Avtobioqrafik məqamlar, yoxsa Vətən
sevgisi
“Ulu Heydərimin yurdu Naxçıvan!”: - ASİM
YADİGAR
Tarixin istənilən dövrlərində
Naxçıvan ədəbi mühiti Azərbaycan ədəbiyyatının
formalaşmasında mühüm rol oynamışdır. Cəlil
Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid
Ordubadi, Məmməd Araz ədəbi irsinin ədəbiyyatımızda
yeri danılmazdır. Müasir dövrdə də bu tendensiya
davam etməkdədir. Çağdaş ədəbi prosesə
nəzər yetirdikdə Naxçıvan ədəbi
mühitinin yetirməsi olan Naxçıvan
Yazıçılar Birliyinin sədri Asim Yadigarın fəaliyyəti
seçilməkdədir. Onun yaradıcılığı
mövzu baxımından zəngindir. Bu rəngarənglik
içərisində vətən həsrəti, sevgi
lirikası, təbiətin ecazkar tərənnümü, mənəvi-əxlaqi
motivlər, cəmiyyətdə baş verən hadisələrə
müəllif yanaşması diqqəti cəlb etməkdədir.
Şəxsi hisslərin və avtobioqrafik məqamların yer
aldığı bədii nümunələrdə də
müəllifin vətən sevgisi və yurda
bağlılığı ön plandadır. O, avtobioqrafik
şeirlərinin bir hissəsində qəlbinin həssas
nöqtələrini göstərən duyğularını,
bir hissəsində isə həyatının və fəaliyyətinin
əsas məqamlarını qələmə
almışdır. “İlk xitabət kürsüm” şeirində
“Şərurun səsi” qəzetindən başlayan
yaradıcılıq yolunu həyata ilk qədəmlərini
atan uşağın səsinə bənzədir. Dil açan
körpənin “ana” sözü ilə mətbuatda çap
olunan “Ana” şeiri arasında əlaqələndirmə
aparılması və bunun şeirə
köçürülməsi uğurlu bir təşbehdir:
Ən uca
kürsülərdən şeir oxusam belə,
Hərdən dönüb gəldiyim
cığırlara baxıram.
Hər nə qazanmışamsa şair kimi həyatda,
İlk xitabət kürsümün sinəsinə
taxıram.
Bədii yaradıcılıq insan duyğuları
üzərində qurulan, bu hissləri müəllif təxəyyülünün
nəticəsi olaraq oxucuya çatdıran, mövcud fikirlərə
yeni düşüncə müstəvisindən yanaşan
qabiliyyətdir. Poeziyada bu hisslər müəyyən
ölçü və qəlib çərçivəsində
tərənnüm olunur ki, bu da yaradıcılıq
istedadı tələb edir. Asim Yadigar da poeziyanın tələblərinə
cavab verərək dövrünün tanınmış şəxsiyyətlərinə
və yaradıcı irsin nümayəndələrinə
sevgisini poetik dilin vasitəsilə dolğun şəkildə
ifadə edə bilmişdir. Bu şeirlər tarixi şəxsiyyətlərə
rəğbət və hörmətdən
yaranmışdır. ŞairMəmməd Araz, Bəxtiyar
Vahabzadə, Əli Kərim poeziyasının zirvə əsərlərindən
ilhamlanaraqnəzirə yazmışdır. Bu yaradıcı
şəxsiyyətlərin şeirinin təsir gücü
müəllifin şeir dünyasını şəkilləndirmiş,
yeni orijinal əsərlər ortaya gəlmişdir. Asim Yadigar
“Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”
deyən Məmməd Araza üzünü tutaraq, vətənin
həsrətinə dözə bilməyib
daşlaşmış insanlar kimi yaşamağı öyrətməyi
sevimli şairindən tələb edir:
Şeirini güllə kimi tuşla
yağılarına,
Sözünü məlhəm eylə yurdun
ağrılarına,
İçini dərd qovurur, su səp
yanğılarına,
Ovundur bu milləti, kirit, a Məmməd Araz.
Bəxtiyar Vahabzadənin “Bir salama dəymədi” şeiri ilə Asim Yadigarın
“Salam” şeiri arasında bağlılıq unudulmayan eşqin
zamanın sınağından necə keçməsi ilə əlaqədardır.
Hər iki şairin sevdiyinə ünvanlanan suallarının
fonunda gənclik məhəbbətinin həsrəti tərənnüm
olunur. Bəxtiyar Vahabzadə “Bir salama dəyməyən
eşqə ölüm yaraşır” deyirsə, Asim Yadigar
şeirini belə yekunlaşdırır:
“Salam” – dedin, salamın yaman gecikdi, gülüm,
Sən anasan, mən ata... Qəlbim incikdi,
gülüm.
Gecikmiş salamını aldım qəlbimdə təşviş,
Nə yaxşı ki, bu sevgim bir salama dəyirmiş!
Əli Kərimin nankor oğuldan təkidlə istədiyi
ana borcu Asim Yadigarın şeirində başqa şəkildə
təzahür etmişdir. Ali məktəbə daxil olan
oğlun anadan üz çevirməsi, oğlun ananın həsrətinə
etinasız yanaşması, ananın oğluna məktub
yazması mövzu baxımından eyni olsa da, Asim Yadigar
Əli Kərim şeirindən fərqlənəntəsirli səhnələrlə
bədii nümunə ortaya qoyur. Asim Yadigar şeir daxilində
ana ilə oğlu qarşılaşdırır, onların
dialoqunu tərənnüm edir. Əli Kərimin oğlundan bir
xəbər çıxmırsa, Asim Yadigarın oğlu
anası öldükdən sonra geri qayıdır. Əli Kərim
“Qaytar ana borcunu, o borc sənin özünsən,
özünü qaytar geri” deyərək oğlu düzgün
yola çağırırsa, Asim Yadigar oğulun qəlbində
ana sevgisi oyadır. Son nəticədə, şair belə bir
fikri təbliğ edir ki, bir övlad olaraq valideynlərimizin
sağlığında onlara diqqət və qayğı ilə
yanaşmalıyıq:
Bilirdim gələcəksən dostların
görüşünə,
Demişdim bu məktubu qonşular versin sənə...
Son dəfə gözlərindən öpürəm,
oğul, sənin,
Sözüm güldür, başına səpirəm,
oğul, sənin.
Oğul necə gəlmişsə elə
qayıtdı geri,
Ürəyinin başında yanıq yeri, köz yeri.
Şairin yaradıcılığında “mən”
anlayışı ilk əvvəl diqqəti cəlb etsə də, bu məfhumun içərisində
müəllifin hiss və həyəcanlarından əlavə
cəmiyyət hadisələrinə açıq münasibəti,
ifşa və tənqid hədəfi ifadə olunmaqdadır.
Onun poeziya aləmi düşüncə müstəvisinin dərinliyi
ilə səciyyələnməkdədir. Şairin“mən”
anlayışının arxasında həyatının vacib
tarixlərinin yer aldığı şeirlərlə
yanaşı, vətən, xalq sevgisini, Qarabağ, Təbriz həsrətini,
sevən qəlbin fəryadını görmək
mümkündür. Deməli, birinci şəxsin dilindən
ifadə olunmasının arxasında şəxsi istəklər
deyil, xəlqi mahiyyət daşıyan amillər dayanır.
“Ulu Heydərimin yurdu Naxçıvan” deyən şair
bütöv Azərbaycan ideyasının təbliğatçısı
kimi çıxış edir:
Alışdım bu yerdə odsuz-alovsuz,
Qəlbimin Araztək axdı al qanı
Bu yerdən baxanda bütöv görürdüm,
İkiyə bölünmüş Azərbaycanı.
(“Araz sahilində düşüncələr”)
Para – para bölünübdür Vətənim,
Parasının parasına baxın bir.
Qan süzürəm yüz illərdir torpağa,
Ürəyimin yarasına baxın bir. (“Baxın bir”)
Asim Yadigarın tənqid hədəfləri və təsir
dairəsinin gücünü nəzərə alaraq deyə
bilərik ki, ədəbi düşüncə cəmiyyət
hadisələrinə biganə deyildir. Vətəndaşlıq
mövqeyindən yanaşaraq həyatdakı
çatışmazlıqları satirik poeziya müstəvisindən
dəyərləndirmək bacarığı şairin
yaradıcılığının əsasını təşkil
edir. Dövlət orqanlarında öz vəzifələrinə
arxalanıb rüşvət alan, xalqın taleyinə laqeyd
olan, millətin gələcəyini öz şəxsi mənafeyinə
satan məmurlar onun tənqid atəşindən kənar
qalmamışdır. Bu cəhətdən onu “Vətəndaş
şair” adlandırmaq olar:
Nədənsə
vəzifə kürsülərində
Gur çıxır allahın sözü, səsi də,
Özü, qohumları hələ bir yana,
Allahlıq eyləyirkatibəsi də.
Çoxu vəzifədə allahdır bu gün,
Asar da, kəsər də - ha de, ha
çığır.
O qədər allahlar görürəm, vallah,
Allahın özü də yadımdan
çıxır.
Xalqın
canına hopmuş qorxunun səbəblərini
aydınlaşdırmağa çalışan şairi bir
sual maraqlandırır: “Ölümdən qorxmuruqsa, onda nədən
qorxuruq?!”. Allahlıq iddiasında olan,
insanlığını itirən müqəvva adamların
sayının çox olduğu bir mühitdə bu sual
cavabsız olaraq qalacaqdır. Belə insanların əksi olan
xeyirxah insanları gördükdə isə şair qəlbi
sevinir, ona yaxşılıq edən, həyatının
sınaqlarından uğurla çıxmasına köməklik
göstərən insanlara minnətdarlığını
bildirir. Akademik İsa Həbibbəyliyə həsr olunan
“Yaxşılar” şeiri buna sübutdur.
Nağılla
başlayan həyatında öz qələmi, öz
sözü ilə iz qoymağı arzulayan şairin
yaradıcılığı da nağıllar aləminə
bir səyahəti xatırladır. Bu səyahətdə
şairin ürək ağrılarını, sevinc göz
yaşlarını, qəlbinin sirli məqamlarını
görmək mümkündür. Asim Yadigar “O mənim ürəyim
deyil” şeirində “ürəyində heç nə yoxdur”
deyən həkimə müraciətində qəlbinin
ağrılarını, Vətən sevgisini ifadə
etmişdir:
Həkim, o ürəyi sən
bir də yoxla,
Çatlamış torpaqtək olmalıydı o.
Ağrıdan, acıdan şələ bağlayıb
Yanıqlı muğamat çalmalıydı o.
Onun şeirlərinin
bir qismində müraciət hədəfi nəvələridir.
Dostluqda vəfalı olmağı, insanlara yaxşılıq
etməyi nəvələrinə məsləhət görən
şairin şeirləri vəsiyyət xarakteri
daşıyır. Bu öyüd-nəsihətlərin təsviri
fonunda Təbriz həsrəti, vətən məhəbbəti
aydın hiss olunmaqdadır. Təbriz həsrətinə son
qoyan şairin əsas arzusu nəvələri ilə
Şuşaya getmək idi. Vaxtilə Şuşa dərdi ilə
incinən şair qəlbi müasir dövrdə vətən
torpağının işğaldan azad olunması nəticəsində
öz rahatlığını tapmışdır:
Bir
arzum var ürəyimdə
Bir gün nəvələrimlə
əl-ələ tutub
Şuşanı gəzə biləydim.
Ürəyimi üzən dərdin
Özünü üzə biləydim.
Onda ürəyimdə qalmazdı
Bir nisgilim, bir dərdim.
Nəticədə, Asim Yadigarın kədəri də,
sevinci də şəxsi motivlərdən uzaqlaşıb milli
zəminə köklənir. Onun yaradıcılığının
ana xəttini təşkil edən əsas mövzu
aşağıdakı şeirdə öz əksini
dolğunluğu ilə tapmışdır:
Vətəndir dünyada hər şeydən əzəl,
İlk sevgim, son sevgim bu yurd, bu torpaq.
Məndən inciməsin sevdiyim gözəl,
Vətəni sevmişəm mən ondan qabaq.
Bu poeziyanın sehrində vətəni
sevməyə çağırış motivi
güclüdür. Asim Yadigar Azərbaycan poeziyasında Vətən
və sevgi anlayışlarını birləşdirən
şairlərdəndir. “Vətən şairi” və “Vətəndaş
şair” anlayışlarını öz şəxsiyyətində
cəmləşdirən Asim Yadigarın şəxsi hisslərinin
mayasında xalqa məhəbbət dayanır.
“Çox
yaşamaq istəmirəm” deyən şairin ömür yolu
70-ci pilləsindədir. Nəvələrinin gözündə
həmişə şux qalmaq arzusunda olan Asim Yadigarın həyat
kitabının yeni səhifələrində də qələminin
eyni həvəslə cəmiyyət problemlərini
işıqlandırmağa davam edəcəyini yəqinliklə
deyə bilərik.
Filologiya elmləri üzrə fəlsəfə doktoru
Nurlanə Məmmədova
Ədalət.- 2024.- 16 fevral,¹ 6.- S.12.