Abbas Abdullanın «Üzü dan yerinə» kitabından
Mənə görə həyatda ən
ağrılı an əkib-becərdiyin ağacın
quruması, tikdiyin binanın uçması, sevdiyin insanın
itirilməsi...Bir sözlə yarpaq tökümüdü.
Bunun qarşısını heç nə ilə almaq
mümkün deyil. Doğrudur, biz insan olaraq
özümüz-özümüzə təsəlli
üçün deyirik ki, verən də Allahdı, alan da,
yaradan da odur, öldürən də! Bu, doğrudur. Və
bu doğru ilə biz barışırıq.
Barışmaya da bilmərik. Çünki başqa bir yol
yoxdur. Amma itirdiyimizin kimliyi, nə, nəçi olması
vaxtında bilinməyəndə ağrı daha
sarsıdıcı olur, daha üzücü olur. Doğru
olanlardan biri də budur ki, bununla bağlı xalq şairi Cabir
Novruz gözəl bir şeir də yazıb. Və deyib ki,
«Sağlığında qiymət verin insanlara!». Çox təəssüf
ki, biz bu şeiri də bilirik, hətta əzbər söyləyirik.
Lakin əməlimizdə, işimizdə, həyatımızda
onu reallaşdırmırıq. Elə bil oturub gözləyirik
ki, itirək...və sonra da itirdiyimiz üçün oturub
göynəyək...
Yəqin ki, Azərbaycan oxucusu gözəl şairimiz,
özünəməxsus koloriti olan Abbas Abdullanı
xatırlayır. Onun yaradıcılığına bələddi.
Mən şəxsən Abbas müəllimlə «Ulduz»
jurnalında redaktor olduğu zaman və sonra
Yazıçılar Birliyində işlədiyim illərdə
tez-tez zəngləşmişəm,
görüşmüşəm, həmsöhbət
olmuşam. Buna görə də Abbas müəllimin xatiri də,
xatirələri də mənim üçün çox əzizdi,
unudulmazdı. Xüsusilə onun mənə müraciəti o
qədər isti və doğma idi ki, sanki biz min illər idi
ki, bir-birimizə bağlanmışdıq və .... Bu an elə bil
hardansa bir meh əsdi deyəsən. O meh xatirə meh idi.
Məni Abbas Abdullaya tərəf yönəltdi. Özümdən
asılı olmadan əlimi uzadıb onun kitablarından birini
götürdüm. Mən üzü Abbas Abdullaya tərəf
səmtlənmişdim. Onun kitabı da «Üzü dan yerinə».
Bilmirəm bu təsadüfdi, yoxsa elə o
doğmalığın diktəsidi. Hər halda iksi də mənim
üçün indi xatirələrin ip ucudu. O ip ucundan tutub
Abbas müəllimin «Yarpaq tökümü»nü oxuyuram. Abbas
Abdulla yazır ki:
Yarpaq tökümündən yaman qorxuram, əzizim,
sən necə?
Hər gün yol çəkir gözüm,
Yuxuma girirsən hər gecə?
Vəfasız yarpaqmı,
budaqmı,
yoxsa,
şıltaq uşaqlar kimi
verdiyini geri alan torpaqmı?
Doğru demisən ,Abbas müəllim! Mən də elə
yaşımın bu çağında ruhumun nazilən, qəlbimin
üzülən məqamında daha çox və daha tez-tez
düşünürəm bu barədə. İtirdiklərim
ömrümdən ömür aparır, günümdən
gün. Elə bil ki, bütövlüyüm yavaş-yavaş
əriyir, ilim aya, ayım günə tərəf əyilir. Və
mən bu məqamlarda ən çox ürəyimdə, ruhumda
sevgimi düşünürəm. Onun göy üzünə,
Tanrı dərgahına doğru
yaxınlaşdığını, məndən sonra orda qərar
tutacağını indidən hiss edirəm. Və bilirəm
ki, nə olur-olsun, Allahım öz verdiyini ortalıqda
qoymayacaq. Onu öz himayəsinə alacaqdı. Çünki:
Ovcuma qızılı xəzəl yığıram,
Bu payız özünü çırpır
üstümə...
Yaydan təngnəfəs – yorğun
çıxıram –
Bu payız salıbdı cığır üstümə...
Həqiqətən ömrün payızı öz
izini, öz sözünü izinsiz, soruşmadan həkk edir,
naxışlayır həyatıma. Bu da təkcə bir ruh,
ürək rahatsızlığı yox, həm də
sözün bütün mənalarında
yaşadığımın bütövlüyü
önündə məni baş əyməyə,
şükürlər etməyə həvəsləndirir,
inandırır. Ona görə ki, bu payıza qədər mən
bir yaz yaşamışam, bir yay keçmişəm. Onu
misralara köçürmüşəm, ömrümün
gününə, çiçəyinə bələmişəm.
Bilə-bilə ki, yaydan sonra payız gəlir. Bunu sən də
pıçıldayırsan, deyirsən mənə.
Özü də o qədər ahəstə və incə bir
söz seçimi ilə deyirsən ki, inanmamaq mümkün
deyil. Və mən də sənə inananlardan biri kimi qəbul
edirəm çəkdiyin mənzərəni də, dinləyirəm
dediyin sözləri də:
Burda yarpaq tökümü yaxınlaşır, əzizim,
sizdə necə?
Bu gecə gizlicə bizə gəlmişdin.
Səni görmədi heç kəs,
sən hamını gördün,
xoşun gəldi körpələrdən.
Doyunca sənə baxmaq üçün
iki göz işıq oğurlamışdım səhərdən.
Hələ də səni görmək acıyam,
Hələ də...
Görün, daxili tələbat, lap açıq desəm,
sevginin gücü nə boydadı. Yaşatdığı həsrətə
şair etirazı hansı hikkədədi, hansı üsyandadı!
Bunu görmək üçün mütləq sevən
gözlə baxmalısan. Əks halda «Şair
sözüdür» deyəcəksən. Mən də bunu
heç istəmərəm. Çünki şair sözü
heç də həmişə yalan olmur. Və bunu yazan, deyən
şair də əslində öz sevgisini dolayısı ilə
sənin diqqətinə yalan donunda çatdırıb, təqdim
edib. Düşünüb ki, bu vasitə ilə könlünə
yol tapsın. Necə ki, mən ömrümün
payızını sənə belə
pıçıldayıram:
Dağların zirvəsi dumanlanıbdı
Ümid də dizini bükübdü səssiz...
Gözümü, könlümü duman alıbdı
–
Mən heç vaxt olmurdum belə həvəssiz...
Yəqin ki, nədən bu ovqatda olduğumu
anladınız. Bildiniz ki, ömür payızının ən
böyük zərbəsi təkcə yarpaq tökümü
deyil, həm də bilərəkdən,
düşünülmüş şəkildə çəkilən
çəpərdi, bağlanan yoldu... Gözdən uzaqda
dayanmaqdı... Telefonu bağlamaqdı... Bir sözlə
unutdurmağa çalışmaqdı... Amma, sən nə
edirsən et, payız öz işindədi, Allahdan gələn
sevgi də öz taxtında! Bunu unudulmaz Abbas Abdulla da mənə və
hamıya bəyan edib. O yazıb ki:
Min doqquz yüz filanıncı ilin
yarpaq tökümü yadındamı?
yaman kövrəldir adamı –
sinəsi yaralı,
bahardan aralı yarpaqlar
yaşıl günlərinin arxasınca
qurumuş qollar kimi uzanan budaqlar.
Mən şeirin bu nöqtəsinə gəlib
çatanda bir anlıq isinəndə yumrulanan ahı,
hönkürtünü qovub saxladım. Dərindən bir nəfəs
almaqla özümü o anın içərisindən
çıxarmaq istədim. Amma bacarmadım. Bunun
üçün mənə tərəf sənin əlin
uzanmalı idi. Və mən də həmişəki kimi o əldən
tutub ayaqda dayanmalı, yanında durmalı idim. Sən əlini
uzatmadın... mən də ki...içində olduğum ovqat
isə artıq elə içimə
də hopmuşdu. İçimdə də payız idi. Yarpaq
tökümlü payız. O payız dilimin ucuna gətirdiyi
sözlərin də canına, qanına hopmuşdu:
Sözü də saxlamır dilimin ucu,
Kədər iməkləyir bəbəyə tərəf...
Elə bil bu payız əlində qayçı –
Tələsir, toxunmuş gəbəyə tərəf...
Dəyərli oxucum, bu nostalji duyğuların sizə
nə yaşatdığının fərqindəyəm. Yəqin
siz də öz ömrünüzün payızı ilə nəfəs
nəfəsə dayanmısınız. Və siz də o
payıza qədər olan yolun xəritəsini çəkmisiniz
gözünüzün önünə. Hardan başlayıb
hara gəldiyinizi özünüz üçün
pıçıldayırsınız. Amma unutmayın ki,
şair Abbas Abdulla da həmin o xəritəni çəkib, həmin
o xatırlatmanı edib. O da ömür payızının
yarpaq tökümünə şairanə baxmaqla
yanaşı, həm də bu şeir ilə sanki etiraz edib,
müqavimət göstərmək istəyib. Necə deyərlər,
bir şairlik edib:
Bir yarpaq tökümündə –
Günlərin bir günündə
Bürünəcəyəm taleyimə
Yansam da, donsam da
kimə nə?
Baş götürüb çıxacam
yaşadığım şəhərdən
Gözlə yolumu
paralel xətlər kəsişən yerdə.
Mən də ustadımın, unudulmaz Abbas Abdullanın
sözünün işığında öz sözümə,
öz misralarıma tərəf baxdım. Elə baxa-baxa da mən
də ömür payızımı düşündüm. Təbii
ki, baxışımın da, düşüncəmin də qəhrəmanı
– QİBLƏSİ SƏN idin! Bunu Allah da bilir, onun bəndələri
də. Baxmayaraq ki, sən Allahın verdiyini dilinə gətirmək
istəmirsən...amma bu bir gerçəklikdir ki, ömrün
payızı öz işini görür . Yarpaq
tökümü adamı yaman ağrıdır:
Sıxıram ovcumda ürəyi didən
Ayrılıq ağrısın...amma ki, əbəs...
Mənəm bu payızla ürəyi gedən –
Bir ovuc su götür yanıma tələs...
Hə, deyəsən bu yazım kədər notlu
doğuldu. Amma mən belə olmasını istəməsəm
də, yarpaq tökümü özü öz aurasını
yaratdı, öz şəklini çəkdi. Təbii ki,
çəkilən şəkilin əsas rəssamı Abbas
Abdulla idi. Mən də onun rənglərinə öz rəngimi
uyğunlaşdırmaq cəhdləri etdim. İstəyim sadəcə
olaraq Abbas müəllimin ruhunu sevdirmək və bir də Sənə
yarpaq tökümünü
xatırlatmaq... Yavaş-yavaş hazırlaş... o
tökülən yarpağın biri də sənin ovcuna
düşəcək... Demək istədiyim budur.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2024.- 2
fevral,¹4.- S.8.