ÖMRÜN AVQUST CİZGİLƏRİ
Mənim inancıma görə həyatda elə an, elə
məqam var ki, o təkcə bütün ömrünə bərabər
olmur, həm də sənin doğum günün kimi
yaddaşına yazılır. Və bu yazı heç vaxt
pozulmur, hətta o yazının üstünə şeh də
düşsə, toz da qonsa, onu birdəfəlik silmək,
cırıb atmaq, unutmaq mümkünsüzdü. Axı,
ömrə yazılıb, ürəyə yazılıb!.. Hə,
mən bu bir cümləlik fikrimdə nə
yazacağımı, nə deyəcəyimi öncədən
çatdırmaq niyyətində deyiləm. Amma sadəcə
bir içimdən gələn pıçıltını
yazımın əvvəlinə çıxartdım...
Hər anı, hər dəqiqəsi olduğu kimi
yadımdadı. Elə bil ki, kinoya baxıram. Fırlanır
çarx gözümün önündə. Və mən də
o fırlanan çarxla birlikdə dönürəm o günə,
o ana. Gəlişini, ilk kəlməsini, hətta gözlərinin
dibində gizlənib, oradan boylanan kədəri də
görürəm... İlahi, o baxış, o kədər, o
pıçıltı sanki qeybdən gəlirdi, qeybdən də
görünürdü. Onu görməmək, onu duymamaq
mümkünsüz idi. Mən nə qədər cəhd etdim,
nə qədər görməmək, duymamaq istədim,
mümkün olmadı. O anın özündə bir maqnit
dalğası var idi. Yaxalamışdı məni, elə
yerimdən tutmuşdu ki, tərpənə bilmirdim. Və bu
günə qədər də maqnit dalğasının
tutduğu yer mənə aid deyildi. Məndən qopub gedibdi. Elə
məni də aparıbdı bəlkə də...
Hə, tarix elə bu yazının dünyaya gəldiyi
günə təsadüf edir. Onda da avqust idi. Onda da qora
bişirən öz işini görürdü. Və elə
onda da mən başımı salıb aşağı
kağız-qələmin ixtiyarına vermişdim
özümü. Bilmirdim ki, bu kağız-qələm məni
ona tərəf aparır, ona səmtləyir... Və mən də
qələmin, kağızın ətəyindən tutub gedirəm.
Əslində getmirəm ey. Mənə tərəf gəlir,
onu qarşılamağa çıxıram... Və həmin
an qarşılaşırıq, öncə
baxışlarımız görüşür. Sonra... Bax, elə
hər şey də o sonradan başlayır. Bu mənim
doğum tarixinin yeni başlanğıcıdır. Soruşa
bilərsiniz ki, nə baş verdi. Nədən dəyişdi
doğum tarixi? Düzünü deyim ki, bu sualın
cavabını hələ də tapa bilməmişəm. Ona
görə də sizə heç nə deyə bilməyəcəm
və məndən də yəqin ki, ağıllı bir cavab
da ala bilməyəcəksiniz. Axı, insan niyə
doğulduğunu özü bilmir və heç vaxt da bilməyəcək!
Sizi çox da maraqda qoymamaq, intizarda saxlamamaq
üçün bircə anladığım bir gerçəyi,
dərk etdiyim bir həqiqəti deyə bilərəm ki, həmin
avqustda, həmin o qora bişirəndə mənim
doğulmağım Allahın növbəti möcüzəsidi.
Çünki dünyaya mənimlə birlikdə bir sevgi də
gəlmişdi. O sevgi yeni şeirlərimin, yeni
pıçıltılarımın, yeni
duyğularımın ünvanı, bəlkə də elə
özü idi. Əslində elə də var. Özü də
bəlkəsiz, filansız!..
Bax, onda mən əlimi göyə açıb
şükür duaları ilə Allaha və sənə təşəkkürümü
çatdırdım. İndi o duaları da, o
şükürləri də içində təkrarlaya-təkrarlaya
yazıram:
Göydən düşən üç almayla
Bitdi mənim nağıl ömrüm.
Ondan nə mənə pay düşdü –
Nə də sənə ağıl, ömrüm!
Bədahətən söz deyərdim,
Öz yükümü çox bəyəndim.
Mən dəvə yox, mən küyəndim –
Belə gəldi, axır ömrüm!
De, o kimdi şəkili daşda?
Demirəm ki, başdan başla.
Gülə-gülə, əli qaşda –
Daş üstündən baxır ömrüm...
O həsrətə bu tabıyla,
Haqqa, sənə, xitabıyla...
Neçə-neçə kitabıyla -
Yüngül gəldi, ağır ömrüm!
Bəli, mən bütün yazılarımın,
bütün xitablarımın və bütövlükdə
ömrümün mənasını həmin o gündə, o
anda tapdım və qibləmi də bir daha müəyyənləşdirdim.
Elə bilməyin ki, həmin ana qədər asi idim. Yox, mən
onda Allahın adi, sadə, iddiasız
başıaşağı bir bəndəsi kimi
yaşayırdım ömrümü. Məhz, həmin o
doğum günümdən içimdən bir iddia boy verdi. Bu
iddianın adı Məcnundan artıq Məcnunluq idi. Bugünə
qədər də böyük Füzulidən min dəfələrlə
üzr istəməklə, özümü Məcnundan
böyük Məcnun sayıram. Düşünürəm
ki, mənim sevgim, mənim səcdəm birmənalıdır,
dəyişməzdir və onun hansı bucaq altında təqdim
etməyimdən asılı olmayaraq, o, mənə aid olmaqla
yanaşı, həm də təzədi, tərdi
Bəli, ürək kiməsə bir parsa ətdir, kiməsə
yumruq boyda daşdır, kiməsə tez sınan
şüşədi və kiməsə elə-belə
heç nədi. Yəni, insan bədəninin bir əzasıdı.
Amma ürək həm də bütöv bir dünyadı.
Duyğuların, hisslərin, ağrıların, sevinclərin,
kədərlərin, vüsalların, həsrətlərin,
bir sözlə, insana aid olan hər şeyin həm bələyidi,
həm beşiyidi, həm də elə özüdür ki, var.
Deməli, ürək həm də Allahın sənə
tikdiyi evdi. Sən də o evin həm özüsən, həm
də müsafiri, sakini. Deməli, elə ürək həm də
Sənsən!
Sən olan yer heç vaxt qaranlıq ola bilməz,
darısqal ola bilməz, soyuq ola bilməz, ümidsiz ola bilməz,
işıqsız ola bilməz! Bilirsən niyə? Ona görə
ki, Sən olan yeri Allah sənə aid edib! Və Allahın aid
etdiyi yerdə işıqsız, susuz, havasız olmur axı.
Bax, bütün bu dediklərim, yazdıqlarım pafoslu da
çıxa bilər, sərsəmlik kimi də görünə
bilər, hətta bayağı da adlanmaq şansında da qorunmur.
Amma kim nə deyir-desin, kim hansı qiyməti verir-versin,
heç vecimə də deyil. Bilirsən niyə? Ona görə
ki, səni Allah çıxartdı qarşıma. Sənə
aid olan yeri Allah müəyyənləşdirdi. Və səni
ömrümə Allah hopdurdu. Mən və bütün bəndələr
Allah qarşısında həm acizik, həm də heç
kimik. Ona görə də Allahın iradəsinə
qarşı çıxmaq qeyri-mümkündür və mən
bunu heç ağlıma da gətirmirəm. Çünki həyatımın
bütün anları Allaha və Sənə aiddi!
Ona görə də mən nəyi nə vaxt
yazmağı və necə yazmağı da heç kimdən
soruşmuram. Çünki yazdıran da,
pıçıldayan da Allah və Sənsən. Bax, elə
indi yazdığım şeir də o
pıçıltılardan biridir.
Yenə təkliyimlə
pıçıldaşıram,
Bir az dünənimdən, bir az bugündən.
Ağrı baltasını itiləyibdi -
Kəsib ümüdümə düşən
düyündən...
Üst-üstə gəlməyən kipriklərimi,
Əyməyə çalışır nəm
ağırlığı.
Ağırlıq barədə bildiklərimi -
Alt-üst eləyibdi qəm
ağırlığı...
İçimdə-çölümdə külək
at çapır,
Təklik qamçılayır zənnimcə onu...
Büdrəyən bəndəni, demək tez tapır
-
Ölümdən tez gəlir adamın sonu...
Bu pıçıltıların arxasında bir
ömür dayanır. Əl barmaqlarının sayını
keçmiş ömür. Yəqin o sayı sən də
bilirsən. Allahın bildiyi sayı deyirəm!.. Yəqin bu
pıçıltıların arxasında sonu görünən
ömrün kimə aid olduğunu da gözündən
qaçırmırsan. Çünki onu Allah da artıq bilir və
bir də ömrün alt-üst olması təzə bir fikir
deyil və təzə söz də sayılmaz. Amma qəmin
bütün ağırlığı ilə vücuda
hopması hər adamın ömrünə yazılan yazı
deyil. Buna birmənalı inanıram. Ona görə ki,
ömrü yazan yer üzündəki bütün insanları
fərqli yaratdığı kimi onların yazısını
da fərqli qələmlə, fərqli fikir və cizgilərlə
yazır. Kimi insan ömrü yaşayır, adidən adi. Kimi
Məcnun ömrü yaşayır, aşiqdən aşiq və
yaxud dəlidən dəli. Kimi də yenidən doğulur
öz sevgisi ilə. Elə mənim kimi! Deyəsən,
çox təriflədim özümü, çox «mən-mən»
dedim.
Bunu günaha yazma, günahdan sayma. Özündən
razılıq hesab etmə. Bil ki, mən Allahın və Sənin
nəzərlərinin altında olmaqla yanaşı, həm də
sizdən aldığım impulsların
işığında yazıram, danışıram...
Bütün bu yazı boyu mən içimdə sanki ələk
əliyirdim. Bunu ona görə xüsusi qeyd edirəm ki, həmişəkindən
fərqli olaraq sözü seçməyə, fikri təqdim
etməyə bütün gücümlə
çalışırdım. Məqsədim, məramım da
bu ildi ki, artıq sözə, artıq fikrə yol verməyim,
yer ayırmayım. Kimsə həmin o artıq sözdən,
yersiz fikirdən yapışıb haralarasa gedib
çıxmasın. Məhz bu səbəbdən
yazının üstündə nanə yarpağı kimi əsmək
dərəcəsinə gəlib çıxmışdım.
Hətta özüm-özümə bir az acıyırdım
da. Özümün-özümə bir az yazığım da
gəlirdi. Axı, heç kimə bəlli olmayan, heç kim
üçün maraq doğurmayan, yenidən
doğulmağımın, kağıza köçürməyimin
nə mənası var? Amma yox, təkcə yazılanın
yadigar olması, qalması baxımından yox, həm də
yazılanın bir təbrik, bir xatırlatma, dünənə
dönüş olmasıdır. Mən də məhz təbrik
üçün, dünənə dönüş
üçün yenidən həmin avqustdan bu
ilin avqustuna gəlmək üçün
düşüncələrimi sözə çevirdim və
yazdım. Hər halda bu yazı ad günü təbriki kimi də
oxuna bilər, xatirə kimi də!
Bəli, yazının əvvəlində dedim ki,
heç kim doğum gününü doğulacağı andan
öncə bilmədiyi kimi, təkrar
doğulacağını da bilmir. Allah nəsib etdi, mən təkrar
doğulmağımın şahidi oldum, elə Sən də!
Və ömrümdəki Fərəh, Sevinc, Kədər,
Ümid, Həsrət, bir sözlə, nə varsa
hamısı həmin günlə bağlıdır. Və
onların hamısı hər bir an mənimlə
baş-başa, mənimlə birlikdədir. Mən də
onlarla. Elə yəqin ki, Sən də!..
ƏBÜLFƏT MƏDƏTOĞLU
Ədalət .- 2024.- 16 avqust (¹31).-S.10.