Milli poetik
düşüncədə Qulu Ağsəs paradiqması
Aprelin iyirmisi əziz dostumuz Qulu Ağsəsin əlli
beş yaşı tamam olur. Qulu Ağsəs, şübhəsiz,
müasir Azərbaycan poeziyasında, hətta mübaliğəyə
yol vermədən deyə bilərik ki, müasir türk
poeziyasında sinxron baxımdan kifayət qədər
"geniş mənəvi və mədəni ərazini
işğal etmiş", diaxron baxımdan isə, bu
"işğalçılığ"ı uzun zaman kəsimində
qoruyub saxlayacağını təsdiq etmiş şairlərimizdəndir.
Poetik düşüncəmizin Səməd
Vurğundan sonra Rəsul Rzada, daha sonra Əli Kərimdə
müşahidə olunan modern tendensiyası Ramiz Rövşəndə,
Vaqif Səmədoğluda, Vaqif Bayatlı Odərdə yeni
keyfiyyət halına keçdikdən sonra öz növbəti
orijinallıq talelərindən birini məhz Qulu Ağsəsin
poeziyası timsalında yaşayır. Əlbəttə, bu mərhələdə
Qulu Ağsəs tək deyil. Amma bizcə, Qulu Ağsəs
"dilin dilini bilməsi" baxımından minillik
türkdilli poeziyamıza öz müasirlərindən daha
çox mənəvi varislik edir. Bu şeirlər ideya-fəlsəfi
cazibədarlığı ilə yanaşı, türk dilinin
ifadə potensialının heyrətamiz məcaz dərinliyini
nümayiş etdirmək baxımından təkrarsızdır.
Qulu Ağsəsin Ramiz Rövşən haqqında dediyi
"türk dilinin dili həm də Ramiz Rövşənə
görə uzundur" fikrini tam mənası ilə onun
özünə daha çox aid etmək mümkündür.
Yəqin ki, Qulu Ağsəsin ad günü məndə
olduğu kimi, şairin əksər dostlarının da
yaddaşında, ilk növbədə, dillər əzbərinə
çevrilmiş "Mən doğulan gün" şeirini
assosiasiya edir:
Anama: "Sevin dedilər,
"Bu oğlun, evin" dedilər,
Mən doğulan gün dedilər,
Aprelin 20-nə.
Qulu Ağsəs poeziyasının istər linqivopoetik,
istərsə də, ideya-fəlsəfi özünəməxsusluğunu
şərtləndirən, onu müasir ədəbi
düşüncəmizin nüfuzlu avtoritetlərindən birinə
çevirən, ilk baxışdan qətiyyən
mövcudluğu sezilməyən, lakin əslində bu
poeziyanın görünməz ideya-fəlsəfi
platformasını təşkil edən poesemantik leytmotiv elə
bu sətirlərdəcə aydın bəyan edilir. Xüsusən,
şeirin sonrakı misralarında:
İstədim öləm, qoymadı,
Lap nahaq yerə qoymadı,
Tanrım bir daşı qıymadı,
Aprelin 20-nə.
Bizcə, bu poesemantik leytmotiv insan-varlıq
qarşıdurmasında varlığa ekzistensional
yanaşmadır ki, ötən əsrin ortalarından Azərbaycanın
bir sıra yeni poetik tendensiyanı təmsil edən ədiblərinin
yaradıcılığının, o cümlədən, Qulu
Ağsəs poeziyasının semantik sisteminin əsaslarından
birini təşkil edir. Belə bir məşhur deyim var:
"Varlıq nədirsə, odur, insan isə nədirsə, o
deyil". Ona görə də onlar arasında əbədi bir
ziddiyyət vardır. Ekzistensionalizmin məşhur
"atılmışlar" konsepsiyasına görə, insan
dünyaya öz iradəsi xaricində, zaman və məkan
seçimi olmadan gəldiyi üçün onun
şüuruna
atılmışlıq və tənhalıq
psixologiyası hakim olur. Onların baxışına görə,
insanla varlıq arasında ziddiyyət paradiqmalarının ana
istiqamətini məhz bu baxış təşkil edir.
Qulu Ağsəsin poeziyasının ideya əsasında
linqivopoetik baxımdan olduqca mükəmməl bədii
texnologiyalarla reallaşan, elə bu bədii texnologiya mükəmməlliyi
arxasında da gizlənib görünməz olan sistemli poetik-fəlsəfi konsepsiya
dayanır. Burada onu da nəzərə almaq lazımdır ki,
klassik fəlsəfədən fərqli olaraq son yüz ilin fəlsəfi
fikri yalnız quru akademik modellərdən ibarət deyil.
Artıq ötən əsrin ortalarından belə hesab edilir
ki, fəlsəfi dünyagörüş şairanə
olduğu qədər həqiqidir. Kantın məşhur
"hər hansı bir sahədə riyaziyyat nə qədərdirsə,
elm də o qədərdir" aprioru müasir fəlsəfədə
belə səslənir: hər hansı bir fəlsəfədə
poeziya nə qədərdirsə, həqiqilik o qədərdir.
Amma məhz poeziya... Kamünün məşhur "filosof
olmaq istəyirsənsə, roman yaz" fikri də bu
yanaşmaya əsaslanır. Bu mənada biz, "Qulu Ağsəs
poeziyasında fundamental insan-varlıq münasibətlərinin
ifadəsi aparıcıdır" - deyərkən, qətiyyən
iddia etmirik ki, burada fəlsəfi konsepsiya ideoloji baza
statusundadır. Sadəcə olaraq, Qulu Ağsəs
insan-varlıq ziddiyyətinin ağrılarını öz dərisində
hiss edir, öz bətnində yaşayır. O, mövcudluğun təbiətini
bilmir, onun müəmması qarşısında daim
düşünür, onu özü üçün əbədi
sual hesab edir:
Bu gələn yaslı kimdir
Sual
Başı qapazlı kimdir
Sual
Nədi, niyəsi yoxdu
Sual
Dərddi-yiyəsi yoxdu
Sual.
Müşahidələrimizə görə, Qulu
Ağsəs poeziyasında insan-varlıq
qarşıdurmasının bir neçə paradiqması
vardır. İnsan-Allah, insan-sosial gerçəklik,
insan-ölüm, insan-insan, insan-zaman və s. bu
qarşıdurmanın əsas paradiqmalarıdır.
Qulu Ağsəs poeziyasında insan-Allah münasibətləri
üzərində xüsusilə dayanmaq lazımdır. Qulu
Ağsəs yalnız Allaha münasibətdə
varlığın fövqəltəbiiliyinə, ilahi
harmoniyasına inanır, onu bu aspektdən də mənalandırır:
Mərhəmətin, neynəsəm də,
Günahımı aşmada,
Çoxdandır ki, içimdə bir yalvarış
dolaşmada: -
Gedib tövbə eləməyə mənə yer ver,
ilahi!
Elə yer ki, baxıb görüb sənsən hər
yer, ilahi!
Günahımı nəylə desən, razıyam,
yuyum orda,Əgər gücün çatsa məni
Özündən doyur orda.
Təbiidir ki, burada təsəvvüfi semantik kod,
irfani ənənə iştirak edir.
Məşhur "hər şey Allahdır, Allah hər
şeydir" tezisi buradan aydın sezilir. Qulu Ağsəs
"böyük ənənənin içində olduğu
üçün" bu poetik yaşantını həmin ənənəni
qorumaqla, həm də orijinal poetik bir dildə ifadə etməyi
bacarmışdır. Lakin Qulu burada yalnız ənənədən
gəlmir. O həm də öz fəlsəfəsindən,
öz yaşantılarından gəlir. Bunu sübut edən
odur ki, burada Qulu ilahi sevgisini son dərəcə orijinal bir bədii
üsulda etiraf etmiş olur. Məhz bu ilahi sevginin nəticəsidir
ki, şairin Allahla münasibətlərindəki
aşağıdakı səpkidə ərköyünlüyü,
şıltaqlığı, ərkyanalığı da qətiyyən
asilik təsiri bağışlamır:
Mən şeytan balanam, Tanrım,
Ölü ver, diri qaytarım.
Sən ordan bir boş şey göndər,
Doldurum, geri qaytarım.
Eyni ruhda başqa bir nümunə:
Eşit, yoldadır artıq, çapır cin atım
Sənə,
Söz atıb tutanmadım...
İndi can atım Sənə...
Qulu Ağsəs poeziyasının mövzu və
poetik-fəlsəfi problematikasını sistem olaraq müəyyənləşdirmək
çətindir. Burada poetik avtonomiyanı bəlli mövzular
məcmusu və ya sosial problematika müəyyən etmir
(baxmayaraq ki, bu da aparıcıdır). Bu poeziyada poetik avtonomiyanı
poetik təfəkkürün gerçəkliyi poetik olaraq dərk
standartları, həmin standartların gerçəkliyi poetik
baxımdan yenidən yaratması şərtləndirir.
Gerçəkliyin mütləq pozitiv təsdiqi pafosu da, ona
radikal oppozisiya intonasiyası da Qulu Ağsəs poeziyasına
yaddır. Qulu Ağsəs poeziyasının əsas pafosunu və
intonasiyasını əslində kifayət qədər ciddi
oppozisiyada olduğu gerçəkliyə ironiya təşkil
edir. Həm də bu ironiya ənənədə olduğundan fərqli
olaraq "pıçıltı mədəniyyəti" ilə
təqdim edilir. Və belə ironik pıçıltı Qulu
Ağsəs müdrikliyinin əsasında dayanır.
Günümüzün orijinal elmi-filoloji təfəkkür
sahiblərindən olan Rüstəm
Kamal haqlı olaraq qeyd edir ki, Qulunun müdrikliyi şair
pozası deyil, təcrübənin
paylaşılmasıdır. Biz hesab edirik ki, bu paylaşmaq
ehtiyacı ilə yanaşı, həm də həsrətin
ovudulmasıdır. Haydeqqer yazırdı ki, həsrət fəlsəfənin
fundamental əhval-ruhiyyəsidir. İnsanın təbiəti
belədir ki, o aktual varlığı ilə kifayətlənməyib
daim olmayana can atır. Bu da onun potensial
varlığının reallaşması üçün ən
böyük stimuldur. Qulu Ağsəsin poeziyasında belə
bir həsrət və canatma olduqca qabarıqdır:
Hardasa, çölün düzündə
Su köşkü olmalıydı,
Ürəyimin alt gözündə
Son eşqim olmalıydı.
Qulu Ağsəsin poeziyasında, universal-antropoloji mənada
diqqəti xüsusi olaraq cəlb edən cəhətlərdən
biri bütün dünya poeziyasının, o cümlədən,
Azərbaycan şeirinin əsas ideya istiqamətlərindən
olan varlığın harmoniyasına
çağırış, disharmoniyaya isə etirazdır.
Maraqlısı odur ki, Qulu Ağsəsdə disharmoniyaya etiraz
da onun poeziyası üçün xarakterik olan ironiya
intonasiyasına tabedir:
Hamı aldadır özünü,
Aldada-aldada sevir.
Hərə bir küncə çəkilib,
Hərə bir daldada sevir.
Yatıb yerin-göyün şahı,
Bəndə yüz oyun çıxarır.
Hərə öz günün doğurur,
Hərə öz ayın çıxarır.
Burada şeirin yaranmasına səbəb, energetik əsas
xüsusi bir fəhmlə hiss edilən gerçəkliyin
disharmoniyasıdır. Sosial mühit xaotikdir. Bu xaosun əsasında
fərdlərin ümumi harmonik prinsiplərdən, kosmik
harmoniyadan uzaqlaşması dayanır. Fərdlərin ümumi
harmonik sistemin tərkib hissəsi kimi mənəvi
funksionallığı ilə onların fərd olaraq mənəvi
funksionallığı arasında ziddiyyət
yaranmışdır. Haydeqqer yazırdı ki, insan həmişə
nə isə bütövlük axtarır. Bu mənada, mistik təlimlərindəki
"varlığın mənəvi vəhdəti"
ideyası da, dahi rus mütəfəkkiri Verdnadskinin sırf
rasional prinsiplərlə modelləşdirdiyi "biosferin
ümumiliyi" anlayışı da insanın
bütövlük axtarışlarının təzahürləridir.
Əslində gerçəkliyin disharmoniyasını təsvir
edən Qulu Ağsəs də bütövlük və
harmoniya axtarır. Bu axtarış Qulu Ağsəsi məsələnin
təsəvvüfi həll variantına gətirib
çıxarır:
Biz yemik, onsuz da, nədi
Xeyri özünü yormağın?!
...Əcəl bir ucdan vərriyir,
Atır ağzına torpağın...
Deməli, ölüm mütləq həldir.
Ümumiyyətlə, Qulu Ağsəs şeirlərinin əsas
paradiqmalarından biri ölümdür. Qulu Ağsəs
Platonun məşhur "Hər bir yaradıcılıq öz
gücünü ölümdən alır" fikrinin daha
çox şairlərə aid olduğunu
yaradıcılığı ilə bir daha təsdiqləmiş
olur:
Sağ-salamat ölsəydim -
Üst-başını
Cığır basmış yol kimi... Qəfil bir
söz eşitsəydim -
Dil açan lalın ilk dəfə
Dediyi "sakit ol" kimi,
Keyfim ala buludda kövrəlsəydim,
Şimşək qurutsaydı gözüm suyunu...
Atamdan xeyir-dua almaq üçün
Qiyamət gününə salsaydım toyumu...
Burada ölümə ekzistensional-fəlsəfi
yanaşma ilə fərdi fəci tale olduqca poetik bir
ustalıqla birləşdirilmişdir. Burada metaforaların
miqyası Füzuliyanədir. Lakin göylərə baş
vuran bu metaforalar real insani emosiyaya dayanır: "atamdan
xeyir-dua almaq üçün qiyamət gününə
salsaydım toyumu". Fərdi bioqrafiyanın fəci bir
detalının - doğulduğu gündən üzünü
görmədiyi ata həsrətinin bundan daha poetik ifadəsi
olduqca orijinaldır. Qulu bu poetik möcüzəni ona görə
yarada bilir ki, onun gerçəkliyi dərk standartları məhz poetik prinsiplərə əsaslanır.
Söz Qulu Ağsəsə ona görə bu qədər
mütiliklə tabe olur ki, o, özü də məhz poetik
sözün Quludur. Yenə də ekzistensionalizmə görə,
həyat-ölüm dilemmasının tərəfləri
bir-birini şərtləndirir, biri digərinin mənalanmasının
şərti kimi çıxış edir. Haydeqqer həyatı
"ölüm üçün varlıq" kimi mənalandırırdı.
O yazırdı ki, ölüm haqqında bildiyimiz yeganə
şey odur ki, o, həyat deyil.
Qulu Ağsəsin şeirlərində ölümlə
həll edilən sosial disharmoniya ilə yanaşı,
harmoniyaya heyrət də böyük ustalıqla əks
olunmuşdur:
Bura bir dağ döşüdür... hər tərəf
duman, çiskin...
Mən bu yolunu azmış... baxtdan, havadan
küskün.
Yallar yaşılbaş sona, dərələr
gölmüş kimi,
Quşlar pəsdən oxuyur boğazı gəlmiş
kimi.
Dumanı şumlamağa bir xırman vəli ola,
Holavar çağırasan, yamaclar dəli ola.
Bu, ənənəvi olaraq vərdiş etdiyimiz təbiətin
gözəlliyinin tərənnümü deyil. Bu, təbiətin
də gözəlliyinin əsasında dayanan
varlığın harmoniyası qarşısında poetik heyrətdir.
Sonda mən Qulu Ağsəsin şəxsiyyəti
haqqında da bir neçə kəlmə demək istəyirəm.
Qulu Ağsəs gözəl şair olmaqla yanaşı, milli-ədəbi
elitamızı çox ləyaqətlə təmsil edən
ziyalılarımızdandır. O, dərin sənət biliyinə
malikdir. Qulu həm də yaxşı dostdur, gözəl ailə
başçısıdır. Rəhmətlik Mehdi Bəyazid
deyirdi ki, həm normal adam, həm də yaxşı şair
olan adam tanımıram. Mehdi Bəyazidin müəyyənləşdirdiyi
bu prinsip Qulu Ağsəsə münasibətdə pozulub. O,
yaxşı şair olmaqla yanaşı, həm də gözəl
insandır. Quluya möhkəm cansağlığı,
yaradıcılıq uğurları arzulayırıq.
Edebiyyatqezeti
Sərxan XAVƏRİ
Ədalət.- 2024.-26 aprel,¹14.-S.13.