə lentə alınıb. Yeri gəlmişkən 117
yaşlı həmin Ləm artıq təmir olunub. Həmçinin
bəzi kadrlar Lənkəranda lentə alınıb. Filmdəki
toy səhnəsi kinostudiyanın pavilyonunda, ilk səhnələr
isə Mərdəkan qəsəbəsinin Mədəniyyət
Sarayında lentə alınıb.
Beləcə bu gün çəkilişindən 60
il, nümayiş olunmasından 59 il ötən “Ulduz filminin
bütün kadrlarına yenidən baxmağı tövsiyyə
edirik!
P.S. Əziz oxucular, bu filmdə daha hansı replikalar
yaddaşınızda kök salıb:” Sağ ol Əliş
kişi!”
Əntiqə Rəşid
Ədalət .- 2024.- 5
aprel,¹ 12.- S.16.