Bu gün xəyanətin
cəzalandığı gündür: Əliheydər Qarayevin
əməl dəftəri
Azərbaycan hər zaman qəhrəmanlar diyarı
olub. Tarix boyu namusu -qeyrəti ANA VƏTƏN bilən
oğulları ilə öyünmüşük! Amma çox
təəssüf ki, torpağımız bəzən alaq otu
da, yararsız övladlar da cücərdib ki, belələri hər
zaman xalqımıza , dövlətçiliyimizə zərbə
üzərindən zərbə vurub. Belələrindən
biri də 20 iyun 1896-cı ildə
Şamaxıda anadan olan, Azərbaycan SSR və Sovet siyasi
və dövlət xadimi, jurnalist, Gürcüstan Demokratik
Respublikası və Azərbaycan Xalq Cümhuriyyəti
parlamentlərinin deputatı seçilən, rus
işğalçıları Azərbaycana göz dikib,
Cümhuriyyətimizi məhv etməyə
çalışdığı dönəmdə xaincəsinə
yurdumuza, azadlığımıza, müstəqilliyimizə,
cümhuriyyətimizə xəyanət edən, bir xalqın
qan bahasına qurduğu hakimiyyəti heç neçəyə
düşmənə satan Əliheydər Qarayev olub.
Beləki, o cümhuriyyətçilərə xəyanət
edərək bolşeviklərin tərəfinə keçdikdən
sonra Rusiya bunu "əla" qiymətləndirib. O, Bakı
Müvəqqəti İnqilab Komitəsinin sədri (1920), Azərbaycan
SSR xalq ədliyyə və əmək komissarı (1920),
Bakı Soveti İcraiyyə Komitəsinin sədri (1920), Azərbaycan
SSR xalq hərbi dəniz işləri komissarı (1920–1923) və
sair yüksək məqamlara ucalıb.
Jurnalist Qərənfil Dünyaminqızı yazır:
"Cümhuriyyətin bir nömrəli düşməni”
adlandırılan Əliheydər Qarayev haqqında
yazıçı Manaf Süleymanov yazırdı: "Digər
böyük vəzifə sahibləri arasında Əliheydər
Qarayev yeganə adam idi ki, bolşeviklər ona ən yüksək
hərbi rütbə vermişdilər. Hərbi
libasının boyunluğunda hər tərəfdə dörd
romb vardı, bu da, general rütbəsinə bərabər
idi". Eyni zamanda Həmidə xanım Cavanşir də xatirələrində
diqqətləri Əliheydər Qarayevin üzərinə
çəkir:"Əliheydər Qarayev- kommunist
partiyasının Azərbaycan xalqının mənafeyinə
zidd olan bütün tapşırıqlarını
danışıqsız yerinə yetirməsi, milli duyğulara
nifrət bəsləməsi, Azərbaycanda rus və erməni
nüfuzunun möhkəmlənməsinə əlindən gələni
edərək, bu yolda ən şərəfsiz işlərdən
belə çəkinməməsi ilə seçilən
nümayəndəsi ”.
Bu araşdırma isə tarixçi alim Firdovsiyyə Əhmədovaya
məxsusdur:”1920-ci il aprelin 27-də Azərbaycan Demokratik
Cümhuriyyətini təslim etmək barədə bolşevik
deputat Həmid Sultanovun ultimatumu parlamentdə müzakirə
olunanda qalmaqal düşür. Digər bolşevik deputat Əliheydər
Qarayev Cümhuriyyətin rəhbəri Məmmədəmin Rəsulzadənin
üstünə çımxırır:
- Razılaşmasan, gözlərini
çıxartdıraram!
M.Rəsulzadə təəssüflə cavab verir:
- Sən bütün millətin gözlərini
çıxartdın!
Ə.Qarayev salona üz tutur:
- Səsini çıxardanı gülləbaran edəcəyəm!
M.Rəsulzadə:
- Sən bir güllə atmadan milləti məhv etdin, Əliheydər,
«tovarişlər» səni güllələyəndə məni
xatırlayarsan!"
Bəli əziz oxucular, bu gün o gündür!il 1938
olsa da, gün elə həmin gündür: 24 aprel!
Xalqından, dövlətindən, canından çox
sevdiyi sovet höküməti, dolayısı ilə ruslar bu əqidəsisizi
niyə güllələdi?
Deməli, Qarayev, Moskvada Ali Partiya Məktəbində
işlədiyi vaxtlarda, qardaşı Əlövsətə,
Beriyanın Zaqafqaziyada, Bağırovun isə Azərbaycanda rəhbər
vəzifəsinə seçilməsini təhlükəli
adlandırmış və bu hadisənin, Azərbaycanda
repressiyaların güclənməsinə təkan verəcəyini
bildirərək demişdi: "Çünki bu
avantüraçılar İ.V.Stalinin hədsiz
etimadını qazanıblar".
Ə.Qarayev qardaşına
danışmışdı ki, o, Müsavat Parlamentinin
deputatı olduğu vaxtlarda L.P.Beriyanın müsavat kəşfiyyatında
işləməsi barədə məlumatı vardı. Ə.Qarayev
1926-cı ildə Azərbaycan K(b)P MK-nin katibi təyin
olunduqda, həmin faktı təsdiqləyən sənədləri
axtarıb tapmağa bir neçə dəfə cəhd
göstərmiş, lakin onun bütün cəhdləri
uğursuzluqla başa çatmışdı, çünki
L.P.Beriyanı ifşa edən materiallar çox ciddi surətdə
ləğv edilmişdi. Sonralar 1953-cü ildə Beriya öz məhkəməsində
etiraf etmişdi: "…deməliyəm ki, mənim ən
ağır cinayətlərimdən biri… mənim müsavat əks
kəşfiyyatında iştirakımdır. Bu
günahımı mən tamamilə boynuma alıram.
1937-ci il iyunun 1-də Azərbaycan SSR Xalq Daxili
İşlər Komissarlığının ayrıca tələbi
ilə Ə.Qarayev və onun həyat yoldaşı — həkim
Xavər Qarayeva-Şabanova Moskvada "xalq düşmənləri"
kimi həbs edilərək Bakıya göndərildilər.
Qarayev 1918–19-cu illərdə Hümmət Menşevik təşkilatına
üzv olmaqda və Müsavat parlamentində iştirak etməkdə
günahlandırılır. Yorucu istintaqlar başlayır,
işgəncənin və ağır həbsxana şəraitinin
gücü ilə, əsassız böhtanları öz boynuna
götürməsi üçün Qarayevə təzyiq
göstərirlər. Qarayev parlamentdə iştirak etməkdən
başqa, qalan bütün ittihamları rədd etdi,parlamentdə
isə partiyanın göstərişi ilə
çalışıb, yalnız fəhlə sinfinin mənafeyini
müdafiə etdiyini söyləyərək günahsız
olduğunu elan etdi.
1938-ci ildə "əksinqilabçı millətçi
mərkəzin işi" ilə əlaqədər olaraq
güllələndi.
1955-ci il dekabrın 7-də, SSRİ Ali Məhkəməsinin
Hərbi Kollegiyası, SSRİ Baş Prokuroru tərəfindən
aparılmış işin materiallarını nəzərdən
keçirərək, Əliheydər Qarayevə qarşı
irəli sürülən əsassız ittihamları ləğv
etdi və cinayət tərkibi olmadığına görə
işin icraatını dayandırdı.
Baxın tarixin səhifələrinə!Xəyanət,
oğurluq, düşmənçilik,
satqınçılıq , ümumiyyətlə heç bir
pis əməl heç vaxt cavasız, cəzasız qalmır!
P.S. Təəssüf ki, hələ də Bakıda Əliheydər
Qarayev küçəsi qalmaqdadır!
Əntiqə Rəşid
Ədalət.- 2024.- 26 aprel, ¹14.- S.5.