Həsrət
acısından zəfər şirinliyinə
Qarabağın həsrətindən zəfərinə
doğru uzun, ancaq incə olmayan yolun uzunluğunun
ölçü vahidi, nə yaxşı ki metrlərlə
deyilmiş. Metrlərlə olsaydı, orta və ahıl
yaşlı zəfər təşnəlilərin zəfər
sevincini dadmağa ömürləri çatmazdı. Qarabağ
həsrətimizin zəfər vüsalına doğru yolu bir qərinədən
uzun oldu. Təqribən orta insan ömrünün tən
yarısı. Qarabağla qovuşmamızın
ölçü vahidi qərinə imiş. Nə
yaxşı ki, bir neçə yox, bir qərinə.Qarşımda
qaralı-qırmızılı bir kitab var: “Qarabağ - həsrətdən
zəfərə”. Kitabın üzünə baxan kimi
düşündüm: “Ey müdrik Məmməd Araz, sən
doğrudan da dahisən. Özünlə oynadığın
şahmata görə”.
Müdrik xalqımız da 35 il şahmat oynadı.
Ancaq özüylə yox, Qərbin havadarlıq etdiyi xain, bədxah,
başıboş düşmənlə. Rəqibimizə
çoxgedişli kombinasiyalar öyrədənlər, əlindən
yapışıb zəif füqurları irəli-geri itələyənlər
çox oldu. Ancaq... Haqq nazilər, üzülməz. Bu da dədə-babalarımızın
inamıydı. Onların inamı qalib gəldi.
Qüvvələr nisbəti qeyri-bərabər olan
qanlı-qadalı şahmat oyununun nəticəsini qazi
şair, publisist, tərcüməçi Rəfail
Tağızadə müəllifi olduğu “Qarabağ - həsrətdən
zəfərə” kitabının üz qapağındakı
şəkillə və içərisindəki publisistik
yazılarla, esselərlə, müxtəlif zamanlarda
yazdığı şeirlərlə bizə bəyan edir.
“Qarabağ - həsrətdən zəfərə” sözlərinin
altında hiyləgər düşmənin şahı kəlləmayallaq
qalıb, yox, təkcə mat olmayıb, ölüb.
Bəs kitabın içindəkilər bizə
hansı ismarışları ötürür? Burada
hıçqırtı da var, haray da, zəfər “URA!”sı
da. “Sahibsizlik dərdi” də, “Həsrət yolçusu”nun
nisgili də, “Ağdamsızlıq” da, “qəbri bölünən
qardaş”ın “qıç başdaşı”nın sahibinin
yolunu intizarla gözləməyi də var, analara
gözaydınlığı da, “əsgərə məktub”
da, “sevinc nəşəsi” də, “bizi qaytaran yollar”la gedib
“Şuşada yaşananlar” da. Rəfail Tağızadə “qara-qırmızı”
35 ili bir kitaba sığışdırıb hərb tarixi
yaradıb.
Bu Vətən sevdalısı qanlı-qadalı yoldan
keçən yolçuya - doğmayamı, yadamı ilahi
xahiş edir: “Yolçu mənə quş göndər,
dimdiyində torpağım”. Bu torpaq həsrətinin kulminasiya
nöqtəsidir. Bir quş dimdiyi torpağın qüdrətini,
ətrini, dəyərini onun yolunda canını qoyanlardan
yaxşı kim bilər? Belələrindən Vətən
darda olanda “başqa sevgi gözləmək” mümkün deyil.
Və nəhayət, zəfərin də zirvəsinə
qalxdıq. Bundan uca duyğu, sevinc, qürur,
başıucalıq, üzüağlıq tanımıram. Mən
bu hisslərlə yaşadımsa, görün Rəfail müəllimin
hisslərinin ölçüsü, biçisi, dərəcəsi
hansı miqyasda olub. O, hətta neçə-neçə illərdi
narahat idi ki, “görən kötüklər bizi öz kölgəsinə
qoyacaqmı, sönmüş ocaqları kim yandıracaq?”
Bəli, müharibənin hər üzünü
görən qazı şair bilirdi ki,
qarşımızdakı qəvi düşmən kəmfürsətdi,
yurd yerlərimizdə daşın daş üstündə
qalmasına, həyətlərdəki məsum
qızılgüllərin açılmasına, ətir
yaymasına imkan verə bilməzdi. Həyətlərindəki
doqquz qoz ağacının, nəinki, uca boyuna, heç
kötüklərinin belə qalmasına inanmasa da, onların
xəyali kölgəsinə bir doğması kimi
sığınmaqla evin, bağ-bağatın ətrini
alacağı, ilahi təsəlli tapacağı günə
inanırdı. Elə hey düşünürdü, görəsən
doqquz kötük də düşmənin tamahına tuş gəlibmi?
“Qarabağın Xirosiması”nın payızına,
qışına bahar gəldi, yurd yerləri daha xəzan
görməyəcək. Rəfail Tağızadə yeni bahar
yaşayır - Qarabağ baharını. Bir qönçədə
ümid görmək, yaşam eşqi yaşamaq! Hətta həsrətli
yurdda “qanad çalan quş da, yarısökük divarda oxuyan
bayquş” da (əlbəttə oxuyan, ulayan yox, bayquş da
bilir ki, o yerlər abadlaşacaq, laləzara çevriləcək,
ona görə oxuyur) artıq yaşam stimuludur.
Nə gördün, söylə görüm?
Nə dedi qalanlarım?
Duydumu ayaq səsin
Qəbirdə olanlarım?
Önəmlisi doğmaların addım səsləridir.
Torpaq bir qərinəlik həsrəti çiynindən
atıb ayağa qalxır. Elə əzizlərinin yolunu
gözləyən qəbirlər də.
“Qarabağ - həsrətdən zəfərə”
“Qarabağ ağrısı”, “Qarabağ dərdim”iz, “Torpaq
sevgimiz ilə başlayır, “Yaralı azadlıq”la,
“Yoxluğa yazılan məktublar”la, “Kimsəsiz evlər”lə
davam edir, “Şuşa zirvəsi”, “Kəlbəcər
ucalığı”, “Zəfər günü”, “Son kadans”la
(musiqidə tamamlama) yekunlaşır. Hələlik
yekunlaşır, “məğlub adı üstündən
götürülmüşlərin” ürəkləri doludu,
hələ “sevinc nəşəsi”ndən, Qələbə
şirinliyindən cild-cild əsərlər yazılacaq.
Rəfail Tağızadə hisslərini birər-birər,
ardıcıllıqla, lap elə durna qatarı nizamı ilə
çözür. Bu hərb salnaməsi utanc tariximiz - “Tarixə
çevrilən 8 may”dan 8 noyabra qədər uzanan Vətən
tariximizdir. Bir ucu zülmət, həsrət, itki, qan-qada, o
biri ucu işıq, azadlıq, bütövlük, qələbə,
zəfər tariximiz. Əks qütblü uzun yolun
işıqlı ucundakıları görmək bizim
üçün taleyin ərmağanıdır. Biz bunu
görmək üçün yaşadıq. Bizi
başıaşağı yaşamaq əzabından “məğrur
ordumuz” xilas etdi. “Sabahı gözəl Şuşamız”a
yollar açıldı, “Ağdamsızlıq”dan, “Ağdam -
varlığın yoxluq səhnəsi”ndən Ağdamın və
başqa Vətən torpaqlarımızın varlıq səhnəsinə
gedib çata bildik. Nə olsun ki, varlıq səhnəsində
gördüklərimiz, tamaşa etdiklərimiz bizi məyus
etdi. Torpağı Vətən etmək ulu Türkün
alın yazısıdır. Biz Qarabağda daha uca,
gözoxşayan “İmarət”lər tikəcəyik.
“Həyatda qovuşmaq qədər gözəl
heç nə yoxdur. Ayağın torpağına dəyəndə
özün olursan. Varlığını hiss edirsən. Bu,
özünəqayıdışdır. Özünə
baxıb ürəkdən “Bu mənəm!” - deyə bilirsən.
Səssiz dediyin bu “mən”, hərbdə cərgədə
qışqırdığın “Mən!”dən daha uca və əzəmətli
səslənir”.
Bu, ana torpağın insana verdiyi qüvvətdir,
inamdır, qüdrətdir!
“Qarabağ - həsrətdən zəfərə”
kitabının bir özəlliyi də odur ki, müəllif
uzun illər yaşadığı hisslərini nəsrlə
başlayıb, şeirlə möhkəmləndirib
yaddaşlara həkk edir. Nəsrlə poeziyanı əkizləşdirir,
hətta Siam əkizləri kimi bir can edir. Sözün həmrəyliyi
ilə Vətən, torpaq sevgimizi artırır, dəyərlərimizə
sahib çıxmağı, “Qara-qırmızı Xocalı”
yaramıza məlhəm qoymağı öyrədir, “Kəlbəcər
ucalığı”na səsləyir. Anladır ki, Vətənsiz
yaşamaq yaşamaq deyil.
Özünəqayıdışımız
başlandı. Sevgimizin, inamımızın, ruhumuzun
özünəqayıdışı. Bu gün nigaran ruhlar da
sevinir.
Bu kitabın qəhrəmanları yazıçı təxəyyülünün,
fantaziyasının yaratdığı insanlar deyil. Bir vaxtlar -
keçən yüzilliyin 90-cı illərində
qaçqın şəhərciklərində “vaqonun
altından asılan beşiklər”də böyüyən Vətən
oğullarıdır - “başqaları üçün
yaşayanların - saçında Vətən yuxuları gizlənən”
Hacı Əkbər Rüstəmovun, “payız taleli” şəhid
mayor Vitali Salamovun, “Qəbri də
Vətəni kimi iki yerə bölünən” Etimad
Əsədovun, “Kod adı Rey” Rey Kərimoğlunun, birinci
Qarabağ Müharibəsinin şəhid və qazilərinin müqəddəs yolunun
davamçıları.
“Yoxluqda var olan şəhərim”də - Ağdamda Rəfail
Tağızadənin duyğularının dadı bir
başqadı - dadlılıqla dadsızlıq
arasındadır:
“Ağdama baxdıqca, ətrafa əl uzatdıqca ancaq
“...vardı” deyirsən. Yoxluğun içində varlıq
axtararaq.
Dağılan otaqların içində xırda
ağaclar, kollar bitib. Yəqin, adamları əvəz edən
yaşıllığın boy atması bu evlərin,
otaqların boş qalmaması, burda mütləq yaşayış
olacağı anlamındadır. Yaşayışa nişanədir”...
Düşünürəm... Ağaclar, körpə
pöhrələr insanlardan vəfalıdır.
Özünün həyat mənbəyini heç vaxt
yalqız qoymur. Düşməndən qorxmur.
Doğmalarına yeni, təmiz hava, nəfəs vermək
üçün həyatdan küsmədən,
yalqızlıqdan bezmədən yaşayır ki,
doğmaları qayıdanda - torpağı Vətən edəndə
onlara yeni həyat versin. Qazi şairin təbiriylə desək,
“əsas var olan Torpaqdır”.
2022-ci ilin iyulunda “Şuşada yaşananlar” da qəribə
və qərib duyğulardı:
“Qayası barıt qoxulu, evləri xatirə yuxulu, səması
ağ buludlu, gözü Ağdamda olan” Şuşada
yaşanan qeyri-müəyyənliklə müəyyənlik,
naməlumluqla məlumluq arasında vurnuxan düşüncələr
heç bir il keçməmiş müsbətə doğru dəyişdi.
Şuşa qoynuna doğmalarını
çağırdı, barıt qoxulu şəhər yenidən
poeziyalı, muğamlı, Xarıbülbül ətirli
“Qarabağ incisi”nə çevrildi.
Şuşanın “sabahını gözəl” görən
Rəfail müəllim, əlbəttə yanılmayıb. Son
2-3 il buna sübutdur. Şuşanın bu gün “sükutlu gecələri”
də muğam, poeziya kökünə köklənib. Zirvələrdəki
qartallar Cıdır düzündəki zəngulələrə,
şeir məclislərinə səs verir. Üzeyir bəy, Xan
qızı Natəvan, Bülbül Şuşaya
qayıdıb. Natəvanın gözü yoldaydı. Daha
“qoyubdur intizarda, neçin gəlməz, neçin gəlməz”
yazmayacaq. Xan qızının yarasını Zəfər
sağaltdı.
“Zirvə gözəldir. Adamı özü kimi dikəldir.
Özünəinamını artırır. Zirvənin səninki
olması sənə əlavə güc verir. Bəlkə də,
bunun adı məğrurluqdur.
Qalxa-qalxa ordan aşağılara baxırsan. Özgələr
ayaq altında, səninkilər əl çatan qədər
yaxın”.
Bu hisslərlə yaşamaq, “Şuşa zirvəsi”nə
ucalmaq varmış taleyimizdə.
Uzun, intizarlı, ağrılı həsrətdən
Zəfərə yolun qürur dayanacağı - Zəfər
günü. Həsrətin dadını “bəsdir” deyincə
daddıq. Zəfərin dadı isə hər an şirinləşir.
Qələbə şirinliyini bizə bəxş edənlər
heç vaxt unudulmayacaq. Unutmağa haqqımız da yoxdur.
“Şəhidlər qanlarıyla, Qazilər əzalarıyla,
mübarizliyi ilə qazandılar bu Zəfəri.
Bu Zəfər Günündə şəhidlərin
büküldüyü bayraqları başımız
üstündə dalğalandıran, şəhidlərin sevinən,
şad olan ruhlarıdı. Yoxsa, bayraq belə möhtəşəm,
sevinərək dalğalanmazdı”.
“Qarabağ - həsrətdən zəfərə” Rəfail
Tağızadənin “ürəyinin qanıyla
yazılmış” (Adil Mirseyid) növbəti “Qarabağnamə”sidir.
Qazı şair üçün Qarabağ onu “harda olsa Ana kimi
qoynuna çəkən torpaqdı, ciyərlərinin süzgəcsiz sorub qəbul etdiyi havadı”. Gecələr
onu darıxmağa qoymayan “gecə xəyalları”dır,
ulduzlu, əsrarəngiz səmadı, hərdən dərdlərimizə
dözməyib bizə qoşulan, göz yaşları tökən
kövrək buludlardı.
Neçə illərdi şair təxəyyülü
“Bakı-Ağdam-Xankəndi” xəyal qatarıyla yollarda idi. “Nə
yayı yay, nə qışı qış çadır
şəhərciyində günahsız uşaqların
baxışları”, qaçqın şəhərciyinin qara
atributları - “yükünü sürüyüb apara bilməyən
bəxtsiz dəmir, taxta vaqonlarda ömrə yazılmayan
ömür artıran bəxtsiz adamlar”ın taleyinə
düşən qara günlər uzandıqca uzandı.
Vaqonun
altında böyüyən uşaq,
mənzilə çatmayan vaqon nədi ki,
sən ondan sallaşıb hələ yatırsan.
Gedə bilmədiyin yurd yerinə sən,
şirin röyalarda gedib çatırsan.
Yaman günün ömrü az olar, deyiblər. Bu “az”
bir şəhid ömründən çox çəkdi.
Gün o gün gəldi ki, başımız dikəldi.
Üzümüzün qaralığını Vətən
oğulları təmizlədi. Əsir torpaqlarımızın
qapıları açıldı. Şəhid
ruhlarının, qazilərin qarşısında baş əydik.
Bu Zəfər qazilərin yaralarına məlhəm oldu. Vətənin,
anaların zəfər sevincini gördük, artıq
bütövük, qalibik. Rəfail müəllim demişkən,
artıq məğlub məmləkətin vətəndaşı
deyilik.
El-obalarımızda toy-düyün başlayıb. Həm
də qeyri-adi qazi toyları. İndi ürəyimizi qazi
toyları sızladır. Həyatın bu üzü də
varmış. Amansız müharibə izləri. Bunu ancaq onu
duyanlar belə yaza bilər. Bu ovqata köklənmək asan
olmasa da, bu günümüzün həqiqətləridir. Həqiqətin
üzü bütün halıyla bizi yaşamağa öyrədir.
Əslində “ovqat” sözü müsbət assosiasiya
yaradır. Ancaq “Qazi toyu”ndakı ovqata “müsbət” etiketi
yapışdıra bilmədim.
Bu qazi toyunda, bu ər toyunda,
yerində oynayan süzənindən
çox,
yerdən təbrik edən gəzənindən çox,
saqqallı gələni bəzənəndən
çox.
Bu qazi toyunda, bu ər toyunda,
tək əl ovcun döyür çəpik yerinə,
çəliklər səs salır təpik yerinə.
Qazilər oynayır, qazilər indi -
başları üstündə qoltuq ağacı,
yellənir boş, qıçsız şalvar
balağı....
...Dolaşan ruhlar da oynayır bu gün,
itən arzular da oynayır bu gün,
bu qazi toyunda, bu ər toyunda...
Nə vaxtsa Rəfail müəllimin
yaradıcılığı haqqında düşüncələrimdə
qeyd etmişdim ki, ağırdı, çox ağırdı
ağrıları yazmaq. Doğrudan da elədi. Təvəzökarlıqdan
uzaq zənn eləməyin məni, “Qarabağ - həsrətdən
zəfərə” hərb salnaməsini oxuyandan sonra
özüm öz fikrimi tam təsdiqləyirəm.
Çox-çox ağırdı. Xüsusilə, Vətən,
torpaq, xalqın ağrılarını yazmaq. Vətən
havasından “Ağdamın iyi gəldiyini” hiss edəsən,
ancaq onu doyunca uda biməyəsən. Çəkiləsi dərd
deyil. Ancaq çəkməlisən. Sən çəkməsən,
kim çəkəcək? Vətən kimlərindi?
Ağrısını, dərdini duyanın. Ürəyin
atlana-atlana doğma yurda gedəsən. Görəsən ki,
ora 1945-ci ilin Xirosimasıdı, “mina xəritəsi”di. Ancaq nə
edəsən? Onun qara günlərinin də havasını ciyərlərimiz
qəbul etməlidir.
O hissləri, ağrıları yaşamalısan,
yazmalısan, tarixin bir səhifəsinə çevirməlisən,
nə fərqi ki, kədərli tarixdir, yoxsa, qürurlu. Tarix
bizim tariximizdir. Hər ikisi taleyimizdi. Taledən qaçmaq
olmur.
Tale insanlara elə sürprizlər göndərir ki...
“Özü qaçqın qəbiristanlığında,
qıçı Qarabağda”. “Qıç başdaşı”
var, torpağı kimi qəbri bölünən
qardaş”ın – Vətənin baş qazisi Etimad Əsədovun.
O, Vətənin Qarabağ zəfərini yaşamağa layiq Vətən
oğluydu. Rəfail Tağızadənin “Qıç
başdaşı” şeiri 11 misralıq kiçik kədər
hekayəti deyil, nəhəng ağrı heykəlidi.
“Qarabağ - həsrətdən zəfərə” səngər
və zəfər nəğmələridi. Bu kitabı yazmaq
həm də niyə çətindi? Həsrətdən zəfərə
köklənməlisən, birdən-birə 180 dərəcə
dəyişməlisən? Bu, əlbəttə,
dönüklük deyil. Vətənin kədərini və
sevicini yaşamaq üçün dəyişmək əsl vətəndaşlıqdı...
“Vətən sevdalıları”nın Vətən,
torpaq, xalq sevgisini yaradan tükənməz verib.
“Hər şey sevgidən doğur”, qazi şair...
“Azərbaycanın İsveçrəsi” sayılan Kəlbəcərə
çatıb ordan o yana – köhnə dədə-baba
yurdlarımıza yeni baxışla, yeni düşüncəylə
baxacağıq”...
Nəhayət, yeni baxışın, yeni
düşüncənin də vaxtı çatdı...
Vaqif OSMANLI,
araşdırmaçı, yazar
Ədalət.- 2024.- 2
fevral,¹4.- S.13.