"SALAM,
XATİRƏLƏRİM..."-dedi
Bu da may... Bu da ömrün daha bir ayı, daha bir
mayı... Bu da illərin 1959-dan başlayan və 2024-ün
qapısını açan "mayovka”sı. Amma 1991-ci ilin
oktyabr ayının 30-dan 31-nə keçən gecədən 27 sentyabr 2020 -yə kimi yoxdur mənim
üçün nə may, nə də mayovka!..
Düşünməyin ki, mən təqvimi
qarışıq salıram, günləri, ayları
dolaşdırıram. Bunu heç ağlınızın
ucuna da gətirməyin. Ona görə ki, mən təqvim
yazmıram, təqvim tutmuram və bir də bunu mən
heç ağlımdan da keçirməmişəm. Ona
görə ki, təqvim məndən öncə tutulub və
məndən sonrakı təqvim də yazılıb. Bu
güc sahibi hər kəsə - yerə də, göyə də,
canlıya da, cansıza da nəzarət edəndi. Sadəcə,
mən Allahın verdiyi ömrün mayovkalı günlərinin
nisgilini, həsrətini yaşayıram. Onun ömrümə,
günümə necə yazıldığını,
yaddaşıma necə hoduğunu düşünəndə,
gözümün önünə gətirəndə
yaramın qaysaqları qopur... göynərtisi
tüstümü təpəmdən çıxarır. Və
inana bilmirəm ki, mən o günləri yaşamışam,
mən o anların xoşbəxt bəndəsi olmuşam...
İnana bilmirəm ki, indi günlər boşuna, mənasız
və hətta bəzən cansıxıcı və
üzücü keçir. Şəxsən mən bu günləri
nə ömürdən saymıram, nə də onları
"ölü günlər” adlandırmaqdan çəkinmirəm.
Hətta...
Bəli, bu "ölü günlər” ömrə
gün calayır... Ömrü zaman baxımından, say
baxımından uzadır. Lakin bu günlər bir şeirdə
yazdığım kimi:
Misraların
arasında
ötür günlərim...
Vergüllərlə
uzansa da,
nöqtələrləbitir günlərim...
Bəzən olur
baş qarışır
dost, tanışa...
ya bir işə
ya görüşə...
Ya da elə tənhalığa
çəkilirəm
bir anlığa...
Bütünlüklə
söylədiyim məqamlarda,
küsür məndən
qələm, kağız,
misralar da...
İnan,
cismən yaşasam da
bu arada,
elə-belə...
səs-səmirsiz
bitir günlər...
gəlib, keçib
ötür günlər!..
Hə, bax, belə yaşamağın mənasını,
mahiyyətini düşünmək zənnimcə, heç
kimin ürəyincə olmaz, necə ki, mənim də ürəyimcə
deyil. Və ürəyimcə olmayan bu günlərdən
qurtuluşumu mən xatirələrimdə tapıram. Ona
görə də daha çox təkliyə, tənhalığa
üz tuturam, daha çox səssizliyə çəkilirəm...
həmsöhbət oluram xatirələrimlə. Yəni
dünənimlə, özümlə və bir də bu xatirələrin
personajları olan iştirakçılarla. Təbii ki, bu
personajların içərisində canlı, nəfəsli,
bu gün də yaşayanlar var, təbiət parçaları
da, dünyasını dəyişmiş tanış-biliş
də, doğmalar da...
Bəli, indi gözümün
qarşısındadı doğulduğum kənd, oxuduğum
məktəb, uşaqlıq dostlarım, müəllimlərim,
şagird yoldaşlarım... Birmənalı şəkildə
hamısının adını da, soyadını da,
boy-buxununu da xatırlayıram. Təəssüf edirəm ki,
sinif yoldaşlarımdan Pəhlivan, Aydın, İradə
Şövkət... dünyasını dəyişib.
Şagird dostlarımdan müharibənin yaralarını
canında daşıyanlar da var, şəhid olanlar da var. Və
onların hələ orta məktəbdən necə qəribə
xüsusiyyətlərə malik olduqları az qala bir kitablıq
yazı kimi yaddaşıma hopub... Bilmirəm, hansı anı
dilə gətirim, hansı sözlərini təkrar edim. Ona
görə də gücüm bir "ah” çəkməyə
çatır. Hardasa inanıram ki, bu "ah” bir rəhmət
duası kimi gedib çatacaq onlara, ruhlarını sevindirəcək.
Elə dünyasını dəyişmiş müəllimlərimi
də, doğmalarımı da, iş yoldaşlarımı
da... Çünki axirətin sakini olan bu insanların hər
biri nakamdı, Qarabağ nakamıdı... Gözləri o
torpağın, o yurdun nisgilini özü ilə aparıb...
Hə, indi xatirələrlə bağlı ovqatın
içərisində olduğum an kəndimin o gözəl mənzərəsi,
o gözəl günləri çəkir məni özünə.
Elə bil ki, cənnət çağırır məni... elə
bil ki, dupduru hava, su, göz, könül oxşayan, ürəyi
dağ boyda edən sevgi haraylayır məni. Və mən də
dostlarımla evimizin nemətlərindən, bərəkətindən
çantama yığıb bulaq başına gedirəm –
Mayovkaya!
Süfrə açırıq... Özümüzlə
gətirdiyimiz nemətləri düzürük süfrəyə.
Topladığımız quru ağaclardan ocaq
çatırıq. Öncədən evdə basdırma
etdiyimiz əti çubuq şişlərə çəkirik.
Bu işin ustası uşaqların içərisində daha fəal
olan Zakirdi. Bu da səbəbsiz deyil. Onun atası rəhmətlik
Həmid kişi meşəbəyi idi. Ona görə həmişə
meşədə, təbiətin qoynunda olan Zakir
atasının "çölçülüyünü”
yaxşı mənimsəmişdi. Hansı bulağın
başında əyləşməyi, hansı ağacın
közündə kabab bişirməyi və kababa hansı
otlarla, çiçəklərlə dada gətirməyi
mükəmməl bilirdi. Beləcə, başlayırdı
"mayovkamız!”. Bütün günümüz deməklə,
gülməklə, zarafatla, hətta müxtəlif oyunlarla
keçirdi. Bir də baxıb görürdük ki, şər
qarışıb, artıq evə qayıtmaq vaxtıdı...
Doğrusunu deyim ki, həmin günün səhəri
adamın heç məktəbə getməyə həvəsi
olmurdu. Amma getməliydik. Həm şagird kimi borcumuz idi, həm
də valideyn nəzarəti bizim başımızın
üstünü kəsmişdi. Və biz məktəbdə də,
fasilələr zamanı ancaq mayovkadan söhbət edirdik...
İndi bütün bunların ovqatını
yaşaya-yaşaya bir vaxtlar yazdığım şeirin
misralarını da yaddaşımda təzələyirəm.
Onda yazmışdım ki:
Daha dağdan enirəm
Yavaş-yavaş sönürəm...
Dünənimə dönürəm -
Salam, xatirələrim...
Balam - xatirələrim!..
O ləzətlə, o, tamla -
Əlin dolu bir camla...
Gəldim yenə, bir damla -
Alam, xatirələrim...
Salam, xatirələrim...
Bir də bu yol salınmaz
Bir də o ney çalınmaz...
Bircə sənsən, alınmaz -
Qalam, xatirələrim!
Salam, xatirələrim...
İçdin ruhumun yağın
Öpdün gözümün ağın...
Mənə hamıdan yaxın -
Balam, xatirələrim
Salam, xatirələrim...
Haqdan mənə "çök!"-gəlib
Karvan yorğun - lök gəlib!
Öz ömrümə köklənib..
Lalam,xatirələrim!
Salam, xatirələrim....
***
Bəli, xatirələr adamı
danışdırır. Hətta ən susqun adamın da dilini
açır. Və bir də görürsən ki,
ömrün, günün çözələnib. Həmin
çözələn zamanın içərisində kədərin
özü də adama doğmadı. Çünki o kədəri
sən öz çevrənlə, öz mühitinlə, səni
anlayanla birlikdə yaşamısan. Sağında, solunda, hətta
kürəyində doğma nəfəs, güvəncli nəfəs
hiss edirən. Onda kədərə güc gəlirsən, kədər
dizindən aşağıda qalır. Qalib sən olursan, kədər
yox!
Nə deyim illərə... Nə deyim zamana...
Doğrusunu etiraf etsəm, deməyə söz çoxdu. Amma
illər, zaman ötüb gedibdi. Deyəcəyim söz elə
bir sürət sahibi deyil ki, gedib onlara çatsın,
yetişsin. Odur ki, elə bildiklərimi, duyduqlarımı
xatirələrim kimi ürəyimdə çözüb
özümün həmsöhbət olmağım daha
dürüst qərardı. Mən də bu qərara istinad edərək
bu nəticəyə gəlirəm ki, insanın iç
dünyası özünəməxsus olmaqla yanaşı, həm
də ən böyük sığınacağıdı. O
sığınacaqdan insanı yalnız ölüm
çıxara bilir və bir də harda olduğunu Allah bilir! Və
bir də o sığınacaq ömür uzadır.
Çünki səni arzuladığın,
xatırladığın yerlərə, adamlara aparır...
İndi bu xatirələr ovqatının diqtəsiylə
öz-özümə pıçıldayıram:
Qapım daha döyülmür
Gün düşmür pəncərəmə...
Bütün bunlara görə
Allahı dəng eləmə -
Sus... otur...
Günü günə qaynaq et
Qəlbi dərdə yaylaq et!
Vüsalını bayraq et
Həsrətlə cəng eləmə -
Sus... otur...
Gecdi ta umma öyüd
Ömür payını üyüt!
Ümidini sən böyüt
Heç kimə zəng eləmə -
Sus... otur...
Yazı birdi, pozan bir
Mənim kimi ozan bir!
Olsa da bil, yozan bir
Dünyanı çəngələmə -
Sus, otur!..
***
Hə, mən bu yazını illərimin
yaddaşımda qaladığı ocağın
işığında yazıram. Bu obrazlı bir fikir olsa da, əslində
bir gerçəkdi. Çünki yaş artdıqca həyatın
gerçək üzü daha çox
çılpaqlaşıb özünü büruzə verdikcə
dünyanın necə namərd olduğunu anlayırsan.
Ömrün etibarsızlığına, adamların biganəliyinə
alışırsan. Tam şəkildə bilirsən ki, bu
dünyada sənə qalan və özünlə
aparacağın iki qismətin var, iki payın var – onun biri
xatirələrindi, biri də sevgin! Hər an səninlə
olan xatirələrin və sevgin canına, qanına o qədər
bağlıdır ki, onu ölüm də səndən ala
bilmir. Məcbur olub səninlə birlikdə aparır.
Yaddaşa köçürsən, bax, onda kimlərinsə o
xatirəlrədən, o sevgidən xəbəri varsa, məqamı
gələndə, söz-sözü çəkəndə
dilə gətirir. Xəbəri olmayanlar isə...
... Hə,birdə sizlərdən
kimsə mayovkada olubsa, onun da yaddaşında bu yazı bir
qığılcım kimi işaracaq... onu da dünənə
çəkib aparacaq... onu da mənim kimi kövrəldəcək...
Məhz həmin o adamlar mütləq mənimlə həmfikir
olacaqlar. Axı biz eyni şineldən
çıxmışıq, eyni zamanın adamlarıyıq. Və
deməli, hər gün xatirələrimizə doğru gedir və
ona qovuşmağa can atırıq...
ƏBÜLFƏT MƏDƏTOĞLU
Ədalət .- 2024.- 19
aprel,¹ 13.- S.8.