Azərbaycan yazıçısının   qlobal narahatlığı   

 

 

Yusif Həsənbəyin yaradıcılığı ilə yaxından tanış olan oxucular, heç şübhəsiz, bilməmiş deyillər ki, o, vaxtaşırı olaraq bütövlükdə dünyanı narahat edən qlobal mövzulara toxunmaqla bu və ya digər problemin həllinə öz töhfəsini verməyə çalışır. Əlbəttə, bu cür problemlərin həlli mümkün olmayacaq qədər çətindir, ancaq məlumdur ki, ədəbiyyat meydana gəldiyi dövrlərdən etibarən məhz həlli müşkül məsələlərlə  məşğuldur. Və “Ədəbiyyat qəzeti”nin son nömrələrində çıxmış “Can sağlığının sorağında” hekayəsi də göstərdi ki, yazıçı ümumbəşəri, hətta belə demək mümkünsə, planetar  problemlər barədəki axtarışlarını davam etdirməklə yanaşı, mövzuya yeni- yeni ideya- estetik çalarlar gətirməkdədir.

Artıq neçə onillərdir ki, Yer kürəsində qlobal istiləşmə ən müxtəlif səviyyələrdə ciddi müzakirələrin predmetinə çevrilmiş, elm adamları, siyasi xadimlər, dini- ruhani cameənin nümayəndələri bu barədə müəyyən mülahizələr söyləmişlər. Əslində,  ədəbiyyat da heç zaman kənarda qalmamış, bəşəriyyəti gözləyən təhlükə ilə bağlı zaman- zaman həyəcan təbilini çalmışdır.

Xüsusi olaraq qeyd eləmək  lazımdır ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası dünya miqyasında özünü göstərən bütün təbii, sosial, siyasi və s. təbəddülatlara münasibətdə fəal ümumbəşəri mövqe nümayiş etdirməkdə, mövcud problemlərin həllində ardıcıl, səmərəli əməkdaşlıq etməkdədir. Təsadüfi deyil ki, 2024- cü il Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunmuşdur. Və o da  hər cəhətdən anlamlıdır ki, Azərbaycan məhz bu il çox möhtəşəm bir beynəlxalq tədbirə ev sahibliyi edəcəkdir. BMT- nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29- cu sessiyasının – COP 29- un ölkəmizdə keçirilməsi barədə qərar qəbul edilmişdir. Tədbirin miqyası, əhəmiyyəti və nəticələri barədə danışan Azərbaycan  Prezidenti demişdir:

“Dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz “yaşıl enerji” ilə bağlıdır. “Yaşıl enerji” növlərinin yaradılması və “yaşıl enerji”nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir”.

Əlbəttə, Yusif Həsənbəyin sözügedən hekayəsi həmin prioritetlər kontekstində daha böyük əhəmiyyət  (və məna- məzmun!) kəsb etməyə bilməz. Keçmişin xatirələrindən bu günün gerçəklərinə qədər dünyada baş verən “istiləşmə”nin mahiyyətinə varmağa, bəşəriyyətin hansı faciələrlə üzləşə  biləcəyi barədə  növbəti xəbərdarlıq etməyə cəhd göstərən müəllif yazır:

“Yerdən göyə qalxan tüstülər, kimyəvi tullantılar, zəhərli qazlar atmosferin “Ozon qatı”nı söküb- dağıdır! Istiləşmələr gücləndikcə xəstəlik daşıyan bakteriyaların doğulub törəməsinə  münbit şərait yaranır. “Donuz qripi”nin qılçasını qırdıq, “Quş qripi” süngüsünü dirədi boşazımıza. Indi də “Koronavirus”un əlində aciz qalmışıq”.

Müəllif xatırlayır ki, dahi Səməd Vurğun xəstəlik ucbatından özünün iştirak edə  bilmədiyi əllli illik yubileyinin  iştirakçılarına belə bir xəbərdarlıq məktubu göndərmişdi: “Axır vaxtlar havalar çox istiləşib! Sizə can sağlığı arzulayıram”. Həmin bu “can sağlığı”nın sorağına düşən yazıçını hadisələr gətirib çıxarır Naftalanın “Çinar” sanatoriyasına… “Dəmir darvazanın dingilbabisini taqqıldatdım. Qapı açıldı. Içəridən  qəribə ətirli, yumşaq bir külək çarpıldı üzümə. Iki- üç addımla ağ, sarı, çəhrayı zambaqların divarına dirəndim. Boyları məndən də uca zambaqlar əyilib- düzəlir, başımı sığallayırdılar… Sinə dolusu iki ağız asqırdım. Başım- beynim ayazıdı. Göz  qapaqlarım qalxır, qaşlarımın çəpərlərini sökürdü”.

Müəllifi təəccübləndirən bir də odur ki, burada müalicəyə gəlmiş insanlara “xəstə”, “pasient” yox, “qonaq” deyirlər. Və bu “qonaq” sözü də zambaq ətri qədər adamın ruhunu oxşayır… Təhkiyə davam etdikcə oxucunun gözləri qarşısında “yaşıllıqlardan ibarət bir dünya” canlanır:

“Yolum Qovaq ağaclarının altından keçirdi. Havarəngi kombinizonunun ətəyi dizlərini tutan güləriz oğlan uzun saplı süpürgəni özündən iki- üç  metr irəli ataraq sağa- sola tövlayır, dəvə pəncəsini xatırladan yarpaqları süpürgənin ucuyla qarşısındakı xəzəl topasının üstünə oturdurdu”. Gülərüz oğlan yazıçının “bunları yandıracaqsız, eləmi” sualıına cavab verir ki,  “xəzəl topalarını torpağın altına basdıracam. Xəzəllər orada gübrəyə çevriləcək. Zambaqlarımız da bu təbii gübrədən mayalanıb daha yaxşı qol- budaq atacaqlar. Zambaqların oksigen nəfəsinə “Ozon qatı”nın da  ehtiyacı var”. Orası da maraqlıdır ki, əlində süpürgə bağçanı səliqəyə salan bu oğlan adi işçi deyil, çəyirdəksiz bitkilərin genetikası üzrə elmlər namizədidir, bir müddət laboratoriya müdiri də olub, ancaq xoşuna  gəlmədiyindən ayrılıb, indi bu işlə məşğuldur… “Ərazidə çoxlu şabalıd, palıd ağacları var. Payızın axırlarında meyvələri yerə tökülür. Mən meyvələri çuvallara doldururam. Zambaqların bürüşmüş ləçəklərini, qurumuş çör- çöplərini də xüsusi qutulara yığıb Bakıdakı Baş  Apteklər İdarəsinə yollayıram. O idarədən də  sanatoriyanın büdcəsinə xeyli  vəsait daxil olur”.

Müəllif xatırlayır ki, bir vaxtlar Qubada “Nazlı” gölünün buz kimi, dadlı suyundan yayın istisində ləzzətlə içərdilər, ətrafdakı qamışlıqda qaz, yaşılbaş da olardı. Şəhərin “baş bilənlər”i gölə axan suların yönünü öz bağlarına, bostanlarına tərəf çevirəndən göl bataqlığa dönüb… Daha bir misal gətirilir. Londondan gələn  gəmiyə  təklif edirlər ki, amyak gübrəsi aparsın. Əlbəttə,  boş getməkdənsə bu daha sərfəli idi. Ancaq  zəhəri aparmaqdan imtina edirlər.  Kapitan şiddətli töhmət alır, etiraz edən fəal işdən qovulur. Və indi “Çinar”da ocaqçı işləyir. Havanın təmiz olub- olmadığını aldığı nəfəsdən bilir.

Yusif Həsənbəyin hekayəsində əsas diqqət ideya- məzmuna, ekoloji fəlakətin doğurduğu (və doğuracağı!) faciələr barədəki təsəvvürlərin daha da qabardılmasına verilsə də, yazıçı  bədii təhkiyənin rəngarəng imkanlarından da istifadə etməyi unutmur. Ona görə də əsər maraqla oxunur, ayrılıqda hər bir insanın, bütövlükdə isə bəşəriyyətin taleyinə hər an təsir göstərən qlobal problemin miqyası barədə aydın qənaət yaranır. Və heç şübhəsiz, bu hekayə, bir tərəfdən, həssas Azərbaycan yazıçısının düşüncələrini əks etdirirsə, digər tərəfdən, bugünkü Azərbaycan cəmiyyətinin ümumi maraqlarının ifadəsinə xidmət göstərir.

 

Nizami Cəfərov

Milli Məclisin deputatı, akademik

Ədalət.- 2024.- 16 fevral,¹ 6.- S.9.