DƏNSİZ DƏYİRMAN DAŞLARI

 

Fırlanır dəyirman daşı

Baxıram, başım fırlanır.

Fırlanır dünya başıma

Torpağım, daşım fırlanır.

Saçı-saqqalı ağarmış

Sığal çəkmə alt daşına, üst daşına.

Un ələnmir üst-başına.

Dənsiz dəyirman daşları qəm ələyir,

Dərd üyüdür ömrün qışına.

Bu çərxi-dövran daşları

Dəyir, bir-birinə dəyir.

Dənsiz dəyirman daşları

Yeyir, bir-birini yeyir.

Acıdı dəyirman daşları

Dən gözləyir əvvəl-axır.

Tanrı dinmir,Tanrı susub

Çörəyimiz daşdan çıxır.

 

 

 

ATAMIN AYAQLARI

 

Hara getdim dara düşdüm

Atamın ayaqları süründü arxamca

İndi

Atamın ayaqları Sibirdi

Özü kimi ayaqları da yuxusuz…

Üz sürtdüm ayaqlarına,

Qəlpə giziltisindən

Diksindi qulaqlarım.

Çəliyi ayaqlarına başdaşı Atam!

Səcdənə gəldim,

Ayaqlarını suya qoy,

Dirilik suyu kimi ayağının suyunu içim Atam oy!

Əlimdən nə gəlir daha

Ayaqlarımı verim, yeri, Atam!

Laylay atam, ayaqlarına laylay!

Ayaqları yuxusuz, əlləri oyaq, ürəyi dipdiri Pir Atam!

 

 

 

ALO, MƏN SƏNİ GÖRÜRƏM

 

Yuxarı mərtəbədən gələn mahnı

Ürəyimi göynədən vaxtda

əllərim qoynumda

uzanmışam çarpayıda.

Tavandan,divarlardan

Kədərli üzlər,

Dilxor maskalar asılır

Səni düşündükcə, qızım!

Hər oxunan nəğmə

Bir doğma anı yada salar,

Hər tanış səs bir doğma üzü

Canlandırar gözlərimizdə…

Telefon zəngi.

-Alo, Bakıyla danışın.

-Al-lo! Qızım, sənsənmi?!

-…

-Al-lo!

…2400 kilometrlik həsrətin içində

Qatar keçdi deyəsən.

Bir zahı bulud

Silkələdi telefon xətlərini.

Yüz saniyəlik sükutun arxasına

Sığdı bir insan ömrü.

-Alo! Alo!!

-A-ta! A-ta!

…Üzün yadımdan çıxır,

İlğım axır dalğa-dalğa

Yaddaşımın dörd olmuş gözündən.

Yuxu da yalanmış, fotoşəkil də yalan…

-Alo! Alo!

-Ata, məni eşidirsən?

-Al-lo, mən səni görürəm, qızım…

 

UZUN AYRILIQDAN SONRA

 

Uzun ayrılıqdan sonra dönəndə Vətənə

Kimi qucaqlasam birinci,

Qarşıma çıxanların heç biri inciməz.

Bir dost yazmışdı mənə:

“Sən qəribəsən, biz-yol gözləyən.”

Məni qarşılayanların

Heç biri inciməz, anam,

Səni qucaqlasam hamıdan əvvəl.

Uzun ayrılıqdan sonra

Yenidən sevmək

Yenidən doğulmaq kimi gəlir insana,

İzn ver oğluna yenidən doğulmağa,

Aç qoynunu, ana!

Qol-boyun gördükcə bizi

Dostlar da başlayar

Bir-birini qucaqlamağa.

 

QAN-TƏR İÇİNDƏ

 

Əqrəbləri itmiş saat kimiyəm,

Vaxt ölür, çökür içimdə.

Cin çapmış at kimiyəm,

Qan-tər içindəyəm, anam,

Qan-tər içində.

Zaman dolaşıq nər qovğasında

Şeytan-mələk davasında

Ürəyim əlimdən gedir,

Çırpınır qollarım qoynumda,

Gecəm qan-tər içində,anam,

Günüm qan-tər içində.

Bu əlim,bu da lal dilim,

Sözü xəmir kimi yoğuran dilim,

Cadar-cadar, dilim-dilim

Söz əkib-becərən dilim,

Sözüm qan-tər içində,anam,

Dilim qan-tər içində,

Alnımın qırış yerindən

Taleyin çaparı keçir.

Bu yurdun süyər yerindən

Bir ölüm qatarı keçir,

Elim qan-tər içində, anam,

Obam qan-tər içində.

Toxdayıb, səbrimdən asıldım,

Buğlanıb, ruhumdan asıldım,

Can hamı, qəbrimə qısıldım,

Söndüm qan-tər içində, anam,

Öldüm qan-tər içində.

 

ADAŞIM, BALABANÇI KOR ƏLİSƏMİD

 

– Bir adaşım yaşayır Kürdəmirdə,

Muradxanlı kəndində

Gecəyarı ekranda gördüm

Xəzər TV-də.

Əvvəl-əvvəl danışmadı, dinmədi,

dizləri üstə gözləri yol çəkdi

barmaqlarımın.

Sonra adamlar yığışıb

könlünü aldılar onun,

ovutdular.

Çıxartdı üzə balabanı.

Dedi, mənim işim balabanla, neylədi.

Adaşım, balabançı kor Əlisəmid.

Sonra gör neylədi

adaşım, balabançı Kor Əlisəmid.

Qəfil nəfəs verdi balabana,

Sığalladı asta-asta,

bala-bala.

Asta çaldı balabanı.

Hərəkəti yavaş-yavaş,

bala-bala.

Dağı arana daşıdı, aranı dağa.

Anasının balasını ağlatdı,

balasının anasını ağlatdı.

Qəribi çağırdı qürbətdən,

həsrətdən

yolu-yolağa.

Qəfil balabanı qoydu qırağa,

Ürəyinin işığı üzündə,

üzü nur,

üzü pir Əlisəmid.

Çalğı çoxdan qurtarıb,

nə baxırsan?

Əlləri üzündə,

gözləri barmaqlarının ucunda,

adaşım, balabançı Kor Əlisəmid.

 

AD GÜNÜ KEÇİRMİR HƏBSXANALAR

 

Bir qədəh zəhər,

boyu uzunu ipək kəndir

gətirdilər şairə ad günündə.

Səslər gəldi qulağına:

– İçək sənin sağlığına!

İçmədi!..

– İpək kəndir ölçülübdür boynuna,

Keçmədi…

Pıçıldadı öz-özünə

öz qanını içən şair,

«Azadlıq» sözündən asılan şair:

– Ad günü keçirmir həbsxanalar!

 

…Qismət etmə kafirə də

kamerada, dar otaqda

dönə saat kəfkirinə;

Neçə kilometr yol gəldi şair,

Yol uzanır, yol uzanır

Azadlığın ad gününə

burulğanlar içindən…

 

Səsin gəlsin, Xəlil Rza,

Səsin gəlsin,

Ad günü keçirmir həbsxanalar!..

 

AĞI

 

Dəli çayların axarı

suların səsindən bəlli.

Mən keçdim,

Sən keçənmədin.

Torpağım heeey!

 

Sirri kor quyu dibində,

Dərdi üzündən bəlli.

Dəlisi ağıllı kimi,

ağıllısı dəli kimi

Millətim heeey!

 

Tapdaq altda gözü qalan

ocaq külündən bəlli.

Qorxağı qaçmağından,

İgidi ölümündən bəlli.

Məmləkətim heeey!

 

Yurdu talan olanım

İndii həsrətlə qol-boyun.

Ulayım qurdtək, ulayım

Millətim heeey!

Məmləkətim heeey!

 

DİLİNDƏ SONUNCU DUA

Dostum Rafael Aydınoğluna

 

Məni çox incitmə, Tanrım,

Özün göndərən bəlayam.

Mən şeytana papış tikən

Sənin ərköyün balanam.

 

Nə Qurana əl basmışam,

Nə də xaç çəkmişəm, Tanrım!

Sənə qulaq asmamışam, –

Sənnən çox çəkmişəm, Tanrım!

 

Dərdin göyçəyin yollayan

Gərək bəndəsin də duya.

Qoymaya tövbə etməyə,

Dilində sonuncu dua.

 

Mən səndən küsmüşəm, Tanrım!

Üzə durdum hansı haqqla?

Ömrü borc vermisən, Tanrım,

Al ruhumu girov saxla!

 

DÜNYANIN YALAN GÜNÜ

Rəsul Rzaya

 

Ölümünlə aldatdın bizi

aprelin birində – başaldatdı günü.

Yüyürdüm ölümün ardınca;

İnsan axını yol vermədi

çiynimi verəm

tabutun altına.

…Ölümün utana-utana gəlmişdi

Fəxri xiyabana.

Çəkinə-çəkinə,

qızara-qızara

girmişdi məzara.

Amma Sən,

«özün almışdın çiyninə tabutunu».

O gün köşklərdə çiçək qalmamışdı,

O gün şehli göz yaşlarıyla

çiçəkləmişdi tabutun da!

Səndən uzaq.

Səndən nigaran

ölümündən xəbərsizdi Nigarın…

Dilim sözə möhtac,

əli gəlmirdi

ölümünə nəğmə qoşmağa.

«Belə olurmuş demək»

dünyanın yalan günü

adam aldatmaq?!

Ölüm xəbəriylə

adlamı aldatmazlar, ustad!

 

ADAMLAR DƏYİŞİR HAVALAR KİMİ

 

Çəkilib uzaqdan baxdım özümə, –

Gördüm görkəmim dəyişib,

Üst-başım tamam köhnəlib,

Dabanı yeyilib çəkmələrimin…

 

Tanrının gözünə dik baxdığımdan

Xəbərim olmayıb üzümə düşən qırışdan

Yaman inanmışam arvad sözünə:

«- Dağa bənzəyirsən sən bu duruşda».

 

Güzgüdə özünə baxıb göz vuran

O şux, o kür adam mən deyilmişəm.

Adamlar dəyişir havalar kimi

İlahi, mən niyə dəyişməmişəm?!

 

Dünyaya piyada gəlib-gedənlər

Odu eee… yanımdan atlanıb keçir.

Ürək qızdırdığım, çörək kəsdiyim

Qəfildən üstümdən atdanıb keçir.

 

Mən koram… Sən hara baxırsan, Tanrım!

Sənin də oyunun yamannan-yaman.

Haqqın tərəzisi qurulan vaxtı

Kiminə taxt verdin, kiminə palan.

 

Çəkilib uzaqdan özümə baxdım, –

bir də üzə gülüb,

arxamca daş atanlara…

Yol üstə ilantək qıvrılanlara…

 

Başımın üstündə qovğalar kimi

Bu yağış adamlar, külək adamlar –

Bu payız oğlanlar, bu qış gözəllər,

Bu külək oğlanlar, kələk oğlanlar,

Bu payız gözəllər, bu xəzəl qızlar,

Dayanıb yolumda qovğalar kimi, –

Adamlar dəyişir havalar kimi, –

Niyə dəyişmədin, Cəfərin oğlu?!

 

QAN BAHASINA

 

…Əvvəl-axır

buludlar dağılacaq

yağışların qanı bahasına

Çəmənlər saralacaq

çiçəklərin qanı bahasına.

 

Əvvəl-axır

sevgilər yetim qalacaq

aşıqlərin qanı bahasına

 

Köklənib ayrılıq havasına

yollar dərvişlərə qalar,

bir də qaraçı köçünə –

mahnıların qanı bahasına.

 

Hamı sevgidən doğulmur,

Hamı sevgiyə möhtacdı.

Əvvəl-axır söz dedim,

könül açdım.

Söz dedim sevdiyim qədər –

ürəyimin qanı bahasına .

 

buludlar dağıldı, keçər…

çəmənlər saralıb, köçər…

Sözlərim ürəyimin qanını içər,

İçər, –

ömrümün qanı bahasına.

 

…Qiyamət günüdü yoxsa,

Yoxsa Miflərin dağılan günü…

Uğultusu eşidilir dərdlərin,

Zəlzələsi qabaqdadı kədərlərin.

 

Əlisəmid Kür

Ədalət.-  2024.- 9 fevral,¹5.- S.14.