Pandemiya GİROVU...
İndi adamların əhvalı elə bil not üzərindədi
ki, nə adamların özləri bu notdan baş
açırlar, nə də bu notlara kənardan diqqət yetirənlər.
Hamı ovqatının girovuna çevrilib, nə edəcəyini,
necə edəcəyini saf-çürük edə bilmir.
Əslində, bütün bunların bir günahkarı var.
Düşünməyin ki, bu günahkar zamandı. Xeyr! Burda
zamanlıq bir iş yoxdu. Ağıllı dostlarımdan
birinin dediyi kimi, günahkar elmdi
- Naşının, İnsanlığın və
Təbiyyətin qənimi olanların silahlandığı ELM!. O inkişaf etdikcə, təbiətə,
ekologiyaya, ətraf mühitə, canlı aləmə, bir
sözlə, insanın özünə qənim kəsilir, zərbələr
vurur, fəsadlar törədir. Və ən dəhşətlisi
budur ki, insan güvəndiyi elmin girovuna çevrilir. Bu, sadə
şəkildə izah etsəm, insanın bir əlində olan
ixtiranın o biri əlindəki həyata tətbiqi zamanı nələr
baş verəcəyini dəqiq hesablaya bilməyəndə
bax, bugünkü baş açılmayan bir şərait
yaranır, bir təzadlı mühit hakim olur hər birimizin
başı üzərində...
Bəli, əslində biz bu təzadlı zamanın
içərinsində nöqsanlarımızı aramaqdan,
günahlarımızı çözməkdən
yapışmırıq. Əksinə, bir-birimizi,
ayrı-ayrı qrupları, şəxsləri
günahlandırırıq. Unuduruq ki, həmin o qruplar da,
şəxslər də bir canlı varlıq olaraq hər kəsi
təlaşdıran virusdan qorumaq gücündə deyil. Sadəcə,
onların üstünlüyü maddi imkanlarından
qaynaqlanır. Amma Əzrayıl hökmünü verəndə
imkanları göz önünə gətirmir. Getməli olan
onu gözləyən qatara minməlidir, heç bir
sorğu-sualsız... lap evin hansı küncündə,
hansı qatında gizlənməyindən asılı
olmayaraq...
Hə, indi hamımızın sonunun nə
olacağını narahatlıqla gözlədiyimiz, izlədiyimiz
virus problemi əlaqələrimizə çox kəskin şəkildə
təsir edib, görüşlər azalıb, toplantılar demək
olar ki, unudulub və ən vacibi insanlar bir-birilə telefon əlaqələri
saxalamağa artıq həvəs göstərmirlər. Elə
bil ki, hamı gözə görünməyən bir
çubuqla üzü sükuta, üzü sirlər
dünyasına doğru istiqamətləndirilir. Belə
kütləvi yönəldilmənin fantastik filmlərdə yəqin
siz də hiss etmisiniz. Mən də o filmləri son vaxtlar
tez-tez xatırlayıram. Nə isə...
Öz-özümə verdiyim sualların içərisində
önə çıxan bir məqam var. O da insan
dünyasının, insanın ruhunun, düşüncəsinin,
təzyiqə məruz qalmasıdı, basqılara tuş gəlməsidi.
Yəni öz həyatımda, öz ailəmdə
müşahidə etdiyim bir mənzərə məni bu fikri
deməyə, bu sözləri yazmağa məcbur edir. Belə
ki, ailənin ən böyük sevinci, ən böyük
şadyanalığı, hətta bir ömrə bəs edəcək
uğuru o qədər sakit, o qədər adi şəkildə
qarşılanır ki, özün-özündən bədgüman
olursan. İçində Allahından və bir də
özündən soruşursan ki, bu qədər sevincin
qarşısında niyə bu qədər sönük
durumdayam?! Axı, o sevinci günlərlə aylarla, illərlə
gözləmişik?! O da gəlib qismət olub. Amma biz ürəkdolusu
sevinmirik. Çünki virus xofu artıq içimizdə əyləşib.
Hansı mövzuda danışmağımızdan, hansı
xatirəni dilə gətirməyimizdən asılı
olmayaraq, rəhmətlik Mirzə Fətəli Axundov demişkən,
o yada düşür. Yəni meymun xatırlanır. Nə isə...
Mən meymunun xatırladığı bütün məqamlarda
özümü toparlayıb içimdəki duyğuları
misralamağa, onu şeirə çevirməyə
çalışıram. Hətta birmənalı şəkildə
sənə yazıram ki:
Əlim əldən, gözüm gözdən,
Odum oddan, közüm közdən.
Dilim dildən, sözüm sözdən –
Xiffət çəkir...
Gecəm ulduz, gündüzüm gün
Ulduz saydım, gün düzdüm, gün...
İçdiyim ah, süzdüyün ün –
Xiffət çəkir.
Ruhum körpü, cismim ələk
Fikrim naxış, yuxum bələk...
Özüm kölgə, ürək mələk –
Xiffət çəkir.
Sünbül-sünbül, dəni dənə
Böldüm bir-bir təni tənə!
Mənli günlər, məni sənə -
Ülfət çəkir!..
***
Bütün hallarda insanı ayaqda saxlayan, onun öz
tarazlığını, müvazinətini itirməsinə
yol verməyən ruhdu. Yəni ruh yüksəkliyi, ruhun
diribaşlığı adamı çətinliklərdən
çəkib çıxaran xilaskar əldi, mələkdi,
ilahi gücdü. Ona görə də insan bədbinliyə
qapılanda, tərkidünya olanda hər şeydən küsəndə
ruhundan uzaqda qalır, ruh onu atıb gedir. Bu, diri ikən
ölmək deməkdi. Yəni cism mövcuddur, amma heç nəyə
yaramır. Görünür, elə buna görədi ki, insan
dünyasını ruh bədəndən çıxıb gedəndə
dəyişir. Mən filosofluq, ya da dinşünaslıq etmirəm.
Sadəcə olaraq, düşündüyüm və
içimdə olan inanca söykənərək bu məntiqə
gəlmişəm. Anlamışam ki, ruh mənim
üçün hər şeydi. Deməli, mənim
üçün hər şeyə və hər kəsə
olan doğru elə mənim özümsən. Və mən də
hər duamda, hər yazımda, hər nəfəs alanda o ruhu,
yəni səni düşünürəm. Təbii ki, bu
düşüncələr bir xəyal yazısına, bir xəyal
filminə çevrilir. Heç kimin oxumadığı,
heç kimin izləmədiyi yazıya, filmə. Onların
müəllifi də, ssenaristi də mənim özüməm.
Və bütün hadisələr də sənin çevrəndə,
sənin dünyanda baş verir. Xatırlayıram ki, belə
anların birində özüm-özümə
pıçıldamışam, sonra o
pıçıltının kağız üzərində
necə misralandığını da görmüşəm.
Axı mən onda o pıçıltıları sənə
söyləyirdim, o misraları sənin üçün
yazırdım. Yəqin ki, indi o pıçıltılar, o
misralar sənin üçün maraqlı olar. Mən də sənin
marağını nəzərə alıb indi hamının
eşidə biləcəyi səslə onu ucadan səsləndirirəm.
Üzü sənə yüyürmüşəm, gəlmişəm
Əllərini əllərimdə bilmişəm...
Mən üzümü tellərinlə silmişəm
–
Məni ümid qapısından qaytarma...
Gözlərimin yuxusu göy çəkib
Bomboz çəkib, qara çəkib, göy çəkib...
İstəyirsən ayağıma döy, çəkib
–
Məni ümid qapısından qaytarma...
İstəyimdi çox demirəm, bir gilə
Xəyalıma təbəssüm çək, nur
çilə!
Bu ricamı Allahımdan dur, dilə -
Məni ümid qapısından qaytarma!..
Hə, mən ümid qapısının harda
olduğunu, o qapıya gedən yolu, o qapının
açarını tanıyıram, görmüşəm.
Amma neyləyim ki, o qapılar təkcə
açarla açılmır ... Əgər açarla
açılsaydı, Qarabağdan, Tuğdan özümlə
gətirdiyim bir topa açarla
30 il gözləmədən girovluqdakı evimin,
yaşadığım acıların, ağrıların qapısını çoxdan
açmışdım. Təəssüf...
İndi hər kəsi daha çox narahat edən
mövzunun ipucu təbii ki, yenə
rahatlığımızı
pozan və dünyanın müxtəlif məmləkətlərində
"doğulub" bütün
cahana yayılan viruslar olsa da, mən dipdiri ruhumun
dizinə başımı qoyub bu gündən bir az
uzaqlaşmaq, bu basqılardan bir az kənara çəkilmək
istəyirəm. Cəhd etdiyim,
çalışıb-vuruşduğum da məhz budur. İstəyirəm
ki, səni, yəni ruhumu uzaq tutum bütün bunlardan. Nə qədər
çətin olsa da, bəlkə də mümkünsüz bir
iş sayılsa da, amma mən israrımdan çəkinən
deyiləm. Ürəyimin səsini dinləyərək son ana
qədər ruhumu - Səni hər şeyin fövqündə
tutmağa çalışacağam. Yəqin ki, Sən də,
yəni ruhum da məni bu meydanda tək buraxmayacaqsınız.
Çünki bütün mücadilələrimiz Həyata
və Hər kəsə Sevgi naminədir və qalib də
SEVGİ olmalıdır. Elə
bu istəklə də mən bilgisayara diqtə etdiyim
yazının yaradacağı effekti, auranı xəyalımda
canlandırmağa çalışıram. İstəyirəm
ki, öncədən bu düşüncələrimin sənə
necə təsir edəcəyini fəhm edim, anlayım. Elə
həmin anlamaq istəyi də indi yazacağım misraların
yaranışına təkan veribdi. O misralar belədir:
Ömrümü mat etmişəm
Vəzirsiz...
Mat olanı eh...siz də -
Əzirsiz...
Əl tutmağa – əl yuxu
Dəhrə, kəndir, şəl yuxu...
Haray salıb gəl, yuxu –
Gəzirsiz...
Gündüzünüz, gecəniz
Sevgi deyil seçəsiz...
Mənim kimi neçəniz –
Əsirsiz?!
Su çiləyib təndiri
Boğursunuz, fəndini...
Tutduğunuz kəndiri –
Kəsirsiz...
Günəş batar, saralmaz
Tanrı nuru qaralmaz!
Kinsiz ürək daralmaz –
Əsilsiz!..
Bax, belə! İndi gəlin , birlikdə
düşünək. Doğrudanmı, bu viruslar, bu
pandemiyalar bizdən, sevgimizdən
güclüdür? Yoxsa, əksinədi? Bəlkə onun girovuna çevrilməməliyik, sonuncu
gülənlərdən olaq!..
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2024.- 9
fevral,¹5.- S.8.