QAFAR
CƏFƏRLİNİN ÜÇ HEKAYƏSİ HAQQINDA
3.Tənhalıqla iradənin
savaşı
Ümumiyyətlə, dünya ədəbiyyatında
insanın psixoloji durumunu ən müxtəlif tərəfdən
göstərən əsərlər oxucular tərəfindən
xüsusi maraqla qarşılanır. Qısqanclığı
yaradan psixoloji durum, yaxud ehtiyacın insan təbiətində
yaratdığı dəyişilmələr, lap elə
yüksək təminatın insanın xarakterinə təsiri...
kimi amillər həmişə daimi, yaşarı bir problem
kimi qavranılıb.
Qafar Cəfərlinin “Tənha qadın” hekayəsi də
insan taleyi ilə bağlı xüsusi psixoloji durumun bədii
şərhini verir. Hekayənin adından
göründüyü kimi biz burada taleyin qədəri kimi qəbul
edəcəyimiz bir insanın ömür yolundan bir
parçaya diqqət etməli oluruq.
Ümumiyyətlə, onu demək lazımdır ki,
Qafar Cəfərli, eləcə də digər
yazıçılar insanın
qarşılaşdığı problemləri şərh edərkən,
başqa sözlə, onun bədii təsvirini verərkən
bu problemləri yaradan səbəblərə də xüsusi
diqqət yetirirlər.
Necə olub ki, əsərin qəhrəmanı Nərmin
tənhalığa düçar olub. Axı o 8 il sevdiyi
oğlanla özünün təbirincə desək, xoşbəxt
bir həyat yaşayıb. Bu həyatın xoşbəxtliyini
göstərən elementləri də yazıçı
xatırladır. Onlar demək olar ki, dünyanın görməli,
gəzməli yerlərinin hamısına səyahət ediblər.
Əsas da odur ki, heç bir maddi çətinlikləri
olmayıb. Bu da onu göstərir ki, sanki bu gənclər həyatın
əsas tələbini unudublar. Evlilik müddəti... bu 8
ildir. Elə gəlib keçib ki, sanki heç xəbərləri
də olmayıb.
Yazıçı tənha qadının
düşdüyü durumun ağır məqamını bizə
göstərir. Sanki bütün hekayə yarım saatdan bir az
artıq müddətdə baş verən psixoloji durumun mənzərəsini
açır. Bunun üçün biz qabaqca tənha
qadının elə tənhalıq mənzərəsi ilə
qarşılaşırıq.
Bizə elə gəlir ki, yazıçı bir
insanın tənhalığını göstərmək
üçün daha dərin qatlara enməlidir. Fələkləri
köməyə çağırmalıdır. Mələklərdən
tənhalığın səbəbini izah etməyi tələb
etməlidir. Amma Q.Cəfərli bu cür əllaməçiliyə
getmir. Sadəcə bir qadının evinin, yəni
özünün güzəranı üçün
bazarlıq eləyib mühitinə gəlməsini real cizgilərlə
verir. Bu da bizə bəs edir ki, həmin qadını
yaxşı tanıyaq:
“Dəhlizdəki bədənnüma
güzgünün qarşısında ayaq saxladı.
Arxası güzgüyə stulda
oturdu. Son vaxtlar sanki buna adət etmişdi. Hər dəfə
işdən gələndə 2-3 dəqiqə orda dincini alar,
yad evə gəlibmiş kimi ətrafı maraqla gözdən
keçirərdi. Bu gün əvvəlkilərdən fərqli
idi. Heç olmamış kimi bədənindəki
ağrılardan ürəyi sıxılırdı, bir az
yorulub, bir az da tərləmişdi. Zarafat deyildi, binanın
günlərlə “can verən” liftin “mərhəmət”indən əlindəki ərzaq və meyvə-tərəvəz
dolu salafan torbalarla yeddinci mərətəbəyə
piyada qalxmışdı. Bir neçə dəfə dərindən
nəfəs aldı. Özünü sakitləşdirməyə
çalışdı. Son
vaxtlarda tez yorulduğu fikri yenə ağlından
keçdi. “Otuz yaşım yoxdur, amma belə tez yoruluram.
Bütün ətrafımın həsəd
apardığı yaddaşımdan da indi əsər-əlamət
yoxdur. Ətrafa göz gəzdirdi. Ev sanki məzar sukutuna qərq olmuşdu.
Milçək vızıltısı belə güllə səsini
xatırladardı. Əslində bu son aylarda işdən evə
qayıdarkən görməyə adət etdiyi səhnə
idi. Hər dəfə evdə onu qarşılayacaq kimsənin
olduğunu zənn etsə də bu olmurdu, olacağına da
ümid az idi. Bunu özü də bilirdi, amma
olmağını o qədər istəyirdi ki... Hətta bunun
olmayacağını bilə-bilə özünü
aldadırdı və bu aldanışdan da həzz alırdı”.
Demək, bu qadın elə
bir üzü qız, bir üzü gəlin olaraq tənha
qalıb. Bəs həyat onu niyə belə tez yorub, səbəbi
nədir? Səbəb odur ki, ötən müddət ərzində
ona təskinlik olacaq həyatından heç bir iz yoxdur.
İmkanı da, maddi durumu da, mənzili də var. Ancaq
bütün bunlar ona sıxıntıdan başqa heç nə
gətirmir. Hələ tez-tez düşünür ki, necə
olaydı ki, bu tənhalıqdan qurtulaydı. Başqaları
ona məsləhət edirlər ki, sevə bildiyi birisi ilə
ailə qursun. Ancaq bunu da edə bilmir. Çünki
bütün evdə hər şey ona sevgili həyat
yoldaşı Nihatı xatırladır. O, Nihatla nəfəs
alır, Nihatın xatirəsi ilə yaşayır.
Yazıçı Nərminin psixoloji durumunu təsvir
etdikcə, onun mənəvi mühitinin dərinliklərinə
vara bilir. Biz Nərminin tərəddüdlərini,
özünün mənəvi mühiti ilə mübarizəsini
müşahidə edirik. Ona birinci növbədə
düşdüyü vəziyyətdən çıxmaq
üçün Nihatın xatirəsini xatırladan nə
varsa yığıb bir tərəfə qoymaq lazımdır.
Amma o bunu edə bilərmi? Hiss olunur ki, Nərmin bunu
özünə bağışlanmaz bir xəyanət hesab
edir. O bu xəyanəti etmək iqtidarında deyil,
çünki mənən saf və sağlamdır.
Nərminin öz evindəki əhvalı ilk
baxışdan sakit, yaşamalı bir mühiti
xatırladır. Amma onun daxili-mənəvi mühitindəki
problemlərin, vurnuxmaların hamısının mahiyyətində
özünün tənhalığı dayanır. Artıq
biz qeyd etdik ki, o bu tənhalıqdan çıxmağın
başqa yolunu görmür, əslində heç o yolu
axtarmır da. O get-gedə hiss edir ki, daxili gərginliyi
artır. Nəfəs alması çətinləşir.
İstəyir ki, başını qarışdırsın.
Amma mümkün olmur. Hansı divara tərəf baxırsa,
Nihatı görür. Çünki o, Nihatla nəfəs
alır. Onunla ayrı yaşamağı heç təsəvvürünə
də gətirmir, baxmayarq ki, artıq Nihat 3 aydan çoxdur ki,
bu dünyada yoxdur.
Müəllif Nərminin düşüncələrini
sanki yanında durub onun dediklərini, özü də qəlbində
dediklərini özü eşidirmiş kimi verir. Biz bu
düşüncələri eşitdikcə Nərminin
yaşadığı daxili-mənəvi gərginliyin
özünü hiss edirik. Və sanki biz onunla daha yaxın
olmaq, ona hansısa bir tərəfdən kömək etmək
niyyətində oluruq, ancaq buna gücümüz
çatmır. O nə qədər bizə doğmadırsa,
bir o qədər də bizdən uzaqdadır. Burada söhbət
insanlığın yardımına ehtiyacı olan insandan
gedir.
Axı, Nərminin özü də hiss edir ki, çətinliyə
düşüb. Vurnuxur, kömək umacağı bir kimsəsi
yoxdur və bu çətin məqamda da o yenə Nihatı
qınamır, qınaya bilmir. Amma hər halda onun xoşbəxtlik
haqqındakı düşüncələri çox
maraqlıdır, nəinki maraqlıdır, həm də cəlbedicidir:
“Düz deyiblər ki, xoşbəxtliyin vaxtı-vədəsi,
ölçüsü, çəkisi, heç məkanı
belə olmur. İnsan bir
anlıq xoşbəxtliyini bütün ömrü boyu yaşaya bilər.
Nihatla olduğum səkkiz il sanki bir göz
qırpımında ötüb keçdi. Necə xoşbəxt
idik İlahi! Sanki bir yuxuydu, gördüm. Yuxu dedim, yuxu yadıma
düşdü. Hər gecə Nihatı yuxuda görmək
üçün onunla keçirtdiyim xoş anları
xatırlayıb yatsam da bu etibarsız yuxuma gəlmir ki, gəlmir.
Ay vəfasız, bu qədər müddətdə heç
yadına düşmədim, heç darıxmadın mənim
üçün? Bəs deyirdin sənsiz bir gün belə
yaşaya bilmərəm”.
Doğrudur, bu mətnin içərisində bir
qınaq məqamı da var. Amma hiss olunur ki, bu qınaqda
günahlandırma motivi yoxdur. Bütün hallarda onun Nihatdan
umacağı bundan ibarətdir ki, təki yuxularına gəlsin,
yuxularında onunla birgə olsun. Hiss eləsin ki, lap dərin
yuxuda olsa belə, Nihatla bir yerdədir. Bütün hallarda
insanların tale yolu nə qədər fərqlidirsə, həm
də bir o qədər bir-birinə bənzərdir. Ona görə
də biz Qafar Cəfərlinin “Tənha qadın” hekayəsi
haqqında düşünərkən onun yaratdığı
obrazı uzaqda yox, elə ətrafımızda
görürük. Bəyəm, Nərmin kimi taleyin gərdişindən
tənhalığa düçar olmuş, ağrı və
acılarla dörd divar arasında qalmış olanlar
azdırmı? Bəlkə hətta beləsi elə Nərmin
adında da var. Burada yazıçı keçmişə bir
qədər retro baxış edir. Nərminlə Nihatın
tanış olmaq mərhələsini yada salır. Onların
hansı şəraitdə tanış olduqlarını
artıq təfərrüata varmadan oxucuya çatdırır.
Məlum olur ki, gənclər ali məktəbin
axırıncı kursuna yaxın tanış olublar. Nihat Nərminin
rəfiqəsinə çətin vəziyyətdə kömək
edib. O, Nərminin rəfiqəsi uğrunda
çalışmalarına dayaq olub, onu tək buraxmayıb.
Bütün hallarda insanlar fədakarlığı
yüksək qiymətləndirir. Əgər kimsə birinin
haqqında doğrunu düşünürsə, birinin yolunda
fədakarlıq edirsə, onda onun obrazı həmin şəxsin
yaddaşına yazılmış olur. İstər-istəməz
yaddaş onun müsbət obrazını yaradır.
Beləliklə, Nihat Nərmin üçün fədakar,
həm də diribaş, qoçaq bir gənc obrazında
görünür. Həyat göstərir ki, həqiqətən
Nihat Nərmini sevib. O, Nərmini xoşbəxt etmək niyyətindədir.
Öz imkanlarını sərf edib onun məmnunluğu
üçün nəyi bacarırsa, hamısını həyata
keçirməyə çalışır.
Nərminin mənən kimliyini oxucuya dəqiq və
aydın çadırmaq üçün yazıçı
retro düşüncələri yada salır. Hətta tənhalıq
zamanında belə ən yaxşı duyğulanmalar, onun
kimliyi haqqında fikir və düşüncələr Nərminin
xatirəsində təzədən canlanır. Biz Nərminin
daha bir rəfiqəsinin düşüncələri ilə
tanış oluruq. Bu, Gülnardır. Həmin Gülnardır
ki, o ağır xəstə olanda Nərmin onun
üçün fədakarlıq göstərib və o zaman
Nihat da onun yanında olub. Nərminlə Nihatın toyunda
Gülnarın düşüncələri yaddaşa gəlir:
“Bir ömür xoşbəxtlik olmur, gözəl bacım.
Ömrün qısa olması səbəbindən xoşbəxtlik
insanları daha çox ovsunlayır. Özün necə,
xoşbəxt ola bildinmi? Ailə qurduğun ilk aylarda dilindən düşməyən
xoşbəxtlyin həyatında bir hərfi belə
qalmayıb. Sənə zəng edib halını belə
soruşa bilmirəm, çünki eşitdiklərimdən
günlərlə çobalaya-çobalaya qalıram. Nə səsim
yetir sənə, nə harayım”.
Dəyərli düşüncələrdir,
özü də söhbət təkcə nə Gülnardan,
nə də Nərmindən getmir, ümumiyyətlə
insanlardan gedir. Yəni ən doğma bir adamın çətinliyə
düşür, sən ona istəsən də çox vaxt
heç bir kömək edə bilmirsən. Aranı məsafə
kəsir, aranı müxtəlif mənəvi sosial problemlər
kəsir, lap elə bir az da açıq desək, maddi imkanlar
kəsir və s. Gülnar da Nərmin üçün beləcə
ürəyi yansa da, heç bir kömək edə bilmir. Amma
onu doğru deyir ki, heç kəs üçün
ömür başdan-başa xoşbəxtlik zər-zibasına
bürünə bilməz. O xoşbəxtlik deyilən nədirsə,
adamlar onu müəyyən ərəfədə, müəyyən
məqamda yaşayırlar. Elə Nərminin özü də
beləcə həmin xoşbəxtliyi az müddətə
yaşamalı oldu.
Q.Cəfərli elə məsələlərə
toxunur ki, biz istər-istəməz
yaşadığımız mühiti,
gördüyümüz həyati mənzərələri
gözlərimizin önündə canlandırmalı oluruq.
Hekayədə Nərminin özünün iştahının
apara biləcəyi yeməyi hazırlaması, bu yeməyi yeyə
bilməməsi sanki özünün pasibanı olan Məstan
pişiyi axtarması... bütün bunlar həyati cizgilərdir.
Parklarda, tənhalıq künclərində adamların itlə,
pişiklə gəzmələrini çoxlarımız
müşahidə etmişik. Çox güman ki, insanların
tənhalıq iztirablarından xilas olması üçün
heyvanlarla ünsiyyət bağlaması da elə həyati zərurətdən
doğur. Nərminin yeməyini pişik yeyir. Ancaq
özünün yadına düşmür ki, axı
acdır. Biz get-gedə onun necə psixoloji gərginliyə
düşməsini, sarsıntı keçirməsini
müşahidə edirik.
İstər-istəməz gərginlik oxucunun da ruhuna
sirayət edir. Biz narahat oluruq. Görəsən, Nərmin bu qədər
ciddi gərginlikdən, tənhalıq əzablarından necə
xilas olacaq. Öz-özünə danışır. Müxtəlif
suallar verir. Nə
üçün 8 illik ailəlik dövründə
uşağının olmamasının səbəblərini
axtarır. Axır ki, son vaxtlar ümumi razılığa gəlmişdilər.
Övladları olmalı idi. Bunu da tale qismət etmədi.
Nihat qəzada həlak oldu. Nərmin bütün
varlığı ilə yaşadığı mühitə
etiraz etmək istəyir. O belə həyatı bütün
ömrü boyu daşıya bilməyəcəyini hiss edir.
Buna görə də elə həyatını buradaca bitirmək
qərarına gəlir. Bunun üçün pəncərəni
açır və yuxarı mərtəbədən
üzü aşağı baxır.
Nərmin son günlər canında müxtəlif
ağrılar, narahatlıqlar hiss edirdi. Gedib analizlər
vermişdi, yoxlamalardan keçmişdi, cavabını isə
bu günlərdə bildirəcəkdilər. Amma bu cavablar
daha ona lazım deyil. O, həyatını elə bu gün
buradaca bitirmək qərarına gəlib. Pəncərədən
özünü atmaq istəyindədir.
Amma maraqlıdır ki, pəncərəni
açıb üzü aşağı yerə baxanda elə
bil ki, Nihatı gördü. Nihat nəsə deyirdi, ancaq o
başa düşmürdü. Elə bilirdi Nihat onu
çağırır ki, gəl. Burada Nərminin
düşüncələri yenə diqqəti cəlb edir. Tənhalığın
mahiyyətini onun Nihadla, özü ilə dialoqunda daha
aydın görmək mümkündür:
“-Nihatım, sən demə tənha qadınlar
baxışından, yerişindən, duruşundan
bilinirmişlər. Bütün fərqliliklərə rəğmən
onları birləşdirən yeganə səbəb dərd
imiş. Özlərini nə qədər
şux tutsalar da alınmır. Bu sıraya qoşulandan sonra
bunları bilmişəm əzizim.
Amma Böyük Yaradan onların da
yaşamaqlarına
çıraq yandırıb. Tənha qadınlar xobəxt
sonluğu olan ümidlərlə günlərini başa
vururlar. Qapılarının nə vaxtsa döyüləcəyinə,
qarşılarına namuslu
birisinin çıxacağına, dərdini bölüşən,
sevincinə, kədərinə şərik çıxa bilən
kimsənin tapılacağına həmişə ümid edirlər.
Bu yalançı ümidlər onların yaşamalarına vəsilə
olur”.
Çox ağır düşüncələrdir və
hiss olunur ki, artıq Nərmin həyatını beləcə
davam etmək fikrində deyil. Əlbəttə, həyatın
sınaqları hamı üçün var. Gənc də,
qoca da öz yaşlarına uyğun müxtəlif
sınaqlarla qarşılaşa bilərlər. Kim bu
sınaqlardan necə çıxacaq – bunu bilmək olmaz. Hətta
yaşlı bir adam ömrünün son çağlarında
həyat sınağından çıxa bilməyəndə
ömrü boyu qazandıqlarının hamısını mənəvi
çürüntü kimi havaya sovurmuş olur. Əslinə
qalsa, Nərminin bu düşüncələri öz həyatının
harmoniyasını, yəni sevgilisinə olan sədaqətini
qorumaq naminə çırpıntılardır. O, Nihatın
yanına onu sevən bir varlıq kimi getməkdən
ötrü həyatına son vermək qərarına gəlir.
O doğru deyir, belə yaşaya bilmir, heç belə
yaşamaq fikrində də deyil. Onu bu vəziyyətdən
ancaq sonuncu addım xilas edə bilər. Nərmin pəncərəyə
artıq ayağını qoymuşdu, üzü
aşağı baxırdı. Amma ona elə gəlir ki, Nihat əliylə
etiraz edir, dayan deyir. Telefonunu çıxarıb göstərir
ki, telefonuna bax. Nərmin onun nə dediyini tam başa
düşmür, amma bu zaman öz telefonuna mesaj gəlir. Nihat
isə aşağıdan barmağı ilə həmin mesaja
baxmağı tələb edir. Nərmin pəncərədən
yerə düşüb stolun üstündəki telefonun
yanına qayıdır. Telefona gələn mesaja baxır. Xəstəxanadan
onun analizlərinin cavabı gəlmişdi: “Siz üç
aylıq hamiləsiniz”. Nərmin bütün
varlığı ilə sustalır və yerə
çökür.
Yazıçı çox böyük ustalıqla
hadisələri qanunauyğun axarla başa
çatdırır. Sanki oxucuya təlqin edir ki, heç vaxt
heç nəyə tələsmək olmaz.
Yazıçı bütün bunlarla nə demək istəyir?
Zənnimizcə, yazıçı konkret olaraq məşhur
Azərbaycan xalq məsəlini xatırlatmasa da, öz hekayəsini
məhz həmin məsəlin ideyası əsasında qurub:
Ölənlə ölmək olmaz. Həyat davam eir.
Ümumiyyətlə, Q.Cəfərli bütün hekayələrində
insanlara həyatın ölümdən daha üstün
olduğunu təlqin edir.
Bütün hallarda
yaşamaq gözəldirdeyir.
ŞƏDDAT
CƏFƏROV
İqtisadiyyat elmləri üzrə fəlsəfə
doktoru, Azərbaycan və Rusiya
Yazıçılar və Jurnalistlər Birlik-
lərinin üzvü Beynəlxalq
Yazıçılar
Birliyinin
üzvü
Ədalət.- 2024.- 9
fevral,¹5.- S.11.