Qafar Cəfərlinin üç hekayəsi haqqında
2. Sevgi mənəvi tələbatdır
Qafar Cəfərlinin hekayələrindəki həyatilik
artıq qeyd etdiyimiz kimi oxucu cazibəsini kifayət qədər
təmin edir. Hətta yaşa uyğun hər hansı bir oxucu
bu hekayələri mənən həzm etdikcə nostalji hisslər
yaşayır; həyatının bir çox məqamlarını
xatırlamalı olur. Bəzən elə olur ki, epizodların
ayrı-ayrı hissələrini hər kəs öz həyatının
yaşantısı kimi qəbul edir. Əslində elə
yazıçının istedadı ilə bağlı olan bu
keyfiyyət dəqiq müşahidə imkanları ilə
üzə çıxırsa, hekayənin uğuru təmin
olunur.
“Yaşamaq eşqi” hekayəsini maraqla oxudum. Əvvəlcə
mənə elə gəldi ki, hekayənin xətti
bayağı istəklərlə daha çox
bağlıdır. Amma oxu prosesi bitdikdən, düşüncəyə
yön verdikdən sonra sanki gözlərimin qabağında
maraqlı bir mənzərə açıldı. Hekayənin
qəhrəmanı Qəribi, onun arvadı Cəmiləni
yaxından tanıyırmış kimi hər biri haqqında
düşünməyə başladım.
Hələ təfərrüata varmamış onu qeyd
edim ki, bu ailədəki mühit kifayət qədər
sağlamdır. Bəs çatmayan nədir? Bu ritorik sual olsa
da, hər halda oxucu üçün müəyyən cavab tələb
edir.
İlk baxışdan hekayənin qəhrəmanı Qəribin
ailə həyatından gileylənməyə heç bir
haqqı yoxdur. Çünki yaxşı
tanıdığı ailənin qızı Cəmilə ilə
evlənib. Doğrudur, ilk gənclik dövründə, yəni
gəncliyin mənəvi mühitinin sevgi ilə çiçəkləndiyi
çağlarda onlar bu hissi demək olar ki, dada bilməyiblər.
Qafar Cəfərli tanıdığı mühitdən
yazır. O mühitdən yazır ki, onun içərisində
böyüyüb. Adamların həyata münasibətini,
kişilərin qadına, gənclərin bir-birinə olan
münasibətini kifayət qədər görüb,
müşahidə edib. Qərib də belələrindən
biridir. Lap elə Cəmilənin də ailəsini hiss olunur ki,
yazıçı yaxşı tanıyır. Onun
tanıdığı həmin ailədə gənc
qızın ərə gedəcəyi oğlanla
görüşünə sərt qadağa qoyulub. Doğrudur,
gənclər sərt qadağalara, dəqiq tələblərə
baxmayaraq, evlənməmişdən əvvəl bir-iki dəfə
ayaq üstü görüşüblər. Bu da onu göstərir
ki, hər hansı bir qadağa, sərt tələb gəncliyin
hisslərinin qarşısını kəsə bilməz.
Əslində gənclərə sərbəst mühit
yaratmaqla onların öz arzularına çatması
üçün daha aydın mənəvi mühit yaratmış
olarlar.
Axır ki, Qəriblə Cəmilə evlənir. Hekayənin
başlanğıcında biz artıq Qəribin həyatının
narahat tərəflərini duymağa başlayırıq. Bunu
da Qafar Cəfərli daxili monoloq vasitəsi ilə təqdim
edir. Zənnimcə, Qəribin ilk daxili monoloqundan onun hansı
hisslərlə, hansı duyğularla
yaşadığını hər hansı bir oxucu dəqiq təsəvvür
edə bilər:
“Görəsən, nəsə hiss edib? Yox, hiss edə bilməz, xəbər
tutmağı mümkünsüzdür. Münasibətdə
də heç bir qəribəliyə,
şübhəyə yol verməmişəm.Yox, bilmir. Bəs,
bilmirsə gözlərindəki bu qayğı,
narahatçılıq nədəndir? Nəsə ürəyim
narahatdır. Axı, qadınlar
bu məsələdə çox ayıq və həssas
olurlar”.
Qərib doğru düşünür. Çünki
özü də hiss edir ki, get-gedə ailəyə
yadlaşmaqdadır. Onun gileyinin mahiyyəti də aydın
olur. Qərib yaşamadığı sevgi hisslərini
axtarır. İllər boyu baş yoldaşı Cəmilə
ilə birgə sağlam bir ailənin taleyi uğrunda
mübarizə aparıb. Onlar iki oğul, iki qız dünyaya
gətiriblər. Övladlarını cəmiyyət
üçün faydalı vətəndaşlar kimi
böyüdüblər.
35 illik ömür az deyil. Onlar 35 il bir evdə, bir ailədə
yaşayıblar. Demək olar ki, heç bir ziddiyət, intriqa
da olmayıb. Amma yazıçının Qəribin mənəvi
mühitində axtardığı həqiqətin mahiyyətinə
vardıqca onun nə istədiyini bütün
aydınlığı ilə görmək
mümkündür. Uşaqlar böyüyüb, indi də nəvələr
var. Hələ yeni nəvələr də
doğulmaqdadır. Cəmilə bütün
varlığı ilə özünü övladlarına həsr
edir, nəvələrinin qayğısını çəkir.
Gəlinlərin nə istədiyini, qızının nəyə
ehtiyacı olduğunu izləyir. Və təbii ki, burada Qərib
artıq arxa plandadır.
Qərib isə az qala 60 yaşına çatmaqda
olduğu ömrünün sevgi tamarzısını
yaşayır. Onun içərisindən bu hiss daxili bir tələbat
kimi baş qaldırır və təbii ki, Cəmilədən
bu sevgi diqqətini və qayğısını görə
bilmədiyi üçün umduğunu kənarda axtarır.
Ancaq bütün məqamlarda özünü günahkar hiss
edir, sanki vicdanı ona rahatlıq vermir. Hətta
arvadının tezliklə onu hiss edəcəyini, onun daxili aləmindəki
dəyişilmələri nəinki hiss etmək, hətta
görə biləcəyini belə ağlına gətirəndə
vahimələnir.
Hər dəfə Cəmilədən sevgi duyğulu
bir söz eşitmək istəyi ilə onun sorğusuna diqqət
kəsilir. Amma görür ki, yox, Cəmilə
övladları haqqında danışır, onların
nigarançılığını çəkir. Qərib
daxili vuruşdan keçməli olur və özünə də
daxili monoloqu yaşantılarında bəraət
qazandırır:
“-Nəsildə bir adam saxlamayıb danışmasın.
Bütün günü beynində uşaqları, nəvələridir.Mən başı daşlı
qalmışam ortalıqda. Artıq altmışa
yaxınlaşıram. Ömrümə nə qalıb ki?
Yetmiş yaşayanı barmaqla göstərirlər. Allah məni
yenidən bu dünyaya qaytaracaq ki, yenidən yaşayım?
Eh... Bax, bir azdan onların istəklərini
deyəcək: filan uşağa bu lazımdır, filan nəvəyə
o”.
Əslində biz Qəribin düşüncələri
ilə barışmaq istəmirik. Cəmiləni daha ali məqam
səviyyədə görürük. Amma sevgi tələbatı,
sevgisizlik əzabı Qəribi Cəmiləyə qarşı
münasibətdə dəyişdirmək gücündədir.
Elə təsadüfi demir ki, Cəmilənin
qayğıkeşliyi, diqqəti bütün nəsli,
övladlarını, nəvələrini əhatə edir.
Amma Qəribə çatanda bu qayğı, bu diqqət sanki
qurtarmış olur. Bütün hallarda hər bir insanın
taleyi orijinal, fərqli yollardan keçməli olur. Bu da istər-istəməz
Qəribin də həyatında özünü göstərən
əsas amil kimi ortalığa çıxır. Qərib
yaşın ötdüyünü, zamanın keçdiyini fərq
etməkdədir. Elə bil ki, onun sinəsində bir göynəmlə
ona əzab verən bir yara var.
Qərib daxilən Cəmiləni qınamalı olur,
yaşadıqları həyatı məqbul hesab etmir. Amma
iş burasındadır ki, hekayənin müəyyən mərhələləri
ötdükcə dəyişən mənzərəsi oxucuda
Cəmiləyə qarşı heç bir narazılıq
hissi yaratmır. Əksinə, biz Cəmiləni fədakar kimi
görürük. Sanki ana xaqan kimi ailənin bütün taleyi
ondan asılıdır.
Qərib isə artıq öz aləmindədir. Onun
könlünün quşu uçub. Ümumiyyətlə,
hekayənin bütün məğzi Qəribin
düşüncələri şəklində qələmə
alınıb. Biz məhz Qəribin düşüncələri
ilə onun həyatında gedən dəyişiklikləri
görə bilirik. O artıq Ülkər adlı bir qızla
görüşür. Onların arasında məhz Qəribin
arzuladığı sevgi hissləri yaranıb. Qərib
çox kəskin bir savaş arasındadır. Bir tərəfdən
Ülkərə sevgi, digər tərəfdən Cəmiləyə
qarşı vicdani münasibət məsələsi. Qərib
üçün tərəflərdən birini qəbul etmək,
ailədən üzüləşmək çətindir, hətta
lap ölümə bərabərdir. Amma onun ruhunun,
varlığının, mənəvi tələbatının
əsasında dayanan hiss bütün kəskinliyi ilə
özünü göstərir:
“Saata baxdım, altıya
beş dəqiqə qalırdı. Payızin
üçüncü ayı başladığından
günlər tamam qısalmışdı. Bir tərəfdən
bu mənim işimə yarayırdı. Səbəbi isə mənə
çox əziz, çox doğma idi. Son iki ildə
tanış olduğum, son iki ayda isə daha çox yaxın
olduğum həyatı mənim üçün zinətləndirən,mənə
sevdirən Ülkərimlə bağlı idi. Bir həftə əvvəl ilk dəfə onu öpdüm.
İlahi, mən necə xoşbəxt idim. Bu yaşda
kişiyiəm, öpüş vaxtı bütün bədənimi
əsməcə tutmuşdu. Tir-tir əsirdim. Yaxşı ki,
utanmağıma imkan vermədi. Aramızda müəyyən yaş fərqi olsa da onu sezdirməməyə
çalışıb, hətta bunun təbii bir hiss
olduğunu deməklə dünyanın sevincini mənə
yaşatdığını özü də bildi”.
Qəribin gözlərinin qabağında ailəsi
üçün çıraq kimi yanan bir qadın var. Bu
qadın üçün ideal övladları qorumaq, çətinliklərdən
keçirməkdir.
Amma sevgi hissləri tamam başqa mətləbləri
diktə edir. Elə mühitindəki gərginliyin içərisində
o Ülkəri bir an da unutmur. Özü də
maraqlıdır ki, Qərib Ülkərlə görüşə
şəhvani hisslərini söndürmək
üçün yox, məhz mənəvi tələbat kimi,
sevgi hisslərinin şirinliyini duymaq üçün can
atır. O bütün qəlbi ilə artıq Ülkərə
bağlanıb. Sevgi hissləri ilə öpüşün
mahiyyətini məhz Ülkərlə görüşdə
görüb.
Burada yazıçının Cəmilənin
yaşı, durumu ilə bağlı məqamları təsvir
etməsi də maraqlıdır. Cəmilənin
saçları artıq ağarıb, üzündə,
gözündə müəyyən qırışlar əmələ
gəlib. Bir sözlə, yaş öz sözünü deyir.
Və artıq Qərib axtardığını onun
simasında görə bilmir.
İstər-istəməz Qəribi bu çətin mərhələni
keçmək üçün heç nə saxlaya bilmir və
telefonunda nə vaxt görüşəcəyini yazır.
Axı biz dedik ki, Qərib vicdani mühakimə
qarşısındadır və özünü günahkar
bilmir. Biz istər-istəməz Qəribi
günahlandırmağı düşünsək də, onun
Cəmiləyə münasibətində qəlbindən gələn
hisslərinin sözlə, düşüncəylə təqdimindən
onun da günahsız olduğunu düşünmək məcburiyyətində
qalırıq. Və bunu Qərib
daxili monoloqu ilə daha dəqiq verir:
“- Nə deyim ay Cəmilə. Deyim ki, bu hala
düşməyimdə günahkar sənsən. Deyim ki, mən
bu cür yaşaya bilmirəm. Mən də qadın nəvazişi,
qadın sığalı istəyirəm. Mən də
qadını sinəmə sıxıb doyunca öpmək, onu
sevmək, onu oxşamaq, onu əzizləmək istəyirəm.
Axı, sevgi hissi yaşa deyil, ruha bağlıdır”.
Artıq gizləmək mümkün deyil. Onların
arasında fərq, məsafə get-gedə
çoxalmaqdadır. Biz istər-istəməz Qəribin
düşüncələri ilə barışmalı oluruq.
Əlbəttə, hər hansl bir ailənin
dağılması böyük faciədir. Heç
yazıçı özü də, hətta oxucu da bunu istəməz.
Bəs günah kimdədir – məsələsinə diqqət
eləməli olsaq, müəyyən mənada Cəmilənin
səhvlərini də gərək ortaya qoyaq.
Axı Cəmilə onu da bilməli idi ki, qəlbinin hərarətini
övladlarına verir versin, nə qədər olmasa da,
ömür-gün yoldaşı üçün də bir pay
saxlamalı idi. Şübhəsiz, bu duyğulanmaların
arasında həqiqətin acılığı kifayət qədər
görünür.
Doğru deyirlər ki, bir çox hallarda şirin yalan
acı həqiqətdən üstündür. Bu şərtlə
ki, həmin şirin yalan insan taleyini qəzaya aparmaya. İnsan
ruh etibarı ilə həyatla mübarizədə öz iradəsinə,
gücünə güvənə bilə.
Qərib bir çox hallada susmağı ilə,
mövcud situasiyanı şərh etməməyi ilə, Cəmilə
ilə açıq-aydın danışmamağı ilə
sanki tufanın qarşısını müvəqqəti də
olsa kəsir. Amma buna baxmayaraq, Qəribin daxili aləmindəki
dəyişilmələrə vicdani münasibəti istər-istəməz
onu çox narahat edir.
Bəlkə də Qəribin seçməkdə
olduğu yoldan qayıtmağa da gücü çatardı, əgər
Cəmilə onu başa düşsəydi. Çox təəssüf
ki, Cəmilə ərinin mənəvi tələbatını
başa düşmür. Nəinki başa düşmür,
heç onun ağlına da gəlmir ki, Qərib sevgi
aclığı çəkir.
Biz Qəribin gərgin psixoloji məqamlarını
onun öz düşüncələrində görür və
onun həyatının harada, necə, hansı qəzaya
tuş gələ biləcəyini də istər-istəməz
hiss edirik. Qərib mənəvi gərginlik altındadır, o
belə düşünür:
“Özümdən asılı olmayaraq bu iki kəlmə
söz içimi-içalatımı yandırdı, hətta
kövrəldim də. Bacarıb tez üzümü kənara
çəkdim. Əslində
son iki ayda buna oxşar halımı Cəmilə bir-iki dəfə
görmüşdü. Düzdü dirəşib səbəbini
soruşmamışdı, amma qadınlarda olan güclü
hissiyata əsaslansam mənimlə nəsə baş verdiyini duymuş
olardı.Üzümə vurmamışdı. Qərarım
bu idi ki, əgər soruşsa hər şeyi
danışım. İstər kişilərin, istərsə
də qadınların evdən uzaqlaşmalarının səbəbkarı
əks tərəfin olduğunu
deyərdim. Hç kim bunu dana bilməz. Bu olmadı və
mən bu sözləri Cəmiləyə demədim. Desəydim
nə olacaqdı, bilmirəm, hər halda
qanqaraçılıq sössüz idi. Bəlkə elə bu
cür davam etməyi yaxşıdı. Bilmirəm.Tamam gicəlib
qalmışam”.
Çox aydın
düşüncələrdir. Qərib yolunu haraya
apardığını artıq özü də hiss edir. Amma
yaşadığı həyatın onun mənəvi tələbatına
heç vaxt cavab verməyəcəyini də duymaqdadır.
Ona görə də tərəddüdlər içərisində
boğulur, özü demişkən gicəlib qalmaqda davam
edir.
Cəmilə isə başqa aləmdədir. Ona elə
gəlir ki, Qərib ailə qayğısından pəjmürdədir.
Çətinliklərə görə narahatdır. Ancaq bilmir
ki, Qəribin daxili-mənəvi aləmində hansı
çarpışmalar və hansı mübarizələr
gedir.
Bir sözlə, artıq qəti addım ata bilməyin
məqamı gəlib çatıb. Qərib ya geri
durmalıdır, ya da irəli addım atmalıdır. Geridə
onu sakit ailə həyatı gözləyir. O bu həyata təzədən
qayıtmaq istəyirmi? Qabaqda isə tufanlar, qasırğalar
var.
Yazıçı Qafar Cəfərli Qəribin daxili
aləmindəki dəyişmələri elə onun
düşüncələri ilə əsaslandırmağa
çalışır və zənnimcə, bu əsaslandırmalar
kifayət qədər yetərlidir. Qərib Cəmilədən
də keçə bilmir. O düşünür ki,
olanları Cəmiləyə danışmalıdır, ancaq
necə danışsın? Bunu onun öz daxili monoloqundan daha
aydın duymaq olar:
“-Nə deyim, necə deyim Cəmilə? Ürəyi
yerindən çıxarıb sənə göstərə
bilmirəm axı? Mən miras
qalmış adətləri, ənənələri qəbul
edə bilmirəm. Mən insan kimi öz həyatımı
yaşamaq istəyirəm. Niyə Allahın bəxş etdiyi
o müqəddəs hisslərimi gizlədim, onları
yaşaya bilməyim? Niyə axı, niyə? İnan mənə
Ülkərdən sonra bu həyatı daha çox sevməyə
başladım. Bunu axı sənə necə deyim?
Halımı görmürsənmi? Görmürsən ki,
içimdə yanıb kül oluram?”.
Bax, Qərib bu yanıb kül olmaq əzabına
dözə bilmir. Və nəhayət, o öz sevgisinə yetmək
yolunu seçir.
Qafar Cəfərlinin məqsədi nədir? O bu hekayədə
insanlara nəyi təlqin etməyə çalışır?
Doğrudur, əsərin qəhrəmanı Qərib
sakit ailə həyatını sevgi mühitində
yaşamağa dəyişməkdə qərarlıdır.
Şübhəsiz, o bu yoldadır və onu geri qaytarmaq daha
mümkün deyil. Onun başına hansı faciələr gələcək,
övladları tərəfindən atılacaq, aiəyə
qayıtmağa üzü olmayacaq – bütün bunlar
haqqında yazıçı məlumat vermir. Çünki
bundan gerisini ən fəhmsiz oxucu belə yaxşı başa
düşür.
Yazıçı insanlara təlqin edir ki, həyatın
ən gözəl iksiri sevgidir. Əgər insanlar bir-birinə
sevgini əsirgəməsələr, bu duyğuları
bir-birinə məmnunluqla bəxş etsələr, onda
heç bir təzada, ziddiyyətə, mənəvi gərginliyə
yer qalmaz.
Cəmilə öz səhvini başa düşəcəkmi
– bu barədə də yazıçı heç nə demir.
Sənətkar bunu da oxucunun ixtiyarına buraxır.
Qafar Cəfərlinin hekayələrini ümumi bir cəhət
birləşdirir. O sanki öz qəhrəmanları ilə cəmiyyətdə
psixoloji tədqiqat aparır. İnsanların daxili-mənəvi
aləmlərinə inadla nüfuz edir və həyat həqiqətlərinin
açılmasının, cəmiyyətə
çatdırılmasının əsas yolunu da elə hər
kəsin daxili-mənəvi mühitindən
başlandığını bildirmək istəyir.
ŞƏDDAT
CƏFƏROV
İqtisadiyyat elmləri üzrə fəlsəfə
doktoru, Azərbaycan və Rusiya
Yazıçılar və Jurnalistlər Birlik-
lərinin üzvü Beynəlxalq
Yazıçılar
Birliyinin
üzvü
Ədalət.- 2024.- 2
fevral,¹4.- S.11.