Kardioloq Vəfa
xanımla görüşməliydim. Anam, bacım olsun! Orta
yaşlı, gözəl-göyçək xanım məni
gülə-gülə qarşıladı. Təzə mələfə
saldı çarpayıma, arxası üstə uzandım. Vəfa
xanım topuqlarıma, biləklərimə, ürəyimin
başına, həndəvərlərinə də qaz
ayağına oxşayan şipilkalar sancdı. Cihaz
uğuldadı. Gözlərimi pəncərəsindən
çəkə bilmirdim. Lent üzərində çəpər
çubuqları, -xətlər gah enib nazilir, gah da oxlar kimi
yuxarı atılırdı. "Vağsey, işim bitdi".
Bir parça buza döndü bədənim. - Nədi, ay həkim,
orda infakt var? -soruşdum. O, gülümsədi. "Ürəyim
qan ağlayır. Amma həkimin vecinə deyil. -Əsəbləşməyin
-dedi. -Yoxsa adrealiniz çoxalar, təzyiqiniz qalxar. O, cihaza zilləndi-
Çox diqqətlə baxıram, amma ürəyinizdə
çat görmürəm. Sevincək oldum. -Məni təzədən
həyata qaytarmısınız, Vəfa xanım, xəcalətinizdən
necə çıxa bilərəm? Çeşmək
altındakı gözləri işıqlandı, kəsərləndi.
- Qalxın! Söhbətimizi baş həkimin kabinetində davam
etdirəcəyik!
Qapının kəndarında "Baş həkim
Xurşud" yazılı lövhəni oxudum.
"Halvaçı qızı daha şirin!"- dedim
öz-özümə. İçəri girdik. Kabinetlərdə
gördüyüm, həkimlər
pıçha-pıçlarını kəsdilər. Uzun
masanın yuxarı başında oturan orta yaşlı
qadın ayağa qalxıb amiranə baxışlarla dəyirmi
stol arxasındakı boş kreslonu göstərərək:
- Buyurun, əyləşin, şair müəllim- deyib
gülümsündü. Baş həkim bilək
yoğunluğunda qulaclarını boynunun ardında
"nevedimkalarla" sancaqlamışdı. Gicgahlarından
asılan buruq-buruq, üzüm salxımı saçları
qarabuğdayı sifətini şirinləşdirirdi.
- Əlimə qəzet, jurnal düşəndə sənin
imzanı axtarırdım. Yerlimsən axı, qan çəkir
də. Şeirlərindəki fikirlər təzəydi. Misralar
şablon deyildi. Amma bir az rəndə istəyirdi. Həkimin
böyük qara gözləri kəfkirli saatın gözləri
kimi ora-bura qaçırdı.
-Mən o şeirləri şıltaq uşağa bənzədirdim.
Elə sizə görə də ədəbiyyata həvəsim
artdı. Həkim -şair Abbas Səhhətin, sevgidən
yarımayan Çexovun, Rafiq Yusiflinin, Paşa Qəlbinurun,
Qalib Şəfahətin kitabları insanlara daha həssas
yanaşmağı öyrətdi mənə - deyib, əlindəki
yaylığın ucunu gözlərinə
yaxınlaşdırdı. Üzüntünün səbəbi
nədi? Bilmədim. Qadınların sirrindən kim baş
tapıb ki?
Yerin altından, üstündən də xəbər
verən Süleyman peyğəmbər üç sirri
aça bilmədi. Zirvədəki qartalın sağı dərya,
solu səhra, qabağı qalın meşəlik, arxası
sıra dağlardı. Qartal hansı tərəfə
uçacaq?! Peyğəmbər bu sirri aça bilmədi.
İlan otluqda, palçıqda, qumluqda da iz qoyur. Amma daş
üzərində izi qalmır ilanın. Peyğəmbər
bu sirri də aça bilmədi. Açılmayan sirlərdən
biri də qadın sirridi. Qadın ürəyini oxumaq
mümkün deyil. Həkim kövrəlmişdi. "İman
bir yerə, güman min yerə". Məsmə nənə yəqin
ki, Xurşudla maraqlandığımı söyləyib nəvəsinə.
Qızın gözləri önündə toy şamları
yanıb, qulaqlarında "Vağzalı" havası səslənib.
Təbii, şirin bir ovqat Xurşudu fantastik bir aləmə
qovuşdurub. Amma indi ər evində, qəriblikdədi! Məni
görüb doğmaları, o füsunkar
bağ-bağçalar düşüb yadına.
Qadının sirrindən heç kim baş aça bilməz.
Cansıxıcı sükutu mən pozdum. - O vaxt Bakıda
Komsomol Komitəsində işləyirdim. Tibb İnstitutunun
kuratoruydum. Niyyətim sizi komsomol xəttiylə irəli
çəkməkdi. Əvvəl bizim büronun üzvü,
az sonra Bakı Komitəsinin təlimçisi görməkdi
arzum. Xurşud xanım üzümə gülə-gülə:
- Çox sağ olsun qayğıya, diqqətə görə
- deyib, başıyla razılığını bildirdi. -
Gördülər, irəli də çəkdilər. Sahibim
məni "Çinar"ın baş həkimi qoydurdu - deyib
sağ yanında büzüşüb oturan can həkimi
Gülşənə tərəf çevrildi. - Ay
Gülşən, hörmətli qonağımız
bütün şöbələrdən keçib. Həkimlərin
rəyini bilirəm. Bəlkə "UZİ" həkiminin qərarıyla
bizi tanış eləyəsən?
- UZİ həkimi Seyran xanım yazır ki, hörmətli
qonaq yaşına görə çox yaxşı qalıb.
Vaxtilə böyrəyində bir kista olub, indi
kristallaşıb. Yüz illərlə ağrısız,
sakit yaşaya bilər qonağımız. Qara ciyəri əllənmir.
Öd kisəsi yumşaq, həm də hamardır. Mədəaltı
vəzinin funksiyası əladır. Prostatda şişmələr
yoxdur. Can həkimi tez-tez yaylığını ağzına
aparırdı. Gülməyini nə qədər boğsa da,
saxlaya bilmədi. Axırda tapança kimi açıldı.
Baş həkim çəp-çəp baxdı
müavininə: - Nədi? Nolub? Nəyə gülürsən?
- Xurşud əl atıb Gülşənin ağzından
yaylığı götürdü.
- Ay Xurşud xanım, bu qonaq deyir ki, o böyük səma
xəstə bakteriyalarla, hüceyrələrlə dolu bir
yorğandı. Biz də o yorğanı çəkmişik
üstümüzə. Xurşud xanım qaş-qabaq
salladı. - Sən elə indi eşidirsən bu söhbəti?
Dünya alimləri bu məsələylə məşğuldu.
İnstitutun axırıncı kursunda məşhur bioloq Mirəli
müəllim bu məsələylə bağlı bizə
mühazirələr oxudu, öz hipotezalarını, yəni fərziyələrini
söylədi. Gözlərini pəncələrinə zilləyən
can həkimi başını qaldırdı. - Qonaq deyir ki,
ordakı bakteriyalardan bir neçəsi düşüb
büzdünümlə ombamın arasına. İndi
sümüklərimi didir o bakteriyalar.
Deməli, hörmətli qonaq Mirəli müəllimin
versiyalarını, gümanlarını, fərziyyələrini
həqiqət kimi qəbul eləyir. Həm də qonaq,
şair diliylə onu narahat eləyən mərkəzin yerini
göstərir. Büzdümüylə omba
sümüyünün arasındadı o mərkəz. Bəs
rentgen şəklini gözdən keçirmisənmi, ay
Gülşən?
- Bəli! Çox diqqətlə. O nahiyələrdə
heç bir bakteriya, hüceyrə görmədim.
- Belə çıxır ki, qonağı incidən
oynaqlararası artritdir. Sən nə məsləhət
görürsən, ay Gülşən xanım? Ancaq müalicəni
gecikdirmək olmaz.
- Naftalizlə aplekasiya eləyək. Zədəli yerlərə
o məlhəmi çəkib üstünü klyonkayla
bağlayardım. Oturardım yanında lap bir sutka.
Özümü saxlaya bilmədim. - Bəli! O məlhəmi
çəkibdilər. Amma iki həftədən sonra
ağrılar yenə gücləndi. Kəndimizə gedib
Əbil dayının həyətində ot da çalmışam,
bir-iki araba odun da doğramışam. Amma noolsun? Bir aydan sonra
ağrılar yenə şiddətləndi.
- Səidə xanım fizioterapiya şöbəsinin
müdiridi - pıçıldadı Gülşən. - Təcrübəli,
savadlı həkimdir. Bəlkə o təzə yanaşmalara əl
atsın. Güclü pereparatlardan istifadə eləsin.
Başını çiyninə qoyub oturan Səidə
xanımın yanaqları qızardı. Can həkiminin tərifi
onu utandırmışdı. Gənclik ehtiraslı,
şövqlü gözləri Benqal şimşəkləri
kimi çılğamlanırdı. Yerindən qalxıb nəm-nüm
eləmədi, birbaşa mətləbə keçdi.
- Deyirəm, bəlkə o fizioterapiya müalicələrini
ləğv eləyək? Elektrik cərəyanı yeritməyək
orqanizmlərə. Sağlam hüceyrələri də zədələməyək!
Biz zədəli nahiyələrə fiziki yollarla
novakain yeridirik. Novakainin tərkibindəki spirt toxumaları
keyləşdirir, amma sağaltmır. Bu saat dünya qlobal
istilərlə mübarizədədi. Mədət kişi
zambaqlarla havanı hər cür çöküntülərdən,
qazlardan təmizləyir. Çox güman ki, "Ozon
qatı"nı bürüyən zəhərli qatlar da əriyir
bizim zambaqların oksigeniylə. Amma biz həb atdırır,
kimyəvi iynələr vururuq xəstələrə. Səhvə
yol veririk. O iynələrin, həblərin
çöküntüləri, şlaqları da, qan
damarlarının "Ozon qatı"nı darmadağın
eləyir. Qan dövranı pozulur, xəstəlik
ağırlaşır.
Xurşud xanım əlini çənəsinə
qoyub fikrə getdi. Balacalaşdı, fağırlaşdı.
- Heç nə bilmirəm! Ancaq onu bilirəm ki, hörmətli
qonağı sağaltmalıyıq. Belə qərara gəldim
ki, oynaqlardakı Artrit naftaliz aplikasiyası, ot çalmaq, odun
doğramaq hərəkətləriylə müəyyən qədər
ərimişdir. Amma ağrılar tam götürülməyib.
Deməli, oynaqlararası Artritə bir də əl gəzdirməliyik.
Biz nədənsə əzələ faktoruna fikir vermirik.
Hörmətli qonağı incidən Miozit mərəzidir.
Duzlaşma qonağın baldır, bel, kürəklərarası
əzələlərini, boyun əzələlərini də
iflic etmişdir. Biz həm də Miozitdən
qurtarmalıyıq hörmətli qonağı! Yadıma gəlir
ki, savadsız Məsmə nənəm çoxşaxəli
alma ağacına bağlayırdı, yanına ikiqat gələn
xəstələri. Sonra ipləri açırdı. Xəstə
"Ləzginka" oynaya-oynaya çıxırdı
darvazadan. Mən "meşə terapiyasını" məsləhət
görürəm - dedi Xurşud xanım. - Bu terapiyadan sonra hərtərəfli
masaj olunmalıdı qonaq. Özü də Kolistar, Nizorello
mazlarıyla yox, bizim naftalan məlhəmiylə. Üzümə
mehribanlıqla baxıb - Çox asanlıqla öhdəsindən
gələcəyik o əzələ duzlaşmasının -
deyə gülümsədi Xurşud xanım.
Yüz yetmişdən çox mərəzin müalicəsini
tezləşdirən Naftalan nefti dünyanın səkkizinci
möcüzəsidir. Möcüzə deyilmi bəs?
Üç gün öncə dəhlizdə divarları
tuta-tuta irəliləyən, sarıyanız qadını indi
dümdüz oxlov kimi görəndə gözlərimə
inanmadım. Dikdabanlarını taqqıldada-taqqıldada, az
qala oynaya-oynaya yanımdan keçirdi. Əl atıb biləyindən
tutdum. "Qayıdıb çəmkirəcək, biyabır
olacam el içində" - dedim özüm-özümə.
Ancaq xanım altdan-altdan gülümsəyirdi. - Hə, bax buna
varam! Əsl kişi jesti gördüm sizdə. Tünd, kəskin
Qafqaz xarakteri! - Nə istəyirsiniz, cavan oğlan?
- Bağışlayın, sırtıq-naxal deyiləm
mən! İki gün əvvəl dəhlizdə ölə-ölə
yeriyirdiniz. Buranın həkimləri Allahdı bəyəm?
İynə-dərman hünəri deyil bu!
- Tomsk şəhərindən gəlmişəm.
Soyuqlar ki başladı, belim sancır, boynum şişir.
Sankt-Peterburqda kimyəvi pereparatlar nəticə vermədi.
Moskvanın "Burdienko" hospitalında "Naftaliz" məlhəmini
iki kürəyimin arasına yeridib üstümü qalın
yorğanlarla basdırdılar. - Nolsun? İki həftədən
sonra yenə ikiqat oldum. Amma burda can həkimi Gülşəncik
məni apardı baş həkimin yanına. Dedi ki, kimyəvi
pereparatlar, fizioterapiya da bu xanıma kömək eləməyib.
Neyləyək? Baş həkim rentgen şəkillərinə
baxandan sonra:
- Mütləq xalq təbabəti - dedi. - Xurşud
xanım - Fındıq ağacının budaqlarına
bağlayırıq qollarını. - Ay Gülşən, nənəm
savadsızdı. Amma onurğa, kürək, bel
ağrısını sağaldırdı. Armud
ağacının budaqlarına bağlayırdı xəstənin
qollarını. Sonra üzünü mənə tutdu. - Siz də
qalxın ayağa! Düşün qabağıma - dedi. Zambaq
talasını keçib meşəyə girdik! Qlavraç
fındıq ağacının iki yan budağını
bir-birinə yaxınlaşdırıb uclarını kəndirlə
düyünlədi. Gülşən qollarımı yuxarı
qaldırdı. Qlavraç sağ qolumu bir budağa, sol qolumu
o biri budağa bağladı. Mən də qorxdum. Axı
İsus Xristos kimi çarmıxa çəkilmişəm.
Qlavraç, - Ay Gülşən, - bağırdı birdən.
- Niyə çaşıb qalmısan? Qayçını
götür. Budaqların ucunu birləşdirən kəndiri
kəs yavaş-yavaş. Gülşən çətinlik
çəkmədi. Baş həkimin əlindəki budaqlar zərif-zərif
yanlara açılırdı. Mən boynumun ortasında,
kürəklərimin arasında, onurğamda da şirin
qaşıntılar duyurdum. Bel tirəmdəki ağrılar
da get-gedə yoxa çıxırdı. Qlavraç
qolumdakı ipləri kəsdi. Budaqlar yanlara
çırpıldı. Sonra biz Gülşən
xanımın kabinetinə gəldik. Səidə həkim bədənimi
naftalanla ovuşdurdu. Gülşən xanım
tumbuçkanın üstündəki həb, iynə
qutularını, dərman butulkalarını da zibil səbətinə
tulladı. Məni həyata qaytardılar. Yazıq-yazıq
üzümə baxdı qadın. - Hər dəfə mən
inildəyəndə ərim başımın
üstünü kəsdirib deyirdi - Sənin bu
zarımaqların mənim müsbət emosiyalarımı, həyat
həvəsimi, kişilik şövqümü
öldürür. Axırda məni atdı o əclaf.
"Çinar"ın həkimləri məni
sağaldır. Bu münasibətlə sizi palatamda bir bokal
şampana dəvət eləyirəm. Çaxır
soyuducudadır. Şokoladı, marojnanı da bardan gətirdərəm.
- Mənmuniyyətlə, - dedim. - Sizin belə kampanyon
olmağınız ürəyimcədir. Amma məni də iki
saatdan sonra "meşə terapiyası" gözləyir.
Allah qoysa, nəticəsi yaxşı olar! Biz sizinlə
palatamızda şampanları bruderşaftla içib, unudulmaz
anlar yaşayarıq - dedim.
"Çinar"ın qənşəriylə uzanan
yol yoxuşa dirənirdi. Avtomobillər fısıldayıb, nəfəs
dərəndə qluşitellərin ağzından
çıxan zəhərli qazlar topa-topa, özü də
"partapartla", bomba partlayışlarıyla
atılırdı havaya. Tüstü zolaqları ilan kimi
qıvrılır, qanadı qırılmış leylək
kimi çabalayırdılar. Külək asfalt yolda ağ cuna
kimi titrəyən mazut buxarlarını da süpürüb
göyə qaldırır, "Çinar"ın həyətinə
yönəldirdi. Bu zaman yollar, cığırlar, keçidlər
uzunu sıralanan zambaqlar şeypur başlarını dik
qaldırır, zambaqlar öz oksigen kristallarıyla qazlı, zəhərli,
tüstü zolaqlarını zərərsizləşdirirdilər.
Bəşəri qələbə o idi ki, zambaqlar "Ozon
qatının" dəyirmanına axıdılan qazların,
tüstülərin, zəhərli birləşmələrin
qabağını alırdı. Yaxın qonşulardan, uzaq
qohumlardan, bir sözlə, firavan yaşamaq istəyən
isanlardan bir xahişim var. Zambaq əksinlər!
Naftalan, Nabran
Aprel-Oktyabr 2013
Ədalət.- 2024.- 9
fevral,№5.- S.12.