Görüş yeri,
sevgi elanı və “Ağdam boyda adam”
Hə, əziz oxucularımız, söz verdiyim kimi,
Ağdama bu dəfəki səfərimin təəssüratlarını
sizinlə bölüşmək istəyirəm.
Millət vəkili, naşir, kinossenarist, jurnalist, nəhayət
yazıçı Aqil Abbasın Ağdamda oxucuları ilə
keçirilən görüşünü sizə ətraflı
şəkildə danışmaq istəyirəm.
Ağdamlıların, yüz statusu olsa belə “bizim
sadə Aqil Abbas” dediyi, “Ağdam boyda adam” adı verdiyi
yazıçının yaradıcılıq gecəsinə həsr
olunacaq tədbirin afişalarına elə beləcə də
yazıblar:“Ağdam boyda adam”.
Ona görə də, zal ağzına qədər dolu
idi.
Xüsusi olaraq dəvət aldığım bu tədbir
44 günlük müharibədən sonra Ağdam rayonunda
ikinci tədbir idi. 2021-ci ilin 20 yanvarında Ağdamda nə qədər
kədər yüklü, ağrılı-açılı
idiksə, 20 aprel –cümə günü ikinci tədbirdə
bir o qədər sevincli, fərəli , şən idik.
Bu hisslərin səbəbini
tədbirin təşəbbüsçüsü və təşkilatçısı
Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov
tədbir iştirakçılarına “xoşgəldin” edəndən
sonra aydın şəkildə izah etdi:” Vətən
üçün canından keçən bütün vətən
oğullarının ruhu şad olsun, Allah qazilərimizə
can sağlığı versin! Artıq həsrətlə
Qarabağa tərəf baxıb köks
ötürmürük!
Artıq Qarabağımız azaddır! Bu gün igidlərimizin
canları bahasına alınan torpaqlarda geniş tikinti-quruculuq
işləri gedir. Tezliklə hər kəs öz elinə-obasına
qovuşacaq!”.
Tədbirin səbəbkarı –Aqil Abbas və tədbirin
aparıcısı, bədii qiraətçi, Azərbaycanın
əməkdar artisti, professor Azad Şükürovun
hamını salamladıqdan sonra ”Əziz ağdamlılar, əziz
qonaqlarımız, gəlin bütün şəhidlərimizi
1 dəqiqəlik sükutla yad edək!”təklifini hamı bir
nəfər kimi ayağa qalxıb, icra etdi, arxasınca da Azərbaycan
Himni oxuduq! Artıq məclisimizə start verilmişdi.
Əvvəlcə, oxucuları
yazıçının həyat və
yaradıcılığını əhatə edən
qısametrajlı filmə tamaşa etdilər. Film
Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət
Dram Teatrının təş əbbüsü idi.
Beləliklə, nəinki, Qarabağda, eləcə də
bütün Azərbaycanda, bütün türk
dünyasında “məmə yeyəndən pəpə yeyənə”
qədər hamının tanıdığı Aqil Abbas
haqqında, daha dəqiq onun yaradıcılığı
haqqında danışmaq üçün söz verilir
şairi, tərcüməçi, publisist Vaqif Bəhmənliyə.
Hörmətli publisistimiz yazıçının
"Şirinlik" adlı ilk hekayəsindən tutmuş ən
son “Çay qırağında bitib, susuz qalan ağacların
sağlığına” adlı əsərinə qədər
hamısından biraz danışdı. Dedi ki,
"Şirinlik" adlı ilk hekayəsi 1976-cı ildə
"Ədəbiyyat və incəsənət" qəzetində
çap olunub:
” Bir il sonra "Azərbaycan" jurnalında
"Şəbədə Nazim" hekayəsi
çıxıb və beləcə, yazıçı
1983-cü ildən bu günə qədər oxucuların
ixtiyarına verilən bəlli sayda kitabı ərsəyə
gətirib.
"Evləri köndələn yar",
"Günah", "Batmanqılınc", "Ən
xoşbəxt adam", "Çadırda Üzeyir Hacıbəyov
doğula bilməz", "Qiyamət gecəsi",
"Qarda açan qan çiçəyi", "Qapqara uzun
saçlar", "Ölülər", "Allahı qatil
edənlər", "Dolu", "Çay
qırağında bitib, susuz qalan ağacların
sağlığına" və digər əsərləri
geniş oxucu auditoriyasına sahibdir.
Adı çəkilən roman və povestlərdən
ibarət daha beş kitabı, deyildiyi kimi, Türkiyə və
Cənubi Azərbaycanda nəşr edilib. "Dolu"
romanı əsasında XXI əsr milli kinematoqrafiyanın ən
baxımlı filmlərindən biri çəkilib.
O, sovet illərində komsomol mükafatının
(öz zamanında yaradıcı gənclər
üçün ən yüksək ödül), müstəqillik
zamanı Mədəniyyət və Turizm Nazirliyinin
"Qızıl kəlmə" mükafatının
laureatı olub. "Qızıl qələm", "Məmməd
Araz", "Dan ulduzu", "Humay", "Yaddaş",
"Zeynalabdin Tağıyev", "İlyas Əfəndiyev"
və s. Aqilin ədəbi-ictimai xidmətlərinə görə
layiq görüldüyü dəyərlər
sırasındadır. Azərbaycan Respublikasının Əməkdar
jurnalistidir. Möhtərəm prezident İlham Əliyev tərəfindən "Şöhrət" və
"Birinci dərəcəli Vətənə xidmət"
ordenləri ilə təltif edilmişdir.
Vaqif Bəhmənli onu da dedi ki, yazıçı
dostumun doyulmaz zövq və təşnəliklə mütaliə
elədiyi ən qüdrətli, zəngin "roman",
"dilogiya", "trilogiya" heç şübhəsiz
ki, yazılan və yazılmayan Qarabağ kitabəsidir!! Milli
nəsrimizdə Aqil Abbas canlı, yazıları əbədiyyən
solmayan Qarabağ kitabəsinin müqəddəs sətirlərinə
üz söykəmiş, onu dərindən oxumuş və dərindən
heyrətlənmiş azsaylı ədiblərdən biridir.”
Bir sözlə, Vaqif müəllim
çıxışı ilə bir daha sübut elədi ki,
Aqil Abbas həqiqətən Qarabağın qələmidir!
Elə bu maraqlı söhbətdən sonra sevdiyimiz
muğam ustası, Əməkdaş artist Səbuhi İbayev səhnəyə
çıxdı, yazçı Aqil Abbası gözəl
ifası ilə təbrik etdi, yanıqlı, şirin səsi
ilə Ağdamlıların ürəyinə su səpdi!
Desəm ki, məclisin duzu da, balı da həm də
yazıçı, şair, nasir, tərcüməçi,
hamımızın sevimlisi Seyran Səxavət idi, inanın.
Seyran müəllim təxminən 15-20 dəqiqə
çıxış elədi.
Özü dediyi kimi, “imkan versələr bir neçə
gün ancaq Aqil Abbasın yaradıcılığından,
eyni zamanda dostluqlarından danışar . Bilirsiniz də, Aqil
Abbasla 53 illik dostdurlar ,qardaşdan ötədilər.. Bu 15-20
dəqiqədə sidq ürəklə, 53 illik dostuna
ehtiramını o qədər səmimiyyətlə biruzə
verir ki... Bunu ancaq Seyran Səxavət edə bilərdi. Aqil
Abbasla aralarındakı zarafatlardan danışanda isə
zaldakıların qəhqəhəsi zalı silkələdi:
“Aqil azad adamdır, Aqil heç vaxt nə göstərişlə
danışmadı, nə sifarişlə yazmadı, nə də
sifarişlə hərəkət etmədi. Ürəyi necə
istədi elə danışdı, həqiqət nədir onu
dedi.Gəncliyində hələ “gənc jurnalist” ikən necə
sadəydisə, elə sadə də qalıb. Baxmayaraq ki ,
indi artıq o Milli Məclisin deputatıdır, rəsmi şəxsdir.
Bayaq Muğam Evinə gəlirik. Gəlib, gəlib, oturur pilləkənlərdə....Ay
rəhmətliyin oğlu, yadından çıxıb? Sən
deputatsan ee...”
Zal dübarə gülüşə qərq olur.
Yeri gəlmişkən, kim mənim fikirlərimlə
razılaşmırsa, özü bilər, amma, Allah haqqı
bu iki yazıçı sanki mənəvi cəhətdən
eyni insandır.İstedadları, danışıq tərzi,
yazı üslubu, emosionallıq, ironiya və yumor, xəlqilik
, sadəlik, təəssübkeşlik, səmimiyyət... Həm
də üzdən, boy-buxundan bir-birinə bənzəyirlər...
Azad Şükürov –aparıcı əməkdar
artist Feyruz Səxavəti səhnəyə dəvət edəndə
zaldan gurultulu bir alqış qalxdı. Feyruz müəllim həm
fiziki oxşarlığı, həm də İfası ilə
məclisə sanki bir Səxavət gətirmişdi.
“Boğazlar”, zəngulələr sanki “Səxavət məndədir”
deyirdi.İştirakçılar. həm Feyruza, həm Səxavətə
sürəkli alqışlarla məhəbbətini ifadə
etdi.
Belə qızgın,səmimi tədbirdə qiraət
ustası sakit dayana bilərmi? Bilməz! Azad müəllim, həm
səmimi ortamdan, həm zalı dolduran işıqlı
insanların simasından, həm dəistedadlı xanəndələrin
ifasından elə vəcdə gəldi ki, ən çox
sevdiyi şair- Bəxtiyar Vahabzadənin “Baş” şeiri ilə
məclisə bir rəng qatdı:
Vallah Bəxtiyar Vahabzadənin bütün
külliyatı bir gözəllikdir, amma bu gözəllik həm
də gözəl qiratlə söylənirsə, bu ikiqat
gözəl alınır, desəm, sözümü qəribliyə
salmayın! Həmişəki kimi Azad Şükürov
diksiyası ilə yenə qəlbimizi fəht elədi.
Yəqin ki, oxucuları Aqil Abbasın
Abdal-Gülablı Şakirin xatirəsinə
yazdığı “ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN
AĞACLARIN SAĞLIĞINA…” əsəri ilə
tanışdılar. Ötən il həmin əsər kitab
şəklində oxuculara təqdim olundu. Ağdam Dram
Teatrının aktyorları həmin əsərdən
kiçik bir hissəni səhnələşdirmişdilər.
Vallah , əyalət aktyorları rola girməkdə,
obrazı olduğu kimi tamaşaçıya
çatdırmaqda heç də Bakıdakı “akademik
teatrlar”dakı aktyorlardan əskik deyil. Hətta yüksəkdi,
desəm yanılmaram.
Doğrudan tədbir, tədbirliyindən lap başdan əlin
üzmüşdü. Bu artıq ədəbi-musiqili məclisə
çevrilmişdi. Tədbirlərdə adətən “səbəbkar”
sonda söz alar, fikirlərin söyləyər,
düşüncələrin deyər. Yox e, bu tədbirlərdə
belədir! Məclis, məclisdəki səmimiyyət,
şeğiriyyət, musiqi Aqil Abbası elə ağuşuna
almışdı ki, dayana bilmədi, mikrafonu Azad müəllimdən
alıb. Bayaqdan ürəyini deşən , amma demək
imkanı olmayan sözləri astaca-astaca deməyə
başlayır:” Mən Ağcabədidə doğulmuşam,
amma Ağdama o qədər vurğun olmuşam, o qədər
sevmişəm ki... Ağdam Qarabağın paytaxtıydı və
yenə paytaxtı olacaq.
Qarabağın ətraf rayonlarından yüz il bundan əvvəl
Ağdama köçmüş qeyri-ağdamlılar
Ağdamın Ağdam vaxtında ağdamlı olmaqları ilə
fors edərdilər. Şəhər işğal olunandan sonra
onlardan çoxu ağdamlı olduqlarını dandılar:
- Əşi, mənim babam filan rayondan köçmüşdü
Ağdama...- Mənim babam bəhmən rayondan gəlmişdi…-
Atamın nənəsi filan rayondandı…- Əşi, bizim əslimiz
Sisyandandı. Ötən əsrin əvvəllərində gəlmişik
buralara…Və sair və ilaxır.
Və bunu deyən adamların hamısını demək
olar ki, tanıyırdım. Vaxtilə «ağdamlıyam» deyib
şeşələndiklərinin də şahidi olmuşdum.
İndi Ağdam azad olunub, Möhtərəm Prezident
İlham Əliyev yüz minlik qeyri-adi bir Ağdam şəhəri
tikir. Baxıram, həmin adamlar yenidən “ağdamlı”
olublar.
Seçkilər vaxtı görüşlərdə
tez-tez belə bir sualla rastlaşırdım:
- Məllim, baxırıq televiziyadakı
çıxışlarında da, yazılarında da deyirsən
ki, mən ağdamlıyam. Amma tərcümeyi-halında
yazılıb ki, Ağcabədinin Bayat kəndində
doğulmusan, on yaşında köçmüsünüz
Ağdama. Nəyin xətrinə deyirsən ağdamlıyam,
axı sən ağcabədilisən?!Mən də adətən
belə cavab verirdim:
- Bəli, mən Bayatdanam. Nə qədər Ağdam
işğal altındadı, özümü ağdamlı
sayıram. İnşallah, Ağdamı azad edərik, ondan
sonra deyərəm ağcabədiliyəm.
Bu cavabdan sonra suala görə məndən üzr istəyənlər
də olurdu.
İndi Ağdam azad olub. Ağdam azad olunandan sonra bir
neçə dəfə bu dağılmış şəhəri,
o viran olmuş şəhəri bitdə-bitdə gəzmişəm
və görmüşəm ki, Ağdamın ölüsü
də gözəldi.
Nə mutlu AĞDAMLIYAM deyənə!”
Bu monoloqdan sonra kim Aqil Abbası gurultu ilə
alqışlamaz ki?
Elə həmin gurultulu alqışların sədası
altında Aqil Abbas qarşısındakı stola
düzdüyü kitabları qucağına yığıb,
pilləkanlarla aşağıya, zaldakıların yanına
endi. Kitablarını böyük məmnuniyyət hissi ilə
ön cərgədə əyləşmiş Qarabağ qazilərinə,
şəhid ailələrinə təqdim etdi. Aqil Abbasın
bu qəfiladdımı daSeyran müəllim demiş “ürəyi
istəyən kimi hərəkət etməsi də
zaldakıların ürəyincə oldu.
Yazıçının ən həssas zümrəyə
mehribanlığı yenidən alqışlandı .
Növbəti dəfə Respublikanın Əməkdar
Artisti Təyyar Bayramov səhnədə yer alır. Musiqi səslənən
ilk andaca zal nəfəsini içinə çəkib Təyyar
Bayramovun ifasına qulaq kəsilir.
Zaldakılardan uzaq olsun, elə bil “qurbağa
gölünə daç atılıb”.
Musiqinin bitməsi ilə ağdamlıların fikirlərini
sevimli yazıçıya bildirmək həvəsi cuşə
gəldi.Yaşlı bir ana, 17 yaşlı gənc, orta nəslin
nümayəndələri yazıçınınhəm ədəbi,
həm dönə-dönə söylədilər. Vətən
müharibəsi dövründə Aqil müəllimin
Ağdama gəlməsini, raket yağmurunun altında
camaatı ilə həmrəy olmasını, şəhid dəfnlərində
iştirak etməsini, ağır günlərdə
xalqının yanında olmasını yüksək qiymətləndirdiklərini
bildirdilər!Hətta 44 günlük müharibədə
oğlu şəhidlik zirvəsinə ucalmış Maya
anım Quliyeva titrək səslə bildirdi ki, Aqil müəllim,
biz sizi doğmamız kimi sevirik. Çünki nə
doğmamız , nə də siz ən çətin anda bizi tək
qoymadınız!
Xalq artisdi Mənsum İbrahimovun ifası məclisin
“son zəngi” oldu. Zaldakılar yığıldı Aqil
Abbasın başına hər kəs ürək
sözünü demək, yazıçıdan avtoqraflı
kitab götürmək istəyirdi. Oxucular, soruşa bilər:
Bəs yazıçı sonda öz fikir və
düşüncələrini iştirakçılarla
bölüşmədi?
-Yox?
- Niyə?
- Çünki Aqil Abbas 1970-ci ildən bu günə qədər
əlində qələm sözünü deyib. Heç vaxt qələmdən,
kağızdan, sözdən uzaq olmayıb. Bu gün isə
onu dəyərləndirən, sevən, görüşünə
gələn oxucuların sözü – söhbətini dinləmək
lazım idi! Dinlədik, gördük, bəyəndik!
Bütün yazıçılara, şairlərə,
jurnalistlərə, publisistlərə oxucu məhəbbəti
arzu edirik! Elə Aqil Abbasa olan oxucu sevgisi qədər el-oba
sevgisinə layiq olmağı arzulayırıq!
Xəbəri yerli-yataqlı sizə çatdıran isə
Aqil Abbasın oxucusu, xüsusilə “Batmanqılınc”ın
vurğunu
Əntiqə Rəşid
Ədalət.- 2024.-26 aprel,¹14.-S. 3.