Məramın əlacdırsa...

 

 

Biri mənə şair dedi, dondum yerimdə,

 Dünya məndən yer istədi bəbəklərimdə.

 

M.Araz

 

Şairlik insana Tanrıdan bəxşiş verilən cövhərdir. Zəhmətlə hər damlasını mayalandırıb bərəkətləndirsən, onun halallığını alarsan. İnsan yorulmazlığı, səbr etməyi ilahidən öyrənmədimi?!.

Yusif Mədət kimi tanınmağa başlayanda təbinə, duyğularına, sənətə “hə” dedi, “yox demə”di. Qələminə elə sarıldı ki, barmaqlarından sözün şirəsi, suyu çıxdı: 

 

Sahil ümüdümü qırma,

Gözünü açsın oyanış.

Ağzına su alıb durma,

Su, yuxunu mənə danış.

 

Şair dünyadan xəbərdar olanda bir məcraya sığışmır. Yusif Mədət hələ gənc şair ikən “Oyuncaq mağazası”nı yazanda müdrik idi, sözə dəyər verə-verə “Nəğməkar” oldu. Şöhrətə yol belə başlandı:

 

Nalə nəğmədən öncəmi?!

Göz yaşı gözdə incimi?!

Aşıb-daşan sevincimi

Kədərimlə tarazladım.

 

Sevdiyim şeirlər içərisində heç zaman köhnəlməyən bir “Anamdan yadigar oxlov” da var. Hər gün gördüyümüz, lirikadan uzaq saydığımız əşyalar, hamımızın baxdığı, lakin duymadığımız şeir mövzuları. Şair fitrəti ilə “varam” deyən detallar. Bir küncdə nəzərimizi cəlb etməyən, işimiz düşəndə əlimizə aldığımız nazik, uzun, odun parçası şair Yusifin lirikasında nida kimi şax dayanıb:

 

Oxlovu görüncə yandım, “ox” dedim,

Oxlandım, qaraldım girdə sac kimi.

Ana həsrətinə əlac yox, dedim,

Oxlovu köksümə sıxdım ac kimi.

 

Analara yazılan minlərlə əsər içərisində sözügedən şairin oxlova yazdığı şeir də analıdır. Elə misralar var ki, onların altında şairin adı, təxəllüsü, üstündə isə möhürü var. O möhür  əsrlər boyu parıldayır, gücünü itirmir. Yusif milliliyi iləpoeziyada xalqının və bütün türk ellərinin dəyərini bəşər övladına elə gözəl tanıdır ki, şairin poetik manevrinə, üslubuna heyran qalırsan.

Türkcü  yazar olmaq (Bu məqsədlə dara çəkilən 27 yazarın-Cavid Əfədinin, M.Müşfiqin, Ə.Cavadın, Almaz İldırım və s.ruhları şad olsun.) istiqlaliyyət aşiqi kimi  dəyərləri qoruyub, gələcək nəsillərə ötürməkdə inadcıl və qətiyyətli ola bilmək deməkdir. Şair bəzən məfhumdan başqa detalla da ölməz əsərlər yarada bilir:

 

İstəyir yüz il də, min il də yaşa,

Papaqsız hər nizam çaş düşməlidir.

Xocalı dərdirini dərk etməz başa

Papaq əvəzinə daş düşməlidir.

 

Başı, sinəsi dopdolu sənətkarın “Papaqçı”ya yazdığı şeirin bütün bəndləri (12 bənd) hikmətlə elə aşıb daşır ki, bir bəndini bu yazıma gətirməklə ürəyim soyumadı:

 

Başa köklənibdir indi qəlbimiz,

Bir papaq altında, bəlkə, birləşək.

Bəs hardan tapaq ki, o papağı biz,

Qoyub qarşımıza bir fikirləşək?!.

 

Sənət zövq işidir. Məsələn, ədəbiyyat haqqında ən sadə tərif belədir: “İnsanların bədii zövqünü formalaşdırır”. Üslub xarakterə yaxın, orijinallığa meyillidir. Mədəniyyət, incəsənət və ədəbiyyatda əvvəlkiləri unutmayan, təzədən dəbə gətirən zövqlü adamlar var. Bu, sələflərə olan rəğbətdən, varislik haqqına sədaqətdən irəli gəlir.

Y.Nəğməkar sözün, sazın sirrini bilərək aşıq şerinin dildönməz, dodaqdəyməz cəfasını çəkib, müasir poeziyamıza gətirib. 200 yaşlı Dədə Ələsgərin ruhunu şad edib:

 

Dəriləndə dərələrdə çiçəklər,

Aşiqindi, qızılçalar, çiçəklər.

     Yaz yalayan yanaqların çiçəklər,

Çiçəklərin əlac edər yarana.

 

Təbiiki, şairin sevgi dünyasında səsi, sazının incə telləri kimi kövrək, sinə kamanının sədası kimi həzindir. Bu yanğı (əks-səda) həm minorda, həm majorda onun adına layiq (Nəğməkar) əks olunur. Yusifin məhəbbəti qəlbdən sözə kamalla enir:

 

Gözlərin  bir haqqı, bir də düzü var,

Gözlərin gözdən də çox sözü olur.

Göz ilə baxanın iki gözü var,

Qəlb ilə görənin min gözü olur.

 

Baxın, müəllif “Bəsirət gözəli”ni bəsirət gözü ilə görür.

 

Yusif “arzum,məni körpü elə”, “hər gözüm bir günəş, hər sözüm bir udluz olsaydı” dualarıyla, “ilahi verdiyin dərdlərə şükür” təmkini və səbri ilə “dünyanı sözə tutan”, “mən hər an zirvə dumanı kimi dünyadan gedir, hər an zirvənin başağrısı kimi dünyaya gəlirəm, özümü bu dünyaya mən gərəkli bilirəm” düşünən, poeziyanı sevdirməyi bacaran şairdir:

 

Əllərimi daş qəlbinə sürtməyə,

Könül qıran can daşında qəribəm.

Qara ulduz gözlərini silməyə,

Bulud olan göz yaşında qəribəm.

 

Yusif Nəğməkar  hələ orta məktəb şagirdi olarkən müəllimindən “Mənim  Vətənim SSRİ-dir” adlı inşa yazmaq tapşırığı alsada, o, “Mənim Vətənim Azərbaycandır” adlı inşa yazmışdır... O, “Azərbaycan” şeiri ilə böyüyən nəslin nümayəndəsidir. Sonralar özü də yazdı ki:

 

“Can” söyləyib verməsən can,

“Can”dan Azərbaycan olmaz.

Çağlamasa  nəfəslə qan,

Qandan Azərbaycan olmaz.

...Qovusmasa, o tay, bu tay,

Ondan Azərbaycan olmaz!

 

Azərbaycan-Türkiyə bayrağını birgə sözün zirvəsinə qaldıran şair bütün türk ellərinə birlik amalı ilə yaradıcılığının ilk dövründə müəllimlik etmişdi. Vətəndaş yetişdirmək həm dərslərin, həm əsərlərin məsuliyyəti idi. Axı, bəşəriyyətin xilası yüksək amallarla  mümkündü:

 

Xor milyonlar oxuduğu

Ölməz nəğmə, şeirdi.

Xorda min-min adamın

Səsi bir, qəlbi birdi.

 

                      (“Xor”)

 

Yüsif Nəğməkar qələmini çox sınaqlara çəkib, onun bütün qüdrətini oxucularına tanıtmaq istəyib. Ustadı olan Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Əli Kərim, Fikrət Qoca, Cabir Novruz,Məmməd Araz, Musa Yaqub və sair sənətkarların davamçısı kimi poeziyanın ağır çəkili epik janrında da maraqlı əsərlər yaradıb.

Müəllif “Çanaqqala-türkə qal” poemasını 2015-ci ilin  fevral-mart aylarında qələmə alıb. Özü demişkən, ömrünün “60-cı” yuxusu” nda   bu əsərinə görə ilin şairi kimi mükafatlandırılıb.

 

O zaman röyalarımızda Qarabağa getdiyimiz illər, Şuşanı Tanrıdan  dualarımızla  istədiyimiz günlər idi. Şair sanki, bu həsrətin yanğısını Çanaqqala hünərinin təsəllisi ilə ovudurdu. O zəfərdən bu səfərə yola çıxmışdı. Sanki Çanaqqalaya ziyarətə yox, bu savaşda vuruşmağa getmişdi. O hünərdən bu zəfərə can ataraq yazırdı:

 

O könül, idrak, düşüncə,

Tanrısıyla ortaq eşqi.

Bütün eşqlərdən öncə

Vətən eşqi, torpaq eşqi.

 

Oxucu poemanı birbaşa,  su kimi oxuyub müharibənin qələbəsini qazanmağa tələsir:

 

Savaş gedir, bir səs gəlir,

Haydı, haydı, top başına!

 

Mərmiləri mərdimazar quldurların

 

səp başına.

 Yer üzünün ədəbində,

su üzünün qəzəbində

Bir daş gəmi üzür-üzür.

İçdə savaş, savaş gedir.

Ruhda savaş, iştə savaş.

 

Türkün böyük zəfərini şair Qarabağa yansıda bilmişdi. O mərdəkanlı Əsəd, vəfalı sevgilisi və silahdaşı Gülcöhrə və Çanaqqala savaşının minlərlə türkiyəli və azərbaycanlı şəhidin qəhrəmanlığını tarixə təzədən yaza bilmişdir.

İkinci Qarabağ müharibəsinə tam və qəti qələbə üçün hazırlaşdığımız o illərdə və həmişə bizə belə əsərlər gərəkdi. “Qələm və güc, mənəviyyat və güc. Mən Qarabağın azadlıq düsturunu belə görürəm”. “Bu düstur dünyada ən səviyyəli alimlərdən biri, fəxrimiz Rafiq Əliyevindir. Onun dillər əzbəri olmuş cümlələrindən birində “Gəlin xor oxuyaq deyir”.

Yusif Nəğməkar da “Xor” şeirində belə yazır:

 

 

 

Xor basılmazlığın əzəli adıdır.Ağıllı qələbənin

Namuslu övladıdır.

Sözlərin birliyidi,

Səslərin diriliyidi, xor.

 

Xorla oxunan “Zəfər marşı” istəyir Vətən. Azad olmuş torpaqlarımızı oyatmaq üçün, yenilməz zəfərin qəhrəmanlarını unutmamaq üçün. Şəhid harayı, anaların ağısı, qazilərin ağrısı, əsirlikdə həlak olan qız-gəlinlərin, uşaqların, qocaların xatirəsi üçün, qisasımızı almaq üçün dolğun Vətən nəğmələri də oxumaq lazımdır.

“Zəfər marşı”nı qələmini süngü kimi düşmənin gözünə soxan söz sahibləri yazacaq.

Üzeyir Hacıbəyov (müəllifdən- Hacıbəyli) adına Dövlət simfonik orkestrının və üçlü xorun müşayiəti ilə Yusif Nəğməkarın “Azərbaycanım” adlı möhtəşəm əsəri Heydər Əliyev adına sarayın səhnəsində səsləndirilib.

“Məramın əlacdırsa, bu,Vətən torpağıdır” deyən şair indi yaradıcılığının ən bərəkətli çağındadı. Sanballı mövzulardan yeni dəyərli əsərlər yaranacağına əminik. Onun indi Şuşaya, Kəlbəcərə baş çəkən “Laçın ətri” duymaq istəyən vaxtıdı. Hələ qarşıda ömrünün, qələminin möhtəşəm sürprizləri var. Qəlbi cavan, sözü təzə-tər şair istəsə, “Zəfər marşı”da yazar, çünki, o,arzularının çin olması uğrunda əzmlə, ardıcıl mücadilə edən, uğurlu nəticələrə qadir fövqəladə istedada malik, daim vətəndaşlıq ruhunda olan bir şairdir.

 

Tamella Həmidqızı, jurnalist

Ədalət .-  2024.- 19 aprel,¹13.- S.12.