Ən böyük AĞDAMLI…
Yazıb-yaratmaq həvəsi, həyat eşqi hələ
də tükənməyib. Özünə güvənən,
aktiv, o cümlədən hədsiz enerjili adamdır. Cəsarətli
və qorxmazdır. Meydandan geri çəkilmək, hadisələrə
biganə qalmaq, eləcə də danışmaq vacib olan yerdə
susmaq təbiətinə yaddır. Ən
sıxıntılı vaxtlarında belə depressiyaya məruz
qalmır. Görüşlərə gecikməyi sevmir.
Əzmkar, çalışqan və çox inadkardır. Necə
deyərlər, heç kimin qrşısında əyilməyi
sevmir. Yeniyetmə yaşlarında dalaşqan, gənclik illərində
isə çılğın olub. Bu xüsusiyyət hələ
də onu tərk etməyib, lazım gəlsə,
qollarını çırmalayıb nadanlarla dalaşa da bilər…
“Dəli-dolu, davakar olduğuma görə o vaxt məni
institututdan da qovublar. Dəli-doluluq öz yerində, həm də
inqilabçı olmuşam. Elçibəy, Vəkil
Hacıyev, Bəxtiyar Vahabzadə müəllimlərimiz olub.
Onlar kimə dərs deyiblərsə, o uşaqlar sanki sovet vətəndaşı
deyildilər, türk idilər. Bəxtiyar Vahabzadə Azərbaycan
sovet ədəbiyyatından heç vaxt dərs deməyib, tələbədən
də soruşmayıb. O, bizim bilmədiyimiz insanlardan,
yazıçılardan danışırdı. Deyirdi ki,
kitabda olanları özünüz oxuyun və o, kitabda
olmayanlardan dərs deyirdi.
Əbülfəz bəy də eynilə. Onun dərslərində
başqa universitetlərdən də tələbələr gəlib
otururdular.
Onların dərs dedikləri insanlar sonradan
inqilabçı oldular. Xalq hərəkatında öndə
gedən adamlar onlar olub. İndi də bir nəsil yetişir.
İndi gələn nəsil bizdən istedadlıdır. Bizdən
daha üsyankar, istəklidir. Bizim iddiamızı ortaya
qoymağımız çətin idi, nə qəzet, nə
jurnal var idi. İndi Allaha şükür, 20 yaşında
roman yazır, çap etdirir. Facebook-a yerləşdirir,
hamı da oxuyur”, - söyləyir...
Xüsusi liderlik qabiliyyətinə malikdir, mükəmməl
təhlil etmək və düzgün qərar vermək
bacarığı var. Bu xüsusiyyəti ona həmişə
uğur qazandırır. Yalan vəd verməkdən, kimisə
aldatmaqdan zəhləsi gedir. Hətta bunun üçün zəruriyyət
yaransa belə, susmağa üstünlük verir. Səmimiyyətinə
söz ola bilməz...
Deyir ki,- “Səmimi olmaq çox çətin məsələdir.
İndi səmimi insanları sevmirlər. Mən isə
başqa cür ola bilmərəm. Mənim ailəmdən,
doğulduğum torpaqdan gəlib bu səmimiyyət.
İnsanları sevirəm, bacardığım qədər hər
kəsə əl tutmağa çalışıram. Deputat
kimi rayonlara gedəndə insanları kəndin
çayxanalarında qəbul edirəm. Qarabağda ləqəbim
var: "Müəllim". "Müəllim gəlib" -
deyirlər, hər kəs çayxanaya gəlir, mən də
bacardığım qədər hər kəsə kömək
edərəm. Bəzilərinə gücüm çatmayanda
onu da deyirəm, yalan vəd vermirəm. Mən rayonlara adətən
səhərlər çıxaram. Yolda kimisə görəndə
mütləq o insanları götürüb getdikləri yerə
çatdıraram. Çox adam məni tanımır yol gedəndə.
Belə hallarla da qarşılaşıram. Adam olub, dövlətdən
inək istəyir, ala bilmir, maşını icra hakimiyyətinin
qarşısına sürüb, o məsələni həll
etmişəm. Heç vaxt kimisə yolda qoymaram”.
Yəqin ki, haqqında söhbət
açdığım yazıçı, jurnalist, millət vəkili
Aqil Abbası Azərbaycanda tanımayan adam yoxdur. Kimisi əsərlərini,
kimisi məqalələrini oxuyub, kimisi də milli məclisdəki
fəaliyyətini izləyib və s. Odur ki, tərcümeyi-halından
uzun-uzadı danışıb vaxtınızı almaq istəmirəm,
bir neçə kəlmə yetər. 1953-cü il aprelin 1-də
Ağcabədi rayonunun Kolalı kəndində Məhəmməd
kişinin ailəsində anadan olub. 1955-ci ildə 2
yaşında olarkən ailəsi ilə birlikdə Ağdama
köçüblər. Ağdam 1 saylı orta məktəbi
bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsilini
davam etdirib. 1976-cı ildə əmək fəaliyyətinə
Ağsu rayonundakı internat məktəbində müəllim
kimi başlayıb və bir il orada çalışıb.
1977-1987-ci illərdə "Elm və həyat"
jurnalında fotomüxbir, şöbə müdiri,
1987-1990-cı illərdə isə "Sovet kəndi" qəzetinin
xüsusi müxbiri işləyib.
1990-cı ilin iyulunda “Ədalət” qəzetini
yaradıb və nəşrin baş redaktor kimi fəaliyyət
göstərib.
Bədii yaradıcılığa 1970-ci ildən
başlayıb. Elə o vaxtlardan da mətbuatda müntəzəm
çıxış edir.
Onun hekayə və povestləri, romanları “Ədəbiyyat”
qəzetində, “Ulduz” və “Azərbaycan” jurnallarında dərc
olunub. Çoxsaylı kitablar və romanlar müəllifi kimi
tanınmış və nüfuz qazanmış, ziyalı
keyfiyyətləri ilə seçilmiş A.Abbas Azərbaycan
Prezidenti İlham Əliyevin sərəncamları ilə
2005-ci ildə “Əməkdar jurnalist” fəxri adına, 2012-ci
ildə isə “Şöhrət” ordeninə layiq
görülüb.
"Qiyamət gecəsi", "Qapqara uzun
saçlar" povestlərinin və “Dolu” filminin ssenari müəllifidir.
2005-ci ildən Milli Məclisin deputatıdır. Bir
sıra mükafatlara layiq görülüb.
Ötən günlərin söhbətidir, televiziya rəhbərlərindən
birinin yanında görüşdük. Birlikdə olduğumuz
bir saatda mobil telefonuna gələn zənglər susmaq bilmirdi.
Cavablarından hiss edirdim ki, seçiciləri və
dostlarıdır. Seçicilər maddi yardım, iş istəyir,
dostları isə, kimisi toya, kimisi də qonaqlığa dəvət
edirdi. "Yorulmursuz ki?", - deyə soruşdum. O isə:- “Bəzən
yoruluram, amma usanmıram. Çünki elə insanlar var ki, nə
qədər kömək etsən də, yenə gəlir, yenə
istəyir, bundan insan yorulur. Təsəvvür edin, hər həftə
gəlirlər, amma yenə də əliboş qaytarmıram,
kimsəni naümid qoymuram. Bəzən elə olur ki, cibimdə
pul olmur, milli məclisin yeməkxanasına düşüb,
borc alıb verirəm”, - deyə cavab verdi...
Gözütox, mərhəmətli, mehriban, ədalətli
adamdır. Elə bu xüsusiyyətlərinə görə də
Tanrı ondan heç nəyi əsirgəməyib. Necə deyərlər,
çin olmayan arzusu qalmayıb. Allahdan nə diləyibsə
verib.
“Ən böyük arzum Şuşanı,
Ağdamı görmək, Qarabağa qayıtmaq olub. O da,
çox şükür, reallaşdı. Tanınmış
yazıçı, jurnalist olmaq istəmişəm, o arzuma da
çatmışam. İndi arzularım ancaq nəvələrimlə
bağlıdır. İnsanlar arzuları bitsə, intihar edər…”,
- söyləyir.
Bəli, haqqında sevə-sevə
danışdığım Aqil Abbas xalqın adamıdır,
xalqın arasında olmaqdan rahatlıq tapır. Azərbaycanın
yazılı tarixində yer tutan, ürəklərdə yuva
quran ağsaqqal yazarımızın aprelin 1-də 71
yaşı tamam olur. Bu münasibətlə ona möhkəm
cansağlığı, firəvan həyat arzulayıram.
Elman Eldaroğlu
Ədalət .- 2024.- 5
aprel,¹ 12.- S.10.