Biz bu dünyanın qonağıyıq...
...İnsanlar elə bilirlər ki, bu dünyaya əbədi
gəliblər. Həmişə yaşayacaq, yaradacaq, kef edəcək
və illəri yola salacaq. Amma müəyyən zaman kəsiyindən
sonra əksəriyyəti anlayır ki, biz bu dünyaya qonaq
kimi gəlmişik. Deməli, qonaq kimi gəlmişiksə, elə
özümüzü də qonaq kimi aparmalıyıq. Ancaq
özlərini dünyanın sahibi kimi aparan, hətta
Allahlıq iddiasına düşən və heç nədən
qorxub-eləmədən, insanlara zülm edən adamlar da var.
Onlarınsa işi çox ağır olur. Başqa sözlə
demiş olsaq, yaxşı əməllərdən çox,
pis əməllərin sahibinə çevrilir. Yəni
Allahın dediyi yolla deyil, şeytanın göstərdiyi yolla
hərəkət edir və axırda da gedib düşürlər
Cəhənnəmə!..
...Doğma kəndimizdəyik, həmişə bu kəndin
yazı da, yayı da, payızı da, qışı da
gözəl olur. Gözəl Bəhmənlinin, gözəl də
insanları var. Onlarla bir dəfə görüşsən,
sanki sehirli bir aləmə düşmüş olursan.
Çünki buranın adamları göy üzü kimi təmiz,
bulaq suyu kimi duru, bal kimi şirindirlər. Və bu bal kimi
şirin adamlardan biri də məclisinə
yığışdığımız şəhid
Elçin Süleymanovun atası Tehran
qardaşımızdır. O Tehran ki, oğlu Elçinin dərdinə
dözə bilmədi və çıxıb getdi onun
yanına. Nə qədər təsəlli versək də, nə
qədər yanında olsaq da, onların heç bir köməyi
olmadı. Həmişə darıxdı, göz
yaşını içinə axıtdı və axırda da
vüsal yolunu oğlu Elçinə qovuşmaqda
gördü...
...O, tək bizim üçün deyil, Bəhmənli
üçün, el üçün qənimət adam idi. Mənən
dünyanın ən varlı insanı idi desək səhv eləmərik.
Çünki kasıb canıyla bütün qohum-əqrabanın,
bütün elin-obanın xeyirində, şərində orda
olardı. Hər yerə birinci özünü
çatdırardı. Məni hamıdan çox istəyirdi,
mən də onu hamıdan çox xətrini uca tuturdum. Bir
sözlə, biz bir-birimizlə nəfəs alırdıq...
İndi də onun qapısında bütün bəhmənlilər
40 məclisinə toplaşıblar. Başqa kəndlərdən
də şəhid anaları, şəhid ataları var.
Yaxalarında da şəhid övladlarının şəkilləri.
Adam onlara baxanda ürəyi para-para olur və istəyirsən
ki, ürəyini çıxarıb onların dərdinə məlhəm
qoyasan, dərman edəsən. Mən şəhid
analarının bu qədər yaxın olduğunu bilmirdim.
Füzulidə bütün şəhid anaları bir-birini
tanıyır. Övladlarının doğum və anım
günündə onların qapısına gedir, dərdlərinə
şərik olurlar. Allah onlara dünya boyda ürək verib və
Allah onlara bir də dünya boyda səbir də əta edib.
Kəndimizin hər üç mollası məclisdə
əyləşib. Öncə məclisi, vaxtilə alman dili
müəllimi olmuş və sonradan bu yolu seçmiş, dini
mükəmməl bilən Fəxrəddin müəllim
aparır. Sonra məclisə molla Məcid, molla Abbas da gəlir
və onlar “Qurani-Kərim”in bir neçə surəsini ucadan
oxuyurlar. Hamı sükut içindədir. Milçək
uçsa, səsi eşidilər. Amma deyəsən, milçəklər
də bu səsi eşidib, öz dünyalarına gediblər.
Quran səsini eşitməyən insan kar, kor və laldır.
Çünki bu səs
insanın bütün ruhuna, qəlbinə və iç
dünyasına bir nur gətirir və biz də bu nurun
içindəyik...
...Yavaş-yavaş məclis sona çatır. Qohum-əqrəbanın
çoxu həyətdə, stulda əyləşib. Sinif
yoldaşlarım – Təbriz, Zülfüqar, Veysəl,
Şirin, Allahverdi... eləcə də kəndimizin çox
böyük ziyalılarından biri olan Kamran müəllim də
onların əhatəsindədir. O, uzun illərdir
hüquq-mühafizə orqanlarında məsul vəzifələrdə
çalışır. Bəhmənlinin ən ağır, ən
çətin günündə insanların arasında olub və
onlara arxa durub. Üstəlik də kənddə çox
böyük işlər görüb - asfalt yol çəkdirib,
yeni trasformator qoydurub, artezan qazdırıb. Bütün bunlara
görə, kənd camaatı onun rəhmətə gedənlərinin
ruhuna dualar edir, özünə və balalarına
cansağlığı arzulayırlar. Kamran müəllim
Bakıda yaşasa da, amma həmişə Bəhmənlidə,
bütün yas məclislərində, xeyirdə iştirak
edib. Elə bu sadəliyinə, səmimiliyinə görə də
camaat onu çox istəyir.
Hamı Tehranla bağlı xatirələrini
danışır, ötən günləri yada salır.
Kamran müəllim də Tehranı yada salmaqla yanaşı, kənddə
əmək fəaliyyətinə başladığı
hüquqşünaslıq vaxtından partkomluğa qədər
hamısını bir-bir xatırlayır. Bir-birindən
gözəl, bir-birindən maraqlı anları kino-lenti kimi
bizim gözümüzün önünə gətirir və
onları yada salır. Həmin dövrdə onunla bir yerdə
məsul vəzifədə çalışan insanların
çoxu Allahın dərgahına qovuşub. Və Kamran
müəllim onları da şirin, yadda qalan, maraqlı
danışığı ilə bir daha yada salır və biz
də həmin insanları xatırlayırıq, yada
salırıq...
...Dünya bax belədir, bir gün gələn, bir
gün də getməlidir. Amma baxır Allahın dərgahına
sən necə qayıdırsan. Şəhid Elçin
Süleymanovun atası Tehran qardaşımız kimi Allahın
dərgahına qovuşmaq çox böyük xoşbəxtlikdir.
Heç onun ölümü hiss olunmur. Hamımız elə
bilirik ki, o, sağdır. Çünki onu yaşadan və bizə
sevdirən yaxşı əməlləridir. O, əməllər
ki, Allahın dərgahında ona çox böyük dəyər
verilir. Və düşünürük ki, Tehran
qardaşımızın yeri elə Cənnətdir. 40 məclisində
də Bəhmənlidə Cənnət havası vardı. Və
bu Cənnət havası bu eli, bu obanı bizə bir daha
ürəkdən sevdirdi. Biz bu dünyada qonağıq.
Qonağıqsa, deməli, Allahın yoluyla getməli və
Onun yanına da yaxşı əməllərlə dönməliyik!
Bax belə!..
Faiq QİSMƏTOĞLU
Ədalət .- 2024.- 5
aprel,¹ 12.- S.6.